6
Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
a) təbii və ya maddi
varlıq.
Buraya insanı əhatə edən maddi gerçəklik daxildir ki, onun da
iki aspektini qeyd etmək olar:
təbii mühit və insan əməyi ilə yaradılmış "süni mühit" və ya
"ikinci təbiət". Bunu insan şüurundan asılı olmayan təbii-mövcudluq da adlandırmaq olar;
b) mənəvi və ya ideal varlıq. Buraya insanı
əhatə edən mənəvi aləm, ideal mövcudluq:
mədəniyyət, elm, incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məcmusu daxildir;
c) əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin
, sosial-siyasi strukturların
durduğu sosial-siyasi varlıq.
Buraya cəmiyyətin bütün sosial-siyasi strukturların, ictimai, siyasi,
sinfi, milli və i.a. proseslərin idarə edilməsi və s. bağlı insan fəaliyyəti sahələri daxildir;
ç) insanın obyektiv real mövcudluğu və ya insan varlığı. Bunu da iki qismə ayırmaq olar:
ictimailəşmiş insan-şəxsiyyət aləmi və fərdiləşmiş insan-fərd aləmi.
Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir. Varlığın bu
dialektik təbiətini Hegel hərtərəfli şəkildə tədqiq edərək aşkara çıxarmışdır.
Hegelə görə xalis varlıq kateqoriyası məzmunca o qədər yoxsuldur ki,
o əslində elə
yoxsulluqla eyni güclü məfhumdur. Lakin digər tərəfdən xalis varlıq həmçinin mövcudluq
imkanıdır. Yəni hər cür gerçəklik öz başlanğıcını xalis varlıqdan götürür. Deməli, o mütləq
yoxluqdan ibarət neqativ anlayış deyil, potensial varlıqdan
ibarət olub, pozitiv anlayışdır.
Hegelə görə varlıq kateqoriyasının məhz bu daxili ziddiyyəti öz inkişafı prosesində getdikcə
daha məzmunlu olan anlayışları yaradır. "Varlıq" kateqoriyasının fəlsəfi anlayışı haqqında ilk
fikir qədim yunan fəlsəfəsinin Sokrata qədərki dövrünə aiddir. O dövr mütəfəkkirlərdən
Parmenid varlıq dedikdə "maddi, əbədi və mükəmməl Kosmosu" nəzərdə tutmuş, Heraklit isə
onu "fasiləsiz qərarlaşan Kosmos" adlandırmışdı. Burada varlıq, heçliyə, yoxluğa qarşı
qoyulmuşdu. Platon isə varlıq anlayışının "hiss olunan" tərəfini ataraq, onu "xalis ideya"- həqiqi
dünya mövcudluğu kimi səciyyələndirirdi. Aristotel isə varlığa "forma və materiyanın vəhdəti"
kimi baxaraq onun müxtəlif səciyyələrindən ("hissi", "ideal", "insani" və s.) bəhs etmişdi. Orta
əsrlər ilahiyyatında (xristian, islam və s.) varlıq anlayışına
ilahi məna verilir, "Allah-həqiqi
varlığdır", "maddi və ideya vəhdəti isə" qeyri-həqiqi, yaradılmış mövcudat adlandırılır. XVII-
XVIII əsr maarifçiliyində isə varlığa ancaq maddi-təbii olanın aid edilməsi, mənəvi aləmin ona
daxil edilməməsi ideyaları üstün olmuşdu. Orta əsrdə və sonrakı dövrlərdə Şərq və Azərbaycan
fəlsəfəsində varlığı "zəruri və mümkün varlıq" kimi iki hissəyə bölmüş, "zəruri varlığa" bütün
gerçəkliyin və "mümkün varlığın" səbəbi və ilkin substansional əsası kimi baxmışlar. Dekart
varlığa münasibətdə "fikirləşirəm, deməli, mövcudam"
tezisi ilə çıxış etmiş. Kanta görə varlıq
"bizim anlayışımızın və mühakimələrimizin əlaqələrinin ən mühüm vasitəsidir". Hegeldə isə
varlıq-mütləq ideyanın, ruhun "'özü-özündən yüksəlməsi prosesi",
obyektiv ideal gerçəklikdir.
Marksist fəlsəfi konsepsiya isə varlığa
birtərəfli olaraq, əsasən onun maddi-təbii tərəflərinin
obyektiv reallığı kimi baxırdı.