Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə40/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   36   37   38   39   40   41   42   43   ...   232
Sevər Cabbarlı

(Əlyazmalar İnstitutu)
Bİr daha İsgəndər bəy Rüstəmbəyov haqqında
XIX əsr Qarabağ ədəbi mühitinin yetirdiyi istedadlı şəxsiy­yətlərdən biri də İsgəndər bəy Rüstəmbəyovdur. O, xalq ara­sın­da həm şair, həm də vətəninin, xalqının qeyrətini çəkən təəs­sübkeş ziyalı kimi tanın­mış­dır. Şairin həyat və yaradıcılığı haq­qında əlimizdə kifayət qədər məlu­mat yoxdur. Lakin həm onun tərtib etdiyi və hal-hazırda AMEA M.Fü­zu­li adına Əl­yaz­malar İnstitutunun arxivində saxlanılan cüngdən (B-236), həm də müasirlərinin onun haqqında verdikləri məlumatdan şai­­rin həyat və yaradıcılığı haqqında müəyyən qədər məlumat əldə et­mək mümkündür. Bu materiallar əsasında onun 1845-ci ildə Şuşa şəhə­rin­də anadan olması və ilk təhsilini orada alaraq fars və rus dillərini də mükəmməl öyrənməsi məlum olur. Rus dilini mükəmməl bilməsi onun dövlət idarələrində çalışması üçün zəmin yaratmışdır. O, dövlət idarələ­rində çalışarkən rus­lar və qeyri millətlərlə təmasda olmuş, onların əsl məramını başa düşərək xalqını, millətini bu yadellilərin (rus və ermə­ni­lərin) mənfur niyyətindən xəbardar etmək üçün tez-tez Şuşa və Ağdam camaatının qarşısında çıxışlar etmişdir. O, vətənin ən ağır günlərində, xüsusilə mənfur ermənilərin 1905-ci ildə tö­rət­dikləri faciələr zamanı özünün tədbirli, düşündürücü çıxış­ları ilə xalqı birliyə çağıraraq onları təfriqəçiliyə, didişmə və çə­kişmələrə son qoyub bir araya gəlməyə, birləşməyə çağır­mış­dı. Bu münasibətlə onun 25 iyul 1905-ci ildə yazdığı çıxışı olduqca maraqlıdır. Şair çıxışının mətnindən öncə farsca qələ­mə aldığı izahatında yazırdı: “Bu qəmli ildə bir neçə vətən əhli belə məsləhət gördülər ki, cümə günləri toplaşıb əziz vaxtımızı keçmişdə ol­duğu kimi cəfəngiyata deyil əhli-vətənin rifahına sərf edək”. Qeyd­lər­dən göründüyü kimi xalqın, millətin ağır gü­nündə onun qeydinə qalan, qeyrətli ziyalılarımız vəziyyət­dən çıxış yolunu birləşməkdə görür və belə anlarda onlar öz­ləri də bir araya gəlməyi bacarırdılar. İsgəndər bəy daha sonra yazır ki, milləti yüz illərdir ki, düçar olduğu qəflət yuxusu, ar­sız­lıq və bədbəxtlikdən xilas etmək üçün hər birimiz istər adi çıxı­şı­mız­la, istərsə də məktubla, nəsrlə, yaxud nəzmlə iki-üç həftə çıxış et­dik. Əfsuslar olsun ki, bizim zəhmətimiz hədər getdi. Bunun səbəbi o idi ki, artıq bizim millətlə erməni ara­sında ədavət alovu şölələnməyə baş­lamışdı, bir-birimizi qətlü qarət etməkdə idik”.

İsgəndər bəy xalqı üzləşdiyi bu ağır faciədən xilas etmə yolunu yal­nız birlikdə görürdü. Ona görə də bu məramına nail olmaq üçün bütün vasitələrə əl atır, həmvətənlərinin şüurunda inqilab yaratmaq üçün əlin­dən gələni edirdi. O, çıxışının giri­şin­də deyirdi: “Belə ki, keçən cümə gü­nü müsəlman qardaş­la­rımızdan bir nəfər öz nitqində şərh eylədi ki, üç şey (filan) tay­fanın irəli getməsinə baisdir. Nəhayət, ittifaq sözü demədi və hal anki, elm, qüvvət və dövlət bir yerdə cəm olsa da ittifaq­sız heç bir fayda verməz, necə ki, bu mətləb bizim şəhərdə mükər­rər imtahan ilə sübuta yetibdir. Belə ki, bizim vətəndə həman üç şey olub­dur. Nəhayət, yüz ildən artıqdır ittifaq olmuyubdur və ittifaq olmamaq cəhətinə belə pərişan və sərgərdan günlərə qalmışıq”.

Şair daha sonra millətimiz arasında baş alıb gedən nifaq və çəkiş­mə­lə­rin əsl səbəbini şərh edir və mənfur qonşularımızın tərəqqi etmə sə­bəblərini də onların nəzərinə çatdırır: “Hər vəqt üləma və nücəbayi- əhli-şəhər və dihatilərimiz tərəf-tərəf olub bihudə və biməni sitizəlik etmək ilə gözəl vətəni bu hala sal­mışıq. Qonşularımız bu az müddətdə it­tifaq etmək ilə bu qədər tərəqqi etdilər. Əvvəl bizə lazım olan odur ki, içi­mizdə olan qə­­dim, ya tazə eyblərimizin yüzdən birini zikr edib on­ların çarəsinin fikrində olaq. Bu gün mən kifayət edirəm, ancaq it­tifaq və nifaq sözünü deməyə, danışmağa...Ancaq ittifaq sözü­nü danışmaq ilə özümü məcbur gördüm. Çünki bu mətləbi mən islamın ümdə qüv­vəti və əsası hesab edirəm. Bizim içi­mizdə nifaq düşdükdən əvvəl ixti­laf üləma arasında oldu, on­dan sonra nücəba və əsnaf arasında bu iş o qədər şiddət etdi ki, hətta bizim əsrimizdə iki nəfər müsəlman yoxdur ki, bir-bi­rinin şadlığına şad və qəmginliyinə qəmgin olsun...Bu viran ol­muş vilayəti – İrana yavuq olmaq səbəbinə görə ilbəil şiddət edib İran kimi viran olmağa yavuqdur”.

İsgəndər bəy qeyrətli siyasət adamı olmaqla yanaşı, həm də yeniliyə meyl göstərən maarifçi idi. O, istər müxtəlif məclis­lərdə etdiyi çıxışla­rın­da, istərsə də yazdığı şeirlərində xalqı maarifə, elm öyrənməyə, sa­vad­lanmağa dəvət etmişdir. Bu xü­susiyyətinə görə İsgəndər bəy ədəbi ictimaiyyətdə böyük nü­fuz qazanmışdır. Təsadüfi deyildir ki, Məhəm­məd ağa Müc­tə­hidzadə özünün “Riyazül-aşiqin” əsərini onun məsləhəti və xe­yir-duası ilə yazmışdır. “Riyazül-aşiqin”in girişində oxuyuruq: “...hicrətin min üç yüz iyirmi beşində bir gün cənabi-sərkar İsgəndər bəy Rüstəmbəyov ki, cümleyi-əyani-vilayətdən və da­rayi-zəkvat və mə­ri­fət idi və iqlimi-daniş və siyasətdə va­qiən İsgəndəri-zaman və zülma­ti-Qarabağ içrə əbaən ciddun çün abi-həyat mənbəyi, cudi-ehsan idilər, huzuruna müşərrəf olub ayineyi-qəlbimdə müsəvvər olan müddəamı ni­şan verib və şəraiti-bəndəliyi yerinə yetirdim. Müəzziməleyh isə zə­ba­ni-gühərnisar ilə buyurdular ki, gərək bu tüxnü yadigar mə məz­rəeyi-ru­zi­garidə əkmək ki, əbnayi-vətən ondan nəfbərdar ol­sun­lar və mütaliə­sin­dən fayidə təhsil edənlər, müəllifinə rəh­mət oxusunlar. Və bir məc­muə yazılmaq gərəkdir ki, hər səhi­fəsi qeyrəti-arizi-hur və hər sətri rəş­ki-zülfi-qılmani-behişt bi­qüsur ola...”

Ədəbiyyata böyük maraq göstərən İsgəndər bəy XIX əsrdə Qara­bağ­da fəaliyyət göstərən ilk ədəbi məclis – “Məclisi-üns”ün fəal üzvlə­rin­dən olmuşdur. Məclisin əsas təşkilatçısı və rəhbəri Xuşid banu Natəvan İsgəndər bəyə ehtiramla yanaş­mış­dır. O, Natəvanın böyük oğlu “Vəfa” təxəllüsü ilə şeir ya­zan Mehdiqulu xanla yaxın dostluq əlaqəsində ol­du­ğu üçün Xan qızı ailəsinin yaxın simsarlarından hesab olunurdu. İs­gən­dər bəy tərtib etdiyi cüngdə Xurşid banunun oğlu Meh­di­qulu xanla mü­na­sibətləri pozulan zaman yazdığı “Ölürəm” rədifli qəzəli ilə bağlı bir epizodda göstərir ki, Natəvanın bu qə­zəlinə cavab olaraq Mirzə Rəhim Fəna, Mirzə Sadıq Piran “Ölmə” rədifli qəzəl yazmışlar. Lakin “Xur­şid­banu bəyim hər gün mənə təkid edirdi və gecə-gündüz nökər gön­dərib and ve­rirdi ki, gərək filankəs də bu barədə qəzəl desin. ...Axırda bu bir neçə fərdi deyib göndərdim.

İsgəndər bəyin Xurşidbanuya yazdığı on beş beytdən ibarət cavab şeirindən onun ailəyə son dərəcə yaxın olduğu və şairin Natəvana son­suz məhəbbət bəslədiyi aydın hiss olunur. Təsa­düfi deyildir ki, İsgədər bəy tərtib etdiyi cüngdə (B-236) ən çox Mehdiqulu xan Vəfanın şeir­lərinə yer vermişdir. Bu əla­mət də onların yaxınlığını təsdiq edən fakt­lardan biridir.

İsgəndər bəyin çoxlu sayda şair dostları olmuşdur. Bunlar­dan biri də Qasım bəy Zakirin yaxın dostu Məhəmməd bəy Aşi­qin oğlu Əbdüs­səməd bəy Aşiq idi. Əbdüssəməd bəy de­mək olar ki, İsgəndər bəyin təş­kil etdiyi əksər müşairələrdə iş­ti­rak etmişdir. Onu da qeyd edirik ki, İsgəndər bəyin tərtib etdiyi bu cüngdə çoxlu sayda eyni rədif və qafiyəli nəzirə-mü­şairələr vardır.

Nümunə üçün qeyd edək ki, vərəq 60a-da Agəh – Aşiq-İsgəndər bəy (farsca), vər. 61a-da Şəhid-İsgəndər bəy (farsca), vər 62a-da Asi-İs­gəndər bəy, vər. 69a-da Asi-Növrəs-Əbdüs­sə­məd bəy – Mirzə Sadıq-Mə­mo bəy (farsca), səh. 70a-da Rəfiq-laədri-Məqribi-Asi-İsgəndər-Aşiq-Növrəs-Məşədi Mirzə Sadıq (farsca), vər.72a-da Nişat-Asi-Növ­rəs-Mirzə Sadıq-Aşiq-İs­gəndər bəy və s. eyni rədif və qafiyə ilə şeirlər yazmışlar. İlk ba­xışdan bu şeirlər nəzirə təəssüratı yaratsa da, bunların əksə­riy­yəti özlüyündə müstəqil qəzəllərdir. Maraqlıdır ki, birinci yazı­lan qəzəllərdə qoyulan tələblərə digər qəzəllərdə də ciddi şəkildə riayət olunurdu. Şairlər bununla sanki bir-birini imta­hana çəkir, öz güclərini nü­muayiş etdirməyə çalışırdılar. Nü­mu­nə üçün qeyd edək ki, İsgəndər bə­yin yazdığı:

Bəni salmış xətayə bir xəta kanı qara gözlər,

Degil imən füsunü hiylədən anı, qara gözlər.

-məhəlli beş beytdən ibarət qəzəlinə Aşiq, Asi, Əbdüssəməd bəy, Növ­rəs, Mirzə Sadıq hərəsi ayrı-ayrılıqda elə həmin həcmdə - beş beytdən ibarət müstəqil bənzətmə yazmışlar.

Aşiq öz qəzəlini:

Alıb bir kəc nigahilə bu gün canı qara gözlər,

Dili-məcruhə urmuş qəmzə peykanı qara gözlər.

-mətləsi ilə; Asi:

Edər shr ilə daim bu xəta kanı qara gözlər

Könül şəhrini yəğma türki-türkanı qara gözlər.

-mətləsi ilə; Əbdüssəməd bəy:

Salıb məkrə dili-məhzunü heyranı qara gözlər,

Nədir ol binəvanın səhvü nisanı, qara gözlər?

-mətləsi ilə; Növrəs:

Edən dəmdə bəna nəzzarə pünhanı qara gözlər,

Verir bərbadə onda dinü imanı qara gözlər.

-mətləsi ilə; Mirzə Sadıq:

Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,

Salıbdir mərdüm içrə gör nə qovğanı qara gözlər.

-mətləsi ilə yazmışlar. Bu da maraqlıdır ki, sonda İsgəndər bəyi “Qara gözlər” rədifini saxlayaraq yeni qafiyə ilə dediyi beytə uyğun bu şair­lərin hər biri bir beyt demişlər ki, nəticədə mükəmməl qəzəl alınmışdır:

İsgəndər bəy:

Nə müddətdir salıb gözdən bəni yaği qara gözlər,

Yəqin olmuş genə xunilər ortağı qara gözlər.

Əbdüssəməd bəy:

Müjən oxunu sinəmə hökm et, səni tarı, elə ursun,

Sağalmuyub həşrədək qalsın yeri baqi, qara gözlər.

Növrəs:


Tərəhhüm qıl, unut nurxaneyi-mərdüm xərab eylər,

Qaragöz ahutək ki, valeh baxmagi qara gözlər.

Aşiq:

İçib əhli-nəzər hər dəm məhəbbət badəsin andan



Xərab etmiş cahanı ta olub saqi qara gözlər.
Səvadın hər tərəf nuri-bəsər üzrə mühit olmuş,

Anın üçin seçməzəm bən qəradən aği, qara gözlər.

Görkəmli alim mərhum Nəsrəddin Qarayev bu kimi şeirlərə müna­sibət bildirərək yazırdı: “Ədəbiyyatşünaslıqda çox vaxt eyni rədifli qə­zəl­lərin hamısına nəzirə kimi baxılır. Lakin XIX əsrdə yazılan bir neçə eyni qafiyəli qəzəllərin yaranma səbə­bilə tanış olduqdan sonra biz belə qənaətə gəlirik ki, bu cür qəzəlləri ucdantutma nəzirə hesab etmək düz­gün deyildir”.

Onu da qeyd edək ki, bu kimi şeir yaradıcılığı bəzən geniş­lə­nərək daha böyük arealda vüsət tapırdı ki, bu da XIX əsr məc­lis şairlərinə məxsus xarakterik xüsusiyyətlərdən biri idi.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin