Akademik araşdırma və nəşr prinsipləri.
XIX əsrin ikinci yarısından Avropada başlayan və müəyyən meyarlara cavab verən elmi-tədqiqat xarakterli işlər prinsip baxımından XX əsrdə təkmillləşdirilərək standart sistem halına salınmışdır. Artıq müəyyən biçimə salınanaraq sistem halına düşən akademik tədqiq və nəşr standartaları bir çox Şərq ölkələrində (Misir, Türkiyə, İran, Pakistan, Hindistan və s.) də tətbiq olunur. Amma təəssüflər olsun ki, bu standartlar Azərbaycana yol tapa bilmir və sovetlərdən sonra təkcə abidələrin tədqiqi və nəşri sahəsində deyil, humanitar sahədə analitik araşdırma və akademizmdən bəsit publisistikaya və populizmə doğru güclü bir axın müşahidə edilməkdədir. Başqa bir yandan isə, müstəqil akademik araşdırmalar və nəşrlər əvəzinə, iqtibas, kompilyasiya, təqlid və “nəzirə” metodu dəbə düşmüşdür.
Qaynaqlara istinad, tarixi və sənədli faktlar, dəlil və arqumentlər, analitik təhlil metodu və ümumiləşmələr, nəzəri müddəalar və konsepsiyaları bir kənara qoyaq. Hətta faktlar mifikləşir, başqa dillərdə yazılan qədim abidələr, o cümlədən akkad-şumer yazılı nümunələri və “Avesta” kimi məşhur əsərlər türkcə oxunur. Maraqlı haldır ki, həmin abidələrin orjinalını oxuya və başa düşə bilməyənlər, rus və başqa dillərə tərcümələrdən yanlış şəkildə improvizə edərək akademizmdən uzaq mülahizə irəli sürürlər. “Avesta” Azərbaycan mədəniyyətinə təsir göstərsə də, onun sanskrit dilinə yaxın bir dildə yazıldığı bütün elm aləminə məlumdur. Onun özünəməxsus əlifbası və dili vardır (24.ss.279-299). Bu cür populizm halları adətən kütlə şüuruna hesablanan “vətənpərvərlik” iddiası ilə pərdələnir. Əgər Quran ayələrində onun ərəbcə nazil olması dəfələrlə açıq-aydın bildirilməsəydi, onu da “türkləşdirmək” istəyənlər tapılardı.
Nə müddətdir ki, Amerika və Avropada etik və huqiqi məsuliyyət müstəvisində ciddi bir məsələ kimi qəbul olnumuş akademik yazı normaları artıq bir çox Şərq və Asiya ölkələrinin elmi dairələrində də gündəmdədir. Türkiyədə elmi araşdırmalara nəzarət edən TUBİTAK təşkilatı tərəfindən qəbul və nəşr edilən “Akademik yazım ihlalları” rəsmi layihəsi bu baxımdan ciddi məsələ kimi ortaya qoyulmuşdur (26). Həmin kitabın cildində və titul vərəqində verilən sındırılmış qələm təsvirinin rəmzi mənası isə belədir: “akademik normaları pozmaqla başqalarının əməyindən faydalanaraq “əsər” yazmaqdansa, qələmi sındırmaq daha düzgündür”. Bu baxımdan yazılı abidələrin mətnini oxuya bilməyən, araşdırma qabiliyyəti olmayanların həmin işləri başasına “sifariş” verməklə öz adından təqdim etməsi isə akademik çevrədə rüsvayçılıqdır.
Akademik nəşr normalarına görə, konkret bir əsər və ya abidə öncə başqa müəllif tərəfindən nəşr hazırlanmışsa, onu çapa hazırlayan sadəcə birinci müəllifin adını çəkməklə və ona “təşəkkür bildirməklə”, eyni zamanda bəzi əlavə və dəyişikliklə əvvəliki nəşri öz adından çap edə bilməz. Əlavə və düzəlişlər mətn üzərində redaktə və islah qismində qəbul oluna bilər və mötərizədə kursivlə. yaxud başqa bir metodla verilə bilər. Bütün hallarda kimsə “əlavələr”, “düzəlıişlər” və “yeniliklər”i bəhanə gətirərək, eyni zamanda əsl müəllifin adını ehtiramla “qeyd edərək” başqasının əsərinə şərik çıxa və məsuliyyətdən yan keçə bilməz.
E.J.W. Gibb müəllifi olduğu məşhur “A History of Ottoman Poetry” (Osmanlı ədəbiyyat tarixi) əsərinin 1-ci cildini sağlığında nəşr etdirə bilmişdir. Ölümündən sonra qalan cildlər Edward Brownun səyi ilə çap edilmiş, onun etdiyi əlavə və düzəlişlər isə mötərizədə çapa təqdim edənin adının baş hərfləri ilə – (E.B.) şəklində işarələnmişdir (27.s.1). E.Braunun adı titul vərəqində yoxdur və onun “sunuş” yazısı isə bircə səhifədir (27.s.13). Başqa sözlə desək, E.Braun öz əlavələrinə görə Gibbin əsərinə şərik çıxmamışdır. Onu da nəzərdə saxlamaq lazımdır ki, nəşrə hazırlamaqla çapa təqdim etmək başqa-başqa məfhumlardır. Türklər çapa təqdim etməyi “sunuş” termini ilə verirlər.
Başqa bir maraqlı nümunə: Çarlz Storinin “Persian Literature (A Bio-Bibliographical survey)” adlı ensiklopedik məlumat kitabı Y.E.Bregel tərəfindən rus dilinə çevirilərək üç cilddə nəşr edilmişdir (28). O, təkcə əsəri tərcümə etməmiş, ona çoxlu əlavə və düzəlişlər vermişdir. Giriş məqaləsində (sunuş) isə bu kitaba 5000-ə yaxın əlyazma nüsxəsini əhatə edən 850 əsər haqqında məlumatı əlavə etdiyi diqqətə çatır (28.s.40). Bu işdə ona Y.E.Borşevski kömək göstərmiş və Bregel sonda konkret olaraq hansı nömrələrin Broşevski tərəfindən (15 əsər), hansıların isə ortaq edildiyini (24 əsər) dəqiqliklə göstərir (28.s.50). Təbiidir ki, çoxsaylı əlavə və düzəlişlərə baxmayaraq, əsər Ç.Storinin adı ilə nəşr edilmişdir.
Akademik nəşrlərdə etik normaların nə qədər həssaslıqla saxlandığına bariz nümunə olaraq Türkiyədə çap edilən Xınalızadə Həsən Çələbinin “Təzkirətüş-şüəra” əsərini göstərmək olar. Bu abidənin tənqidi mətni mərhum İbrahim Kutluk tərəfindən nəşrə hazırlamış, lakin 1978-ci ildə yol qəzasında dünyasını dəyişmişdir. Bu əsəri İbrahim Olgun nəşrə təqdim etmiş və birinci cildə yazdığı kiçik “sunuş”unun sonunda “bu kitap bir merhumu yaşatmak için dikilmiş bir anıttır. Bunu görən hatırlar və rahmetle anar” söyləmişdir (14.s.3). Tale elə gətirmiş ki, İbrahim Olgun da Haqqın rəhmətinə qovuşmuş, ikinci cildi 1981-ci ildə İsmet Parmaksızoğlu nəşrə təqdim etməli olmuşdur. O isə öz yarım səhifədən də az olan “sunuş”unda belə yazmışdır: “Olgun, I ciltte yapdığı açıklamada “Bu kitap bir merhumu yaşatmak için dikilmiş bir anıttır” diyordu. Ben ise bu kitap üç merhumu, eserin yazarı Hasan Çelebiyi, eseri eleştirili baskıya hazırlayan İbrahim Kutluku ve eseri tahkik eden İbrahim Olgunu yaşatmak için dikilmiş bir anıttır diyorum. Her üçünün de ruhları şad olsun” (15.s.1.). Hətta hər iki kitabın titul vərəqində isə müəllif olaraq ancaq İbrahim Kutlukun adı yazılmışdır. İbrahim Olgun və İsmet Parmakzısoğlunun giriş bölməsində yalnız “sunuş”u (təqdimatı) verlilmişdir. Olduqca ibrətamiz bir hadisədir.
Deməli, çapa təqdim edən (sunuş) şəxs əlavə və düzəlişlər etsə də, mətni özündən öncə nəşrə hazırlayanın işinə şərik çıxa və müəllifflik iddiasında ola bilməz. O, özünün əlavə, düzəliş və qeydlərini kursiv ilə, yaxud başqa bir şərti işarə ilə ayırd edərək göstərə bilər.
Ərəb qrafikası ilə yazılmış türkdilli abidələrin çapa hazırlanması dedikdə mətnin müasir qrafika ilə transliterasiyası, ərəb və farsca parçalar varsa, onların orjinalı saxlamaqla tərcüməsi, izahlar və qeydlər (kursiv və başqa formalarda) nəzərdə tutulur. Əgər ərəb və farsca parçalar başqası tərəfindən çevrilmişsə, onların adı ayrıca qeyd olunur. Hətta abidənin mətninin çapa hazırlanması və redaktəsi naqis olsa belə, onu tamamlayan, əlavə və redaktə edən şəxs öz işinin həcmini konkret və dəqiq şəkildə göstərməli, “naqisliyi” bəhanə gətirərək əsl müəllifin işinə şərik çıxmalı deyil.
Eyni zamanda Türkiyədə və başqa yerlərdə hazırlanaraq nəşr olunmuş mətnlərin Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq ara-sıra əlavə və dəyişikliklərlə əsəri çevirənin adından yayımı da eyni qaydada “akademik ihlal” deməkdir. Məsələn, Yunus Emrə “Divan”ı son dövrlər Dr.Mustafa Tatçı tərəfindən hazırlanmış mükəmməl nəşr sayılır (29). Bu əsəri Azərbaycan türkcəsinə uyğunlaşdıraraq nəşr etmək istəyən tədqiqatçı gərək titul vərəqində Mustafa Tatçının adını müəllif kimi göstərsin, öz adını isə mətni Azərbaycan türkcəsinə uyğunlaşdıran və ya çevirən kimi qeyd etsin. Yoxsa, M.Tatçının hazırladığı mətndə tək-tük əlavələr, düzəlişlər və beş-on formal müqayislər verməklə, əsl müəllifin işinə şərik çıxmaq və titul vərəqində özünü M.Tatçının mətni əsasında Yunus Emrə “Divan”ını nəşrə hazırlayan kimi təqdim etmək akademik yayım normalarına ziddir.
Nəşrə hazırlanıb, lakin işıq üzü görməyən abidələr və tədqiqat işləri də bu qəbildəndir; onların bəzi əlavələr və dəyişiklərlə başqasının adından yayımı akademik nəşr normalarını və müəllif hüququnu pozmaq deməkdir. Belə fəndlərlə – yəni başqasının hazırladığı əsərdən iqtibas edərək dekorativ əlavə və epizodik dəyişikliklərlə “yeni əsər” hazırlamaq abidələrin tərcüməsinin nəşrinə də tətbiq edilir. Məsələn, Nizaminin “Sirlər xəzinəsi” məsnəvisinin filoloji tərcüməsi, şərh və lüğətinin müəllifi Rüstəm Əliyevdir (30). Onun nəşr etdiyi kitabdan sadəcə adını çəkməklə istifadə, yəni yeni tərcümə iddiası yolverilməzdir. Tərcüməçi yalnız özündən əvvəlki tərcümələrdə rast gəldiyi iradlara münasibətini bildirə bilər. Əgər kimsə Rüstəm Əliyevin tərcüməsini yenidən işləyib ona əlavələr və düzəlişlər vermək istəyirsə, əsər yenə də əsas müəllifin adı ilə nəşr olunmalı, ikinci şəxs isə etdiyi konkret əlavə və düzəlişləri kursivlə qeyd edə bilər. Üstəlik əlavə və düzəlişlər konkret göstərilməli, arqument və dəlillərlə əsaslandırılmalıdır. Hətta müəllif öz monoqrafiyasında ciddi dəyişiklik, əlavə və elmi yenilik etmədən cüzi dekorativ fəndlərlə onu yeni əsər kimi təqdim edə bilməz.
Dostları ilə paylaş: |