Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Kommunikasiya prosesində vurğu,heca,intonasiya,durğu işarələri



Yüklə 113,06 Kb.
səhifə2/6
tarix25.12.2023
ölçüsü113,06 Kb.
#197088
1   2   3   4   5   6
Kərimli Şəbnəm

2.Kommunikasiya prosesində vurğu,heca,intonasiya,durğu işarələri
Şifahi nitq zamanı intonasiya və vurğu, nitq fasiləsi (pauza) da mühüm əhəmiyyət kəsb edir.
İntonasiya. Nitqdə intonasiyanın rolu çox böyükdür. Xüsusilə bədii üslubda intonasiya çox mühüm yer tutur. Əgər nitqin bədiiləşməsində əsas vasitələrdən biri sayılan məcazlaşma ilə intonasiyanın dildəki, xüsusilə dilin bədiiləşməsindəki mövqeyini müqayisə etsək, intonasiyanın daha mühüm rol oynadığını görərik. Əgər məcazlaşma (sözlərin mənaca əlaqəyə girməsi) yolu ilə bir sözə və ya ifadəyə 10 cür çalar vermək mümkündürsə, intonasiya vasitəsilə həmin sözə bir yarım— iki dəfə çox məzmun çaları vermək olar. Məcazlaşma dildəki bütün vahidləri bədiiləşdirə bilmir. Lakin dildə elə bir ünsür tapılmaz ki, intonasiya vasitəsilə ona məzmun çaları vermək mümkün olmasın, hətta ən adi, məzmunsuz nitq vahidləri olan bağlayıcılar, qoşmalar belə intonasiyanın köməyi ilə məzmun çaları qazanıb ekspressivləşə bilir.İntonasiya bədii əsərin strukturuna daxil olan komponentlərdən biridir. Hər bir əsərin kompozisiyası, dil və s. xüsusiyyətləri olduğu kimi intonasiya xüsusiyyətləri də vardır. İntonasiya nitqi məzmunca zənginləşdirən, onun bədiiliyini artıran mühüm komponent kimi xarakterizə olunur.Ədəbi əsərin intonasiyası bədii üslubu ilə sıx bağlıdır. Buna görə də əsərin intonasiyasını başa düşüb öyrənmək üçün əvvəlcə həmin üslubun xüsusiyyətləri haqqında aydın təsəvvürə malik olmaq lazımdır.Şifahi nitqdə danışan ifadə edəcəyi fikirdən asılı olaraq, intonasiyasını seçir. Cümlə boyu orada iştirak edən səslər gah ucalır, gah alçalır, gah uzanır, gah qısalır, bütün bunlar nitqin ekspressivliyini təmin etmək üçündür. İntonasiya həm fonosemantik, həm də fonosintaktik mahiyyət daşıyır. Beləliklə, intonasiyaya belə bir tərif vermək olar ki, nitq axını zamanı danışanın ifadə edəcəyi fikirdən asılı olaraq formalaşan ritmik-metodik səs quruluşuna intonasiya deyilir. İntonasiya cümlənin mənasını müəyyənləşdirir. Başqa sözlə desək, eyni söz və birləşmələrdən ibarət cümlə fərqli məntiqi və qrammatik məna verir.
İntonasiyanın aşağıdakı fonosintaktik mənaları vardır:
1.Nəqli, sual, əmr və nida cümlələrini formalaşdıran intonasiya;
2 Arzu, xahiş məzmunu ifadə edən intonasiya;
3. Sadalama, qarşılaşdırma bildirən intonasiya. Bu intonasiya növü bağlayıcısız mürəkkəb cümlələrin də yaranmasında aparıcı rol oynayır;
4. Cümlə daxilində xitabları, ara sözləri, ümumiləşdirici sözləri, əlavələri, xüsusiləşmələri nəzərə çarpdıran və ayıran intonasiya;
İntonasiyanın aşağıdakı əsas funksiyaları mövcuddur:
İntonasiyanın apelyativ funksiyası. Bu, adresat ilə əlaqədar olan funksiya kimi danışanın nitq mədəniyyətini özündə əks etdirir. Təbii ki, böyüyə və ya uşağa müraciətdə intonasiya fərqli olur. Bu zaman sosial rollar, hadisə, məqam anlayışları da öz təsirini göstərmiş olur. Yəni, diktorun danışığı, məişət nitqi, diplomatik görüşlər və danışıqlar zamanı intonasiya eynilik təşkil etmir. Bu da əsas verir ki, intonasiyaya həm də üslubfərqləndirici bir hadisə kimi yanaşaq. İntonasiyanın delimitativ (hüdudlandırıcı) funksiyası. Nitq axarında cümlələrin (cümlə daxilində həmcins üzvlərin, ara sözlərin və s.) hüdüdlarını, bir-birindən ayrıldığını göstərən funksiyadır. Göstərilən funksiya nitq axınını təşkil edən digər vasitələr, xüsusilə pauza və melodika ilə təmasda özünü göstərir. Qeyd edək ki, cümlənin aktual üzvlənməsi də bu əsasda təzahür edir.
İntonasiyanın emosional-ekspressiv funksiyası. İntonasiya vasitəsi ilə danışanın emosional vəziyyəti əks olunmaqla yanaşı, habelə nitqin məzmununa və adresata münasibət də öz ifadəsini tapır. İntonasiyanın bu funksiyası əsas etibarilə tembr və melodika hesabına gerçəkləşir.İntonasiyanın estetik funksiyası. Göstərilən funksiya daha çox səhnə sənəti, bədii qiraət və s. hallarda təzahür edir.
İntonasiyanın kommunikativ funksiyası. Bu, intonasiyanın ümumi funksiyası olmaqla, əslində bütün digər funksiyaları özündə birləşdirir. Daha doğrusu, bütün funksiyalar kommunikativ funksiyadan asılıdır. Bunu belə izah etmək lazımdır ki, biz yalnız kommunikativ əlaqədə olduqda intonasiyanın digər funksiyaları reallaşır. Əks halda, bu barədə söz açmaq məntiqdən kənardır.
1.İntonasiya ünsiyyət silahı kimi dilin tərəflərindən biridir. O, ünsiyyətin xüsusiyyətləri ilə, gerçəkliyin və ya mətnin konteksti ilə müəyyən edilir və leksik tərkiblə qrammatik cümlə quruluşunun vəhdətində üzə çıxır.
2.İntonasiya konkret ünsiyyət şəraitində cümlə bitənədək ifadə olunan fikri yaradır.
3. İntonasiya ünsiyyət prosesində insanların emosional-iradi münasibətlərini ifadə edir, söyləmə ünsiyyət şəraitinə uyğun zəruri müəyyənliyi verir.
4. İntonasiya cümlə növlərini və kommunikativ tipləri fərqləndirir.
5. İntonasiya üslubi əhəmiyyətə malikdir.
6. İntonasiya müvafiq dildə düzgün ədəbi tələffüz əlamətlərindən biri kimi çıxış edir.
7. İntonasiya müəyyən akustik əlamətlərə malikdir: zaman daxilində əsas tonun dəyişən tezliyi və intensivlik, eləcə də frazanın tələffüzü zamanında ümumi səs enerjisi.
8.İntonasiya hər hansı bir nəqletmə, sadalama, adlandırma, sual və ona cavab növü kimi, müxtəlif əmr və nida növləri kimi qəbul edilir. Nitq intonasiyasını qəbul edərkən biz nitqin frazaya, frazanın sintaqm adlanan mənalı parçalara üzvlənməsini (fasilə və vurğunun köməyi ilə) eşidirik. Biz səsin ucalması və alçalması (əsas tonun ucalığı), səs ucalığının güclənməsi və zəifləməsi, nəzakətlilik, xahiş, əmr və sairənin tembral rəngini eşidirik. Biz eləcə də nitqin sürətlənməsi və ya ləngiməsini, başqa sözlə, tempini qəbul edirik.
9. İntonasiya necə ifadə olunur və qəbul edilirsə, dilin bu tərəfindən istifadə də bir o qədər fizioloji və psixoloji qanunauyğunluqlara malikdir.
Qeyd olunanlar bunu göstərir ki, intonasiya mədəniyyəti yalnız dil xarakteri deyil, eləcə də psixoloji və kommunikativ xarakter daşıyır.
Şifahi ədəbi dilin ən çox işlənən sahələrindən biri şifahi kütləvi informasiya vaistələridir. Kütləvi informasiya vaistələrində (əsasən televiziya və radioda) informasiyaların, mətləblərin çatdırılmasında şifahi dil normalarına əməl olunması şəksizdir. Televiziyada və radioda müxtəlif elm və istehsal sahələrinə aid daha çox ayrı –ayrı əcnəbi mənşəli söz və terminlərin tələffüzündə bir çox çətinliklər onlarda vurğunun düzgün deyilib – deyilməməsi ilə də bağlıdır. Bəllidir ki, dillərin milli təbiətini əks etdirən hadisələrdən biri də vurğudur. Azərbaycan dilində vurğu sözlərin sonuncu hecasının üzərinə düşür.
Vurğu dildə fonosemantik əhəmiyyət kəsb edən və səs qurğusuna daxil olan, informativlik yükü ilə müəyyənləşən vahiddir. Onu da qeyd edək ki, müasir Azərbaycan dilində vurğu, avazlanma (intonasiya), durğu işarələri mühüm rol oyanyır. Və bunlar fonosemantik əlamətlər kimi çıxış edir. Ancaq tarixən fonosemantik əlamətlər sırasında ton, zil, bəm və s. kimi tələffüz çalarlarının da xüsusi rolu olmuşdur. Təbii ki, dil inkişaf etdikcə, onun qrammatik quruluşu zənginləşdikcə fonosemantik əlamətlər də cilalanmış, müəyyən qaydaya, sistemə düşmüşdür. Hazırda fonosemantik elementlər sırasında vurğunun, avazlanmanın (intonasiyanın), səs durğusunun (durğu işarələrinin) rolu göz qabağındadır. Xüsusilə, müasir Azərbaycan dilində vurğu, avazlanma (intonasiya), durğu işarələri fonosemantik elementlər kimi mövcuddur. Cümlədəki sözlərdən, sözdəki hecalardan birinin digərinə nisbətən daha güclü deyilməsinə vurğu deyilir. Bu tərifdən də görünür ki, vurğunun hüdudu söz və hecadır. Belə ki, sözlərdəki hecalardan, cümlədəki sözlərdən biri digərinə nisbətən aydın, səlis və güclü tələffüz olunur. Bu da nitqin məzmun, məna çalarlığına xidmət edir. Həm də bu zaman nitq prosesi dalğalı axına bənzəyir. Vurğu, onun xarakteri, növləri ilə bağlı tədqiqatlar az olmamışdır. Məsələn, M.Kazımbəy vurğunun əhəmiyyətindən, vurğu qəbul etməyən bəzi şəkilçilərdən bəhs etmişdir. N.Aşmarin Azərbaycan dilində vurğunu Nuxa (Şəki) şivəsinə aid topladığı dil faktları əsasında izah etmişdir. O, Azərbaycan dilində vurğunun sözün son hecasının üzərinə düşməsi və bəzi alınma sözlərdə vurğunun sözün son hecasının üzərinə düşməməsi məsələsinə diqqət yetirmişdir. Vurğudan xüsusi olaraq bəhs edənlərdən biri də Ə.Dəmirçizadə olmuşdur. Ə.Dəmirçizadə vurğusu son hecaya düşən və vurğusu son hecaya düşməyən sözlərdən, o cümlədən Azərbaycan dilində vurğu qəbul edən və qəbul etməyən şəkilçilərdən, vurğunun növlərindən xüsusi olaraq bəhs etmişdir. Hər bir dilin fonetik sistemində vurğu mühüm yer tutur. Sait və samit fonemlər kimi, vurğu da sözləri fərqləndirməyə xidmət edir. Məsələn, a'lma -alma', dondurma' - dondu'rma, gə'lin-gəlin' və s. Vurğu ədəbi tələffüz üçün əsasdır. Heca vurğusu sahəsində olan əsas səhvlər, demək olar ki, yalnız alınma sözlərin deyilişində özünü göstərir. Bu səhvlərin meydana çıxmasının müxtəlif səbəbləri ola bilər. Fikrimizcə, bu hər şeydən əvvəl, psixoloji səbəbdən irəli gəlir. Bəllidir ki, Azərbaycan dilində vurğu bir qayda olaraq, sözün və ya söz formasının son hecasına düşür. Bununla bağlı olaraq, başqa dillərdən, xüsusilə Avropa dillərindən alınma sözləri, sanki öz sözlərimiz kimi vurğulayıb tələffüz edirik. Məsələn, relye'f - re'lyef, ya'rmarka - yarma'rka, ka'fedra - kafe'dra, allergiya' - alle'rgiya, İngi'ltərə - İngiltə'rə.
Sözlərin vurğularının düzgün deyilməməsi bəzən sözlərin mənasının yaxşı dərk olunmamasından irəli gəlir. Məsələn rus dilində -oviç şəkilçisi yerinə görə həm ata adını, həm də soyadı bildirir. Birinci halda şəkilçi tamam vurğusuz deyilir, ikinci halda isə vurğu şəkilçinin birinci hecası üzərinə düşür: Serafi'moviç - Serafimo'viç, Ada'moviç - Adamo'viç və s.
Bəzən həyəcanlı vurğu ilə deyilən sözlərdə heca vurğusu, adətən, öz həqiqi yerini dəyişir. Məsələn, Va'qif! Ey sərvərim, ey xiridarım! ifadəsində həmin sözdə vurğu sonuncudan birinci hecaya düşür. Vurğu intonasiya ilə müşayiət edilən sözün, söz birləşməsinin və cümlənin informativliyinə təsir göstərən ekstrolinqvistik göstəricilərdən biridir. Dil vahidlərinin kommunikasiyasında vurğu ilə məna bir –birini tamamlayan amillər kimi qrammatik quruluşa da təsir göstərir.
İstər fonetik tərkibi eyni olan bəzi oxşar vahidləri mənaca bir-birindən fərqləndirmək və ya cümlənin hər hansı bir üzvünü məntiqi cəhətdən nəzərə çarpdırmaq, istərsə də müəyyən emosional incəlikləri vermək üçün vurğunun müxtəlif növlərindən istifadə olunur.


Yüklə 113,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin