GİRİŞ Hazırda beynəlxalq praktikada kompüter sistemlərinin və şəbəkələrinin, o cümlədən internetin tənzimlənməsi sahəsində tətbiq edilən hüquqi mexanizmlər bunlardır: qanunvericilik normaları, sosial normalar, özünütənzimləmə, məhkəmə təcrübəsi, beynəlxalq hüquq.
Bu mexanizmlər isə hazırda internet hüquqlarının və insan haqlarının inkişafı ilə əlaqədar olaraq biri-biri ilə daha da sıx bağlı fəaliyyət göstərir. Burada ilk növbədə ümum məcburi hüquq normalarına cəmiyyət daxili zərurət və ya ehtiyac yaranır.
Kibercinayətlərin cinayət-hüquqi xarakteristikası Elmi-texniki tərəqqi bəzi hallarda neqativ ictimai təzahürlərlə, xüsusilə bir sıra cinayətlərlə müşayiət olunur. Daha sonra, buna adekvat olaraq dövlətlərin hüquq normaları yaratma fəaliyyətləri inkişaf edir. Hazırda qlobal şəbəkədə və informasiya kommunikasiyalarının inkişafı ilə əlaqədar mövcud olan texnoloji fəaliyyətin prioritet sahələrində əsas insan hüquq və azadlıqlarının, söz və ifadə azadlığının, şəxsi həyatın, şəbəkə istifadəçiləri haqqında məlumatların, habelə onların əqli mülkiyyət hüquqlarının qorunması, xüsusilə müasir informasiya cəmiyyəti üçün daha aktual olan problem – kibercinayətkarlıqla mübarizə məsələləri ön planda çıxış edir.
Ona görə də kibercinayətlərin anlayışı və əsas xüsusiyyətlərinə nəzəri və normativ yanaşma bu günkü dönəm üçün olduqca vacibdir. Bu problemlə bağlı çoxsaylı elmi əsərlər yazılmış və kibercinayətlərin anlayışının ilə bağlı cəhdlər edilərək, nəzəri cəhətdən araşdırılmış, xarici ölkələrin milli hüquq normalarının qarşılıqlı təhlili əsasında məsələyə akademik münasibət sərgilənmişdir. Müasir beynəlxalq hüquqda kiberməkan quru, su və hava məkanları kimi bütün dövlətlərin hüquqi cəhətdən tənzimlənməsi və əməkdaşlıq etməsi zəruri olan sahələrdən biridir. Bu mənada onlar arasında bağlanan kibermüqavilələr də öz növbəsində beynəlxalq hüquqi cəhətdən xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, həmin müqavilələrdə kibercinayətlərin anlayışı və təsnifatı, kibercinayətlərə görə beynəlxalq hüquqi məsuliyyət məsələlərinin də öz əksini tapması zəruridir. Bu məkanın sabitliyi, təhlükəsizliyi universal və regional təşkilatlar tərəfindən müqavilə əsasında tənzimlənməlidir. Həmçinin, bu məkanda baş verən cinayətlər üzrə hüquqi mühakimə dövlətdaxili və beynəlxalq məhkəmələrin qarşılıqlı əlaqəsi və əməkdaşlığı ilə daha çox səmərəli nəticələr verə bilər.
İnternet istifadəçilərinin hüquqazidd davranışları bəzən cinayət tərkibi yaradan əməllərin törədilməsinə səbəb olur. Buna görə də, müasir beynəlxalq hüquqda mövcud sosial-iqtisadi inkişaf, elmi-texniki tərəqqi və İKT üzrə yeniliklərdən asılı olaraq beynəlxalq xarakterli cinayətlərin də diapazonu dəyişir və genişlənir. Bu mənada hazırda veb-məkan üçün aktual olan cinayət tərkiblərindən biri kibercinayətkarlıqdır (kompüter cinayətkarlığı). Bu əməllər müasir dövrdə rəqəmsal texnologiyaların, kompüter və internet şəbəkələrinin, bankomatların, ödəniş kartlarının, ödəmə terminallarının və s. cinayətkar məqsədlərlə istifadəsi ilə əlaqədar cinayət xarakteri kəsb etmişdir. İctimai qayda əleyhinə yönələn bu cinayətlər həm milli, həm də beynəlxalq hüquqi tənzimetmənin predmetini təşkil edir. Müasir beynəlxalq hüquqda isə bu məsələlər internet hüququ və beynəlxalq cinayət hüququ kontekstində nəzərdən keçirilir.
Kibercinayətlərin aşağıdakı növləri var:
1. Kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma. Hər bir Tərəf daxili qanunvericiliyində birbaşa oxuna bilməsi və ya anlaşılan olmasından asılı olmayaraq kompüter verilənlərini hüquqi məqsədlərlə autentik verilənlər kimi hesab edilməsi və ya istifadə edilməsi üçün onlara belə hüquq olmadan verilənlərin autentikliyinin pozulmasına səbəb olan qəsdən daxil etmə, dəyişdirmə, silmə və ya təcrid etmə əməllərini cinayət əməli kimi tovsif etmək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.
2. Kompüter texnologiyalarından istifadə etməklə dələduzluq. Hər bir Tərəf daxili qanunvericiliyində özü və ya digər şəxs üçün mənfəət əldə etmək məqsədilə dələduzluq və ya bəd niyyətlə
a) kompüter verilənlərinin hər hansı daxil edilməsi, dəyişdirilməsi, silinməsi və ya təcrid edilməsi;
b) kompüter sisteminin fəaliyyətinə hər hansı müdaxilə edilməsi üsulu ilə başqa bir şəxsi qəsdən və belə hüquq olmadan əmlakdan məhrum etmə əməlini cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.
3. Uşaq pornoqrafiyası ilə bağlı cinayətlər. Hər bir Tərəf aşağıdakı əməllərin qəsdən və hüquqazidd olaraq törədilməsi hallarında onların daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür:
a) kompüter sistemi vasitəsilə yaymaq məqsədilə uşaq pornoqrafiyasının istehsalı;
b) kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının təklif edilməsi və ya istifadə üçün təqdim edilməsi;
c) kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının yayılması və ya ötürülməsi;
d) özü, yaxud digər şəxs üçün kompüter sistemi vasitəsilə uşaq pornoqrafiyasının əldə edilməsi;
e) kompüter sistemində və ya kompüter verilənlərinin daşıyıcılarında uşaq pornoqrafiyasına malik olma.
4. Müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər. Hər bir Tərəf "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına dəyişiklikləri əhatə edən 24 iyul 1971-ci il tarixli Paris Aktına, "Əqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqında" Sazişə və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının "Müəllif hüququ haqqında" Sazişinə uyğun üzərinə götürdüyü Öhdəliklərinə müvafiq olaraq həmin Tərəfin qanunvericiliyində nəzərdə tutulmuş müəllif hüquqlarının pozulması əməlinin kommersiya miqyasında və kompüter sistemi vasitəsilə, istənilən mənəvi hüquqlar istisna olmaqla, qəsdən törədilməsi hallarının daxili qanunvericiliyində cinayət əməli kimi tövsif olunması üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.
NƏTİCƏ Hər bir Tərəf səlahiyyətli orqanlarına kompüter məlumatlarının, xüsusilə də kompüter sistemlərində saxlanılan trafik verilənlərinin, onların itki və ya modifikasiya riskinə məruz qaldığını güman etməyə əsaslar olduğu hallar da daxil olmaqla, operativ mühafizəsinin təmin edilməsi ilə bağlı sərəncam verilməsinə və ya digər tədbirlər görülməsinə dair səlahiyyət vermək üçün zəruri olan qanunvericilik və digər tədbirləri görür.
Hər bir Tərəf kompüter verilənlərinin mühafizəsi həvalə olunduğu bu məlumatları saxlayan şəxsin və ya digər şəxsin daxili qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində bu cür prosedurların həyata keçirilməsini gizli saxlamaq vəzifəsini müəyyən edən qanunvericilik və digər tədbirləri görür.
ƏDƏBİYYAT SİYAHISI 1. İbrahimov İbrahim. Transmilli cinayət törətmiş şəxslərin axtarışı. Bakı-2019
2. BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyası