36
çəkdiyi rəsmlərin qrafik obrazları artır. O, əşyanı hissələrə ayırmağı, hər hissənin adını, rolunu,
onların arasındakı münasibəti müəyyənləşdirməyi bacarır.
Həyatının beşinci ilində uşaq əşyaların xassələrini daha ətraflı öyrənməyə başlayır. O, əşyaların
məkanda yerləşdirilməsini də dərk edir, əşyaların ümumi xassə, formasına, nə üçün lazım olmasına
görə qruplaşdırmağı bacarır. Hadisələr əsasında sadə səbəb-nəticə əlaqələrini başa düşür, bir çox
sualların cavabını araşdırır.
Beşyaşlının lüğəti daha sürətlə zənginləşir, rabitəli nitqi formalaşır. Bu yaşda uşaq kiçikhəcmli
bədii əsərlərin məzmununu yadda saxlayıb nəql etməyi, oyuncaqlar, başına gələn əhvalatlar, ətraf
aləm haqqında danışmağı bacarır.
Bu yaşda uşağın hissetmə qabiliyyəti daha sabit olur. Müxtəlif situasiyalarda emosiya özünü
göstərir. Onda həmçinin, öz arzularını böyüklərin tələblərinə uyğunlaşdırmaq, böyüklərin tələblərinə
diqqət və məsuliyyətlə yanaşmaq, yaşıdlarına qayğıkeş münasibət hissi formalaşır.
Beşyaşlıda əxlaqi estetik hisslər inkişaf edir. Mahnını təhrif etmədən oxumaq, ədəbi əsərin
qəhramanına düzgün münasibət bəsləmək bacarığı yaranır. О, melodiyanın ritmini, musiqi alətlərinin
müxtəlif tembrlərini dərk edir, bəzi mahnıları, şeiri yadda saxlamağı, ifadəli oxumağı bacarır.
Bu yaşda uşaqlar özlərini qüdrətli hesab edir və istənilən yeni problemin həllinə çalışırlar.
Daha kiçiklərdən fərqli olaraq, bu yaş qrupundan olan uşaqlar bütün iştirakçıların qarşılıqlı anlayışını
tələb edən mürəkkəb qrup oyunları oynayırlar. Onlar bir-birlərinin dərdinə şərik çıxır, öz hissləri və
digər insanların hissləri barədə danışa bilirlər.
Bu yaş dövrundən olan uşaqlar məhdudiyyətləri yoxlayır və müvafiq qaydada öz
davranışlarını səmərəliləşdirirlər. Onlar asanlıqla özləri yalan danışır, lakin böyüklər yalan
danışdıqda bərk əsəbləşirlər.
4-5 yaşlı uşağın diqqətinin müddəti əvvəlki kimi qısa olsa da, bu uşaqlar problemlərin
həllində artıq müəyyən təcrübəyə malikdirlər. Əgər tapşırığın mövzusu onlar üçün xüsusi olaraq
maraqlıdırsa, o zaman onlar diqqətlərini kifayət qədər uzun müddətə cəmləyə bilirlər. Bundan başqa,
onlar bir tapşırıqda əldə etdikləri təcrübəni digərlərinə tətbiq etməklə, ümumiləşdirmə bacarıqlarına
malikdirlər.
4-5 yaşlı uşaqlarda ümumi motor bacarıqları sürətlə inkişaf edir və onlar daim fiziki fəallıq
nümayiş etdirirlər. Onların enerjisi tükənməz olur, lüğət ehtiyatları artır, düzgün danışır və daha
mürəkkəb konstruksiyalar qururlar.
Dostları ilə paylaş: