“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
320
sahələri ilə bağlı qurumlarında multikulturalizm və tolerantlıq məsələlərinin öyrənilməsi, təhlili və
təbliği sahəsində mühüm işlər görülməyə başlanıldı.
Ölkə başçısı çıxışlarından birində qeyd etmişdir ki, Azərbaycanda son illər ərzində keçirilən
müxtəlif tədbirlər – Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu artıq Azərbaycanı
dünyada multikulturalizmin mərkəzi kimi təqdim edibdir. Multikulturalizm Azərbaycanda dövlət
siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki,
biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr
işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, həm yanlış, həm də
təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ – ksenofobiya,
diskriminasiya, ayrı-seçkilik, irqçilik. Azərbaycan bu sahədə də öz modelini ortaya qoyur. Hesab
edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda
multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət
siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla
bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox
faydalı olacaqdır.
Ölkə başçısı tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilən multikulturalizm artıq
Azərbaycan ictimai-humanitar elmi fikir dövriyyəsinə daxil edilmiş, multikulturalizmin istər elmi-
nəzəri, istərsə də praktiki əsaslarının öyrənilməsi istiqamətində mühüm addımlar atılmağa
başlanılmışdır. Həm dövlət başçısının bu sahədəki çağırışlarını, həm də multikulturalizmin elmi-
nəzəri əsaslarının araşdırılması sahəsindəki zərurəti nəzərə alaraq, biz də klassik Azərbaycan
ədəbiyyatında multikultural dəyərlərin və tolerantlığın əks olunma spesifikasını, təhlil etmək
istərdik.
Müasir
ədəbiyyatşünaslıqda multikulturalizm anlayışının multidissiplinar yanaşma
kontekstində ideoloji, fəlsəfi, bədii, antropoloji, sosioloji, politoloji, iqtisadi, tarixi, pedaqoji və s.
istiqamətlər üzrə təhlili təcrübəsi mövcuddur. Bu problem son dövrlər qeyd olunan elmi istiqamətlər
kontekstində Avropa, Rusiya, və Amerika elmi araşdırmalarında geniş şəkildə öyrənilir [10, s.11-
12 ].
Azərbaycanda multikulturalizmin elmi-nəzəri əsaslarının öyrənilməsi sahəsində əsas
tədqiqatlar, demək olar ki, akademik Kamal Abdullaya məxsusdur. Biz də tədqiqat zamanı alimin
multikulturalizmin elmi əsaslarının yaradılması, onun Azərbaycan ədəbi-bədii qaynaqlarının
müəyyənləşdirilməsi sahəsindəki araşdırmalarından istifadə etmişik.
Klassik Azərbaycan poeziyasında multikultural dəyərlər və tolerantlıq barədə təhlillərə
keçməzdən əvvəl bu barədə Kamal Abdullanın dərin məzmunlu və fundamental yanaşmasını
təqdim etmək istərdik. Alim yazır ki, "Bəşəriyyəti bütöv kimi dərk etmək istəyi, ayrı-ayrı xalqları
mənəvi xətlərlə birləşdirən amilləri aramaq ehtiyacı, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdi,
müxtəlif dinlərin müqəddəslərinə eyni ehtiram, insanlara dininə görə deyil, dəyərinə görə qiymət
vermə əxlaqı, hər kəsi mərhəmətə, şəfqətə, başqasının dərdinə acımağa dəvət, eşqin ən yüksək, ən
ali hiss kimi dilindən, dinindən asılı olmadan bütün xalqlar üçün əsas həyat prinsipi olmasının
tərənnümü və bir sıra digər bu kimi dəyərlər ədəbiyyatımızın dərin qatda pərvaz edən ruhunun
göstəriciləridir... Cəsarətlə demək olar ki, minillik tarixə malik klassik ədəbiyyatımızın hər bir
nümayəndəsi bu dəyərləri nəinki qəbul etmiş, hətta onları öz dünyagörüşünə çevirmişdir" [1, s.3].
Alimin yanaşmasından aydın olur ki, multikulturalizm və tolerantlıq klassik Azərbaycan ədəbiyyatı,
ədəbi fikri və dünyagörüşü üçün hər hansısa bir kənar anlayış deyil, əksinə onun əsas mahiyyəti
həyata, gerçəkliyə baxış bucağıdır. Bu o deməkdir ki, çoxmədəniyyətliliyə, çoxdinliliyə və fikir
rəngarəngliyinə azad, sərbəst münasibət Azərbaycan ədəbi fikri üçün xarakterik keyfiyyət
olmuşdur. Alim çox haqlı olaraq vurğulayır ki, "Bu ədəbi nümunələr bizə Azərbaycan cəmiyyətində
müxtəlif dövrlərdə multikultural əhval və tolerant münasibətlərin necə “hakimi-mütləq” olmasından
xəbər verir. Bu ədəbi nümunələr tarixi keçmişdə qalan və artıq bizim görə bilmədiyimiz real həyat
mənzərələrinin bədii “kardioqramı”nı dəqiqliklə çəkir. Belə olan təqdirdə biz bu kitabdakı
(“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı nəzərdə tutulur – ....)
nümunələrdən aydın şəkildə görürük ki, xalqımız, onun öncül yaradıcı şəxsləri özündə milli, dini
təəssübkeşlik hissləri ilə yanaşı, bəşəri dəyərləri də yaşatmağı bacarmış və “özününkü” saydığını
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
321
“özgəninki” olandan çox zaman fərqləndirməmişdir. “Öz-özgə” qarşıdurması xalqımızın
formalaşma tarixi boyunca özünün ən yumşaq halında təzahür etmişdir" [1, s.4 ].
Alimin bu yanaşmasından aydın olur ki, Azərbaycan ədəbi fikrinin yaranmasında və
inkişafında müstəsna xidməti olan şair və ədiblərimizin yaradıcılığında ətrafdakılara, qonşu xalqlara
münasibət açıq, inteqrativ və loyal olmuşdur. Bunun nəticəsində də yad mədəniyyətlə təmas
toqquşma deyil, paylaşma qarşılıqlı təsir əsasında baş vermişdir.
Bir məsələni də qeyd etməliyik ki, diaxroniya baxımdan müxtəlif dini dünyagörüşlərinin biri-
birini əvəz etməsi və bütün dinlərin elementlərinin bu və ya digər şəkildə yaşaması etnik təfəkkürdə
multikultural yanaşmanın və tolerantlığın əsas mənbələrindən biri olmuşdur. Başqa sözlə,
multikulturalizm Azərbaycan mədəniyyətinin harmonik və dialektik inkişafının məntiqi nəticəsi
kimi ortaya çıxmışdır. Artıq Azərbaycan etnokulturoloji mühiti öz folkloru, ədəbiyyatı, incəsənəti,
etnoqrafiyası və başqa cəhətləri ilə özünün multikultural təbiətini ortaya qoymuşdur. Bu mühitin
multikultural təbiətini şərtləndirən bir sıra amilləri xüsusilə diqqət mərkəzinə gətirmək olar:
Birincisi, dini baxış bucağından multikulturalizmə yanaşsaq, görərik ki, bu coğrafi regionda
yeni dini dünyarüşü ilə yanaşı, köhnə dini dünyagörüşü də paralel şəkildə mövcud olmuşdur.
Məsələn, rəsmi şəkildə islam dinin mövcud olmasına baxmayaraq, Azərbaycan cəmiyyətində
tanrıçılıq və zərdüştilikdən qalan müxtəlif dini inanc və ayinlər müəyyən mərasim və xalq inancları
şəklində öz varlığını saxlamışdır.
Həmçinin bu coğrafi regionda hakim din olan islam dininin özünün mahiyyətindən irəli gələn
yanaşma multikultural təbiətə və tolerant xarakterə malikdir. Təsadüfi deyildir ki, islam dinində
"kitab" dininə aid olan bütün dinlərə və onların müqəddəslərinə dərin hörmət və ehtiram
mövcuddur. Bu isə öz növbəsində öz dinindən olmayanlara qarşı da xüsusi şəfqət və qayğıyla
yanaşmanı şərtləndirən amillərdən biri olmuşdur. Təbii ki, bu münasibət klassik Azərbaycan
ədəbiyyatı nümayəndələrinin yaradıcılığı və düşüncəsi üçün də hakim olan yanaşmaya çevrilmişdir.
İkincisi, tarixi-siyasi yerləşmə baxımından da bu region multikulturalist xarakterə malik
olmuşdur. Bəllidir ki, müasir Azərbaycanın ərazisində dini və etnik fərqlilik hakim siyasi iqtidarın
uğurlu idarəçiliyə nail olması üçün müxtəlif dini və etnik maraqlara hörmətlə yanaşmasına,
inteqrativ münasibəti əsas götürməsinə səbəb olmuşdur. Bu da öz növbəsində vahid coğrafi
regionda yaşayan xalqların biri-birinə münasibətdə dözümlülük və tolerantlıq nümayiş etdirməsinə,
nəticədə isə polifonik mədəniyyətin, çoxçalarlı mədəni-mənəvi vəhdətin formalaşmasına gətirib
çıxarmışdır.
Üçüncüsü, milli özünütəşkilin müxtəlif etnik mədəniyyətləri özündə ehtiva etməsi
baxımından da multikulturalizmə yanaşa bilərik. Məlumdur ki, müasir Azərbaycan dövlətinin
formalaşdığı ərazidə tarixən bir sıra azsaylı xalqlar sülh və mehriban qonşuluq şəraitində yaşamışlar
ki, bu da həmin xalqların öz etnik milli-mənəvi dəyərlərini qorumaqla yanaşı, digər xalqla mədəni
ünsiyyət dilinin formalaşması sayəsində mümkün olmuşdur. Artıq bu coğrafi ərazidəki ayrı-ayrı
xalqlar arasındakı münasibətlər konfliktlərdən uzaqlaşmış və onların müəyyən maraqlar ətrafında
birləşməsinə şərait yaratmışdır. Yəni Azərbaycan ərazisində yaşayan xalqlar arasında multikultural
münasibətlər hər hansı bir siyasi konyukturanın təsiri əsasında deyil, xalqların özlərinin təbii
birgəyaşayış seçimləri əsasında formalaşmışdır. Təsadüfi deyildir ki, müstəqil Azərbaycan
dövlətinin əsas ideoloji bazasını da ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş
Azərbaycançılıq məfkurəsi təşkil etmişdir. Məhz Azərbaycançılıq ideologiyası ölkə ərazisində
yaşayan hər bir xalqın etnik-milli kimliyini qorumaqla vahid ideya ətrafında birləşməsinə gətirib
çıxardı. K.Abdulla bu barədə yazır ki, "Təbii olaraq, ulu öndər etnik millətçiliyə alternativ kimi
bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin
yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini
milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik
separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən,
dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi
kimi, həqiqətən də "Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir.
Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası
da - bütünlükdə hamısı azərbaycanlıdır" [3].
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
322
Təbii ki, bu yanaşma müasir Azərbaycan dövlətçiliyinin möhkəm təməllər üzərində bərqərar
olmasına və milli mədəniyyətin çoxçalarlı təbiətinin qorunmasına mühüm töhfə vermiş oldu.
Ümumiyyətlə, təhlillər onu göstərir ki, Azərbaycanda multikultural dəyərlərin formalaşması
təbii coğrafi yerləşmə, tarixi-siyasi proseslərin gedişi, hakim dini düşüncənin xarakteri və s.
faktorlar əsasında meydana gəlmiş, konkret özünüifadə modelləri ilə təzahür etmişdir.
Biz məqalənin əvvəlində Azərbaycan klassik ədəbiyyatının formalaşma qaynaqlarından bəhs
edərkən qeyd etmişdik ki, bunlardan birincisi, türk-oğuz mədəniyyəti qaynağıdırsa, digəri də
ümumşərq müsəlman mədəniyyəti və onun bətnində formalaşmış çoxsaylı ideya-fikir təmayüllü
məktəb, təriqət və cərəyanlardan təşkil olunmuş qaynaqdır.
Bu baxımdan Azərbaycan klassik ədəbiyyatının ideya qaynaqlarından biri kimi şifahi xalq
ədəbiyyatı və onun çoxsaylı nümunələri diqqəti cəlb edir. Təbii ki, klassik Azərbaycan ədəbiyyatı,
poeziyası, nəsri üçün xarakterik olan multikultural fəlsəfə və tolerant baxış bütün dövrlərdə
universal, ümumbəşəri dəyərləri əks etdirmək baxımından diqqəti cəlb edən xalq ədəbiyyatı
nümunələri, dastan, nağıl və s. üçün də keçərli idi. Yəni ayrı-ayrı fərdi yaradıcılıq nümunələri ilə
bərabər, ümumxalq yaradıcılığının məhsulu olan örnəklərdə də multikultural dəyərlər və tolerantlıq
kifayət qədər dərin məna kəsb etmişdir. "Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi
nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək
olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar,
təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur" [2].
Təsadüfi deyildir ki, dünya mədəniyyəti xəzinəsinin ən fundamental incilərindən olan “Kitabi-
Dədə Qorqud” eposunda da oğuzların həyat tərzi, davranışı, özgələrə – yaddinli, yaddilli və
yadellilərə münasibəti, oğuz cəmiyyətində qadın və kişi hüquqları multikulturalizm və tolerantlıq
baxımından mühüm əhəmiyyət kəsb edir: “Azərbaycanlıların qəhrəmanlıq dastanları sırasında
xüsusi yer alan ən qədim yazılı abidə olan “Kitabi-Dədə Qorqud” dastanında maraqlı multikultural
və tolerant əhvalın təsvirinə rast gəlirik” [1, s.9]. Belə ki, istər “Qanlı Qoca oğlu Qanturalı
boyu”nda [5, s.104-119]. Qanturalının kafir qızı, yəni Trabzon təkurunun qızı ilə evlənməsi, “Oğuz
bəyləri üçün dini və milli mənsubiyyət heç bir mənada özgəlik ifadə et”məməsi faktında, istər
“Baybörənin oğlu Bamsı Beyrək boyu”nda [5, s.52-78]. Beyrəyin xristian qızına söz verərək
sözünə əməl etməsi müqabilində həlak olması faktında [1, s.12] multikulturalizm və tolerantlığın
çox şahanə nümunələri ilə qarşılaşırıq.
Bu baxımdan orta əsrlər Azərbaycan ədəbi-bədii, fəlsəfi-psixoloji düşüncəsinin təzahürü olan
klassik ədəbiyyatdakı multikultural dəyərlərin diqqət mərkəzinə gətirilməsi xüsusi əhəmiyyətə
malikdir. Klaasik Azərbaycan ədəbi düşüncəsini təhlil edərkən aydın olur ki, bu mətnlərdə milli,
dini, etnik ayrı-seçkilik deyil, bəşəri və humanist dəyərlərin təsviri və təbliği ön plandadır.
Ümumiyyətlə, ədəbiyyatda multikultural dəyərlərin öyrənilməsi ilə bağlı mövcud nəzəri təcrübədən
aydın olur ki, bu təhlillər bir neçə istiqaməti əhatə edir. Belə ki, ədəbiyyatda multukultural
dəyərlərin öyrənilməsi ənənəvi mədəniyyət səviyyəsində, yeni tənqid isitiqamətlərində, mifoloji və
arxetiplərin öyrənilməsini, formalist və feminist və başqa yanaşmalar kontekstində özünü göstərir
[9, s.23]. Klassik Azərbaycan ədəbiyyatının da bu səviyyələr üzrə təhlili göstərir ki, bütün
səviyyələrdə o ümumbəşəri və tolerant dəyərləri özündə ehtiva edir. Bu ədəbi düşüncədə
özünüifadə zamanı dini, irqi, etnik mühafizəkarlıqdan imtina olunaraq ümumbəşəri dəyərlərin
təbliğinə daha çox yer verilir. Həmin ədəbi nümunələrdən aydın olur ki, onların aid olduğu fəlsəfi-
estetik düşüncə tərzi bütün insanlığı ən yüksək ideallara, ümumbəşəriliyə, haqq və ədalətə dəvət
edir.
Dahi Azərbaycan şairləri Xaqani Şirvani, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Şəbüstəri, Qazi
Bürhanəddin, İmadəddin Nəsimi, Füzuli, Məsihi və başqaları yaradıcılıqlarında humanist, bəşəri
dəyərlərin təbliği və təsvirinə daim geniş yer verməklə, ayrı-ayrı fərdi, dini və etnik qrupların
maraqlarının deyil, insanlıq fəlsəfəsinin təbliğatçısı, tərənnümçüsü kimi çıxış etmişlər. Təsadüfi
deyildir ki, həmin sənətkarların yaradıcılığındakı bu baxışlar onların yaşam fəlsəfəsi, həyat
kredosuna da çevrilmişdir. Bu şair və sənətkarların bəziləri bütün ömrünü həmin ideyaların təbliği
və təşviqinə həsr etməklə uzun müddət səyahət və axtarışlarda olmuşlar. Qeyd etdiyimiz
xüsusiyyətlərin təhlilinə keçmək üçün konkret nümunələrə müraciət etməyimiz daha
məqsədəuyğundur.
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
323
Klassik Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan dahi Nizami Gəncəvi
yaradıcılığı, bəllidir ki, özünün ümumbəşəri konsepsiyası, fəlsəfi ideya və poetik-estetik dəyəri
baxımından mühüm əhəmiyyət kəsb etməklə bərabər, bugünkü həyatımız üçün də daim aktualdır.
Onun poemalarında dünyanın ən müxtəlif xalqları və mədəniyyətləri bir arada, vahid fikir və ideya
ətrafında təsvir olunmuşdur ki, bu da hələ XII əsrdə Azərbaycan ədəbi-bədii təfəkküründə mövcud
olan multikultural və tolerant baxışın tipik örnəyi idi. “Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək
meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları
içərisində türk, fars, ərəb, çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast
gəlirik. Humanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini
görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda
mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı
mövzularındandır” [6].
Nizami Gəncəvi yaradıcılığı üçün xarakterik olan bir nümunəyə diqqət yetirək:
Zəncinin zahiri qaradır ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa ürəyi ağdır [7, s.89 ].
Bu beytləri insan konsepsiyası aspektindən təhlil edən X.Əlimirzəyev yazır ki, “İnsan insana
zahiri görkəminə, rənginə irqinə, ictimai vəziyyətinə görə qiymət verməməlidir. İnsan hər yerdə
insandır. Bu ali, şərəfli adına görə o, həmişə böyük hörmətə, ehtirama, məhəbbətə layiqdir” [4,
s.50]. Alimin verdiyi izahdan aydın olur ki, dahi şairimiz Nizami müasir dövrdə belə tez-tez rast
gəlinən problemlərdən birinə - rasizmə qarşı hələ öz zamanında qarşı çıxmış, poetik sözün qüdrəti
ilə insanın mahiyyətini daxili dünyasında, kamal və ağlında, daha konkret desək, fikir və
düşüncələrində axtarmışdır. Şair zənci obrazına mənfi münasibət bəsləyən, ona “yuxarıdan aşağı
baxan” insanlara üzünü tutaraq diqqəti insanın daxili aləminə, ürək-könül dünyasına yönəldir.
Şairin yanaşmasından aydın olur ki, yaradılışın əşrəfi olan insan hər zaman və hər yerdə ən yüksək
qiymətə layiq olmalıdır. Onun qiyməti daxili məzmunu, mahiyyəti hesabına verilməlidir. Məhz
insanın dəyərləndirilməsinin bu prizması fərdlər, cəmiyyətlər, xalqlar, mədəniyyətlər arasında sədd
çəkilməsini, uçurum yaradılmasını deyil, onların qarşılıqlı ünsiyyətinə və paylaşmasına çağırışdır.
Bu fəlsəfədə insanlar biri-birindən fərqləndirilir, lakin bu fərq onların zahiri, dini, irqi əlamətlərinə
görə deyil, əqli, kamalı və qabiliyyətlərinə əsasən müəyyən olunur. Buradan aydın olur ki, Nizami
yaradıcılığının ümumbəşəriliyinin ən mühüm əlamətlərindən biri gerçəkliyi, onun ən müxtəlif
səviyyələrini – fərdləri, cəmiyyətləri, mədəniyyətləri multikultural və tolerant baxışlar bucağında
dərk etməsi, anlamasıdır.
Yaxud başqa bir nümunədə şair deyir:
Ey müsəlman, öyünmə, atəşpərəst deyilsən,
Bir günəşin eşqindən zərrəcə məst deyilsən.
Kaş ki, hindli möbidtək dərk edəsən dünyanı.
Bu dünyaya uymadan tərk edəsən dünyanı [8, s.81].
Burada isə bədii mətn kontekstində müsəlman və atəşpərəst bir araya gətirilir və müsəlman
olduğuna görə öyünən birinin Günəşin istisindən məst olmadıqca atəşpərəstdən heç bir fərqi
olmadığı vurğulanır. Daha aydın ifadə etsək, əgər bir müsəlman ibadət etdiyinə ruhən, mənən bağlı
deyilsə, yəni bir atəşpərəstin pərəstiş etdiyi oddan, istidən enerji aldığı kimi, ibadət etdiyindən enerji
almırsa, deməli o öz ibadətinə ruhən bağlı deyil. İkinci beytdə isə, şair fikrini konkret nümunəyə
əsalanmaqla izah edir. Şairin multikultural və tolerant düşüncə tərzi hindli möbidi müsəlmana
nümunə kimi göstərməsindən açıq aydın hiss olunur. O bir müsəlmana da dünyanı dərk etməyi, yəni
onun maddi, aldadıcı nemətlərinə uymamağı, bu dünyanı dərk edərək tərk etməyi məsləhət görür.
Hesab edirik ki, bu yanaşma tolerantlığın ən bariz nümunəsi olmaqla bərabər, Azərbaycan xalqının
fəlsəfi təfəkkürü üçün xarakterik olan tolerant dəyərlərin Nizami Gəncəvi zirvəsindən parlaq bəyanı
idi.
Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinə hökmdar şair kimi daxil olan şəxsiyyətlərdən biri
kimi Qazi Bürhanəddinin də yaradıcılığında multikultural və tolerant fəlsəfə üstünlük təşkil
“Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri”
adlı beynəlxalq konfransın materialları: Bakı – 8-9 sentyabr 2016 - səhifə
324
etmişdir. Əsasən qəhrəmanlıq və məhəbbət motivli ədəbi örnəkləri ilə diqqəti cəlb edən şairin
həyata baxışlarında başqa dinlərə və məzhəblərə, onların daşıyıcılarına hörmət və məhəbbət hiss
olunur. Şair beytlərinin birində deyir:
Xəti Xızır, ağızı Məryəm, sözü İsa, ləbi Yəhya,
Özi Yusif, gözü Musa, zehi Adəm, zi Həvvadur [1, s.56].
Göründüyü kimi, şair bir beytdə müxtəlif şəxsiyyətlərin adlarını xatırlayır. Bu mətndə
işlədilən adlara diqqət yetirək: Xızır, Məryəm, İsa, Yəhya, Yusif, Musa, Adəm və Həvva. Burada,
demək olar ki, bütün dinlərin müqəddəslərinin adları çəkilir. Onların hər biri müəyyən cəhətləri ilə
etalon kimi xatırlanır və heç birinə fərq qoyulmadan həssas münasibət bildirilir. Hesab edirik ki,
Qazi Bürhanəddinin söylədiyi bu fikirlər həm bir şair, həm də bir hökmdarın baxışı olduğu üçün
xüsusilə əhəmiyyət daşıyır. Bu o deməkdir ki, Qazi Bürhanəddinin zamanında belə multikultural və
tolerant yanaşma aktual olmuşdur.
Orta əsrlər Azərbaycan ədəbiyyatının digər bir hökmdar şairi Şah İsmayıl Xətayi olmuşdur.
Azərbaycan dilini dövlət dili kimi elan edən hökmdar şairin yaradıcılığında humanist-bəşəri
dəyərlərin tərənnümü mühüm yer tutur. Şair sadə və aydın üslublu şeirlərində bütün dinləri və
onların müqəddəslərini yüksək qiymətləndirir:
Hər kəlami sevmişəm, sureyi - Yasindən mədəd,
Kim, mənə İncilü Fürqanın duasından mədəd.
Ey, behəqqi möcizatı verdin, ol Musayə sən,
Kim, mənə Musayi-İmranın əsasından mədəd [1, s.75].
Göründüyü kimi, şair "sureyi - Yasin"-dən, "İncilü Fürqanın duası"ndan, "Musayi-İmranın
əsası"ndan mədəd-kömək diləyir. Kömək dilədiklərinə diqqət etsək, görərik ki, burada islam,
xristian və iudaizmin müqəddəslərinə eyni münasibət bildirilir. Şair həm, Yasin surəsindən, həm
İncil və Qurandan, həm də iudaizm dinin peyğəmbəri Musadan kömək diləyir. Bəli, bu əsl
tolerantlıq, başqa sözlə desək, digər dinə və dəyərlərə yüksək münasibətdir.
Bu düşüncə tərzi klassik Azərbaycan ədəbiyyatının digər zirvəsi olan Məhəmməd Füzuli
yaradıcılığının da əsas qayələrindən biri olmuşdur. "Leyli və Məcnun" poemasında məşhur ərəb
əfsanəsindən bəhrələnən şairin yaradıcılığında müxtəlif xalqların nümayəndələri bir arada təsvir
olunur.
Şair farsca qitələrinin birində yazır:
Mən gözəl bir süfrə açdım əhli-aləmə,
Onda min zövq artıran hər dürlü nemət düzmüşəm.
Süfrəmə hər bir qonaq gəlsə, xəcalət çəkmərəm;
Fərqi yox ya türk gəlsin, ya ərəb, yaxud əcəm.
Kim gəlir gəlsin, aparsın hər nə istər xatiri,
Qurtaran nemət deyil, süfrəmdən olmaz heç nə kəm.
Göründüyü kimi, şair məcazi mənada süfrə açdığından, dürlü nemətlərin düzüldüyü söz
süfrəsindən bəhs edir. Üzünü hər kəsə - türkə, ərəbə, əcəmə tutaraq onlar arasında heç bir fərq
qoymadan süfrəsinə dəvət edir. Əslində bununla şair etnik və milli ayrı-seçkiliyə qarşı çıxır, biri-
biri ilə min illər boyu sıx şəkildə yaşayan xalqları bir süfrə ətrafında təsvir etməklə multikulturallığa
və tolerantlığa çağırış edir
Ümumiyyətlə, klassik Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini diqqət mərkəzinə
gətirəndə aydın olur ki, bu dövr Azərbaycan ədəbiyyatı bir sıra cəhətləri baxımından multikultural
fəlsəfə və tolerant baxışlar üzərində yüksəlmişdir. Əvvəla onu deyək ki, orta əsrlər Azərbaycan
ədəbiyyatı ümumşərq müsəlman mədəniyyətinin tərkib hissəsi idi və bu mədəniyyətin ortaq mədəni
dəyərlər xəzinəsi var idi. Ortaq ədəbi mövzular, ortaq mədəni mühit və ortaq mədəni qaynaqlar.
İkincisi, orta əsrlər Azərbaycan ədəbiyyatı ümumşərq müsəlman və türk ədəbi mühitinə dil
baryeri olmadan qoşulmuşdu. Azərbaycan ədəbi fikir nümayəndələri öz ana dilləri ilə bərabər, ərəb
və fars dillərində də mükəmməl yaradıcılıq faktları ortaya qoymuşdurlar ki, bu da ortaq dilə
əsaslanan ədəbi fakturanın formalaşmasına səbəb yaratmışdır.
|