Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəfa iSGƏNDƏrova



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə3/78
tarix28.12.2021
ölçüsü5,53 Mb.
#17126
1   2   3   4   5   6   7   8   9   ...   78
I  FƏSİL
BAŞLANĞIC FORMULLARI
Şifahi  xalq  yaradıcılığının  ən  qədim  janrı  olan  nağıllar 
müəyyən  struktura  və  özünəməxsus  dilə  malikdir.  Bütün  dünya 
xalqlarının  nağılları  üç  bölümdən  ibarətdir:  nağılın  əvvəli,  özü 
(əsas  hissəsi)  və  sonu.  Belə  ki,  nağıllar  başlanğıc  formulu  ilə 
başlayır,  sonra əsas hadisələr cərəyan edir,  sonda isə  sonluq for­
mulu  ilə  yekunlaşır.  Bu  bölümlər  bir-birindən  sabit,  dəyişməz 
qalan  ənənəvi  formullarla  (başlanğıc,  təhkiyə  və  sonluq)  ayrılır. 
Bu  məsələ  dünya  şifahi  ənənəsində,  həmçinin  Azərbaycan  və 
Türkiyə folklorunun nağıl janrında oxşardır.
Nağılların  dilinin,  formullarının  və  digər köməkçi  vasitələ­
rinin  öyrənilməsi  onların  araşdırılması  üçün  vacibdir.  A. Lorda 
görə,  formullar onların haqqında düşünüldüyü kimi  donmuş  kli- 
şelər  deyil,  əksinə  onlar dəyişə  bilir və  onlardan  yeni  formullar 
yaranır  (109,  14).  Xalq  ədəbiyyatının  mühüm  bir  qismini  təşkil 
edən  nağılın  dərin  bir  fəlsəfəyə  istinad  etdiyini  söyləyən 
Y.V.Çəmənzəminli  ənənəvi  formulları  nağılın  zinəti  hesab  edir. 
O  qeyd  edir:  “Üsula  gəldikdə  nağıl  ədəbiyyatının müəyyən üsu­
lu  var.  Onları  gözəl  edən  və  süsləndirən  müəyyən  dil,  tərkib  və 
cümlələrdir.  Xalq  ədəbiyyatı  ilə  maraqlananlar bu  nöqtəni  unu­
darlarsa,  çəkdikləri zəhmət hədər olar” (49, 69,277-278).
Xalq  nağıllarında  ənənəvi  formulların  iştirakı  yalnız  tədqi­
qatçılar üçün deyil,  söyləyicilər üçün də lüzumlu məsələlərdəndir. 
Söyləyicilərin təhkiyəsini maraqlı və cəlbedici edən məhz ənənəvi 
formullardır.  Onlardan  yararlanma texnikasının səviyyəsi peşəkar 
nağılçılarda  daha  yüksəkdir.  Formulların  zənginliyi  nağıl 
auditoriyasından  da  çox  asılıdır.  Folklor  toplayıcılanndan  fərqli 
olaraq,  bir  neçə  dinləyicidən  ibarət  aktiv  və  həvəsli  auditoriya 
söyləyicidən  daha zəngin və maraqlı təhkiyə tələb edə bilər.  Yəni 
qarşılıqlı  əlaqə  zamanı  nağılçının  yaddaşında  olan  yeni-yeni  for-
11


mullar  söylənilir.  Peşəkar  söyləyici  dinləyicilərin  yaşım,  dünya­
görüşünü, maraq dərəcəsini nəzərə alaraq öz təhkiyəsini qurur.
P.N.Boratav  və  V.Eberhard  “Türk  xalq  nağıllarının  tipi” 
əsərində  nağılların  forma  və  üslubu  barədə  yazırlar:  “Nağılların 
başlanğıcında  giriş  formulu  durur:  “Bir  varmış,  bir  yokmuş...” 
Bu formul  bir  “təkərləmə”  ilə  davam  edə  bilər.  Sonra əhvalatla­
rın əsas  hissəsinə keçməzdən  əvvəl  qəhrəmanın  durumu,  həyatı, 
həmçinin doğuluşu və gəncliyinin təsvir olunduğu kiçik bir hissə 
gəlir.  Ardınca nağılın əsas hissəsi başlayır.  Sonda isə sonluq for­
mulu gəlir.  Şər uduzur və ya qırx gün, qırx gecə davam edən toy 
olur,  yaxud  digər  xoşbəxt  sonluqla  yaxşı  qəhrəmanlar  və  eyni 
zamanda  dinləyicilər  sevinirlər.  Burada  dinləyici  belə  bir  arzu 
irəli  sürür:  “Onlar  ermiş  muradına,  biz  de  erelim  muradımıza”. 
Bəzən  söyləyici  zarafatla,  maraq  üçün  mükafatlandırılır:  “Göy­
dən üç alma düşdü.  Sonra almaların üç nəfər arasında bölünməsi 
gözlənilir, ancaq o,  söylədiyi nağılın əvəzində almaların hər üçü­
nü özünə götürür” (132,  11-12).
Bəzi  Türkiyə  araşdırıcıları  ənənəvi  formulların  hamısını  tə­
kərləmə adlandırırlar. Onlardan biri olan Naki Tezel hesab edir ki, 
nağıl  üç  bölümdən  ibarətdir:  Nağılın  əvvəli,  yəni  təkərləməsi, 
nağılın  özü  və  nağılın  sonu:  “Həqiqi  söyləyicilər  təkərləmədən 
sonra  nağıla  girərlər.  Şəkil  baxımından  nağılın  üçüncü  bölümü, 
sonundakı  təkərləmədir.  Buna  “nağıl  sonu”  da  deyə  bilərik”  (98, 
3). Onun fikrincə, söyləyicilərin çoxu nağılı orijinal bir şəkildə bi­
tirmək  və  anlatdığı  hadisələrə  həqiqət  havası  vermək  üçün  bir 
təkərləmə deyirlər.  Sanki  o,  anlatdığı  əhvalatların  içində yaşamış, 
söz gəlişi qırx gün, qırx gecə sürən toyda iştirak etmişdir (98, 3).
Bəzən adlan  fərqli  olsa  da,  dünya  folklorşünaslığında nağıl 
janrı quruluş, mahiyyət etibarı ilə oxşardır.  Türkiyə folklor nəzə­
riyyəçisi  Erman  Artun  nağılları  quruluşca  üç  yerə  aymr:  1. 
Döşəmə;  2.  Hadisə;  3.  Dilək.  Döşəmə  adı  verilən nağılın ilk bö­
lümündə “təkərləmə” (sicilləmə) deyilən qəliblənmiş  sözlərə  yer 
verilir.  “Təkərləmə”  kəlmə  oyunlarından,  bir-biri  ilə  əlaqəsi  ol­
mayan,  dinləyicinin  marağını  nağıla  çəkmək  məqsədilə  daxil
12
olan  qəlib  sözlərdir.  Döşəmədə  əsas  məqsəd  əlaqəsiz  sözləri  bir 
araya gətirərək  ahəngi  saxlaya bilməkdir.  Bu  qəlib  sözlər nağıl­
dakı  əsil  əhvalatın  başlanmasından  əvvəl  və  olayın bitməsindən 
sonra istifadə olunur. Nağılın hadisə bölümündə nağılda yer alan 
əhvalatlar ifadə olunur (78,  117).
Kıbns folklorunun araşdırıcısı  M.Gökçəoğlu dünya folklor­
şünaslığında  olduğu  kimi,  nağılları  quruluş  baxımından  üç  yerə 
bölür və onların ənənəvi  formullarla ayrıldıqlarını  vurğulayır.  O, 
formulları  təkərləmələrdən  ayrı  hesab  edir  və  nağılların  təkərlə- 
mələrlə  başlandığını  qeyd  edir:  “Təkərləməsi  olmayan  nağıllar 
isə  formullarla  sözün  qapısını  açırlar.  Məlum  olduğu  kimi,  for­
mullar  nağıllara  bağlı  olan  ifadə  növləridir.  Nağıl  dinləyiciləri­
nin qulaqları  simli  alətlərin mizrabı  kimi  anladanın  ağzından çı­
xacaq  sözləri  gözləyir.  Nağıl  döşəndikcə  döşənir.  Anlatma anın­
da çoxlu formullardan istifadə olunur” (85, 20).
Söylənildiyi  kimi,  xalq  nağıllarını  ənənəvi  formullarsız  tə­
səvvür etmək  olmaz.  Ənənəvi  formullar həmçinin  bütün dövrlər 
və  bütün  xalqların  nağılları  üçün  stabildir,  ənənəvidir.  Nağıl 
söyləyicilərinin  düşünməyə,  düşündürməyə  və  ironiyaya  meylli 
olmalarından  irəli  gələrək,  dinləyicilərin  diqqətini  bütünlüklə 
nağıla cəlb etmək üçün ritmli  təhkiyə  artıq üslubun bariz nümu­
nəsinə çevrilir.  Söyləyicilər nağılı öz biliyi, daxili  zənginliyi, xə­
yal  dünyasından asılı  olaraq anlada bilirlər.  Həmçinin eyni möv- 
zulu  nağıllarda  belə  istifadə  olunan  formullar  mövcud  mədəni 
şəraitə,  zamana,  məkana,  adət-ənənəyə,  söyləyicinin  cinsinə  uy­
ğun  olaraq  dəyişir.  Nağıl  söyləyicisi  bəzən  təhkiyəyə  səsinin 
tonu,  əl  hərəkətləri,  mimikalarla  da  zənginlik  qata  bilir.  Bəzən 
söhbətə təqlid  oyunlarını  da qatır.  Sonra dinləyici  ilə söyləyicini 
anlatma  prosesində  bir-birinə  yaxınlaşdıran  bir  sıra  anlaşmalar 
olur.  Söyləyici  dinləyicilərlə  danışır,  onlara  suallar  verir,  onlar­
dan  qarşılıq  alır,  hərdən  isə  dinləyicilərin  düşüncələrini,  duyğu­
larım  üzə vurur.  Türkiyə nağıllarından bir misal  göstərək:
“-   Ya  varmış,  ya  yokmuş.  Bir  padişah  varmış.  Allahın 
emriyle kimin günahı varsa, estağfürullah diyecek.
13


Dinleyiciler hep bir ağızdan:
-  Estağfurullah.
Masal anlatıcısı:
-  En büyük ağaç hangi  ağaç?
Dinleyicilər.
-  Çinar.
Masal anlatıcısı:
-   Padişahın  anası  çeker,  babası  çeker,  bu  da  Allahın  emri 
demiş.
Dinleyiciler:
-  İyi ki biz padişah deyiliz.
Masal anlatıcısı:
-  Susun!  Şimdi, anlatak mı, dinletek mi?
Dinleyiciler:
-  Anlat.
Masal  anlatıcısı:  Eger dinleyeceksiniz,  oturun, kulaklarınızı 
dikin. Yatacaksmız, yun döşek açın da içinde yatın” (78,  110).
Beləliklə,  söyləyicinin  ustalığı,  istedadı  ilə  sıx  bağlı  olan 
nəql  prosesində  daha  yeni  formulların  yaranmasına  sərhədsiz 
imkanlar  açıla bilər.  “Söyləyicilərin  nağıllarının  bəlli  yerlərində 
yararlandıqları formullar nağılı bəzəyən ünsürlərdir. Xüsusən də, 
nağılların  başlanğıc  və sonunda istifadə etdikləri  ifadələr,  söylə­
yicilərin  ustalıqlarını  göstərmələri  üçün  bir  fürsətdir”  (97,  95). 
Bu  prosesi  N.Roşiyanu  aktiv  mənimsəmə  adlandırır.  Yəni  bu 
zaman  söyləyicilər  özlərinin  təxəyyüllərindən  irəli  gələn  yeni 
formul  variantlarından  yararlanırlar.  Passiv  mənimsəmədə  isə 
novatorluq  istisna  olunur.  Nağılın  məzmunundan  və  tipindən 
asılı  olmayaraq,  bütün  formullar  ağızdan-ağıza  bir  söyləyicidən 
digərinə ötürülür.  Söyləyicinin şəxsi qabiliyyətinə, onun bədahə­
tən söyləmə  istedadına yeni  çalarlar gətirməsinə  baxmayaraq,  o, 
ənənə xaricində mümkünsüzdür.  Ona görə  də  bir sıra fərdi  üslu- 
bi  keyfiyyətlər  üstün  olsa da,  söyləyicilər öz  sələfləri  tərəfindən 
yaradılan  ənənəvi  fonddan  yararlanmaya  bilmirlər  (121,  27). 
Aydındır ki, bu fondda xüsusi yeri epik formullar tutur.
14
Araşdırıcılar  təhkiyə  zamanı  formullardan  yararlanmanın 
müsbət  və  mənfi  tərəflərini  qeyd  edirlər.  Bəziləri  düşünürlər  ki, 
üslubi  üsulların  və  möhürlərin  ənənəviliyi,  dayanıqlığı,  mühafi­
zəkarlığı  heç  vaxt  nağılçılara  aydın,  rəngarəng,  maraqlı,  canlı 
nağıllar  yaratmağa mane  olmur.  Bir sıra folklorşünaslar isə ənə­
nəvi  formullarla zəngin təhkiyəni  nağıla zərər verən,  mətnin  əs­
lini  saxlamaqda; əsas  olayları  göstərməkdə  mane  olan  ünsürlər 
kimi  dəyərləndirirlər.  Onlara  görə,  ifa  zamanı  bu  cür  incəliklər 
sözə  dad verdiyi  halda,  yazıda gözü və  qulağı  bezdirir,  cümlələ­
rin  oxunuşunu  çətinləşdirir.  Belə  ki,  bəzi  nağıl  toplayıcıları  na­
ğılları  qələmə  alarkən  formulların  çoxundan  yararlanmırlar.  Bu 
isə  ənənəvi  formulların  tədricən  sıradan  çıxmasına  gətirib  çıxa­
rır.  Bunu müasir dövrdə  toplanıb  nəşr olunan nağıllarda ənənəvi 
formulların  kasad  olması  da  sübut  edir.  L. Süleymanova  “Şəki 
folklor mühiti”  adlı  monoqrafiyasında qeyd edir:  “Şəki  ərazisin­
də  başlanğıc,  orta  və  son  nağıl  formullarının  birgə  işləndiyi  bir 
nağıla da olsun təsadüf etmədik.  Müasir söyləyicilərin danışdıq­
ları  nağıllarda  klassik  nağıl  formullarını  işlətməmələri  ərazidə 
nağıldanışma  ənənəsinin  öləziməsi  ilə  bağlıdır”  (71,  115).  Bu 
özünü  Azərbaycanın  digər yerlərindən  və  Türkiyədən  toplanmış 
xalq nağıllarında da göstərir.
V.M.Jirmunskiyə  görə,  “Formulların  çoxluğu  şifahi  ifanı 
asanlaşdırır,  amma  o,  dərin  bədii  dünyagörüş  və  üslub  xüsusiy­
yətləri  ilə  izah olunur (139).  V.Pomerantseva isə,  nağılın ənənə­
vi  formullarını bir tərəfdən ona cəlbedici, bəzəkli  xarakter verdi­
yini,  digər  tərəfdən  də  onun  nəqlinin  yubadılması  üsullarından 
birinə xidmət etdiyini  bildirir:  “Belə ki, formullar  funksional  sə­
ciyyə  daşıyır,  desək,  yanılmarıq”  (139).  Yəni  hadisələrin  baş 
verdiyi  zamanın uzunluğu və bu hadisələr haqqında nəqlin sürət- 
liliyi arasında uyğunsuzluq hiss olunanda bu formullar hadisələri 
saxlamağa müvəffəq  olurlar.  Onlar ifa zamanı  ilə  hadisələrin za­
manını  eyniləşdirməyə  xidmət  edirlər.  Zamanın  vahidliliyinə 
çatmaq qeyri-mümkündür, yalnız həmin hadisələrin uzunluğu və 
onlar  haqqında  nəqlin  ardıcıllığı  arasında  şərti  tənasüblüyə  nail
15


olmaq olar (139).  Bir sözlə,  tədqiqatçıların çoxu nağılın struktu­
runu  dediyimiz  şəkildə  qoyurlar.  Artıq dünya folklorşünaslıq  el­
mində bu bir qanun kimi qəbul olunur.
Qədim  tarixə  və  eyni  kökə  malik  olan  nağıllar  folklor  döv­
riyyəsi  nəticəsində  bir bölgədən  digərinə,  bir məmləkətdən  baş­
qasına keçərək  yayılıb.  Bu mənada nağıl  formullarını  da qohum 
hesab  etmək  olar.  Ortaq  tarixi  yolu  keçmiş,  eyni  kökə  və  soya, 
ortaq dilə malik olan Azərbaycan və Türkiyə xalqlarının nağılla­
rı  isə  daha doğma və yaxındır.  Hər  iki  xalqın ənənəvi  nağıl  for­
mullarının  eyni  formulların  oxşar variantları  olduğu  nəzərə  çar­
pır.  Bununla  bərabər,  ümumi  fonddakı  formullardan  yararlanan 
dünya  nağıl  söyləyiciləri  kimi,  Azərbaycan  və  Türkiyə  söyləyi- 
ciləri  də  özünəməxsus  dil  xüsusiyyətlərilə  yanaşı,  xüsusi  təbirə 
və  şivəyə  malikdirlər.  Söyləyicilər  oxucunun  zövqünü  oxşamaq 
üçün istəklərinə uyğun olaraq, nağılın dilini, üslubunu dəyişdirə, 
ənənəvi formullarla zənginləşdirə bilirlər.  Bu zaman sözlü ənənə 
ilə yanaşı,  söyləyicinin çevrəsi,  dünyagörüşü, bilik dairəsi,  cinsi, 
təhkiyə texnikası da önəmli hesab olunur.  Ziya Göyalpm dediyi­
nə  görə,  onlar  ancaq  ocaqdan  yetişmə  nağılçılardır:  “Nağılçılar 
qədim  ozanlığm qadınlarda davam edən qismidir.  Ozanlıq baba­
dan oğula qaldığı  kimi,  nağılçılıq da anadan qıza keçər (97,  94). 
Belə ki, peşəkar söyləyicilər  söylədikləri  nağıllarda ənənəvi  for­
mullardan  geniş  surətdə  istifadə  edirlər.  Həvəskar  nağılçılar  isə 
daha çox  yayılmış,  hər kəsə  bəlli  başlanğıc  və  sonluq  formulla­
rından yararlanırlar.
Qeyd etdiyimiz kimi, Rumıniya alimi Nikolay Roşiyanu ənə­
nəvi  formullar  haqqında daha dəyərli  və dərin  araşdırmalar apar­
mış,  onun  sistemli  şəkildə  izahını  vermişdir.  O  hesab  edir ki,  hər 
bir  nağıl  söyləyicisi  öz  nağılını  hadisələrin  “tarixdə  möhür- 
lənməsi”,  “onun  zamanda  təsbit  edilməsi”  və  “söyləniləcək 
hadisələrin  baş verdiyi  yerin göstərilməsi  ilə” başlayır.  Araşdırıcı 
“inisial” adlandırdığı başlanğıc formulunun iki tipini ayırd edir:
a) zaman formulu (“xronoloji”)
b) məkan formulu (“topoqrafik”)
16

Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin