NƏTİCƏ VƏ TƏKLİFLƏR
Aparılmış elmi-tədqiqat işinin nəticəsi olaraq aşağıdakı yekun təklif və nəticələr irəli sürülmüşdür:
-Kiçik Qafqazın şimal-şərqində torpaq ehtiyatları ətraflı təhlil edilmiş, bioekoloji xüsusiyyətləri, bitki örtüyünün yayılma arealları müəyyənləşdirilmişdir.
- Ərazinin torpaqlarında ağır metalların təhlükəlilik dərəcəsi qiymətləndirilmiş, xarakterik xüsusiyyətləri öyrənilmişdir
- Torpaqları ağır metallarla çirkləndirən başlıca mənbə və proseslər müəyyənləşdirilmiş, torpaqların ağır metallarla çirklənməsində metallurgiya sənayesinin, nəqliyyatın, kənd təsərrüfatının rolu təhlil edilmiş, müvafiq nəticələr əldə olunmuşdur.
- Dağ-mədən sənayesinin mərkəzi olan Daşkəsən ətrafı torpaqlarda dəmir filizinin çıxarılması ilə əlaqədar ağır metalların yol verilən konsentrasiyadan dəfələrlə artıq olduğu müəyyənləşdirilmişdir. Şaxta üsulu ilə dəmir filizi hasilatının aparılmasının torpaqların ekoloji vəziyyətinin sabit saxlanılmasındakı əlverişliliyi irəli sürülmüşdür
- Ərazinin torpaqlarında ağır metalların yaratdığı çirklənmənin ekoloji qiymətləndirilməsi aparılmış və Daşkəsən filizsaflaşdırma kombinatı sahəsində 600 hektardan çox sahənin texnogen relyef formaları ilə örtüldüyü müəyyənləşmişdir.
- Dağ-mədən tullantıları və ona yaxın ərazilərdən götürülmüş torpaq nümünələrinin analizi göstərir ki, torpağın tərkibində mikroelementlərin və ağır metalların miqdarı təbii landşaftlara nisbətən xeyli yüksəkdir. Tullantı süxurlarının səth suları ilə yuyulması, habelə filtrasiya nəticəsində aktiv kimyəvi elementlər miqrasiya edərək torpağa çökür və onu çirkləndirir. Təbii torpaqlara nisbətən tullantılarla təmasda olan torpaqlarda həmin elementlərin miqdarı 4-9 dəfə artıqdır. Dəmir mədən tullantılarında və onların təmas etdiyi torpaqlarda sink, mis, kobalt, manqan, bor və civənin miqdarı yol verilən konsentraiyadan 4-9dəfə artıqdır. Qurğuşunun miqdarı isə 40 dəfədən çoxdur.
-Tullantılar üzərində nəzarətin qeyri-düzgünlüyü nəticəsində dağ-mədən filizsaflaşdırma kombinatının tullantıları bilavasitə buradan keçən Qoşqarçay dərəsinə axıdılır. Bu tullantılar Qoşqarçay dərəsininin landşaftında ekoloji gərginliyi artırmış və landşaft reaksiya potensialını itirmişdir. Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.
- Daşkəsən dəmir filizi mədənlərinin istismarı ilə əlaqədar olaraq 1,2 min hektar sahədə meşə və çəmən torpaqları yararsız hala düşmüşdür ki, bunun da 0,5 min hektarı süxur tullantıları altındadır.
- Daşkəsən və Zəylikdə açıq üsulla hasilatın davam etdirilməsi gələcəkdə burada ekoloji gərgin ocaqların artmasına, texnogen sürüşmələrin fəallaşmasına, məhsuldar torpaqların sıradan çıxmasına səbəb olacaqdır. Ərazinin mühüm rekreasiya rayonu olduğunu nəzərə alaraq dəmir filizi və alunit hasilatının şaxta üsulu ilə aparılması və yararsız vəziyyətə salınmış torpaqların rekultivasiyası vacibdir.
- Kompleks filiz yataqlarından çıxarılan bəzi metalların emal edilməsi çox böyük çətinliklər yaratdığından, zənginləşdirmə texnologiyasının aşağı olması səbəbindən tullantıya göndərilən son materialda itkilərin miqdarı yüksək olurdu və sonda ümumi yataq üzrə itkilər yüksək həddə çatırdı. Daşkəsən filiz yatağından çıxarılan yüksək tərkibə malik dəmir filizinin emal olunduqdan sonra atılan tullantının tərkibi belə, zəngin olaraq qalırdı. Belə ki, tullantı hesab edilən bu məhsulda böyük miqdarda filiz atılırdı ki, inkişaf etmiş ölkələrdə yataqlardan çıxarılan filizin miqdarı bəzən bu tullantıların tərkibindən aşağı olurdu. Ona görə istər iqtisadi səmərəlilik baxımından istərsə də ətraf mühitə dəyə biləcək ziyanın aradan qaldırılması baxımından sənaye tullantıları üzərində nəzarətin düzgün təşkilinə nəzarət etmək lazımdır.
- Daşkəsən dağ-mədən kombinatının tullantılarından tikintidə,xüsusən yol çəkilişində döşəmə materialı kimi istifadə edilməsinin həm istehsalatın səmərəsinin yüksəldilməsi,həm də ətraf mühitin qorunması baxımından əhəmiyyəti böyükdür.Dəmir filizinin saflaşdırılması prosesində eyni vaxtda onun tərkibində olan digər metalların və qiymətli komponentlərin alınmasının təşkili xammaldan kompleksin istifadə edilməsi probleminin aktuallığını gücləndirir.
- Ərazidə dağ-mədən sənayesi tullantılarının idarə edilməsində və vəziyyətə nəzarət olunmasında 2 mühüm amil mövcuddur: dünya praktikasında uğurla tətbiq olunan texnologiyaların ölkəmizə gətirilməsi və tullantıların təkrar emalına və minimum xammal itkisinə nəzarət olunması.
- Torpaqda ağır metalların konsentrasiyası artdıqca bitkilər bu elementləri passiv şəkildə mənimsəyərək qida zəncirinə daxil edir. Bunun nəticəsində ağır metallar bitkilərə və bitki ilə qidalan insan və heyvanlara toksiki təsir göstərir. Bu onunla əlaqədardır ki, bitkilər yetişdikləri torpaqda özləri üçün lazım olan və ya olmayan elementləri az miqdar olsa belə öz orqanizmlərində depolaya bilirlər.
- Aparılan araşdırmalar nəticəsində Cu, Zn, Pb, Cr, Ni, Cd-un bitki metabolizmində yaratdığı dəyişikliklər , ağır metalların yüksək konsentrasiyasının bitkilərə təsir mexanizmləri ətraflı təhlil edilmişdir.
- Ağır metalların yüksək konsentrasiyasının ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzərində yaratdığı dəyişikliklər müqayisəli təhlil edilmişdir.
- Torpaqların ağır metallardan təmizlənməsində dünya praktikasında geniş tətbiq olunan metod və texnologiyalar, onların iqtisadi səmərəliliyi, mübət və mənfi cəhətləri ətraflı müəyyənləşdirilmişdir.
- İqtisadi və ekoloji cəhətədən əlverişli olan fitoremediasiya “ yaşıl metod”-un tətbiqi təklif edilmişdir. Xüsusilə aşağı və orta dərəcədə çirklənməyə məruz qalan torpaqlarda, ağır metalları özündə absorbsiya edən hipperakkumlyator bitkilərdən istifadə irəli sürülmüşdür.
- Torpaqların ağır metallardan təmizlənməsində tətbiq olunan müasir təmizləmə metod və texnologiyaları ənənəvi metodlar ilə müqayisə olunmuş, üstünlükəri və çatışmazlıqları ətraflı təhlil edilmişdir.
Dostları ilə paylaş: |