Məlumdur ki, təkamül prosesi növün içərisində olan populyasiyalardan başlayır.
Populyasiyaların formalaşması və onların dinamikası mikrotəkamül adlanır.
Öz–özünü mayalandıran (avtoqam) və çarpaz mayalanan (alloqom) bitki və heyvan populyasiyalarında genetik proses müxtəlif istiqamətdə baş verir.
Populyasiyanın mövcud olması üçün müxtəlif irsi dəyişkənliklərin: gen mutasiyaları, xromosom çevirmələri və poliplodiyanın baş verməsi böyük əhəmiyyətə malikdir.
İlk dəfə populyasiyanın quruluşunu genetik və riyazi üsulla öyrənən İsveç alimi V.İohansen olmuşdur. O, populyasiyada “təmiz xətlər” nəzəriyyəsini yaratmışdır. Öz– özünə tozlanan bir fərddən əmələ gələn fərdlər yığımını “təmiz xətt” adlandrılmışdır. Hər bir xətt digərindən bu və ya başqa əlamət və xüsusiyyəti ilə fərqlənir. Deməli, populyasiyada hər bir fərd yeni irqin, yarımnövün və növün, həmçinin cins və ya sortun başanğıcını verə bilər. Təmiz xətlər nə qədər homoziqot olsalar da, lakin yenə də mütləq homoziqotluq mövcud ola bilmir, öz–özünü tozlandıran bitkilər mövcud olmadığından, onlar arasında çarpazlaşma gedərək heteroziqotluq alınır. Təmiz xətlərdə mutasiyalar baş verir. Bu mutasiyalar bəzən öz–özünə tozlanmanın qarşısını alır və həmçinin homoziqotluğu populyasiyada artırır. Təmiz xətlərdə baş verən heteroziqotluq növbəti nəsillərdə azalır və homoziqotluq artır.
Çarpaz mayalanan orqanizmlərdə populyasiya müxtəlif genotipə fərdlərin sərbəst cütləşməsi nəticəsində formalaşır. Belə populyasiyalar panmiktik populyasiyada mutasiya və kombinasiya dəyişkənliyi nəticəsində də müxtəliflik çoxdur. Panmiktik populyasiyalarda uzun müddət genotip və allellərin sıxlığı saxlanılırsa, onlar taraz populyasiyalar adlanır. Lakin populyasiya daima mutasiya, təcrid, miqrasiya və təbii seçmənin təsirinə məruz qaldığından onun genetik quruluşu dəyişilir, və mikrotəkamül baş verir.
Populyasiyanın genetik quruluşunun öyrənilməsi üçün çarpaz mayalanan (istər bitki, istər heyvan olsun) canlılar üzərində mülahizə yürüdəcəyik. Bu məsələ ilk dəfə S.S.Çetverikov tərəfindən öyrəilmişdir.
N.P.Dubinin və başqaları da populyasiyanın dinamikası üzrə geniş tədqiqat işləri aparmışlar və onun təkamül prosesində və seleksiyada əhəmiyyətini daha da aydınlaşdırmışlar. Bu da populyasiyanın genetik cəhətlərini izah etməyə imkan yaratmışdır.
|