Tiflisdəki yubileydə ədəbiyyatşünas Firidun bəy Köçərlinin məruzəsi, Abbas
ağa Nazirin ustad ədibə həsr etdiyi şeiri oxuması, Eynəli bəy Sultanovun göndərilmiş
təbrikləri nəzərə çatdırması, yubileydə gürcü ziyalılarının da iştirakı, tədbirin sonunda
Ə.Haqverdiyevin Mirzə Fətəliyə həsr etdiyi pyesin tamaşası və s. barədə qeydlər
Q.Şərifzadənin ədəbi fakt və hadisələri məharətlə təsvir etmək qabiliyyətini göstərir.
Müxtəlif çıxışlardan böyük ədibin xidmətlərini dəyərləndirən parçaların seçilərək
verilməsi də maraq doğurur. M.F.Axundzadə haqqındakı bir başqa yazısında isə
Q.Şərifzadə əsas diqqəti onun ədəbi irsinin müasir əhəmiyyətinə yönəldir, indiki
zamanın qələm sahiblərinin onun əsərlərini təqdir etdiyini, böyük sənətkardan
öyrəndiyini vurğulayırdı. Deməli, klassikaya müraciət Q.Şərifzadə üçün əslində
müasir ədəbi inkişafın realist ənənələri davam və inkişaf etdirməsinin labüdlüyünü
önə çəkmək baxımından da aktuallıq daşıyırdı.
Qurbanəli Şərifzadənin mütəfəkkir ədibimiz Əli bəy Hüseynzadəyə yazdığı bir
məktub da onun müasir ədəbi prosesi yaxından izləyib münasibət bildirməsinin
səciyyəvi təzahürüdür. Ə.Hüseynzadənin 1908-1910-cu illərdə Bakıda “İrşad”,
“Tərəqqi”, “Həqiqət” qəzetlərində dərc olunmuş otuz oçerkdən ibarət “Siyasəti-
fürusət” əsəri dövrün bir çox vətən və hürriyyət aşiqləri kimi, Q.Şərifzadənin də
diqqətini çəkmişdi. Ədəbiyyatşünas O.Bayramlının yazdığı kimi:
“İstibdadın ifşası,
azadlığın tərənnümü Ə.Hüseynzadənin bütün əsərlərində olduğu kimi, mürəkkəb və
ictimai-siyasi mündəricə ilə dolğun “Siyasəti-fürusət” adlı irihəcmli əsərində də
bütün dərinliyi və çoxcəhətliliyi ilə bir küll halında təzahür olunmuşdu”
[123,s.3].
“Siyasəti-fürusət”in hər yeni oçerkinin dərcini intizarla gözləyən Q.Şərifzadə
Əli bəyə məktubunda silsilənin davamını da yazmasını, belə əsərlərin millətin
tərəqqisi, istiqlalı üçün böyük əhəmiyyətini vurğulayırdı:
“Millət həmişə yatmaz,
oyanır... O zaman əsərlərinin bəhası canlar olur, könüllər olur...
Ey həkimi-
yeganəmiz! Əmin olunuz, indi qara mürəkkəb ilə yazılan nəsayehi-həkimanələriniz
gələcəkdə altunlar ilə yazılar...”
O da nəzərə çarpır ki, Q.Şərifzadə “surətgərlərin”
(ənənəvi məhəbbət və gözəllik mövzusuna qapanan şairlərə işarədir-A.A.) dövrünün
40
keçdiyini bildirir, ədəbiyyatın ali vəzifəsi kimi millətin həyatını, onun nicatı üçün
zəruri olan ideya və düşüncələri təsvir etməyin vacibliyini vurğulamaqla söz
sənətinin qarşısında duran yeni vəzifələri dərindən anlayan tənqidçi kimi çıxış edirdi:
“Təsviri-cismanini surətgərlərə buraqınız də, millətinizin amalını, əfkarını, əxlaqını
təsvir ediniz. Zira mənəvi surətgərə artıq ehtiyacımız var”
[151, s.181-182].
Həmin yazısında Q.Şərifzadə yeni mərhələdə ədiblərin qarşısında duran
vəzifələrdən bəhs edərkən romantik şair Məhəmməd Hadinin ilk dəfə “Füyuzat”
jurnalının 1906-cı ilin noyabrında çıxmış 1-ci sayında, sonra isə şairin “Firdovsi-
ilhamat” kitabında (1908) nəşr olunmuş “Qələmə” adlı şeirindən bəzi misraları da
xatırlatmışdır. Görünür ki, Q.Şərifzadə M.Hadi yaradıcılığını da yaxından izləmişdir.
Dövrün M.Şahtaxtlı, C.Məmmədquluzadə, H.Cavid, M.Ə.Sabir və digər tanınmış
ziyalıları ilə məktublaşmaları da Q.Şərifzadənin ədəbi proses ilə sıx əlaqəsindən, ötən
əsrin əvvəllərində Naxçıvanda ədəbi tənqidin təşəkkülündə yaxından iştirakından
soraq verir.
Tədqiqat göstərir ki, XX əsrin əvvəlləri Naxçıvan mühitində ədəbi tənqidlə
məşğul olanlar ədəbiyyatın ali məramını, qarşısında duran müasir vəzifələri dərindən
dərk etmiş, onun həm mövzu, ideya, məzmun, həm də bədiilik baxımından
kamilliyini vacib saymışlar. Bəzən polemikalar sərtləşib bir az əndazədən çıxsa da,
əksər hallarda Naxçıvan ədəbi mühitinin nümayəndələri tənqidin inkişaf naminə
olduğunu qəbul etmişlər. Məsələn, naxçıvanlı gənc nasir Əli Səbrinin 1913-cü ildə
çapdan çıxmış “Solğun çiçək” romanı haqqında “İqbal” qəzetində irihəcmli resenziya
dərc etdirən tənqidçi Seyid Hüseyn Kazımoğlu əsər barədə bəzi iradlarını da
yazmışdı. Əli Səbri isə qəzetin 13 oktyabr 1913-cü il tarixli sayında dərc etdirdiyi
məktubda tənqidçinin iradlarından məmnun qaldığını və ona təşəkkürünü bildirmişdi
[239, s.480-481].
Belə davranış yazıçı-tənqidçi münasibətləri tarixində örnək
hallardandır.
Aparılan təhlillər göstərir ki, ötən əsrin əvvəllərində Naxçıvanda ədəbi tənqid
özünün təşəkkül mərhələsini keçirmiş, M.T.Sidqi, M.Şahtaxtlı, C.Məmmədquluzadə,
E.Sultanov, M.S.Ordubadi, H.Cavid, Q.Şərifzadə, Ə.Qəmküsar və digər ədiblər bu
prosesdə fəal rol oynamışlar.
|