Sevinc Axundova
(Əlyazmalar İnstitutu)
XIX əsr Qarabağ ədəbİ mühİtİ
Nəsrəddİn Qarayevİn tədqİqatında
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun mərhum əməkdaşı, şərqşünas alim, filologiya elmləri namizədi Nəsrəddin Qarayev (1926-1982) elmi fəaliyyətini əlyazma qaynaqları əsasında klassik ədəbiyyatımızın tədqiqinə həsr etmişdir. N.Qarayev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakultəsini bitirmiş, 1960-1966-cı illərdə Respublika Əlyazmalar Fondunda, 1966-1972-ci illərdə Nizami adına Ədəbiyyat İnstitunda çalışmış, sonra yenidən Respublika Əlyazmalar Fonduna qayıdaraq ömrünün sonunadək burada işləmişdir. Elmi yaradıcılığında XIX əsr ədəbi məclislərinin tədqiqinə xususi fikir verən tədqiqatçı 1971-ci ildə “XIX əsr Azərbaycan ədəbi məclisləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun bu dissertasiyası ölümündən sonra 2010 və 2012-ci illərdə iki dəfə çapdan çıxmışdır. Kitabı nəşrə hazırlayan və elmi redaktor filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Musalıdır. Bundan başqa, alimin nəşrə hazırladığı Mirzə Həsən Qarabağinin “Seçilmiş əsərləri”, “Poetik məclislər” antologiyası çapdan çıxmışdır.
N.Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyasının ən dəyərli cəhəti ondan ibarətdir ki, burada əsər yazılarkən çox az öyrənilmiş sahə-müxtəlif şəhərlərdə mövcud olmuş ədəbi məclislər ilkin qaynaqlar-əlyazma mənbələri, Əlyazmalar İnstitutu materialları əsasında tədqiq edilmişdir. Kitabda XIX əsrdə Azərbaycanda fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gülüstan”, Əncümənüş-şüəra”, Fövcül-füsəha”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məclisi-fərəmuşan”, “Məcməüş-şüəra” kimi ədəbi məclislərin fəaliyyəti araşdırılır, bu məclis üzvlərinin həyat və fəaliyyəti öyrənilir.
Giriş, səkkiz fəsil və son sözdən ibarət monoqarfiyanın VI fəsli XIX əsrdə Şuşada fəaliyyət göstərmiş “Məclisi-üns”, VII fəsli isə “Məclisi-fərəmuşan” ədəbi məclisinə həsr edilmişdir. Müəllif haqlı olaraq qeyd edir ki, XIX əsrin ikinci yarısında təşkil edilən ədəbi məclislər içərisində həm iştirakçılarının sayının çoxluğuna, həm də başqa ədəbi məclislərlə əlaqələrinə görə “Məclisi-üns” xüsusi yer tutur. Bu məclisin səsi-sədası nəinki Şimali Azərbaycan bölgələrinə, hətta Tiflis, İrəvan, Təbriz, Tehran, Aşqabad və başqa şəhərlərə belə yayılmışdı. Bu məclisin Şamaxı və Lənkəran ədəbi məclislərinin qızğın fəaliyyət göstərdiyi bir zamanda Şuşada təşkil edilməsi xüsusilə diqqətəlayiqdir. Tədqiqatçı göstərir ki, XIX əsrin birinci yarısında Şuşada və Qarabağın ayrı-ayrı kəndlərində onlarla şair yazıb-yaradırdı,Qasım bəy Zakir, Məhəmməd bəy Aşiq, Cəfərqulu xan Nəva (Arif), Mirzə Əsəd, Aşıq Pəri kimi şairlər bir yerdə yığışar, qızğın müzakirələr, deyişmələr keçirərdilər. Yeni ədəbi qüvvələr yetişməkdə idi. Bütün bunlar Şuşada ədəbi məclisin yaranmasını zəruri etdi. Şəhərdə alim və müdərris kimi tanınmış Mirzə Əbülqasımın yanında dərs alanlar məşğələlərdən sonra bir yerə toplaşıb ədəbi mübahisə və arifanə söhbətlər aparırdılar. Sonralar ədəbi məşğələlər bir müddət şair Hacı Abbas Agəhin mənzilinin üst mərtəbəsində keçirildi. N.Qarayev Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirələri əsasında göstərir ki, 1864-cü ildən şeir-sənət həvəskarları Agəhin evində toplaşıb ədəbiyyatdan danışar, tarix və musiqi haqqında mübahisə və müzakirələr keçirərdilər. 1872-ci ilə kimi adsız olan məclis həmin ildə Xurşidbanu Natəvanın evinə köçür, şairənin ölümünə, 1897-ci ilə qədər fəaliyyətini davam edir. Mirzə Rəhim Fənanın avtoqraf xatirəsinin mətnini tam şəkildə monoqrafiyasına daxil edən tədqiqatçı göstərir ki, Mirzə Rəhim “Məclisi-üns”ün yalnız doqquz üzvünün adını çəkmişdir. Lakin o, araşdırmalar nəticəsində aşağıdakı məclis üzvləri barədə məlumat vermişdir: Xurşidbanu Natəvan (1832-1897), Mirzə Rəhim Fəna (1841-1931), Mirzə Ələsgər Növrəs (1836-1912), Mirzə Həsən Yüzbaşov (1824-1904), Məmo bəy Məmai (1842-1918), Hacı Abbas Agəh (?-1892), Məhəmmədəli bəy Məxfi (1821-1892), İsmayıl bəy Daruğə (1842-1891), Məşədi Nəsir Lövhi (?-1891), Mirzə Sadiq Piran İmanxan oğlu (1811-1892), Hüseyn ağa Cavanşir (1856-?), Bəhram bəy Fədai, Mirzə Haqverdi Səfa (?-1881), Məhəmməd ağa Müştəri (1875-1956), Mahmud bəy Mahmud, Mirzə Cəfər Köhnəfüruş (1839-1903), Səməd bəy Səməd, İsgəndər bəy Rüstəmbəyov (1845-1918).
N.Qarayev qeyd edir ki, “Məclisi-üns” yalnız şairlərin deyil, Şuşa xanəndələrinin də çox sevdikləri yer olmuşdur. Hacı Hüsü, Məşədi İsi, Kaştazlı Haşım və başqa xanəndələr burada iştirak edirdilər. Tadqiqatçı şuşalı Həsən Mirhaşım oğlu Ağamirovun xatiratına əsaslanaraq göstərir ki, yuxarıdakı xanəndələrdən əlavə Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Hacı Məhəmməd Alı oğlu, Məhəmməd Qaryağdı oğlu, tarzən Sadıq kimi sənətkarlar da “Məclisi-üns”ə çox yaxın olmuşlar.
Tədqiqatçı Əlyazmalar İnstitutunda saxlanan materiallar, digər mənbələr əsasında “Məclisi-üns” üzvlərinin Azərbaycanın digər məclisləri ilə əlaqələri barədə maraqlı məlumatlar vermişdir. Monoqrafiyada göstərilir ki, H.A.Agəh Şamaxıya gedərək, Seyid Əzim Şirvaniyə qonaq olmuş, onunla məktublaşmışdır. (Əsərdə S. Əzimin Agəhə yazdığı, heç bir yerdə çap edilməmiş mənzum məktubdan da danışılır). M. Məmai də bir neçə dəfə Şamaxıya getmiş, orada şeir və musiqi məclislərində iştirak etmişdir. Şirvan dəfələrlə Şuşaya gələrək “Məclisi-üns”də iştirak etmişdir. Şirvan şairlərindən Mirzə Əbdüləli Hilali Şirvani dəfələrlə Şuşaya gələrək “Məclisi-üns”də iştirak etmişdir. O, Növrəs, Məmai, Həsən, Agəh və digər Qarabağ şairləri ilə dostluq etmişdir. Agəh şeirlərindən birində onun Şuşaya gəlişini Yaqubla Yusifin görüşünə bənzətmişdir. M.Ə. Hilali “Məclisi-üns” şairlərinin hər birini səciyyələndirən şeir yazmış, Məmai, Səməd bəy, Agəh, Məxfi və Növrəs də öz növbəsində ona cavab vermişlər.
N.Qarayev qeyd edir ki, məclisin başçısı Natəvan da Azərbaycanın müxtəlif yerlərində yaşayan şairlərlə müntəzəm əlaqə saxlamış, onlarla məktublaşmışdır. AMEA Əlyazmalar İnstitutunda saxlanılan bir sənəddə Şamaxının Udulu kəndindən Molla Musa Şirvaninin nəzmlə ona yazdığı cavabı vardır.
Monoqrafiyada “Məclisi-üns”ün üzvlərindən Mirzə Həsən Yüzbaşov, Məhəmmədəli bəy Məxfi və Məmo bəy Məmaiyə həsr edilən oçerklər sırf əlyazma materiallarına istinad edilməsi ilə diqqəti cəlb edir.
Tədqiqatçı qeyd edir ki, M.F.Axundov, N.Vəzirov, Hacı Rza Dilməqani Əhsənül-Qəvaid, S. Ə.Şirvani və başqa tanınmış ziyalılar kimi M.Məxfi də H.Zərdabinin “Əkinçi” qəzetində müəllif kimi iştirak etmişdir. O, belə bir ehtimal irəli sürür ki, AMEA Əlyazmalar İnsitutunda fotosurəti saxlanan “Əhvalati-Qarabağ” adlı əlyazmanın müəllifi M.Məxfidir.
Monoqrafiyada haqqında məlumatın çox az olduğu “Məclisi-üns” şairi Məmo bəy Məmai haqqında da maraqlı məlumatlar vardır. Göstərilir ki, Məmo bəy bir müddət ticarət məqsədi ilə Aşqabad, Səmərqənd, Sankt-Peterburq, Şimali Qafqaz, həmçinin Türkiyə və İranın bir sıra şəhərlərini gəzmiş, gördüklərindən bəhs edən “Səyahətnamə” adlı əsər yazaraq bu barədə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məktub yazmışdır. Məmo bəyin şeirlərini təhlil edən müəllif onun xalqını inkişafda görmək istəyən bir vətənpərvər olduğunu, erməni daşnaklarının fitnə-fəsadlarını ifşa etdiyini göstərir.
Kitabda “Məclisi-üns”ə daxil olmayanların, “fəramuş olanların” (unudulanların) 1872-ci ildə təşkil etdikləri “Məclisi-fərəmüşan” məclisi barədə də maraqlı məlumatlar verilmişdir. Müəllif məclisin aşağıdakı üzvlərinin adlarını müəyyənləşdirmişdir. Mir Möhsün Nəvvab (1833-1919), Abdulla bəy Asi (1841-1874), Həsənəli xan Qaradaği (1847-1929), Mirzə Əbdül Şahin (1849-1900), Məşədi Əyyub Baki (1866-1909), Fatma xanım Kəminə (1840-1898), Abdulla bəy Abış, Baxış bəy Səbur (1863-1931) və qardaşı Bəhram bəy Fədai, Mirzə Muxtar (1866-1912), Məşədi Məhəmməd Bülbül (1863-1918), Molla Xəlil Şaki, Mirzə Məhəmməd Katib (1833-1889), Həsən Qara Hadi (1826-1900), Xarrat Qulu Yusifi (1823-1883), Mirzə Hüseyn Salar (?-1876), Mirzə İsmayıl Məhzun (1821-1894), Nazim, Mirzə Əli Aşiq (1846-1894),Ş Müznib, Sabit, İbrahim bəy Azər (1836-1885), Məşədi Cəfərqulu (?-1896), Mehdi bəy (?-1887), Hacı Əmir (?-1887), Kərbəlayi Ələkbər Safi, Mirzə Sadiq Lətif oğlu Hicri (təbib), Mirzə Sadiq İmanxan oğlu (xanəndə) Piran (1811-1892), Məşədi İsi, Hacı Hüsü, Sadıqcan, Mirzə Ələsgər Növrəs, Nəvvabın müəllimi Molla Abbas (1831-1880), Mirhəsən Miriş (Nəvvabın oğlu, 1871-1948), Mirzə Əli Mühərrir, Sədi Sani (1854-1879) və s. Bunlardan Mir Möhsün Nəvvab, Həsənəli xan Qaradaği, Mirzə Məhəmməd Katib, Abdulla bəy Asi, Fatma xanım Kəminə və Məşədi Bakiyə oçerklər həsr edən müəllif əlyazma qaynaqlarından istifadə edərək adı çəkilən şairlərin həyat və yaradıcılığı barədə maraqlı faktlar üzə çıxarmışdır.
N.Qarayevin 1971-ci ildə tamamlanmış “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyasında dövrün ədəbi məclisləri, onların bir sıra iştirakçıları ilk dəfə olaraq tədqiq edilmişdir. Alim bu məclislərdə ümumiyyətlə yüz əllidən artıq şair, alim, xanəndə və musiqiçinin iştirak etdiyini hesablamışdır. Monoqrafiyada göstərilir ki, XIX əsrdə təşkil edilmiş ədəbi məclislər bir qrup Azərbaycan milli ziyalılarının yetişməsində yaradıcılıq məktəbi rolunu oynamışdır. İlk dəfə məktəb və mədrəsələrin nəzdində təşkil edilən bu məclislərin vaxtilə gənclərdə ana dilinə məhəbbət, poeziyaya həvəs oyatmaqda və bir sıra gənc Azərbaycan şairlərinin yetişməsində əhəmiyyətli rolu olmuşdur.
Dostları ilə paylaş: |