Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı



Yüklə 2.29 Mb.
səhifə1/23
tarix30.06.2017
ölçüsü2.29 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.

Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə növbəti illərdə iqtisadiyyatın diversifikasiyasının, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:


  1. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;
2.2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin;
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədi ilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparsın;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2014-cü il.


AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ
2014-2018-Cİ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Prezidentinin


27 fevral 2014-cü il tarixli 118
nömrəli Fərmanı ilə təsdiq edilmişdir

 

 



GİRİŞ
Müasir Azərbaycanın qurucusu, inkişafın Azərbaycan modelinin müəllifi Ümummilli lider Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır.
Son 10 ildə bütün sahələrdə böyük uğurlar qazanılmış, Azərbaycanın maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması, sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması Azərbaycanın dünyada nüfuzunun daha da artmasına, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşdırılmasına səbəb olmuşdur.
Ölkə bölgələrinin inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin davamı olaraq "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır.
Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələrdən ibarətdir:
Ölkə əhəmiyyətli tədbirlər,
Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);
Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
Yuxarı Qarabağ iqtisadi rayonu 1 (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).
Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir. Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin icrası hər il üçün Dövlət İnvestisiya Proqramı tərtib edilərkən təmin ediləcəkdir.

_______________________



1 Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.

 

1. Regional inkişaf siyasətinin uğurlu nəticələri



Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" əsas məqsədi qeyri-neft sektorunun davamlı inkişafı, ölkə regionlarının tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, yeni iş yerlərinin və müəssisələrin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olmuşdur.
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın uğurlu icrası bütün regionların inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, formalaşmış əlverişli iqtisadi mühit ölkənin sosial-iqtisadi inkişafı sahəsində başlanmış tədbirlərin davam etdirilməsi zərurətini yaratmışdır. Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunması məqsədilə 2004-cü ildən başlanmış tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.
Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır.
Ümumilikdə, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil etmişdir.
Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.
Azərbaycan iqtisadiyyatı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın "yuxarı orta gəlirli" və "yüksək insan inkişaflı" ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı ("Fitch Ratings", "Standart & Poor's" və "Moody's") Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.
Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır.
Minimum əmək haqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əmək haqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Son 10 ildə ölkədə minimum əmək haqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşmüşdür.
Azərbaycanda həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsi, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi olmuşdur.
2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların ümumi həcminin yalnız 26,8 faizi daxili mənbələrdən maliyyələşirdisə, 2013-cü ildə daxili investisiyaların xüsusi çəkisi 62,5 faizə çatmışdır.
Ümumilikdə, 2004-2013-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir.
Ötən 10 il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılmış, 55,6 min yeni müəssisə yaradılmışdır. Yeni açılmış iş yerlərinin 80 faizə yaxını regionların payına düşmüşdür.
Bu müddət ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrin istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulunun payı 2003-cü ildə 56,8 faiz, hazırda isə 81,4 faiz təşkil edir. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir.
Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunmuşdur. Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq istiqamətində Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksək Texnologiyalar Parkının yaradılması və s. mühüm əhəmiyyət kəsb edir.
Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur.
Kənd təsərrüfatının ümumi məhsulu son 10 ildə 1,5 dəfə, taxıl istehsalı 43,9 faiz, kartof istehsalı 29,1 faiz, tərəvəz 17,8 faiz, bostan məhsulları 20,5 faiz, meyvə və giləmeyvə 49,1 faiz, üzüm istehsalı isə 2,4 dəfə artmışdır. Ağcabədi və Beyləqan rayonlarında iri özəl taxılçılıq təsərrüfatları yaradılmış və hər hektardan rekord həddə - 55 sentner taxıl tədarük olunmuşdur. İri özəl taxılçılıq təsərrüfatlarının ölkənin digər rayonlarında da yaradılması istiqamətində işlər aparılır və hazırda Beyləqan, Hacıqabul, Cəlilabad və Xaçmaz rayonlarında 5 iri özəl fermer təsərrüfatlarının yaradılması işləri yekunlaşmaq üzrədir.
Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında kooperasiya münasibətlərinin möhkəmləndirilməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu təsərrüfatların yaradılmasına başlanılmışdır.
Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı azaltmışdır.
Ölkənin sahibkarlıq sektorunun inkişafı göstəricilərinin dinamikası həyata keçirilən iqtisadi islahatların uğurlu nəticələrinin əyani təsdiqidir.
Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşmış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə hər iki regional İnkişaf Proqramlarının icrası dövründə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə ümumilikdə 19,1 min sahibkarlıq subyektinə 1,2 milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır.
Ötən müddət ərzində ölkənin müxtəlif bögələrində müntəzəm olaraq təşkil edilmiş biznes forumlar yerli və müxtəlif ölkələrdən olan iş adamları, sahibkarlar arasında maarifləndirmə işinin təşkilinə, onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir.
Yaradılmış İcazələr Elektron İnformasiya Portalı sahibkarları bu sahədə ətraflı məlumatlandırmaqla yanaşı, sahibkarlıq fəaliyyətinə başlayanlara və öz fəaliyyətini genişləndirmək istəyənlərə tələb olunan icazə xarakterli sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə və qüvvədə olma müddətlərinə dair bütün məlumatları vahid mənbədən əldə etməyə imkan verir.
İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir.
Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son 10 ildə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir.
Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.
Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 10 il ərzində 8,3 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 307 yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir. Nəqliyyatın hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır.
Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunmuşdur. Mövcud informasiya və rabitə sahələrinin intensiv və yüksək səviyyədə inkişafı, yeni xidmət növlərinin, o cümlədən mobil telefon rabitəsinin, internetin ölkəmizdə təşəkkül tapması və genişlənməsi ilə səciyyələnir. XXI əsrdə Azərbaycanda informasiya cəmiyyətinə keçid və onun qurulması, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sayəsində neft sektorundan sonra prioritet sahələrdən biri hesab olunan informasiya və kommunikasiya texnologiyaları sahəsi ölkənin sosial-iqtisadi həyatına son illər daha ciddi nüfuz etmişdir. Son 10 ildə regionlarda 1400 - dək ATS, 1000-ə yaxın poçt binası tikilmiş və ya əsaslı təmir edilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 1,6 dəfə, mobil telefon abunəçilərinin sayı 9,6 dəfə artmış, hər 100 nəfərdən 70-i internet istifadəçisi olmuşdur. 2013-cü il ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və fevral ayının 8-də ölkəmizin ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.
İnsanların sağlam təbii mühitdə yaşamaları və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir. Ekologiyanın və təbii mühitin tarazlığının qorunması, əhalinin təmiz suya və havaya olan ehtiyaclarını təmin etmək məqsədilə son illər ərzində bir sıra tədbirlər həyata keçirilmişdir.
Ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və ekoturizmin inkişaf etdirilməsi məqsədilə 2003-cü ildən başlayaraq Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu, Eldar şamı, Korçay dövlət təbiət qoruqları, eləcə də Abşeron, Ağgöl, Göygöl, Şahdağ, Şirvan, Akademik Həsən Əliyev adına Zəngəzur, Hirkan, Altıağac və Samur-Yalama milli parkları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 478 min hektardan 893 min hektaradək artırılmışdır. Bu dövrdə yaşıllıqların salınması sahəsində 20 milyon ağac və kol əkilmiş, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Bakı şəhərinin Balaxanı qəsəbəsində təbii sərvətlərə və enerjiyə qənaət etməyə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına imkan verən bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istifadəyə verilmişdir. Heydər Əliyev Fondunun "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası" layihəsi çərçivəsində 130 baş ceyran tarixi ərazilərə buraxılmışdır.
Dövlət Proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində son 10 ildə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilmiş,10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya tikilmiş və ya yenidən qurulmuş, təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində isə 40 min kilometrədək qaz xətləri çəkilmiş və ya təmir edilmiş, yaşayış evlərinin qazlaşma səviyyəsi 34%-dən 83,4%-ə çatmışdır.
Son 10 il ərzində əhalinin su təminatının yaxşılaşdırılması üçün yeni su və kanalizasiya xətləri çəkilmiş, yeni su anbarları istifadəyə verilmiş, əhəmiyyətli meliorasiya tədbirləri həyata keçirilmişdir. Bu dövrdə regionlarda 3,4 min kilometrdən çox su, 1,2 min kilometrdən çox kanalizasiya xətti çəkilmiş, 96 su anbarı tikilmişdir.
Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuş. Fondun, təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır.
Son 10 ildə təhsil infrastrukturunun inkişafı sahəsində 2708 məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində 500-dən çox səhiyyə müəssisəsi istifadəyə verilmişdir.
Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 2007-ci ildən başlayaraq hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır ki, hazırda pensiyaların minimum məbləği 20 manatdan 100 manata çatdırılmışdır.
Son 10 ildə bütün çadır düşərgələri ləğv olunmuş, qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmış, 37 min ailə - 166 min məcburi köçkün mənzillə təmin edilmişdir. Eyni zamanda əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.
İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 10 il ərzində ölkənin müxtəlif bölgələrində 41 olimpiya idman kompleksləri istifadəyə verilmiş, ümumilikdə 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya yenidən qurulmuşdur.

 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə