Azərbaycan Respublikası ilə Ukrayna arasında Konsulluq Konvensiyasının təsdiq
edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası ilə Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində
imzalanmış Konsulluq Konvensiyası təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 12 dekabr 2000-ci il
№ 38-IIQ
Azərbaycan Respublikası ilə Ukrayna arasında
KONSULLUQ KONVENSİYASI
Sonradan Razılığa gələn Tərəflər adlanacaq Azərbaycan Respublikası və Ukrayna,
hər iki dövlətin, onların vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini daha
səmərəli şəkildə müdafiə etmək, Razılığa gələn Tərəflər arasında dostluq və əməkdaşlığı
möhkəmləndirmək məqsədi ilə aralarında konsulluq əlaqələrini inkişaf etdirmək arzusunu
rəhbər tutaraq,
Konsulluq əlaqələri haqda 24 aprel 1963-cü il tarixli Vyana Konvensiyasının müddəalarını
inkişaf etdirərək,
Bu Konvensiyada göstərilməmiş məsələlər üzrə adi beynəlxalq hüququn və Razılığa gələn
Tərəflərin iştirakçısı olduqları çoxtərəfli beynəlxalq müqavilələrin normalarının tətbiq
olunacağını təsdiq edərək,
bu Konsulluq Konvensiyasını bağlamağı qərara almış və aşağıdakılar barədə razılığa
gəlmişlər:
BÖLMƏ 1
M a d d ə 1
Təriflər
Bu Konvensiyada işlədilən terminlər aşağıdakı mənaları daşıyır:
1. «Konsulluq» — hər hansı baş konsulluq, konsulluq, vitse-konsulluq, konsulluq agentliyi
və ya diplomatik nümayəndəliyin konsulluq şöbəsi.
2. «Konsulluq dairəsi» — qəbul edən ölkənin ərazisində konsulluğa öz vəzifələrini yerinə
yetirmək üçün ayrılmış bölgə.
3. «Konsulluq başçısı» — konsulluğa rəhbərlik etmək tapşırığı almış şəxs.
4. «Konsulluğun vəzifəli şəxsi» — konsulluq başçısı da daxil olmaqla, konsulluq
funksiyalarını yerinə yetirmək tapşırığı almış hər hansı şəxs.
5. «Konsulluq əməkdaşı» — konsulluqda inzibati və texniki vəzifələri yerinə yetirən hər
hansı şəxs.
6. «Xidmət personalı işçisi» — konsulluqda xidmət işlərini yerinə yetirən hər hansı şəxs.
7. «Konsulluq işçiləri» — konsulluğun vəzifəli şəxsləri, konsulluq əməkdaşları və xidmət
personalı işçiləri.
8. «Ailə üzvü» — konsulluq işçisinin arvadı (əri), uşaqları, valideynləri, həmçinin onlarla
yaşayan və onun himayəsində olan digər şəxslər.
9. «Xüsusi ev xidmətçisi» — konsulluq işçisinin yalnız xüsusi xidmətində olan şəxs.
10. «Vətəndaş» — göndərən və yaxud qəbul edən dövlətin qanunvericiliyinə müvafiq
olaraq həmin dövlətlərin vətəndaşı olan hər hansı fiziki şəxs.
11. «Konsulluq binaları» — kimin mülkiyyətində olmasından asılı olmayaraq, yalnız
konsulluq funksiyalarını yerinə yetirmək üçün ayrılmış binalar və ya bina hissələri, bu binalara
və ya bina hissələrinə aid torpaq sahəsi.
12. «Konsulluq arxivləri» — konsulluğa aid bütün kağızlar, sənədlər, yazışmalar, kitablar,
filmlər, informasiyanın texniki toplama, mühafizə və istifadə vasitələri, şifr və kodlarla,
kartotekalar və onların saxlanması və mühafizəsinin təmin edilməsi üçün hər hansı ləvazimatla
birgə konsulluğun reyestri.
13. «Gəmi» — göndərən dövlətdə qeydiyyatdan keçirilmiş və göndərən dövlətin bayrağını
qaldırmaq hüququna malik olan hər hansı mülki gəmi.
14. «Hava gəmisi» — göndərən dövlətdə qeydiyyatdan keçirilmiş və göndərən dövlətin
bildirici işarələrindən istifadə etmək hüququna malik olan hər hansı mülki hava gəmisi.
BÖLMƏ 2
KONSULLUQ ƏLAQƏLƏRİ HAQQINDA ÜMUMİ MÜDDƏALAR
M a d d ə 2
Konsulluğun açılması
1. Razılığa gələn Tərəflərdən birinin konsulluğu yalnız digər Razılığa gələn Tərəfin razılığı
ilə onun ərazisində açıla bilər.
2. Konsulluğun yerləşdiyi ərazi, onun dərəcəsi, konsulluq dairəsi, həmçinin bununla bağlı
hər hansı dəyişiklik yalnız göndərən dövlətlə qəbul edən dövlət arasındakı razılığa əsasən
müəyyənləşdirilir.
M a d d ə 3
Konsulluq başçısının təyinolunması və rüsxət verilməsi
1. Konsulluq başçısının təyin etmək üçün göndərən dövlət qabaqcadan qəbul edən dövlətin
razılığını almalıdır. Əgər qəbul edən dövlət buna razı deyilsə, o öz qərarının səbəblərini
bildirməyə borclu deyil.
2. Göndərən dövlət qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə Konsulluq patenti və ya
Konsulluq başçısının təyin edilməsi barədə bildiriş təqdim edir.
3. Konsulluq patenti və ya Konsulluq başçısının təyin edilməsi haqqında bildiriş təqdim
edildikdən sonra qəbul edən dövlət mümkün qədər qısa müddətdə Konsulluq başçısına
ekzekvatura verir.
4. Konsulluq başçısı, qəbul edən dövlət ona ekzekvatura verdikdən sonra öz vəzifəsini
yerinə yetirməyə başlaya bilər. Diplomatik nümayəndəliyin Konsulluq şöbəsinə başçılıq edən
konsulluq vəzifəli şəxsi üçün ekzekvatura tələb olunmur.
5. Qəbul edən dövlət ekzekvatura verilənədək konsulluq başçısına öz funksiyalarını
müvəqqəti olaraq yerinə yetirməyə icazə verə bilər.
6. Konsulluq başçısına ekzekvatura, yaxud müvəqqəti olaraq öz funksiyalarını yerinə
yetirmək icazəsi verildikdən sonra qəbul edən dövlət təcili olaraq konsulluq dairəsinin
hakimiyyət orqanlarına bu barədə məlumat verir və konsulluq başçısına öz funksiyalarını
yerinə yetirmək və bu Konvensiyada nəzərdə tutulmuş bütün hüquqlar, üstünlüklər,
imtiyazlar və immunitetlərdən istifadə etmək imkanı yaratmaq üçün bütün lazımi tədbirləri
görür.
M a d d ə 4
Konsulluq başçısı funksiyalarının müvəqqəti olaraq yerinə yetirilməsi
1. Əgər konsulluq başçısı öz funksiyalarını yerinə yetirə bilmirsə, yaxud konsulluq
başçısının vəzifəsi boşdursa, konsulluq başçısı funksiyaları müvəqqəti olaraq konsulluq başçısı
vəzifələrini icra edən tərəfindən yerinə yetirilə bilər.
2. Konsulluq başçısının vəzifələrini icra edən şəxsin tam adı və soyadı konsulluq başçısı,
diplomatik nümayəndəlik başçısı və ya onlar bunu edə bilmirlərsə, göndərən dövlətin hər
hansı səlahiyyətli orqanı tərəfindən qabaqcadan qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə
bildirilir.
3. Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluq başçısı vəzifələrini icra edən şəxsə
yardım göstərir və onu himayə edir. Konsulluq başçısı vəzifələrini icra etdiyi müddətdə bu
Konvensiyanın müddəaları konsulluq başçısına şamil edildiyi dərəcədə ona da şamil edilir.
M a d d ə 5
Təyin olunma, gəlmə və getmə barədə qəbul edən dövlətə bildiriş verilməsi
1. Göndərən dövlət öz səlahiyyətli orqanları şəxsində qəbul edən dövlətin Xarici İşlər
Nazirliyinə aşağıdakılar barədə yazılı olaraq bildiriş verir:
1.1. Konsulluq işçilərinin soyadı, adı, vətəndaşlığı, dərəcəsi, vəzifəsi, gəlmə və tamamilə
qayıtma tarixi, yaxud funksiyalarının dayandırılması, həmçinin konsulluqda işlədikləri
müddətdə onların statusunda edilən bütün başqa dəyişikliklər barədə;
1.2. Hər bir konsulluq işçisinin ailə üzvlərinin soyadı, adı, vətəndaşlığı, gəlmə və tamamilə
getmə tarixi, habelə bu və ya digər şəxsin ailə üzvlüyünə daxil olması, yaxud ailə üzvlüyündən
çıxması barədə.
2. Qəbul edən dövlətin səlahiyyətli orqanları həmin dövlətin müəyyən olunmuş
qaydalarına uyğun olaraq konsulluq işçilərinə və onların ailə üzvlərinə onların konsulluq
işçiləri və ailə üzvü statusunu təsdiq edən şəxsi vəsiqə verir. Bu zaman qəbul edən dövlətin
vətəndaşı olan və ya orada daimi yaşayan şəxslər istisna edilir.
M a d d ə 6
Konsulluğun vəzifəli şəxslərinin vətəndaşlığı
Konsulluğun vəzifəli şəxsləri göndərən dövlətin vətəndaşları olmalıdırlar.
M a d d ə 7
Fəxri Konsulluq vəzifəli şəxsləri
Razılığa gələn Tərəflərdən hər biri fəxri konsulluq vəzifəli şəxsləri təyin edib və qəbul edib-
etməməyi qərara almaqda azaddır. Fəxri konsulluq vəzifəli şəxsinin təyin edilməsi, statusunun
və funksional vəzifə dairəsinin müəyyənləşdirilməsi məsələsi Razılığa gələn Tərəflər tərəfindən
24 aprel 1963-cü il tarixli Konsulluq əlaqələri haqda Vyana Konvensiyasının müddəaları və adi
beynəlxalq hüququn normaları əsasında diplomatik yolla həll edilir.
M a d d ə 8
«Persona non qrata», yaxud arzuolunmaz elan olunmuş şəxslər
Qəbul edən dövlət istənilən vaxt göndərən dövlətə konsulluğun bu və ya digər vəzifəli
şəxsinin «persona non qrata» olduğunu, yaxud konsulluğun işçilərindən birinin arzuolunmaz
olduğunu bildirə bilər. Bu zaman o, öz qərarının səbəblərini əsaslandırmağa borclu deyildir. Bu
zaman göndərən dövlət həmin şəxsi geri çağırmalıdır. Göndərən dövlət məqbul müddət
ərzində bu öhdəliyi yerinə yetirməzsə, qəbul edən dövlət həmin şəxsi konsulluq işçisi kimi
tanımaqdan imtina edə bilər.
M a d d ə 9
Konsulluq funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulan ərazi
Konsulluğun vəzifəli şəxsi konsulluq funksiyalarını konsulluq dairəsi hüdudlarında yerinə
yetirir. Qəbul edən dövlətin razılığı olduqda o, öz funksiyalarını konsulluq dairəsinin
ərazisindən kənarda da yerinə yetirə bilər.
M a d d ə 1 0
Qəbul edən dövlətin hakimiyyət orqanları ilə əlaqələr
Konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin qanunvericiliyi və qaydaları imkan verdiyi
qədər öz konsulluq dairəsinin yerli hakimiyyət orqanlarına, diplomatik nümayəndəlik
olmadığı halda isə qəbul edən dövlətin səlahiyyətli mərkəzi hakimiyyət orqanlarına müraciət
edə bilər.
M a d d ə 1 1
Qəbul edən dövlətin qanunvericiliyindəki göndərən dövlətin vətəndaşlarına aid ola biləcək
dəyişikliklər haqqında bildiriş
Qəbul edən dövlət qanunvericiliyindəki göndərən dövlətin vətəndaşlarına aid ola biləcək
dəyişikliklər haqqında konsulluğa bildiriş verir.
M a d d ə 1 2
Konsulluq funksiyalarının diplomatik nümayəndəliklər tərəfindən yerinə yetirilməsi
1. Bu Konvensiyanın müddəaları konsulluq funksiyalarının diplomatik nümayəndəliklər
tərəfindən yerinə yetirildiyi hallarda da tətbiq edilir.
2. Diplomatik nümayəndəlikdə konsulluq funksiyalarının yerinə yetirilməsi tapşırılan
əməkdaşların familiyaları qəbul edən dövlətin Xarici İşlər Nazirliyinə və ya bu nazirlik
tərəfindən göstərilən orqana bildirilir.
3. Konsulluq funksiyalarını yerinə yetirərkən diplomatik nümayəndəlik:
3.1. konsulluq dairəsinin yerli hakimiyyət orqanlarına;
3.2. qəbul edən dövlətin qanunvericiliyi, qaydaları və adətlərinə və ya müvafiq beynəlxalq
sazişlərə zidd deyilsə, qəbul edən dövlətin mərkəzi hakimiyyət orqanlarına müraciət edə bilər.
4. Bu maddənin ikinci bəndində göstərilən diplomatik nümayəndəlik əməkdaşlarının
imtiyazları və immunitetləri beynəlxalq hüququn diplomatik münasibətlərə aid normaları ilə
tənzimlənməkdə davam edir.
BÖLMƏ 3
KONSULLUQ FUNKSİYALARI
M a d d ə 1 3
Ümumi müddəalar
Konsulluğun vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir:
1. Göndərən dövlətin, onun vətəndaşlarının, habelə hüquqi şəxslərinin hüquq və
mənafelərini qorumaq və onlara kömək və yardım göstərmək.
2. Göndərən dövlətlə qəbul edən dövlət arasında ticarət, iqtisadi, hüquqi, ekoloji, elmi-
texniki, informasiya, mədəni, humanitar əlaqələri və maarif və idman sahəsindəki əlaqələrin,
habelə onlar arasındakı dostluq münasibətlərinin inkişafına digər yollarla kömək göstərmək.
3. Bütün qanuni yollarla qəbul edən dövlətin ticarət, iqtisadi, mədəni və elmi-texniki
həyatındakı şəraitin və hadisələrin aydınlaşdırılması, onlar haqqında göndərən dövlətin
hökumətinə məlumat vermək.
4. Göndərən dövlət tərəfindən konsulluğa həvalə olunmuş, qəbul edən dövlətin
qanunvericiliyi ilə qadağan olunmayan digər funksiyaları yerinə yetirmək.
M a d d ə 1 4
Vətəndaşlıq və vətəndaşlıq vəziyyəti aktları məsələlərinə aid funksiyalar
1. Konsulluğun vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir:
1.1. Göndərən dövlətin vətəndaşlarının qeydiyyatını aparmaq;
1.2. Vətəndaşlıq məsələlərinə dair istənilən ərizələri qəbul etmək;
1.3. Qəbul edən dövlətin səlahiyyətli orqanlarından göndərən dövlətin vətəndaşlarının
anadan olması və ölümü haqqında məlumat almaq, həmin vətəndaşların anadan olması və
ölümünü qeydiyyatdan keçirmək və müvafiq aktlar tərtib etmək;
1.4. Göndərən dövlətin qanunvericiliyinə müvafiq olaraq, göndərən dövlətin vətəndaşları
arasında nigah bağlanması və nigahın pozulmasını qeydiyyatdan keçirmək.
2. Bu maddənin birinci bəndinin müddəaları maraqlı tərəfləri qəbul edən dövlətin
qanunvericiliyinə və qaydalarına riayət etmək vəzifəsindən azad etmir.
M a d d ə 1 5
Pasport və vizalarla bağlı funksiyalar
Konsulluğun vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir:
1. Göndərən dövlətin pasportlarını vermək, yenisini vermək, götürmək, ləğv etmək,
müddətini uzatmaq, orada zəruri qeydlər etmək, habelə vətəndaşlara, onlara sərhədi keçmək
hüququ verən digər sənədlər vermək.
2. Göndərən dövlətə girmək və çıxmaq üçün, həmçinin onun ərazisindən tranzit yolla
keçmək üçün vizalar vermək, müddətini uzatmaq və ləğv etmək.
M a d d ə 1 6
Leqallaşdırma və notariat işləri
1. Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin qanunvericiliyinə müvafiq olaraq
aşağıdakı notariat işlərini icra etmək hüququna malikdir:
1.1. Göndərən dövlətdə və onun hüdudlarından kənarda istifadə etmək üçün hər hansı
vətəndaşın müraciətinə əsasən aktlar və sənədləri tərtib və təsdiq etmək;
1.2. Əgər Razılığa gələn tərəflərin iştirakçısı olduğu beynəlxalq müqavilələrdə başqa cür
nəzərdə tutulmayıbsa, göndərən dövlətin, yaxud qəbul edən dövlətin səlahiyyətli orqanlarının
rəsmi sənədlərindəki imzaların və möhürlərin əsilliyini təsdiq etmək;
1.3. Rəsmi sənədlərin əsillərinin leqallaşdırılmasını həyata keçirmək və onların surətlərinin,
onlardan çıxarışların, həmin sənədlərin tərcümələrinin əsilliyini təsdiq etmək;
1.4. Göndərən dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş istənilən digər notariat işlərini
yerinə yetirmək.
2. Konsulluğun vəzifəli şəxsi tərəfindən tərtib edilmiş, təsdiq edilmiş və zəruri olan
hallarda leqallaşdırılmış sənədlər qəbul edən dövlətin qanunvericiliyinə zidd olmazlarsa, qəbul
edən dövlətin səlahiyyətli orqanları tərəfindən tərtib edilmiş, təsdiq edilmiş və zəruri olan
hallarda leqallaşdırılmış sənədlərin malik olduğu hüquqi qüvvəyə malik olacaqlar.
M a d d ə 1 7
Vətəndaşların saxlanması, həbs edilməsi, məhkum edilməsi və onlara baş çəkilməsi barədə
bildiriş
1. Qəbul edən dövlətin səlahiyyətli orqanları göndərən dövlətin müvafiq konsulluq vəzifəli
şəxsinə göndərən dövlətin vətəndaşının saxlanılması, həbs edilməsi, məhkum edilməsi, yaxud
azadlığının hər hansı şəkildə məhdudlaşdırılması barədə dərhal məlumat verir. Eyni zamanda
qəbul edən dövlətin səlahiyyətli orqanları həmin şəxs tərəfindən konsulluğa ünvanlanmış hər
hansı məlumatı dərhal çatdırırlar.
2. Qəbul edən dövlətin səlahiyyətli orqanları göndərən dövlətin vətəndaşının saxlanılması,
həbs edilməsi, məhkum edilməsi və yaxud azadlığının hər hansı şəkildə
məhdudlaşdırılmasından dərhal sonra ona zəruri, o cümlədən hüquqi yardımı göstərmək üçün
konsulluğun vəzifəli şəxsini həmin vətəndaşa baş çəkmək və yaxud onunla əlaqəyə girmək
hüququnun həyata keçirilməsini təmin edirlər.
3. Qəbul edilən dövlətin səlahiyyətli orqanları bu Maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq
olaraq göndərən dövlətin həmin vətəndaşına hüquqları barədə məlumat verirlər.
4. Bu Maddənin 1-ci və 2-ci bəndlərində göstərilmiş hüquqlar qəbul edən dövlətin
qanunvericiliyinə və qaydalarına müvafiq olaraq, göstərilən qanunvericilik və qaydalar həmin
hüquqları ləğv etməmək şərti ilə həyata keçirilir.
M a d d ə 1 8
Göndərən dövlətin vətəndaşlarına yardım göstərilməsi
1. Konsulluğun vəzifəli şəxsi aşağıdakı hüquqlara malikdir:
1.1. Konsulluq dairəsinin ərazisində yerləşən göndərən dövlətin hər hansı vətəndaşı ilə
əlaqə saxlamaq və ona baş çəkmək, qəbul edən dövlət isə göndərən dövlətin vətəndaşları ilə
konsulluq arasındakı əlaqələrə mane olmamalı və onların konsulluğa
gəlişini məhdudlaşdırmamalıdır;
1.2. Əgər qəbul edən dövlətin qanunvericiliyinə və qaydalarına zidd deyilsə, göndərən
dövlətin istənilən vətəndaşının əmlakını, pul vəsaitini, qiymətli əşyalarını və sənədlərini
müvəqqəti saxlamaq üçün qəbul etmək;
1.3. Göndərən dövlətin vətəndaşlarının aidiyyatı olduğu, maddi zərər və insan itkisi,
avtomobil vasitələrinin saxlanması və bədbəxt hadisələrlə nəticələnən hər hansı hadisə ilə bağlı
təcili informasiya verilməsi ilə əlaqədar qəbul edən dövlətin səlahiyyətli orqanlarına sorğu ilə
müraciət etmək;
1.4. Göndərən dövlətin itkin düşmüş vətəndaşlarının axtarılmasına kömək göstərmək üçün
qəbul edən dövlətin səlahiyyətli orqanlarına müraciət etmək.
2. Göndərən dövlətin vətəndaşı qəbul edən dövlətin qanunvericiliyi və qaydalarına
müvafiq olaraq öz hüquq və mənafelərini vaxtında müdafiə edə bilmədiyi halda, o, öz
nümayəndəsini təyin edənə qədər və ya öz hüquq və mənafelərini özü müdafiə edə
bilmədikdə konsulluğun vəzifəli şəxsi onu qəbul edən dövlətin məhkəmə orqanlarında və digər
səlahiyyətli orqanlarında təmsil edə bilər.
M a d d ə 1 9
Qəyyumluq və hamilik
1. Qəbul edən dövlətin səlahiyyətli orqanları göndərən dövlətin müəyyən olunmuş
qaydada iş qabiliyyəti olmayan və ya məhdud iş qabiliyyətli kimi təsdiq edilmiş vətəndaşının
üzərində qəyyumluq və ya hamilik müəyyən etmək zərurəti barədə konsulluğa dərhal
məlumat verirlər.
2. Konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin qanunvericiliyi və qərarlarına uyğun
olaraq göndərən dövlətin müəyyən olunmuş qaydada iş qabiliyyəti olmayan və ya məhdud iş
qabiliyyətli kimi təsdiq edilmiş vətəndaşının hüquq və mənafelərini müdafiə etmək və zəruri
olan hallarda həmin şəxs üçün qəyyum və ya hamini tövsiyə və ya təyin etmək və qəyyumluq
və hamiliyə aid hərəkətləri izləmək hüququna malikdir.
M a d d ə 2 0
Ölüm haqqında məlumat
Göndərən dövlətin vətəndaşı qəbul edən dövlətdə öldüyü halda qəbul edən dövlətin
səlahiyyətli orqanları bu barədə dərhal konsulluğa məlumat verirlər. Konsulluğun xahişi ilə
qəbul dövlətin səlahiyyətli orqanları ona ölüm haqqında şəhadətnamə, yaxud ölüm haqqında
digər sənədlər verirlər.
M a d d ə 2 1
Miras qalmış əmlakla bağlı funksiyalar
1. Qəbul edən dövlətin səlahiyyətli orqanları mümkün qədər qısa müddətdə konsulluğun
vəzifəli şəxsinə onu konsulluq dairəsi ərazisində göndərən dövlətin vətəndaşının ölümü
barədə məlumat verir, habelə konsulluğun vəzifəli şəxsinə miras qalmış əmlakın,
vəsiyyətnamənin olması, həmçinin qəbul edən dövlətin ərazisində olan və yaxud təmsil edilən
hər hansı bir şəxsin bu əmlakın sərəncamvericisi təyin olunması haqqında məlumat verirlər.
2. Konsulluğun vəzifəli şəxsi bu Maddənin 1-ci bəndində nəzərdə tutulmuş miras olduğu
halda qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən əmlakın siyahısının tərtib
edilməsində iştirak etmək hüququna malikdir və miras qalmış əmlakın qorunması ilə bağlı
tədbirlər görür.
3. Göndərən dövlətin vətəndaşı, vətəndaşlığından asılı olmayaraq qəbul edən dövlətin
ərazisində ölmüş şəxsin mirasına hüququ olarkən həmin dövlətin səlahiyyətli orqanları
konsulluq idarəsinə bu barədə dərhal məlumat verirlər.
4. Əgər göndərən dövlətin vətəndaşı qəbul edən dövlətdə miras almaq hüququna
malikdirsə və ya bu hüquqa iddia edirsə, lakin nə o, nə də onun nümayəndəsi miras haqqında
işin baxılmasında iştirak edə bilmirlərsə, konsulluğun vəzifəli şəxsi şəxsən və ya öz
nümayəndəsi vasitəsilə həmin vətəndaşı qəbul edən dövlətin məhkəmə, yaxud digər
səlahiyyətli orqanlarında təmsil edə bilər.
5. Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin qəbul edən dövlətdə daimi yaşamayan
vətəndaşının adından qəbul edən dövlətdə həmin vətəndaşa təhvil vermək üçün ona məxsus
olan hər cür mirası ala bilər.
6. Göndərən dövlətin qəbul edən dövlətdə daimi yaşamayan vətəndaşının qəbul edən
dövlətdə öldükdə konsulluğun vəzifəli şəxsi varislərə, sərəncamvericiyə, yaxud digər
səlahiyyətli şəxslərə təhvil vermək üçün ölən şəxsin bütün sənədlərini, pul vəsaitlərini, qiymətli
əşyalarını müvəqqəti mühafizəyə götürmək hüququna malikdir.
7. Konsulluğun vəzifəli şəxsi göndərən dövlətin vətəndaşı adından, əgər həmin vətəndaş
qəbul edən dövlətin ərazisində deyilsə, miras qalmış əmlak, bədbəxt hadisələrlə bağlı
kompensasiyaların ödənməsinə dair qanunvericiliyə müvafiq olaraq edilmiş ödəmələr, habelə
həyat sığortası ilə bağlı sığorta polisi üzrə ödəmələr də daxil olmaqla hər hansı bir şəxsin
ölümü ilə bağlı həmin vətəndaşın haqqı çatdığı pul və ya digər əmlakı məhkəmədən,
hakimiyyət orqanlarından, yaxud ayrı-ayrı şəxslərdən almaq hüququna malikdir.
8. Bu Maddənin 4, 5, 6, 7-ci bəndlərində göstərilmiş funksiyaları yerinə yetirərkən
konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin qanunvericiliyi və qaydalarına riayət etməyə
borcludur.
M a d d ə 2 2
Göndərən dövlətin gəmilərinə edilən kömək
1. Konsulluğun vəzifəli şəxsi öz konsulluq dairəsi hüdudlarında qəbul edən dövlətin daxili
sularında və ya ərazi dənizində yerləşən gəmilərinə, kapitanlara və ekipaj üzvlərinə kömək
etmək, həmçinin aşağıdakıları həyata keçirmək hüququna malikdir:
1.1. gəminin göyərtəsinə qalxmaq, kapitanın və ekipajın istənilən üzvünü dindirmək,
habelə gəminin hərəkəti, üzməsi və yükü barədə məlumat almaq;
1.2. qəbul edən dövlətin hakimiyyət orqanlarının hüquqlarına toxunmamaq şərti ilə, üzmə
vaxtı baş vermiş hər hansı bədbəxt hadisəni araşdırmaq;
1.3. Əmək haqqı və işə götürmə haqda müqavilədə nəzərdə tutulmuş öhdəliklərə aid
mübahisələr də daxil olmaqla kapitan və ekipaj üzvləri arasında yaranmış mübahisələri həll
etmək, habelə gəminin bortunda təhlükəsizlik tədbirləri görmək;
1.4. gəminin kapitanı və ekipajın istənilən üzvünə tibbi yardım, yaxud vətənə qaytarılmanı
təmin etmək üçün tədbirlər görmək;
1.5. gəmiyə aid olan sənədləri qəbul etmək, nəzərdən keçirmək, tərtib etmək, imzalamaq,
yaxud təsdiq etmək;
1.6. Göndərən dövlətin və ya gəmi sahibinin tapşırığı ilə gəmiyə aid olan digər məsələləri
də həll etmək.
2. Kapitan və ekipaj üzvləri qəbul edən dövlətin qanunvericilik və qaydalarını pozmadan
konsulluğun vəzifəli şəxsi ilə birbaşa əlaqəyə girmək hüququna malikdir.
M a d d ə 2 3
Göndərən dövlətin bayrağı altında üzən gəmiyə qarşı icbari tədbirlər görülən halda müdafiə
1. Əgər qəbul edən dövlətin məhkəmələri və ya digər səlahiyyətli orqanları göndərən
dövlətin bortunda hər hansı icbari tədbir görmək, yaxud hər hansı təhqiqat aparılması
tapşırmaq niyyətində olarlarsa, konsulluğun vəzifəli şəxsinin və ya onun nümayəndəsinin
bu əməliyyatların həyata keçirilməsində iştirak edə bilməsi üçün konsulluğa qabaqcadan
məlumat verirlər. Təxirəsalınmaz olan hallarda qabaqcadan məlumat vermək imkanı olmazsa,
konsulluq qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən aparılan əməliyyatlar
barədə, konsulluğun vəzifəli şəxsinin xahişi ilə isə aparılan əməliyyatların nəticələri barədə
xəbərdar edilir.
2. Bu maddənin 1-ci bəndinin müddəaları müvafiq olaraq, Qəbul edən dövlətin səlahiyyətli
orqanları tərəfindən gəmi kapitanı və ya hər hansı ekipaj üzvü ilə bağlı quruda görülmüş
tədbirlərə də şamil edilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəaları dövlət sərhəddindəki buraxılış
məntəqələrinin dövlət nəzarəti orqanları, limanların müdiriyyəti tərəfindən keçirilən adi
təftişlərdə həmçinin insanların suda həyatını xilas etmək, dəniz nəqliyyatının təhlükəsizliyi və
ya suların çirklənməsinin qarşısının alınması üzrə tədbirlərdə tətbiq edilmirlər.
4. Qəbul edən dövlətin səlahiyyətli orqanları həmin dövlətdə asayiş, təhlükəsizlik və
ictimai qayda-qanun pozulmazsa, Göndərən dövlətin hər hansı bir gəmisinin daxili işlərinə
müdaxilə edə bilməz. Bu zaman gəmi kapitanının şəxsən xahişi və ya razılığı ilə, habelə
Göndərən dövlətin konsulluq vəzifəli şəxsinin razılığı ilə baş verən hallar istisna edilir.
M a d d ə 2 4
Qəzaya uğramış, saya oturmuş və yaxud hər hansı digər səbəbə görə səfərlərini sərbəst
şəkildə davam etdirə bilməyən gəmilərə daxili sular və ərazi sularında göstərilən yardım
1. Əgər Göndərən dövlətin bayrağı altında üzən gəmi qəzaya uğrayarsa, saya oturarsa və
ya hər hansı digər səbəbə görə öz səfərini müstəqil şəkildə davam etdirə bilməzsə, Qəbul edən
dövlətin səlahiyyətli orqanları təxirə salınmadan konsulluğu gəminin bortunda
yerləşən insanların, yükün və digər əmlakın xilas edilməsi üzrə görülən tədbirlər barədə
xəbərdar edirlər.
2. Qəbul edən dövlətin səlahiyyətli orqanları konsulluğun vəzifəli şəxsinə qəzaya uğramış,
saya oturmuş və ya hər hansı bir səbəbə görə səfərini müstəqil olaraq davam etdirə bilməyən
gəmiyə, onun ekipajına və sərnişinlərinə yardım etməkdə maneçilik törətmirlər və bu məqsədlə
o, köməklik üçün Qəbul edən dövlətin hakimiyyət orqanlarına müraciət edə bilər.
3. Qəbul edən dövlətin hakimiyyət orqanları Göndərən dövlətin gəmisi qəzaya uğradıqda,
saya oturduqda və ya hər hansı digər səbəbə görə sərbəst şəkildə hərəkətini davam etdirə
bilmədikdə, habelə gəmiyə məxsus əşya və ya yük sahildə tapıldıqda, habelə Qəbul edən
dövlətin limanına gətirildikdə kapitan, gəmi sahibi, gəmi agenti və ya sığorta şirkətinin
nümayəndəsi iştirak etmədikdə və ya həmin əmlakın qorunması, yaxud onunla bağlı sərəncam
verilməsi ilə bağlı tədbirlər görə bilmədikdə konsulluğu təxirə salınmadan xəbərdar edirlər.
4. Göndərən dövlətin qəzaya uğramış, saya oturmuş və ya hər hansı digər səbəbə görə
hərəkətini sərbəst şəkildə davam etdirə bilməyən gəmisindən Qəbul edən dövlətdə realizə
edilmiş və ya istifadə olunmuş yük və əmlaka görə gömrük yığımı alına bilməz.
5. Konsulluq vəzifəli şəxsi qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən gəminin
qəzaya uğraması, saya oturması, yaxud səfərini müstəqil olaraq davam etdirə bilməməsi
səbəblərini müəyyənləşdirərkən iştirak etmək hüququna malikdir.
M a d d ə 2 5
Göndərən dövlətin hava gəmisi
Bu Konvensiyanın göndərən dövlətin gəmilərinə aid olan müddəaları, göndərən dövlətlə
qəbul edən dövlətin arasındakı ikitərəfli sazişlərin və ya hər iki dövlətin iştirakçısı olduğu
çoxtərəfli sazişlərin müddəalarına zidd olmamaq şərti ilə, müvafiq olaraq göndərən dövlətin
hava gəmilərinə də tətbiq edilir.
M a d d ə 2 6
Hüquqi sənədlərin verilməsi
Konsulluğun vəzifəli şəxsi qəbul edən dövlətin qanunvericilik və qaydaları ilə icazə
verilərsə, məhkəmə və qeyri-məhkəmə sənədlərini təhvil verə bilər. Göndərən dövlətlə qəbul
edən dövlətin arasında digər müqavilələr qüvvədə olarsa, onların müddəaları tətbiq
edilməlidir.
BÖLMƏ 4
ÜSTÜNLÜKLƏR, İMTİYAZLAR VƏ İMMUNİTETLƏR
M a d d ə 2 7
Konsulluğa və konsulluq işçilərinə kömək
1. Qəbul edən dövlət konsulluğa öz funksiyalarını yerinə yetirmək üçün bütün imkanları
yaradır.
2. Qəbul edən dövlət konsulluq işçilərinə lazımi hörmətlə yanaşacaq və bu Konvensiyaya
müvafiq olaraq öz funksiyalarının yerinə yetirilməsini təmin etmək üçün zəruri tədbirlər
görəcəkdir.
M a d d ə 2 8
Konsulluq binaları və konsulluq işçilərinin yaşayış evləri
1. Qəbul edən dövlət öz ərazisində qanunvericilik və qaydalarına uyğun olaraq göndərən
dövlətə onun konsulluqları üçün zəruri olan binaların alınmasında yardım etməli və ya başqa
yolla binaların alınmasında kömək göstərməlidir.
2. Qəbul edən dövlət həmçinin zəruri hallarda konsulluğa öz işçiləri üçün münasib yaşayış
evlərinin əldə edilməsində də yardım göstərir.
3. Bu Maddədə göstərilənlər qəbul edən dövlətin binaların yerləşməsi və quruluşunu
tənzimləyən qanunvericiliyi və qaydalarına, habelə şəhər planlaşdırılması və
rayonlaşdırılmasını tənzimləyən qanunvericiliyi və qaydalarına riayət edilməsinə görə
məsuliyyətdən göndərən dövlətin azad edilməsi kimi şərh olunmamalıdır.
M a d d ə 2 9
Dövlət bayrağının və gerbinin istifadə edilməsi
1. Konsulluq binası üzərində dövlət gerbi və göndərən dövlətin dilində və qəbul edən
dövlətin dilində konsulluğun adı olan yazını asmaq hüququna malikdir.
2. Konsulluq göndərən dövlət bayrağını konsulluq binaları, konsulluq başçısının
iqamətgahı və rəsmi funksiyaları yerinə yetirərkən istifadə olunan yerdəyişmə vasitələri
üzərindən asmaq hüququna malikdir.
M a d d ə 3 0
Konsulluq binalarının və konsulluğun vəzifəli şəxslərinin yaşayış evlərinin toxunulmazlığı
1. Konsulluq binaları və konsulluğun vəzifəli şəxslərinin yaşayış evləri toxunulmazdır.
Qəbul edən dövlətin hakimiyyət orqanlarının nümayəndələri göndərən dövlətin
konsulluğunun başçısının, yaxud göndərən dövlətin diplomatik nümayəndəliyinin başçısının
və ya onlardan biri tərəfindən təyin olunmuş şəxsin razılığı olmadan konsulluq binalarına və ya
konsulluğun vəzifəli şəxslərinin yaşayış evlərinə girə bilməzlər.
2. Qəbul edən dövlət konsulluq binalarını və konsulluğun vəzifəli şəxslərinin yaşayış
evlərini hər hansı təcavüzdən, yaxud zərər vurulmasından qorunması və konsulluğun
asayişinin hər cür pozulmasının və ya onun ləyaqətinin təhqir olunmasının qarşısını almaq
üçün bütün zəruri tədbirləri görəcəkdir.
M a d d ə 3 1
Konsulluq binalarının rekvizisiyaya qarşı immuniteti
Konsulluq binaları, konsulluğun bütün əmlakı, habelə onun yerdəyişmə vasitələri dövlət
müdafiəsi və ya ictimai tələbat məqsədi ilə keçirilən hər cür növ rekvizisiyalara qarşı
immunitetdən yararlanırlar. Yuxarıda göstərilmiş məqsədlərlə binaların özgələşdirilməsi
zərurəti meydana çıxdığı halda konsulluğun öz funksiyalarını yetirməsi üçün əngəllərin
aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülür və göndərən dövlətə dərhal müvafiq
effektiv kompensasiya ödənir.
M a d d ə 3 2
Konsulluq arxivləri və sənədlərinin toxunulmazlığı
Konsulluq arxivləri və sənədləri yerindən asılı olmayaraq hər zaman toxunulmazdırlar.
M a d d ə 3 3
Yerdəyişmə azadlığı
Dövlət təhlükəsizliyi baxımından giriş qadağan edilən, yaxud tənzimlənən bölgələr
haqqında qanunvericiliyə və qaydalara zidd olmadığı təqdirdə qəbul edən dövlət konsulluğun
bütün işçilərini öz ərazisində yerdəyişmə və səyahət azadlığı ilə təmin edir. Bu zaman bütün
hallarda qəbul edən dövlət konsulluğun vəzifəli şəxsi öz xidməti vəzifələrini yerinə yetirmək
imkanı ilə təmin edir.
M a d d ə 3 4
Əlaqələr azadlığı
1. Qəbul edən dövlət bütün rəsmi məqsədlər üçün konsulluğun əlaqələr azadlığına icazə
verməli və onu qorumalıdır. Konsulluq göndərən dövlətin hökuməti ilə, diplomatik
nümayəndəlikləri ilə və digər konsulluqları ilə əlaqə saxlayarkən diplomatik və konsulluq
kuryerləri də daxil olmaqla kodlaşdırılmış və şifrləşdirilmiş depeşalardan, diplomatik və
konsulluq valizalarından və bütün uyğun rabitə vasitələrindən istifadə edə bilər. Konsuluq
yalnız qəbul edən dövlətin razılığı əsasında radioötürücü quraşdıra və istismar edə bilər.
2. Konsulluğun rəsmi yazışmaları toxunulmazdır. Konsulluq valizası açıla və tutulub
saxlanıla bilməz. Konsulluq valizası onun xarakterinə dəlalət edən zahiri işarələrə malik
olmalıdır və yalnız müstəsna olaraq rəsmi istifadə üçün nəzərdə tutulmuş rəsmi yazışmalardan,
rəsmi sənədlərdən və əşyalardan ibarət ola bilər. Konsulluq valizasında yazışmalar, sənədlər,
yaxud bu Maddədə göstərilmiş əşyalardan başqa digər şeylərin olduğunu güman etmək üçün
ciddi əsaslar olduqa qəbul edən dövlətin səlahiyyətli orqanları valizanın onların iştirakı
ilə göndərən dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən açılmasını tələb edə bilərlər.
Sonuncu bu tələbatı yerinə yetirməkdən imtina etdiyi halda valiza onun göndərildiyi yerə
qaytarılmalıdır.
3. Konsulluq kuryeri göndərən dövlətin vətəndaşı olmalı və qəbul edən dövlətdə daimi
yaşayan şəxs olmamalıdır. O, qəbul edən dövlətdə diplomatik kuryerin yararlandığı
üstünlüklərdən, imtiyazlardan və immunitetlərdən yararlanır.
4. Göndərən dövlət, yaxud konsulluq ad hos konsulluq kuryerlərini təyin edə bilərlər. Bu
halda bu Maddənin 3-cü bəndinin müddəaları konsulluq kuryerinin ona etibar edilmiş valizanı
təyinatı üzrə çatdırdığı andan orada göstərilən immunitetlərin dayandırılması istisna olmaqla
tətbiq edilir.
5. Konsulluq valizası, göndərən dövlətin konsulluq valizasının təşkil etdiyi yerlərin sayı
göstərilmiş rəsmi sənədə malik olan gəmi kapitanına, yaxud hava gəmisi komandirinə tapşırıla
bilər, lakin o, konsulluq kuryeri hesab olunmamalıdır. Konsulluq işçiləri sərbəst və birbaşa
olaraq konsulluq valizasını gəmi kapitanına, yaxud hava gəmisi komandirinə təhvil verə və
onlardan qəbul edə bilərlər.
M a d d ə 3 5
Konsulluq yığımları və rüsumları
1. Konsulluq qəbul edən dövlətin ərazisində konsulluq əməliyyatlarına görə göndərən
dövlətin qanunvericilik və qaydalarında nəzərdə tutulmuş yığım və rüsumları ala bilər.
2. Bu Maddənin 1-ci bəndində nəzərdə tutulmuş yığım və rüsumlar qəbul edən dövlətdə
bütün vergi, yığım və rüsumlardan azaddır.
M a d d ə 3 6
Konsulluğun vəzifəli şəxslərinin toxunulmazlığı
Konsulluğun vəzifəli şəxsləri şəxsi toxunulmazlıqdan istifadə edirlər və saxlanmaya, yaxud
həbs edilməyə məruz qala bilməzlər. Qəbul edən dövlət onların azadlıq və ləyaqətlərinə hər
hansı qəsd edilməsinin qarşısını almaq üçün lazımi tədbirlər görürür.
M a d d ə 3 7
Yurisdiksiyaya qarşı immunitet
1. Konsulluğun vəzifəli şəxsləri 18 aprel 1961-ci il tarixli diplomatik əlaqələr haqqında
Vyana Konvensiyasının müddəalarına müvafiq olaraq diplomatik agentlər kimi tam həcmdə
diplomatik imtiyazlar və immunitetlərdən istifadə edirlər.
2. Konsulluq əməkdaşları və xidmət personalının işçiləri öz xidməti vəzifələrini yerinə
yetirərkən edilmiş hərəkətlərə görə qəbul edən dövlətin yurisdiksiyasına tabe deyildirlər.
3. Bu Maddənin 2-ci bəndinin müddəaları aşağıdakı mülki iddialara qarşı tətbiq edilmir:
3.1. Konsulluq əməkdaşı, yaxud konsulluğun xidməti personalının işçisi tərəfindən
göndərən dövlətin agenti simasında bilavasitə və ya dolayısı ilə öz üzərinə öhdəlik götürmədən
bağladığı müqavilədən irəli gələn hallarda və ya;
3.2. Qəbul edən dövlətdə yol nəqliyyat hadisələri, gəmi və ya hava gəmisi ilə bağlı bədbəxt
hadisələr nəticəsində üçüncü tərəfə vurulan zərərə görə.
M a d d ə 3 8
Şahid ifadəsi vermək öhdəliyi
1. Konsulluğun vəzifəli şəxsləri şahidlik ifadələri verməyə borclu deyillər.
2. Konsulluq əməkdaşları və xidməti personalın işçiləri məhkəmə və inzibati işlərin icraatı
zamanı şahid ifadəsi vermək üçün çağırıla bilərlər. Onlar bu Maddənin 3-cü bəndində tutulan
hallar istisna olmaqla şahid ifadəsi verməkdən imtina edə bilməzlər.
3. Konsulluq əməkdaşları və xidməti personalın işçiləri öz vəzifələrini yerinə yetirməklə
bağlı məsələlər üzrə şahid ifadəsi verməyə və ya onların funksiyalarına aid rəsmi yazışmaları,
yaxud sənədləri təqdim etməyə borclu deyillər. Onlar habelə göndərən
dövlətin qanunvericiliyini şərh edən şahid ifadələri verməyə də borclu deyillər.
4. Qəbul edən dövlətin hər hansı konsulluq əməkdaşının və ya xidməti personalın işçisinin
şahid ifadələrini tələb edən səlahiyyətli orqanları bu şəxs tərəfindən öz xidməti vəzifələrini
yerinə yetirməyə maneə yaratmamalıdır. Bu orqanlar mümkün olduğu halda həmin şəxsin
şahid ifadələrini konsulluq binasında dinləyə bilər, yaxud ondan yazılı şahid ifadələri ala bilər.
M a d d ə 3 9
Mükəlləfiyyətlərdən azad edilmə
Konsulluğun işçiləri qəbul edən dövlətdə hər hansı şəxsi ictimai öhdəlik və hərbi
mükəlləfiyyətlərdən, həmçinin qəbul edən dövlətin əcnəbiləri qeydiyyata alma və yaşayış üçün
icazə almaya aid qanunvericilik və qaydaları ilə nəzərdə tutulmuş bütün tələblərin
yerinə yetirilməsindən azaddırlar.
M a d d ə 4 0
Vergi və yığımlardan azad edilmə
1. Qəbul edən dövlət aşağıdakıları dövlət, bölgə və bələdiyyə vergi, yığım və rüsumlardan
azad edilir:
1.1. Göndərən dövlətin sahibi, yaxud icarədarı olduğu konsulluq binaları və konsulluq
işçilərinin yaşayış evləri, habelə buna dair müqavilə və aktlar;
1.2. Konsulluq tərəfindən rəsmi məqsədlər üçün alınmış daşınan əmlak və nəqliyyat
vasitələri, həmçinin onların alınması, onlara sahib olma və saxlama.
2. Bu Maddənin 1-ci bəndinin müddəaları aşağıdakılar barədə tətbiq edilmir:
2.1. Konkret xidmət növləri üçün ödəmə kimi alınan vergilər, yığımlar və rüsumlar;
2.2. Qəbul edən dövlətin qanunvericiliyinə müvafiq olaraq göndərən dövlətə və ya onun
nümayəndəsi ilə müqavilə bağlamış şəxsdən alınan vergilər, yığımlar və rüsumlar.
M a d d ə 4 1
Konsulluq işçilərinin vergilərdən azad edilməsi
1. Konsulluq işçiləri, habelə onlarla birgə yaşayan ailə üzvləri, aşağıdakılar istisna olmaqla,
bütün şəxsi, əmlak, dövlət, bölgə və bələdiyyə vergi və rüsumlarından azad edilirlər:
1.1. Adətən mal və xidmətlərin dəyərinə daxil edilmiş dolayı vergilərdən;
1.2. 40-cı Maddədə göstərilmiş istisnalar nəzərə alınmaqla qəbul edən dövlətin ərazisində
yerləşən şəxsi daşınmaz əmlak üçün vergi və rüsumlardan;
1.3 45-ci Maddənin 2-ci bəndinin müddəalarında nəzərdə tutulmuş istisnalarla irsi əmlak
üçün vergilər, miras üçün rüsumlar və əmlakın keçməsi ilə bağlı vergilər;
1.4. Mənbəyi qəbul edən dövlətdə yerləşən kapitaldan alınan vergi və rüsumlar da daxil
olmaqla şəxsi gəlirlərə görə vergi və rüsumlardan, habelə qəbul edən dövlətdəki kommersiya
və ya maliyyə müəssisələrinə sərmayə qoyuluşuna görə vergilərdən;
1.5. 40-cı Maddənin müddəalarında göstərilmiş istisnalar nəzərə alınmaqla konkret xidmət
növləri üçün alınan vergi və rüsumlardan, məhkəmə və reyestr rüsumlarından, ipotek və gerb
yığımlarından.
2. Konsulluq işçiləri konsulluqdakı işinə görə aldıqları əmək haqqından verilən vergilər,
yığımlar və rüsumlardan azad edilirlər.
3. Qəbul edən dövlətdə əmək haqqından ödənən gəlir vergisindən azad edilməmiş şəxsləri
muzdla işə götürən konsulluq işçiləri həmin dövlətin gəlir vergisini ödəmək barədə
qanunvericilik və qaydalarının qoyduğu öhdəlikləri yerinə yetirirlər.
M a d d ə 4 2
Gömrük rüsumları və nəzarətindən azad edilmə
1. Qəbul edən dövlət öz qanunvericiliyinə və qaydalarına müvafiq olaraq, aşağıdakıları
saxlama, daşınma və digər buna bənzər xidmətlərə görə alınan yığımlar istisna olmaqla, başqa
gömrük rüsum və yığımlarından azad şəkildə idxal və ixrac etməyə icazə verir:
1.1. Konsulluq tərəfindən rəsmi istifadə üçün nəzərdə tutulmuş əşyalar;
1.2. Konsulluğun vəzifəli şəxsinin rəsmi istifadəsi üçün nəzərdə tutulmuş əşyalar;
1.3. Konsulluq əməkdaşlarının və konsulluğun xidmət personalının işçilərinin ilk dəfə
gəldikləri vaxt məişət xarakterli əşyalar da daxil olmaqla gətirilən əşyalar.
2. Bu Maddənin 1-ci bəndinin 1.2. və 1.3. yarımbəndlərində göstərilən əşyalar müvafiq
şəxslərin şəxsi istifadəsi üçün lazım olan miqdarı aşmamalıdır.
3. Konsulluğun vəzifəli şəxsinin şəxsi baqajı gömrük nəzarətindən azaddır. Orada bu
Maddənin 1-ci bəndinin 1.2. yarımbəndində göstərilən əşyalardan başqa əşyaların və yaxud
qəbul edən dövlətin qanunvericiliyi və qaydaları ilə yaxud karantin qaydaları ilə ölkəyə
gətirilib və ölkədən çıxarılması qadağan olunmuş əşyaların olduğunu hesab etmək üçün ciddi
səbəblər olarsa, konsulluğun vəzifəli şəxsinin şəxsi baqajı qəbul edən dövlətin səlahiyyətli
orqanları tərəfindən nəzarətdən keçirilə bilər. Bu zaman yoxlama konsulluğun vəzifəli şəxsinin,
yaxud onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə aparılır.
M a d d ə 4 3
Ailə üzvlərinin imtiyaz və immunitetləri
1. Konsulluq işçilərinin ailə üzvləri imtiyaz və immunitetlərdən konsulluğun müvafiq
işçisinin istifadə etdiyi həcmdə istifadə edirlər.
2. Bu Maddənin 1-ci bəndinin müddəaları qəbul edən dövlətin vətəndaşı olan və ya həmin
dövlətdə daimi yaşayan, yaxud qəbul edən dövlətdə gəlir məqsədi ilə peşə və ya kommersiya
fəaliyyəti ilə məşğul olan ailə üzvlərinə şamil edilmir.
M a d d ə 4 4
İmtiyaz və immunitetlərdən yararlanmayan şəxslər
1. Qəbul edən dövlətin vətəndaşı olan və ya həmin ölkədə daimi yaşayan konsulluq
əməkdaşları və xidmət personalının işçiləri 38-ci Maddənin 3-cü bəndinin müddəaları istisna
olmaqla, bu Konvensiyada nəzərdə tutulmuş imtiyaz və immunitetlərdən istifadə etmirlər.
2. Bu Maddənin 1-ci bəndində göstərilmiş şəxslərin ailə üzvləri bu Konvensiyada
göstərilmiş imtiyaz və immunitetlərdən istifadə etmirlər.
3. Qəbul edən dövlət bu Maddənin 1-ci və 2-ci bəndlərində göstərilmiş şəxslərlə bağlı
yurisdiksiya həyata keçirərkən konsulluğun fəaliyyəti üçün maneə yaratmamalıdır.
M a d d ə 4 5
Konsulluq işçilərinin və onların ailə üzvlərinin miras qalmış əmlakı
Konsulluq işçisi və ya onun ailə üzvü öldükdə qəbul edən dövlət aşağıdakıları etməyə
borcludur:
1. Həmin şəxsin ölümünədək qəbul edən dövlətdə alınmış və ölkədən çıxarılması qadağan
olunmuş əmlak istisna edilməklə ölənin daşınan əmlakının ölkədən çıxarılmasına icazə vermək;
2. Ölmüş şəxsin qəbul edən dövlətdə konsulluq işçisi kimi, yaxud ailə üzvü kimi yaşaması
ilə əlaqədar qəbul edən dövlətin ərazisində yerləşən miras qalmış daşınan əmlakdan vərəsəliyə
görə, yaxud mirasa görə heç bir dövlət, bölgə, yaxud bələdiyyə vergi və rüsumları tutmamaq.
M a d d ə 4 6
Konsulluq imtiyazları və immunitetlərinin başlanğıcı və sonu
1. Hər bir konsulluq işçisi öz təyinat yerinə yollanarkən, qəbul edən dövlətin ərazisinə daxil
olduğu andan etibarən və ya əgər o artıq bu dövlətin ərazisində olarsa konsulluqda öz
vəzifəsini yerinə yetirməyə başladığı andan etibarən bu Konvensiyada nəzərdə tutulmuş
imtiyaz və immunitetlərdən istifadə edir.
2. Konsulluq işçisinin onunla birgə yaşayan ailə üzvləri, habelə onun xüsusi ev xidmətçisi,
ona bu Maddənin 1-ci bəndinə müvafiq olaraq imtiyaz və immunitetlər verildiyi andan, yaxud
qəbul edən dövlətin ərazisinə daxil olduğu andan və ya onlar ailə üzvləri və ya xüsusi
ev xidmətçisi olduqları andan etibarən bu Konvensiyada nəzərdə tutulmuş imtiyaz və
immunitetlərdən istifadə edirlər.
3. Konsulluq işçisinin funksiyaları dayandırılarkən onun imtiyaz və immunitetləri, habelə
onunla birgə yaşayan ailə üzvlərinin, həmçinin xüsusi ev xidmətçisinin imtiyaz və
immunitetləri də həmin şəxs qəbul edən dövləti tərk etdiyi anda və ya bunu etmək üçün ayrılan
məqbul müddət başa çatdıqda dayandırılır. Konsulluq işçisinin ailə üzvlərinin, habelə onun
xüsusi ev xidmətçisinin imtiyaz və immunitetləri onlar artıq ailə üzvü və ya xüsusi ev
xidmətçisi olmadıqda dayandırılır. Lakin həmin şəxslər qəbul edən dövləti məqbul müddət
ərzində tərk etmək niyyətində olsalar, onların imtiyaz və immunitetləri getmə anına qədər
saxlanılır.
4. Konsulluq işçisi öldüyü halda, onunla birgə yaşayan ailə üzvləri, habelə xüsusi ev
xidmətçisi qəbul edən dövləti tərk edən ana qədər, yaxud qəbul edən dövləti tərk etmək üçün
ayrılan müddət bitənə qədər onlara verilmiş imtiyaz və immunitetlərdən istifadə etməkdə
davam edirlər.
M a d d ə 4 7
İmtiyaz və immunitetlərdən imtina etmə
1. Göndərən dövlət bu Konvensiyanın müddəalarına uyğun olaraq, müvafiq şəxslərin
istifadə etdiyi imtiyaz və immunitetlərdən imtina edə bilər. Bütün hallarda bu cür imtina aydın
şəkildə ifadə edilməli və onun haqqında qəbul edən dövlətə yazılı şəkildə məlumat
verilməlidir.
2. Hər hansı şəxs tərəfindən bu Konvensiya müvafiq olaraq yurisdiksiyaya qarşı
immunitetdən istifadə edə biləcəyi hallarda iş üzrə iddia qaldırması, həmin şəxsi əsas iddia ilə
bağlı olan qarşılıqlı iddia qaldırdığı halda yurisdiksiyaya qarşı immunitetə istinad etmək
hüququndan məhrum edir.
3. Mülki və ya inzibati iş üzrə yurisdiksiyaya qarşı immunitetdən imtina edilməsi haqqında
yazılı şəkildə verilmiş ayrıca imtinanın zəruri olduğu məhkəmə qərarının yerinə yetirilməsinə
qarşı immunitetdən imtina etməklə nəticələnmir.
BÖLMƏ 5
QƏBUL EDƏN DÖVLƏTİN QANUNVERİCİLİK VƏ QAYDALARINA HÖRMƏT
M a d d ə 4 8
1. Bu Konvensiyada nəzərdə tutulmuş bütün imtiyaz və immunitetlərdən istifadə edən
bütün şəxslər yol hərəkəti qaydaları da daxil olmaqla, qəbul edən dövlətin qanunvericilik və
qaydalarına hörmət etməyə borcludur.
2. Konsulluq binaları konsulluq funksiyalarına uyğun gəlməyən məqsədlər üçün istifadə
edilə bilməzlər.
3. Konsulluq işçiləri və onların ailə üzvləri qəbul edən dövlətin nəqliyyat vasitələrinin
sığortası üzrə qanunvericilik və qaydalarına riayət etməyə borcludurlar.
4. Göndərən dövlətin konsulluq işçiləri qəbul edən dövlətdə rəsmi funksiyaların yerinə
yetirilməsi ilə bağlı olan fəaliyyətdən istisna olmaqla peşə, yaxud kommersiya fəaliyyətini
həyata keçirə bilməzlər.
BÖLMƏ 6
YEKUN MÜDDƏALARI
M a d d ə 4 9
Razılığa gələn Tərəflər qarşılıqlı razılığa əsasən bu Konvensiyaya dəyişiklik və əlavələr edə
bilərlər.
M a d d ə 5 0
Ratifikasiya, qüvvəyə minmə və ləğv etmə
1. Bu Konvensiya ratifikasiya olunmalıdır və ratifikasiya fərmanlarının mübadiləsi
tarixindən sonra 30-cu gün qüvvəyə minir.
2. Bu Konvensiya qeyri-müəyyən müddətə bağlanılır və Razılığa gələn Tərəflərdən birinin,
digər Razılığa gələn Tərəfə diplomatik kanallarla yazılı şəkildə bu Konvensiyanın ləğv etmək
barəsində qərarını çatdırdığı gündən etibarən 6 ay ərzində qüvvədə olacaqdır.
Kiyev şəhərində «24» mart 1997-ci ildə hər biri Azərbaycan, Ukrayna və rus dillərində olan
2 nüsxədə imzalanmışdır, bu zaman bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Konvensiyanın
müddəalarının şərhində hər hansı bir anlaşılmazlıq meydana gəldikdə Konvensiyanın
rus dilindəki mətni tətbiq ediləcəkdir.
Azərbaycan Respublikası
adından
(imza)
Ukrayna
adından
(imza)
Dostları ilə paylaş: |