H.M.ŞIXLİNSKİ, N.X.MƏMMƏDOVA, A.Ə.HÜSEYNLİ, T.Ə.AŞUROVA
AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı AZ1106, Azadlıq prospekti 155, Azərbaycan,
e-mail:
sh.haci@yahoo.com
Məqalədə Abşeron şəraitində üzüm bitkisində parazitlik edən göbələk
xəstəliklərindən biri olan oidium xəstəliktörədicisinə qarşı kimyəvi mübarizədə topaz
preparatının xəstəliyin vurduğu ziyanı minimuma endirmək üçün istifadəsindən bəhs
edilir. Üzüm kolleksiya bağında (200-dən çox sort və forma) xəstəliyə qarşı topaz
preparatının vurulma vaxtı, intervallar və preparatın dozası tədqiq edilmişdir.
Açar sözlər:
üzüm bitkisi, göbələk,
Uncinula necator Burrill
, topaz, kimyəvi
mübarizə
Ключевые слова:
виноград, грибы,
Uncinula necator Burrill
, топаз,
химическая борьба
Key words:
grape, fungi,
Uncinula Necator Burrill
, topaz, chemical control
Bitkilərin başlıca xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin
hazırlanmasında müasir metodların tətbiqi və kompleks yanaşma tələb edilir.
Torpağın, suvarma suyunun, iqlim amillərinin, sortun xüsusiyyətlərinin, ekoloji
sabitliyin qorunmasının nəzərə alınması şərti ilə qabaqcıl metodların tətbiqi əsasında
mübarizə tədbirləri uyğunlaşdırılmalıdır. Aqrotexniki tədbirlərin tətbiqi, fiziki-
mexaniki, fitosanitar tədbirlərə əməl olunması, ekoloji cəhətdən məhsulun
pestisidlərlə çirklənməsi, aqrokimyəvi maddələrdən və mineral gübrələrdən istifadə
edildikdə tələb olunan səviyyənin gözlənilməsi, bitkiyə tələbatına uyğun torpaq-iqlim
şəraitinin yaradılması şərti ilə mübarizə tədbirlərinin optimal dövrü seçilməlidir.
Ayrı-ayrı xəstəlik və zərərvericilərə qarşı istiqamətlənmiş tədbirlərin tətbiqindən
uzaqlaşaraq, bitkinin fizioloji proseslərinin gücləndirilməsi və immunitetinin
yüksəldilməsi tədbirlərinə daha çox üstünlük verilməlidir. Belə olduğu halda bitki
sağlam və davamlı olur, patogenlərə qarşı mübarizədə daxili potensialından istifadə
etməklə öz-özünü sağlamlaşdırır, pestisidlərin və aqrokimyəvi maddələrin ifrat
istifadəsinə ehtiyac qalmır [1; 2; 3].
Azərbaycanın üzüm bağlarına göbələk xəstəliklərindən mildiu, oidium, boz
çürümə və antraknoz xəstəliktörədiciləri daha böyük ziyan vurmaları ilə səciyyələnir
və hər il məhsulun xeyli hissəsinin məhv olması ilə nəticələnir [4; 5; 6; 7; 8].
Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, üzüm tənəklərinin
məhsuldarlığına və məhsulun keyfiyyətinin həddindən artıq azalmasına və
pisləşməsinə oidium (
Uncinula necator
Burrill.) xəstəliktörədicisi daha böyük ziyan
vurur [9; 10].
252
Oidium, unlu şeh və yaxud külləmə üzüm tənəklərinin ən təhlükəli və qorxulu
göbələk xəstəliklərindən biridir. Bu xəstəliyin törədicisi
Uncinula necator
Burrill
(çanta mərhələsi) və yaxud
Oidium Tuckeri
Berk. (konidi mərhələsi) göbələyidir.
Xəstəliktörədici vegetasiyanın bütün dövrlərində üzüm tənəklərinin bütün yaşıl
orqanlarını sirayətləndirir. Patogen üzüm tənəklərinin, ancaq canlı toxumalarında
parazitlik edərək, obliqat xarakterli göbələkdir. Göbələk mitseli halında zədələnmiş
tumurcuqlarda, zoğlarda və gövdə yarıqlarında qışlayır. Abşeron yarımadasında
becərilən üzüm bağlarında xəstəliyin ilk əlamətləri özünü daha tez göstərir.
Tumurcuğu zədələnmiş zoğların üzəri göbələk mitselilərinin ağ örtüyü ilə örtülərək,
onların inkişafdan qalmasına səbəb olur. Temperaturu nisbətən aşağı olan bölgələrdə
xəstəliyin ilk nişanələri (simptomları) gec müşahidə olunur, ona görə də yarpaq və
salxımlarda zəif ağ ləkəli örtük əmələ gəlir. Patogenin aktiv inkişafı üçün optimal
temperatur 20-25
0
C, nisbi rütubət isə 70-80% olmalıdır. Bu optimal şəraitdə
yarpaqların alt və üst tərəfini örtən örtük intensiv əmələ gəlir və daha parlaq olur.
Göbələk çoxlu miqdarda konididaşıyanlarda oval zəncirşəkilli sporlar əmələ gətirir və
sporlar bütün vegetasiya dövründə külək vasitəsilə yayılaraq, daim yeni-yeni
sirayətlənmə təhlükəsi yaradır. İnfeksiyanın erkən inkişafı zamanı çiçəklər və cavan
salxımlar zədələnərək quruyur. Üzünm tənəklərinin çox şiddətli şəkildə
sirayətlənməsi zamanı yarpaqlarda, bəzi hallarda “iylənmiş balıq” qoxusu müşahidə
olunur. Yağışlı havalar xəstəliktörədicinin inkişafını ləngidir. Unlu şeh xəstəliyi ilə
sirayətlənmiş üzüm tənəklərinin keyfiyyət və kəmiyyət göstəriciləri aşağı düşür,
tənəklərin inkişafı zəifləyir və qışlama halını pisləşdirir [11; 12; 13; 14; 15].
Bir sıra tədqiqatçılar tərəfindən Abşeron şəraitində oidium xəstəliyinə qarşı
aparılacaq mübarizənin daha da təkmilləşdirilməsi və səmərəsinin artırılması
məqsədi ilə konkret şəraitdə xəstəliktörədicisinin bəzi bioloji xüsusiyyətləri tədqiq
edilmişdir [16].
Bəzi müəlliflər tədqiqatlar nəticəsində Abşeron şəraitində oidium xəstəliyinə
qarşı kimyəvi mübarizə zamanı bayleton və fundazol fungisidlərindən istifadə
etməklə müsbət nəticələr və yüksək səmərə əldə edildiyini qeyd edirlər [17].
Eyni zamanda tədqiqatlarla Abşeron şəraitində vegetasiya dövründə oidium
xəstəliyinə qarşı topaz, dinokal, trifmin və triadementol fungisidlərinin müxtəlif
dozaları sınaqdan keçirilmiş və onların optimal normaları müəyyənləşdirilmişdir.
Aparılan tədqiqat zamanı sınaqdan keçirilən preparatlar içərisində ən yüksək
səmərəliliyin (985-88%) topaz fungisidinin göstərdiyi aşkar edilmişdir [18].
Bəzi tədqiqatçılar mildiu və oidium xəstəliklərinə qarşı mübarizə məqsədi ilə
müxtəlif fungisidlərdən mikal, skor, topaz, ridomil, saprol, impakt və bayletondan
istifadə etməklə, üzüm bağlarında yüksək texniki səmərə əldə edildiyini göstərirlər
[19].
Bir sıra tədqiqatçılar isə Abşeron şəraitində unlu şeh xəstəliyinə qarşı
miklotane və topaz fungisidlərindən istifadə etməklə, yüksək səmərə əldə olunduğunu
qeyd etmişlər. Eyni zamanda göstərilən preparatlardan Abşeron şəraitində üzüm
tənəklərini oidium xəstəliyindən mühafizə etmək üçün istifadəsini tövsiyə edirlər
[10].
253
Həmçinin bir sıra tədqiqatçılar tərəfindən Abşeron şəraitində oidium
xəstəliyinə qarşı mübarizə məqsədi ilə balkaton fungisidi sınaqdan keçirmişdir.
Aparılan tədqiqat nəticəsində preparatın ən səmərəli istifadə norması (dozası) və
texniki səmərəliliyi müəyyən edilmişdir [20].
Genetik Ehtiyatlar İnstitutunun Abşeron Elmi-Tədqiqat Bazasında üzüm
bağında aborigen və introduksiya olunmuş üzüm sort və formalarının genofondunun
yaradılması, yeni sortlarla zənginləşdirilməsi, yaxşılaşdırılması, onların beynəlxalq
deskriptorlar əsasında müxtəlif xəstəlik və zərərvericilərlə sirayətlənməsinin
fitopatoloji və immunoloji qiymətləndirilməsinin aparılması və mühafizəsi
istiqamətində elmi araşdırmaların tədqiqi həyata keçirilir. Aparılan fitopatoloji və
immunoloji qiymətləndirilmələr nəticəsində özünü tolerant və davamlı göstərən üzüm
sort və formaları seçilərək, onlardan seleksiya proqramlarında əsas göbələk
xəstəliklərinə (mildiu, oidium, boz çürümə, antraknoz) və zərərvericilərə (kök
fillokserası) qarşı tolerant reaksiya göstərən üzüm sortlarının yaradılmasında
davamlılıq donoru kimi istifadə olunması nəzərdə tutulur.
Hal-hazırda AETB-nin üzüm genofond bağında Azərbaycanın müxtəlif
bölgələrindən və digər xarici ölkələrdən toplanmış 200-dən çox yerli və intoduksiya
olunmuş üzüm sort və formaları becərilir. Üzüm tənəklərini xəstəlik və
zərərvericilərdən mühafizə etmək üçün müxtəlif mübarizə tədbirlərindən istifadə
olunur. Unlu şeh xəstəliyidir Abşeron şəraitində üzüm bağlarına daha böyük ziyan
vurduğundan patogen konkret olaraq bu şərait üçün daha xarakterik səciyyə daşıyır.
Tədqiqat zamanı üzüm tənəklərini unlu şeh xəstəliyindən mühafizə etmək üçün topaz
fungisidindən istifadə olunmuşdur.
2015-ci ildə Abşeronda vegetasiya dövrünün həddindən artıq isti və quraq
keçməsi ilə əlaqədar olaraq, üzüm bağında patogenin güclü inkişafı və şiddətli
yayılması üçün əlverişli hava şəraiti yaranmışdır, lakin erkən yazda havaların bir
qədər yağışlı keçməsi digər bir göbələk xəstəliyinin mildiunun inkişafı üçün əlverişli
şərait yaranmışdır, sonra isə havaların isti və quraq keçməsi mildiu xəstəliyinin
inkişafının və yayılmasının qarşısını almışdır. Bu zaman oidium xəstəliyi inkişaf
etmiş və yayılmağa başlamışdır. May ayının üçüncü ongünlüyündə üzüm
tənəklərində oidium xəstəliyinin nişanələri təzahür etməyə başlamışdır. Üzüm
bağında topaz preparatı ilə (0,02%-li məhlulu ilə) birinci çiləmə may ayının 25-də
həyata keçirilmişdir. 2-ci çiləmə yenə də topaz fungisidi ilə, oidium xəstəliyinə qarşı
həmin dozada iyun ayının 15-də həyata keçirilmişdir. Üzüm bağında üçüncü çiləmə
unlu şeh xəstəliyinə qarşı mübarizə tədbiri kimi avqust ayının 5-də topaz
fungisidindən (0,02%-li məhlulu ilə) istifadə etməklə yerinə yetirilmişdir.
Hal-hazırda kənd təsərrüfatı bitkilərindən sağlam, yüksək əmtəəlik görünüşünə
malik və beynəlxalq standartlara cavab verən məhsul əldə edilməsi üçün kimyəvi
mübarizədən birdəfəlik əl çəkmək mümkün deyildir. Ona görə də üzüm bağlarından
yüksəkkeyfiyyətli məhsul əldə edilməsi məqsədi ilə Azərbaycanda, o cümlədən
Abşeron şəraitində oidium xəstəliyinə qarşı kimyəvi mübarizədə topaz fungisidindən
istifadə olunmasını məqsədəuyğundur. Bütün vegetasiya dövründə cəmi 3 dəfə
çiləmə aparmaqla yüksək məhsul əldə etmək olar.
254
Aparılan tədqiqat nəticəsində müəyyən edilmişdir ki, Abşeron şəraitində üzüm
tənəklərini unlu şeh xəstəliyindən mühafizə etməklə topaz preparatından vegetasiya
dövründə 3 dəfə çiləmə aparmaqla xəstəliyin vurduğu ziyanı minimuma endirmək
olar. Bu cür kimyəvi mübarizə aparmaqla üzüm bağlarından yüksəkkeyfiyyətli və bol
məhsul götürülməsi mümkündür.
Dostları ilə paylaş: |