Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti nabat cəFƏrova


Oxu dərslərində şagirdlərin müstəqillik və fəallığının təşkili



Yüklə 0,51 Mb.
səhifə65/70
tarix05.12.2023
ölçüsü0,51 Mb.
#173588
1   ...   62   63   64   65   66   67   68   69   70
C.Nabat Monoqrafiya

Oxu dərslərində şagirdlərin müstəqillik və fəallığının təşkili

Metodist alimlər oxu prosesində şagirdlərin müstəqillik və fəallığının təmin olunmasını həmişə zəruri fəaliyyət növü kimi dəyərləndirmişlər, çünki ibtidai sinif şagirdlərinin müstəqillik və fəallığını inkişaf etdirmək oxu təliminin əsas məqsədlərindən biridir.


Oxu dərslərində şagirdlərin fəallıq və müstəqilliyinin təmin edilməsinə I-IV siniflərdən başlamaq zəruridir. İbtidai siniflərin Azərbaycan dili dərslərində oxu mətnləri üzrə işi elə təşkil etmək lazımdır ki, şagirdlərin öyrənmək arzusu, dilə, nitqə həssaslığı təmin edilsin. İbtidai sinif müəllimləri ilk növbədə Azərbaycan dili dərsliklərində olan oxu mətnlərindən səmərəli istifadə etməyi bacarmalıdırlar. Bu dərsliklərdə şagird müstəqilliyini, idrak fəallığını inkişaf etdirə bilən tapşırıqlar üzrə işin düzgün təşkili zəruridir.
Müasir dərsə verilən bütün tələbləri bilmək və Azərbaycan dili dərslərində oxu mətnlərinin tədrisində bunlara əməl etməyə nail olmaq ibtidai sinif müəllimlərinin başlıca vəzifəsidir. Bütün bu tələblərə əməl edə bilmək şagirdlərin müstəqillik və fəallığının inkişafına kömək edir.
Müəllim oxu dərslərində hər yeni mövzunu keçərkən hansı əyani materialdan, hansı tapşırıqlardan istifadə olunacağını əvvəlcədən müəyyənləşdirməli və bunlar üzərində iş formaları, elə təlim üsulları tətbiq etməlidir ki, şagirdlərin fəallığı və müstəqilliyi inkişaf etsin, habelə nəticədə onların idrak prosesləri fəallaşsın.
Müəllim ilk növbədə oxşar anlayışları müqayisə edərkən şagirdlərin müstəqil fəaliyyət göstərməsinə nail olmalıdır. O, şagirdlərin fəallığı və müstəqilliyini inkişaf etdirən xarakterik sualların köməyindən istifadə etməlidir. Təhsilverən oxu materialını oxuyub izah etməkdənsə, təhlil etməkdənsə, şagirdlərin mətn üzərində müstəqil iş aparmasına nail olmalıdır.
Şagirdləri oxu mətnindəki fakt və hadisələr arasındakı əlaqə və aslılığın dərk edilməsinə cəlb etmək mənimsəmənin şüurluluğunu təmin edir. Oxu üzrə biliklərin mənimsənilməsi də şagirdlərin təsnifetmə, qruplaşdırma, sistemləşdirmə və ümumiləşdirmə üzrə təfəkkür fəaliyyətinə cəlb olunması ilə bağlıdır. Bu zaman şagird oxu mətni üzərində təhlil-tərkib əməliyyatı aparır, oxu materialına yeni mövqedən yanaşır. Bu, oxu mətnindəki əsas məsələləri ayırmağa və müəyyən əlamətlərə görə birləşdirməyə, əlaqələndirməyə xidmət edir.
Ümumiləşdirmə və sistemləşdirmə işi isə keçilmiş oxu materialındakı ən mühüm məsələləri əlaqəli şəkildə möhkəmləndirməyə, öyrənilənləri sistemə salmağa kömək edir. Odur ki, təkrar zamanı bilikləri qruplaşdırmaq və ümumiləşdirmək üçün yönəldilən suallara geniş yer vermək lazımdır. Qruplaşdırma işi oxu materialını dərk etməyə kömək etdiyi kimi, şagirdləri də fəallaşdırır, onlara mətn üzərində müstəqil işləmək bacarığı aşılayır. Bu cəhət ümumiləşdirmədə də özünü göstərir. Ümumiləşdirmə nəticəsində şagirdlər oxu mətnindəki ən mühüm cəhətləri ayırd etməyi, bilikləri əlaqələndirib sistemə salmağı öyrənirlər. Müəllim ümumiləşdirməyə aid suallardan həm oxunan mövzunun ilkin təkrarı zamanı, həm də mövzu və ya bəhs bitdikdən sonra istifadə edə bilər.
Oxu mətnlərinin təhlilində, mətnin məzmunu ilə əlaqədar müsahibənin təşkili zamanı şagirdləri əsərdəki fakt və hadisələri qiymətləndirməyə, izah etməyə alışdırmaq lazımdır.
Müəllim əqli hücumla, sualların köməyi ilə şagirdləri oxunmuş mətnə dair öz fikirlərini söyləməyə, bədii əsərə qiymət verməyə, nəzəri və təcrübi faktları müəyyənləşdirməyə istiqamətləndirir. Oxu mətni üzərində belə fəal fikri işin təşkili öyrənilən materialın şüurlu və möhkəm mənimsənilməsinə səbəb olur. Biliklərin şüurlu mənimsənilməsi və möhkəmləndirilməsində müsahibə üsulu ilə yanaşı, kitab üzərində iş də geniş tətbiq olunur. Bilik mənbəyi olan kitab bilikləri hafizədə və təfəkkürdə möhkəmləndirməyin ən yaxşı üsuludur.
Möhkəmləndirmə kitabdakı materialı eyni ilə yada salmaqdan və ya nəql etməkdən ibarət olmamalı, bu zaman öyrənilən mətnə yaradıcı yanaşılmalı, həmçinin şagirdlərin kitab üzərində gərgin iş aparması təmin edilməlidir. Bu məqsədlə şagirdlərin dərslikdən oxu mətnindən müəyyən hissənin (mətnin müstəqil oxunması, oxunmuş mətnə dair sualların cavablandırılması, mətnə planın tərtibi) məzmununu öz sözləri ilə danışmasının tələb edilməsi faydalıdır. Dərslik üzərində şagirdlərin müstəqil oxusu müəllimin sual və tapşırıqları əsasında aparılır. Ənənəvi təlimdə oxu materialını olduğu kimi yada salmağı təlb edən suallara üstünlük verilir. Əlbəttə, belə suallar da lazımdır; onların köməyi ilə şagirdlər yeni öyrənilən materialı yada salır, bir daha hafizələrində möhkəmləndirirlər, lakin möhkəmləndirmə zamanı təkcə hafizəyə əsaslanan suallar kifayət deyildir. Müəllim mətni təhlil etməyi, onun üzərində gərgin fikri iş aparmağı tələb edən suallara, təfəkkürün inkişafını təmin edən fəal təlim metodlarından istifadəyə geniş yer verilməlidir. Şagirdlərin müəyyən təfəkkür əməliyyatı təlb edən əlavə sual və tapşırıqlar üzərində çalışmaları oxu mətninə hərtərəfli yanaşmağa, onun məzmununu daha yaxşı dərk etməyə kömək edir.
Oxu mətninə plan tərtibi də şagirdlərin fəallığını və müstəqilliyini təmin edir. Plan tərtibi mətn üzərində məntiqi əməliyyat aparmağı, mətni hissələrə bölməyi, hissələrə başlıq verməyi, əsas və ikinci dərəcəli məsələləri ayırmağı tələb edir. Mətnə plan tərtibinə yer verilmədiyi təqdirdə şagirdlər planı mexaniki yadda saxlamağa çalışırlar. Şagirdlərin təfəkkürünün, təxəyyülünün inkişafının istənilən səviyyədə baş verməsində, məntiqi, yaradıcı təfəkkürlərinin, nitqlərinin inkişaf etdirilməsində plan tərtibi üzrə işin müstəsna əhəmiyyəti vardır.
Odur ki, oxu mətninə plan tərtibi işinə birinci siniflərdən ciddi şəkildə başlamaq, əməl etmək lazımdır. Oxu mətninə plan tərtibi öyrənilməklə yanaşı, mətnin hissələrə bölünməsi işi də tədricən mürəkkəbləşdirilməlidir. Mətn üzrə işdə (plan tərtibi, mətnin hissələrə ayrılması, mətnin hissələrinə ad verilməsi) böyük qrupla işin təşkili səmərəlidir. Əvvəlcə mətnin hissərə ayrılması üzrə böyük qrupla iş aparmaq lazımdır.
İzahlı oxu prosesində oxu mətni hissə-hissə oxunarkən şagirdlər hər hissəyə başlıq verir, təklif edilən başlıqlar sinif şagirdləri ilə müzakirə edilir, daha münasib başlıq seçilib götürülür. Müəllim bələdçilik mövqeyindən çıxış edərək şagirdlərə istiqamət verir:
-Mətni neçə hissəyə ayırmaq olar?
-Bu hissəyə necə ad vermək olar?
-Hissələri necə birləşdirmək (inteqrasiya etmək) olar?
Mətnin hissələrə bölünməsi üzrə müstəqil iş növlərindən: verilmiş hazır, uyğun mətndən hissələrin tapılması, mətnin verilmiş sayda məntiqi hissələrə ayrılması, qarışıq verilmiş başlıqların sustemə salınması və s. çox faydalıdır. Bu iş şagirdləri mətnin məntiqi hissələri arasındakı məna bağlılığını dərk etməyə, müstəqil plan tutmağa hazırlayır. Müstəqil plan tərtibi mətn üzərində fəal fikri əməliyyat aparmağa, mətnin məzmununu şüurlu dərk etməyə və onu möhkəm yadda saxlamağa imkan verir. Müstəqil tərtib olunmuş planları ilk vaxtlar sinifdə kollektiv müzakirə etmək, müəllimin lövhədə yazdığı planla tutuşdurmaq, şagirdlərə bir-birinin planlarını yoxlatdırmaq faydalıdır(cütlərlə işin təşkili zamanı). Şagirdlər plan tutmaq bacarıqlarına yiyələndikcə, bu işi ev tapşırığı kimi vermək olar.
Müəllim şagirdləri verilmiş plan üzrə danışmağa da cəlb etməlidir. Mətni şagirdlərin öz sözləri ilə nağıl etməsi mətn üzərində müstəqil işin nəticəsidir.
İbtidai siniflərdə fənlərin tədrisi, əsasən, praktik xarakter daşıyır, təlimdə bilik, bacarıq və vərdişlər geniş yer tutur. Bilik, bacarıq və vərdişlərin yaradılmasında oxu mətnləri və çalışmalar xüsusi rol oynayır. Çalışma müəyyən fəaliyyəti təkmilləşdirmək məqsədi ilə onun təkrar icrası, öyrənilən biliklərin tətbiqidir. Çalışmalar o zaman yaxşı nəticə verir ki, onlar mexaniki yerinə yetirilmir, şagirdlərin fəallıq və müstəqilliyinə əsaslanır.
“Didaktika” əsərində yazılır ki, misal həllində olduğu kimi, biliyin tətbiqinin diğər formalarında da şagirdlərin müəllim tərəfindən təşkil edilən, istiqamətləndirilən müstəqil işi pedaqoji cəhətdən qiymətlidir. Bu zaman elə kömək forması tətbiq edilməlidir ki, o, şagirdləri müstəqilliyə, yaradıcı fikrə və təşəbbüskarlığa təhrik etsin”[14, s.160].
Bacarıq və vərdişlərin formalaşmasında şagirdlərin müstəqilliyi həm nəzəri biliyin (qaydanın) düzgün tətbiqi prosesində, həm də çalışmaların icrası prosesində özünü göstərməlidir. Bacarıq və vərdişlərin düzgün formalaşması onların əsasında duran nəzəri qaydanın şagirdlər tərəfindən nə dərəcədə yaxşı mənimsənilməsi və düzgün tətbiq edilməsi ilə sıx bağlıdır. Məlum olduğu kimi, bacarıq və vərdişlər biliyə əsaslanır, onun tətbiqi nəticəsində yaranır. Təcrübə göstərir ki, müstəqil işin təşkili zəifdirsə, bu şagirdlərin bacarıq və vərdişlərinin formalaşması prosesini xeyli ləngidir.
Bacarıq və vərdişlərin formalaşması üçün şagirdin təkcə müvafiq qaydanı bilməsi kifayət deyildir. Bununla yanaşı, o, həmin qaydanı tətbiq etməyi də bacarmalıdır. Ənənəvi təlimdə bu ikinci cəhət çox vaxt nəzərə alınmır; müəllim şagirdin buraxdığı səhvləri yalnız bir səbəblə- qaydanı yaxşı bilməmsi ilə izah edir, bütün səhvlərə qarşı eyni cür göstəriş verir: “Dərsliyi açın və qaydanı təkrar oxuyun”. Doğrudur, səhvlər şagirdin müvafiq qaydaları bilməməsi üzündən də baş verə bilər. Bəzən də şagird qaydanı bilir, lakin onun tətbiqində səhvə yol verir. Bunun əsas səbəbini şagirdin qazandığı biliklər əsasında öz praktik fəaliyyətini təhlil etməyi bacarmaması ilə izah etmək olar. Bu hal xüsusən zəif və orta səviyyəli şagirdlərdə daha çox özünü göstərir. Beləliklə, şagirdlər səhvlərin qaydanı yaxşı bilməməsi izahı ilə bütün çalışmaların icrasında çox vaxt düşünülməmiş hərəkət edirlər. Bunu nəzərə alaraq müəllim şagirdlərə keçılən qaydanı tətbiq etməyi, başqa sözlə, qaydanın tətbiqində zəruri olan fikri iş üsullarını da öyrətməlidir.
Bu məqsədlə ilk vaxtlar fikri iş üsullarını alqoritm şəklində vermək əlverişlidir. Alqoritm-müəyyən tip çalışmaların içrasında tətbiq olunan əqli iş üsullarının ciddi, ardıcıllıqla təsviridir. Bacarıqların formalaşmasının ilk anlarında alqoritm həmin bacarığın formalaşmasına kömək edir.
Şagirdlərin müstəqil oxu bacarıqları təkcə zehni iş üsullarına, yəni fəal təlim üsullarına yiyələnməsi prosesində yox, həm də bu üsulların tətbiqində əməl edilməlidir. Belə olduqda, şagirdlərin fikri iş üsullarının müstəqil tətbiqi də təmin edilməlidir. Oxu mətnləri üzrə iş zamanı öyrədici çalışmalar bu bacarığın səhvsiz yerinə yetirilməsinə xidmət edir, ona şüurlu xarakter verir. Öyrədici çalışmalarda qaydanın tətbiqi şagirdlərin müvafiq izahatı ilə əlaqələndirilir. İzah çalışmalardan əvvəl, çalışmanın icrası prosesində və çalışmanın icrasından sonra aparıla bilər. Oxu üzrə belə çalışmalar şifahi aparılır. Oxu dərslərində mətnə dair çalışmalar oxunduqdan sonra şagirdlərdən suallara cavab verməsi tələbi qoyulur. Şagirdlərin bir neçəsi suallara cavab verir, digər şagirdlər cavabın düz və ya səhv olduğuna diqqət yetirirlər. Oxu mətninə dair çalışmaların yerinə yetirilməsində məqsəd məzmunun şüurlu dərk edilməsinə və nitqdə işlədilməsinə, nağıl edilməsinə nail olmaqdır. Çalışmaların yerinə yetirilməsi prosesində aparılan izahat səhvlərin baş verməməsi, fəaliyyətin səmərəli təşkili məqsədini güdür.
Oxu mətnlərinin tədrsində oxunun müstəqilliyini artırmaq məqsədi ilə xarakterik çalışmalara üstünlük verilir. Oxu mətnlərinin tədrisinin ən səmərəli çalışmalarından biri yaradıcılıq tələb edən çalışmalardır. Şagirdlərdən qismən müstəqillik və yaradıcılıq tələb edən çalışmalar hazır nümunələrə əsaslanan çalışmalardan onunla fərqlənir ki, belə çalışmaların icrası prosesində şagird oxuduğu mətnin məzmununu müxtəlif hallara, həyat hadisələrinə tətbiq edir. Həmçinin oxu mətnindəki faktların seçilməsi, hadisələrə münasibətin bildirilməsi, əvvəllər keçilmiş mətnin məzmunu ilə müqayisə edilməsi, oxu mətnindəki obrazların xarakter xüsusiyyətlərinin dəyişdirilməsi, hadisələrin zamanının dəyişdirilməsi, mətnin kimin dilindən söylənildiyinin müəyyənləşdirilməsi, müəllifin məqsədinin, əsərin ideyasının aydınlaşdırılması, məzmunun nağıl edilməsi və s. çalışmaların yerinə yetirilməsi oxu vərdişlərinin təkmilləşdirilməsini və müstəqillyini təmin edir.
Yaradıcı çalışmalar oxu mətninin məzmununu yaradıcı şəkildə işlənməsini, təfəkkür fəallığının artırılmasını, nitqin inkişafını əsaslandırır. İbtidai təlimin ilk pilləsindən başlayaraq müəllim şagirdlərin müstəqil oxu bacarıqlarını inkişaf etdirməlidir. Belə ki, oxunun müxtəlif növlərinin öyrənilməsi üzrə iş müntəzəm və ardıcıl şəkildə inkişaf etdirilməlidir.
Yaradıcı xarakterli çalışmalar oxu mətnlərinin tədrisində mühüm yer tutur. Yaradıcı xarakterli çalışmalarda şagirdlər oxunmuş mətni öz sözləri ilə danışmaqla bərabər, mətnə digər əlavələr də edə bilirlər. Obrazların xarakterinə, hadisələrin məkan, zaman anlayışına, şəxslərin danışığına, replikalara və s. əlavələr edilə bilər. Yaradıcı xarakterli işlər şagirdlərdən müəyyən müstəqillik tələb edir: onlar oxu mətninə uyğun yeni rabitəli mətn qurmalı, yaxud mətnin məzmununu öz sözləri ilə danışmalı və yazmalıdırlar.
Şagird yaradıcılığının inkişafı baxımından mətnin öz sözləri ilə danışılmasının böyük əhəmiyyəti vardır. Şagird oxunmuş mətnin məzmununu öz sözləri ilə danışmaqla yanaşı, həyatdan, müşahidələrindən, oxunmuş digər materiallardan aldığı təəssüratlarını sərbəst ifadə edə bilməlidir. Bütün bunlar, şagirddən müxtəlif təfəkkür əməliyyatları aparmağı, məlum fakt və hadisələri yenidən sistemə salmağı, yaradıcılıq göstərməyi tələb edir. Şagirdlərdə yaradıcılıq birdən-birə yaranmır; bunu tədricən aşılamaq lazımdır.
Müstəqilliyin və yaradıcılıq fəaliyyətinin formalaşması üçün müəllim birinci siniflərdə ardıcıl iş aparmalı və getdikcə mürəkkəbləşdirilməlidir. Məsələn:

  • şagirdlərin dərslikdəki şəkillər üzrə müstəqil danışması;

  • seriya şəkillər üzrə mətnin qurulması;

  • seriya şəkillər üzrə qurulmuş mətnin nağıl edilməsi;

  • müşahidə əsasıda mətnin qurulması;

  • müşahidə əsasıda qurulmuş mətnin nağıl edilməsi;

  • şagirdlərin şəxsi təcrübələri əsasında mətnin qurulması;

  • şagirdlərin başına gələn maraqlı əhvalatların nağıl edilməsi;

  • oxunmuş mətnin təhlil edilməsi;

  • oxunmuş mətnə plan tutlması;

  • oxunmuş mətnin plan əsasında nağıl edilməsi;

  • oxunmuş mətnə müstəqil plan tutulması;

  • müstəqil plan əsasında mətnin nağıl edilməsi;

  • oxunmuş mətnin dəyişdirilərək nağıl edilməsi.

Şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsində, şifahi nitq bacarıqlarının inkişafında yaradıcı xarakterli işlərin çox böyük əhəmiyyəti vardır. Oxu mətnləri üzrə müstəqil işlərin təşkilində I-II siniflərdə daha çox elə mətnlərdən istifadə edilir ki, onlardan nağıletmə tələb edilir. III-IV siniflərdə elə mətnlərdən (təsviri və mühakimə) istifadə etmək lazımdır ki, şagirdlər daha çox əqli xarakterli iş aparsınlar.
Oxu dərslərində müxtəlif həcm, üslub və xarakterə uyğun mətnlər tədris olunur, şagirdlər müstəqil şəkildə yaradıcı yazı növlərindən(esse, inşa, hekayə) hər birinə aid mətn qururlar. Mətn nədir sualını cavablandırmağa kömək edən cəhətlər bunlardır:

  • mətndəki cümlələrin mənasının, qrammatik cəhətinin bir-biri ilə əlaqəli olması;

  • mətnin başlığının olması;

  • mətndə üç cəhətin olmas(giriş, əsas hissə, nəticə);

  • cümlələrin eyni mövzunu izah etməsi;

  • oxu mətnindəki məzmunun eyni xarakterli olması.

Oxu mətninin başlığında burada nədən bəhs olunacağının ifadəsi əks olunur. Başlıq bu oxu mətninin mövzusunu diktə edir. Bununla yanaşı, oxu mətninin mövzusu suallar vasitəsi ilə müəyyənləşdirilə bilir:

  • Sizcə, oxu mətnində bəhs edilən nədir?

Oxu mətnində ideyanı müəyyənləşdirəndə bu sualdan istifadə edilməlidir:

  • Əsəri yazmaqda müəllifin fikri nədir?

  • Onun insalara çatdırmaq istədiyi nədir?

  • Nə üçün bu fikri mətnlə çatdırır?

  • Mətndə hissələr varsa, necə adlanır?

  • Abzas nəyə xidmət edir?

Deməli, mətndə abzaslar və abzaslarda da kiçik mətnlər verilir. Mətnlər növ etibarılə üç cür olur(nəqli xarakterli, təsviri xarakterli, mühakimə xarakterli mətnlər).
Qeyd etmişik ki, mətn üzrə işin səmərəli təşkilində plan tərtibinin mühüm əhəmiyyəti vardır. Bu cəhətdən planı hazır vermək səmərəli deyildir. Çalışmaq lazımdır ki, mətn üzrə planı şagirdlər özləri tutsunlar, çünki bu zaman onların müstəqilliyi formalaşır. Həmçinin mətn üzrə planı fərdi, cütlərlə, qrupla, kollektivlə birgə tutmaq olar. Bir məsələni qeyd etmək yerinə düşər ki, plan tərtibində eyni xarakterli cümlələrdən istifadə edilməlidir.
Planın düzgün tərtibi məzmunun şüurlu mənimsənilməsi üzrə işin əsas sahələrindən biridir. Görkəmli pedaqoqların (L.B.Zankov, S.P.Redozubov, A.S.Abdullayev, Y.Ş.Kərimov, B.Həsənli, A.N.Rəhimov, N.B.Cəfərova) fikrincə, plan tərtibinin üç forması əlverişlidir:

  1. Planın sual cümlələri ilə tərtibi.

  2. Planın nəqli cümlələrlə tərtibi.

  3. Planın adlıq cümlələrlə tərtibi.

Plan tərtibi zamanı eyni sistem gözlənilməlidir, yəni planın birinci bəndi sual cümləsi olarsa, digər bəndlər də sual cümləsi ilə ifadə olunmalıdır, həmçinin nəqli və adlıq cümlə ilə başlanılsa, digər bəndlər də həmin cür olmalıdır. Heç bir halda qarışıq cümləli plan yaradılmamalıdır. Müşahidələr göstərir ki, şagirdlər ilkin vaxtlarda plan tərtibində çətinlik çəkirlər. Yuxarıda qeyd etdiyimiz kimi plan tərtibi əvvəlcə müəllimin nəzarəti və köməyi ilə həyata keçirilir. Sonrakı mərhələlərdə bu iş müəyyən adıcıllıqla yenə də müəllimin köməyindən istifadə edilməsi ilə başa gəlir. Şagirdlərdə plan tərtibi bacarıqlarının yadılmasına qədər müəllim bu işə nəzarət etməlidir.
Oxu dərslərində səmərəli işləmək üçün plan tərtibinin böyük əhəmiyyəti vardır. Plan tərtibi şagirdlərin təfəkkürünü, nitqini inkişaf etdirir. Bu həmçinin mətnin məzmununun dərindən dərk olunmasına şərait yaradır, oxu mətni şüurlu mənimsənilir. Plan tərtibinə, axtarışa cəlb edilən şagirdlərin mətnin məzmununu hissələrlə dərk edilməsinə yönələn fəaliyyəti güclənir, onlar oxu mətnindəki əlaqələrin müəyyənləşdirilməsində çətinlik çəkmirlər. Belə ki, onlar əsərdə verilən ideya ilə tanış olur, əsərin strukturunu mənimsəyir, hadisələri məntiqi ardıcıllıqla qavrayırlar.
Plan tərtibi zamanı elmi-metodik sistemə, didaktik tələblərə əməl olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, hər bir oxu mətninə plan tərtibi zəruri deyildir, yəni böyük həcmli materiallarda plan tutulur, kiçik mətnlərdə, lirik, oynaq şeirlərdə plan tərtibi bir o qədər vacib deyildir.
Şagirdlərin çətinliklərindən biri də elmi-kütləvi mətnlərə plan tərtib edilməsindədir. Bu çətinliyin öhdəsindən gəlmək üçün əvvəlcə elmi kütləvi mətnlərə plan tərtibi üzrə iş aparılmalıdır. Mətnin məzmun və quruluşundan asılı olaraq planın maddələrinin bəzən müxtəlif istiqamətlərdə çıxış edərək tərtib edirlər:

  • obrazların iştirakına görə;

  • zaman ardıcıllığına görə;

  • məkan ardıcıllığına görə;

  • hərəkətin qabarıq şəkildə təzahürünə görə.

Məntiqi təfəkkürün inkişafına səbəb olan çalışma növlərindən biri kimi plan tərtibi şagirdlərin yaradıcı fəaliyyətlərinin güclənməsini, müstəqilliyini artırır. Odur ki, planı hazır vermək səmərəli deyildir. Müəllim şagirdləri müstəqil plan tutmağa, öz fikirlərini sərbəst ifadə etməyə alışdırmalıdır. Deyildiyi kimi, ilk vaxtlar, şagirdlər planı müəllimin rəhbərliyi altında, sonralar isə müstəqil tərtib etməlidir.
Oxu mətninə plan tərtib etməyi bacaran şagird mövzu üzərində sərbəst düşünür, başlıca məsələləri ikinci dərəcəli məsələlərdən ayıra bilir, təhlil və ümumiləşdirmələr aparır. Müstəqil tərtib olunmuş plan əsasında mətnin nağıl edilməsi dolğun və maraqlı olur, çünki şagirdin şəxsi fikir və düşüncələri də nitqində əks olunur. Təcrübələr göstərir ki, oxu mətnlərinin tədrisi üzrə işin səmərəli olması, bacarıq və vərdişlərin keyfiyyəti plan tərtibindən, müxtəlif xarakterli çalışmaların həyata keçirilməsindən asılıdır, lakin bu çalışmaların tərtibində də sistemin gözlənilməsi zəruridir, çünki sistemsiz işin səmərəsi istənilən səviyyədə olmayacaqdır.
Çalışmalar sistemi dedikdə, müəyyən bacarıq və vərdişlərin formalaşması məqsədi ilə tətbiq edilən çalışmaların xüsusi ardıcıllıqla düzülməsi nəzərdə tutulur. Çalışmaların sistemi üçün başlıca şərt tapşırıqların çətinlik dərəcəsi və bunların icrasında şagirdlərin müstəqillik səviyyəsini tədricən artırmaqdan ibarətdir. Çalışmaların çətinliyi, hər şeydən əvvəl, onların məzmunca çətin olmasıdır. Çalışmaların məcmunca çətinləşməsi onların asandan çətinə qaydası ilə düzülməsində, yenilik ünsürlərinin tədricən artırılmasında, quruluş etibarı ilə mürəkkəbləşməsində özünü göstərir. Çalışmalarda çətinlik həm də onların icrasındakı çətinliklə bağlıdır. Tapşırığın icrasındakı çətinlik çalışmanın icrası üçün tələb olunan dərketmə, düşünmə, mühakimə yürütmə kimi fikri iş fəaliyyətinin getdikcə mürəkkəbləşməsində, təfəkkür proseslərinin inkişafında özünü göstərir. Çalışmaların çətinləşməsi baxımından onların belə bir sistemi daha münasibdir:

  • həm yeni, həm də köhnə oxu mətninə aid çalışmaların tətbiqi;

  • əvvəllər mənimsənilmiş bilik, bacarıqlar sisteminin yeni oxu mətninə dair çalışmalara tətbiqi.

  • yeni oxu mətninə aid çalışmaların tətbiqi;

Bu zaman tapşırıqlar elə seçilir ki, şagirdlər oxu mətnlərini müqayisə edə bilsinlər. Oxu mətnlərinin tədrisi prosesində əvvəllər əldə edilmiş təcrübədən yararlanmaq, yeni oxu mətninin ifadəli oxusunda, lüğət üzrə işinin təşkilində, mətnin təhlilində, hissələrə ayrılmasnda, plan tərtibində, mətnin məzmununun öz sözləri ilə söylənməsində, yaradıcı nağıl edilməsində istifadə etmək çox faydalıdır.
Ümumiyyətlə, ibtidai siniflərin dərsliklərində verilən oxu mətnlərinə dair tapşırıqlar üzərində işi səmərəli təşkil etməklə bərabər, şagirdlərin əlavə xarakterik çalışmalar üzərində işlərinin təşkilinə xüsusi diqqət yetirilməlidir. İbtidai sinif şagirdlərinin oxu dərslərində müstəqillik və fəallığının inkişaf etdirilməsində fəal(interaktiv) təlimin imkanlarından səmərəli istifadə etmək də ön planda dayanmalıdır.
Bunun üçün oxu dərslərində şagirdlərin müstəqillik və fəallığını təmin edə biləcək fəal(interaktiv) təlim üsullarını və iş formalarını bilməklə yanaşı, bunlardan məqamında istifadə etməyi bacarmaq lazımdır.



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin