BƏKİR NƏBİYEV
(1930-2012)
Həyatı və fəaliyyəti. 1960-1970-ci illərdə tənqid və ədəbiyyatşünaslığın əsas nümayəndələrindən biri Bəkir Nəbiyev idi. Ədəbiyyat elminin ağsaqqallarından sayılan Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu ildə Vətənin gözəl guşələrindən olan Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. Bəkir Nəbiyev 1954-cü ildə Bakı Dövlət Universiteti-nin Filologiya fakültəsini əla qiymətlərlə bitirərək 1957-1959-cu illərdə həmin təhsil ocağının aspiranturasına daxil olmuş, 1960-cı ildə namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, “İnşaatçı”, “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərinin redaksiyalarında müxbir, tərcüməçi, şöbə müdiri vəzifələrində çalışmışdır. Ədib 1961-ci ildən Elmlər Akademiyası sistemində işləməyə başlamış və bu günəcən bu fəaliyyətini davam etdirir.
Alim on beş ildən artıq bir dövrdə EA-nın Nizami adına Ədəbiyyat Muzeyinə rəhbərlik etmişdir. Sonra EA-nın Ədəbiyyat, dil və incəsənət bölməsinin akademik katibi seçilmiş və bu məsul sahədə on üç ilə qədər çalışmış, profil institutlara elmi istiqamət vermişdir. Bəkir Nəbiyev 1980-ci ildə professor elmi adını almış, 1982-1986-cı illərdə Azərbaycan Mədəniyyət Fondunun sədri olmuşdur. Alim 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatı problemlərinə həsr olunmuş 50 kitabı, 800-dən çox məqaləyə resenziyaları işıq üzü görmüşdür. Alim dəfələrlə ABŞ, Danimarka, Rusiya, Türkiyə, Yaponiya, İran, Səudiyyə Ərəbistanı, Çin, Yunanıstan kimi ölkələrdə elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Onun elmi rəhbərliyi altında 40 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. Ədibin gərgin və sanballı elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, SSRİ-nin «Xalqlar dostluğu», Azərbaycanın «Şöhrət», “İstiqlal” ordenləri, «Hacı Zeynalabdin Tağıyev», «Məmməd Araz», «Ustad», Beynəlxalq TİKA mükafatları ilə təltif edilmişdir. Bəkir Nəbiyev Azərbaycan Dövlət, «Qızıl qələm» mükafatları laureatı, Əməkdar Elm Xadimidir.
Ədəbi-tənqidi fəaliyyəti. Bəkir Nəbiyev öz tənqidçi qələmini də heç zaman yerə qoymamış, ömrünün altmış ilə yaxın bir dövrünü müasir ədəbiyyatın aktual problemləri, sovet ədəbiyyatının tanınmış nümayəndələrinin kitabları və əsərləri barədə tənqidi yazılar yazmağa həsr etmişdir. Onun S.Vurğun, S.Rüstəm, Ə.Vahid, O.Sarıvəlli, M.Rahim, Ə.Vəliyev, S.Rəhimov, S.Rəhman kimi şair və ədiblərin yaradıcılığı barədə sanballı tənqidi yazıları və tədqiqatları işıq üzü görmüşdür. Bəkir Nəbiyev eyni zamanda, zamanı duyan və dərk edən istedadlı publisistdir. Xalqın, cəmiyyətin həyatında çox az əlamətdar hadisə ola blər ki, Bəkir Nəbiyev ona əks-səda verməsin, fəal bir vətəndaş kimi mövqeyini bildirməsin. Buna görə o, bəzən tənqid olunsa da, öz mövqeyinə sadiq qalmağa çalışmış və bu gün də sadiqdir. Partiyalı publisistikanın və tənqidin xalqla, onun qayğıları ilə bağlı olan ən yaxşı ənənələri ədibin qələmində yaşayır və ədəbiyyata, insanlara xidmət edir.
B.Nəbiyev ədəbi fəaliyyətə qəzetçilikdə başlamış, “Kommunist” qəzetində şöbə müdiri olmuşdur. Mətbuatdan ayrıldıqdan sonra o, Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, Ədəbiyyat Muzeyində direktor vəzifələrində çalışmışdır. Alim 1967-ci ildə çap olunmuş iki cildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi”nin əsas müəlliflərindən və redaktorlarından olmuşdur. O, uzun zaman Elmlər Akademiyasının ədəbiyyat, dil, incəsənət sahəsi üzrə akademik katibi olmuş, 2006-cı ildən isə Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.
Mətbuatda, xüsusilə partiya mətbuatında çalışdığı zaman topladığı təcrübə alimin elmi fəaliyyətində də karına gəlmiş, Nizami adına Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı şöbəsində işləməyə başlayandan sonra institutun buraxdığı elmi nəşrlərin hazırlanmasında və xüsusilə redaktə edilməsində yaxından iştirak etmişdir. Onun redaktor imzasını ədəbiyyatçı alimlərin onlarca kitabının üzərində də görmək mümkündür. Bir elmi redaktor kimi Bəkir Nəbiyev nə qədər məsuliyyətli və tələbkardırsa, bir o qədər də demokratikdir, müəlliflərin, ilk növbədə fikirlərinə və mövqelərinə, sonra isə fərdi üslubuna hörmətlə yanaşan elm ağsaqqalıdır.
Bəkir Nəbiyev bir tənqidçi kimi sovet dövrü poeziyasına daha geniş maraq göstərmiş, peşəkar poeziya tənqidçisi kimi nüfuz və hörmət qazanmışdır. O, poeziyanı, Azərbaycan şer dilinin incəliklərini dərindən duyan, lirik şerlərin təhlilində yüksək zövq və həssaslıq nümayiş etdirən bir qələm sahibidir. Bu xüsusiyyət həm də onun şəxsiyyətindən, bu şəxsiyyətin daxili həssaslığından, kövrəkliyindən irəli gəlmişdir. O, milli poeziyamızı bir şair ürəyi ilə sevən, duyan qələm sahibidir. Ona görə də şairlər onun nüfuzlu sözünü eşitməyə ehtiyac hiss edir, bu sözə daim maraq göstərirlər.
Alimin qələmindən çıxan “Azərbaycan klassik poeziyası və islami dəyərlər”, “Nəsirəddin Tusinin şeir dünyası”, “Səməd Vurğun haqqında etüdlər”, “Müqtədir qəzəlxan” (Ə.Vahid), “Əbədiyyətə qovuşan sənətkar” (Xəlil Rza), “Şerimizin ağbirçəyi”, “Meydan kiçik olsa da...”(Hüseyn Kürdoğlu” kimi1 əhatəli məqalələri ədəbi tənqidi fikrimizin diqqətəlayiq nümunələrindəndir. Alim bir sıra rəsmi dövlət yığıncaqlarındakı aparıcı məruzələrilə diqqəti cəlb etmişdir.
Bəkir Nəbiyevin ədəbi fəaliyyəti 60 ilə yaxın bir dövrü əhatə edir: bu dövrdə o ədəbiyyatımızın bütün əsas yaradıcıları ilə ünsiyyətdə olmuş, onların haqqında məqalələr və resenziyalar yazmışdır. Ədibin qələmindən çıxan xatirələrdə ədəbiyyatımızın salnaməsini bilmək, həyatdan getmiş ədəbiyyat adamlarının şəxsiyyətini gənc nəslə tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Onun akademik Ziya Bünyadov, Mirzə İbrahimov, Qulu Xəlilov, Yaşar Qarayev, Turan Cavid, Xəlil Rza haqqında xatirələri müşahidlərin canlılığı, yaddaşın itiliyi ilə oxucunun yadında qalır.
Monoqrafiyaları. Onun namizədlik dissertasiyası görkəmli ədabiyyatşünas Firudin bəy Köçərliyə həsr olunmuşdur.2 F.Köçərli alim üçün çox maraqlı bir hadisə idi: Köçərli bir tərəfdən təzkirə ədəbiyyatşünaslığının son nümayəndəsi, o biri tərəfdən isə yeni analitik ədəbiyyatşünaslığın əsasını qoyanlardan biri idi. Qori Müəllimlər Seminariyasında ana dilindən dərs deyən bu şəxsiyyət ana dilində yazmış sənətkarlarımızın mətnlərinin toplanmasında və sistemli şəkildə təqdim edilməsində mühüm rol oynamışdır. Firudin bəy öz iki cildlik kitabını həm də tələbələri üçün müntəxəbat kimi də nəzərdə tutmuşdu. Ona görə onun monoqrafiyasında əsərlərdən verilən uzun nümunələr çoxdur.
Buna baxmayaraq, tədqiqatçı Köçərlinin Molla Pənah Vaqifdən bəri ana dilində yazan şairlərimizin mətnlərinə marağını, bu mətnlərin taleyi barədə informasiya vermək təşəbbüsünü yüksək qiymətləndirir. Eyni zamanda, göstərir ki, Köçərli sözügedən şairlərin və yazıçıların tərcümeyi-halını yaratmaq vəzifəsinə də ciddi əhəmiyyət vermiş və o zaman hələ bir yerə toplanmamış əlyazmalarını və mənbələri toplayıb nəzərdən keçirmişdir. Ona görə, yazı üslubunda müntəxəbat əlamətləri olsa da, Firudin bəy Köçərlinin ədəbiyyat tarixi XX əsrin əvvəllərində bu istiqamətdə aparılan tədqiqatların ən yaxşılarından birincisi idi. Bu kitablar, xüsusilə Vaqiflə başlanan, xanlıqlar dövründə çiçəklənən ana dilli ədəbiyyatın sistemli tarixini yaratmaq, ədəbi materialları toplayıb sistemləşdirmək baxımından mühüm tarixi iş idi.
“Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı” kitabı3 alimin doktorluq dissertasiyası olmuşdur. Ümumiyyətlə, alimin Köçərli haqqında işindən sonrakı elmi marağı sovet dövründə yaranan ədəbiyyatla bağlıdır. Alim fəal bir tənqidçi olmaqla yanaşı, elmi fəaliyyətini də davam etdirmiş, elmi fikrimizi qiymətli tədqiqatları, monoqrafiyaları ilə zənginləşdirmişdir.
“Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı” alimin ən fundamental əsəridir. Bu əsərdə B.Nəbiyev ilk dəfə olaraq, müharibə dövrü ədəbiyyatını zəngin faktik material əsasında araşdırmış, ədəbi sözün faşizmə qarşı mübarizədə böyük rolunu aşkara çıxarmağa çalışmışdır. Əsər iki hissədən ibarətdir. Birinci hissənin üc fəsli müharibə dövrünün maraqlı ədəbi prosesinə həsr edilmişdir. Bu hissədə ən böyük maraq doğuran fəsillər poeziya və nəsrə aiddir. Alim poeziyanın dava illərindəki inkişafına xüsusi önəm vermiş və bu dövrdə yaranan vətənpərvər, antifaşist poeziyanı geniş təhlil etmişdir. Ədib bu illərdə S.Vurğunun, S.Rüstəmin, M.Rahimin, O.Sarıvəllinin yaratdığı qiymətli şeir nümunələrini məhəbbətlə araşdırmışdır.
Dava illərində yaranan nəsr, publisistika və dram əsrləri bu monoqrafiyanın sonrakı fəsillərində araşdırılmışdır. Aydın məsələdir ki, lirik şeirin operativ imkanları nəsr və dramda yox idi. O biri tərəfdən, bu janrlarda yaxşı əsərlərin yaranması üçün vaxt lazım idi. Lakin bu çətinliklərə baxmayaraq, S.Rəhimov, Ə.Məmmədxanlı, İ.Əfəndiyev kimi yazıçılarımız qələbəyə səsləyən əsərlərin yaradılması üçün əllərindən gələni əsirgəmirdilər. Onların qələmindən çıxan əsərlərdə tələskənlik duyulsa da, dövrün, xalqın qələbəsinin təməlində dayanmış ideyaların bədii ifadəsi özünü qabarıq göstərirdi.
Monoqrafiyanın ikinci hissəsi müharibə bitəndən sonra yaranan ədəbi əsərlərdə müharibə mövzusunun işlənməsinə həsr edilmişdi. Burada müharibəyə həsr olunan roman və dram əsərləri, poemalar nəzərdən keçirilir və fəsillər üzrə ümumiləşdirilirdi. 60-70-ci illərdə Vətən Müharibəsi mövzusuna elmi maraq artdı və yeni-yeni monoqrafiyalar yarandı. Lakin Bəkir Nəbiyevin bu əsəri öz elmi əhəmiyyətini saxladı, cavan alimlər onun tədqiqat istiqamətini davam etdirdilər.
Bəkir Nəbiyevin elmi fəaliyyətinin ən coşğun dövrü müstəqillik illərinə təsadüf edir. Bu illərdə onun elmi marağının əsas istiqaməti istiqlalçı milli poeziyanın tədqiqi ilə bağlı olmuşdur. Alimin Almas İldırıma, Əhməd Cavada, Xəlil Rzaya həsr etdiyi monoqrafiyaları bir silsilə təşkil edir və poeziyanın xalq taleyi ilə bağlılığını dərindən açıb göstərir.
“Əhməd Cavad”. Müstəqillik illərində Bəkir Nəbiyev aktiv ədəbi tədqiqatlar aparmış, sovet dövründə ədalətsiz olaraq tənqid və repressiya olunmuş şair Əhməd Cavad haqqında ilk monoqrafik əsərlərdən birini yazmışdır.4 Xalq şeiri üslubunda yazan bu şair Demokratik Cümhuriyyət dövründə milli hərəkatda yaxından iştirak etmiş, öz xalqının hakimiyyətini tərənnüm edən əsərlər yazmışdı. Ona görə sovetləşmədən sonra bolşevik məfkurəli tənqidçi və şairlər onu sevmir və millətçi kimi damğalayırdılar. 1937-ci ildə şair əsassız olaraq güllələnmişdi.
Ona görə Bəkir Nəbiyevin bu monoqrafiyası Əhməd Cavadın ədəbiyyat tariximizdə ədalətli yerinin bərpa olunmasında mühüm bir addım idi. Əsərdə şairin tərcümeyi-halı, kitabları dərindən araşdırılır və yüksək elmi qiymətini alır. Alim şairin poeziyasındakı kədərin tarixi mənasını Demokratik Respublikanın dağılmasında görür, onun əqidəsini, milli hisslərini yüksək qiymətləndirir.
“Didərgin şair”. 90-cı illərdə elmi fikir qarşısında duran mühüm problemi - mühacirət ədəbi irsini öyrənib ədəbi dövriyyəyə qaytarmaq işiylə alim fəal məşğul olmuşdur. Bütün ədəbi fəaliyyəti boyu müasir poeziyanın araşdırılmasına önəm verən alim, əhatəli mühacirət ədəbi irsindən ən istedadlı şairlərdən biri olan Almas İldırımı seçmiş, bu barədə yazdığı monoqrafiya 1995-ci ildə kitab şəklində işıq üzü görmüşdür. Sonrakı dövrdə öz araşdırmalarını davam etdirən alim, didərgin şairin şəxsi arxivlərdə saxlanan, Türkiyə, İran, Türkmənistan, Dağıstan mətbuatında dərc olunmuş əsərlərini, haqqında yazılan materialları da toplamış və kitabın 2005-ci ildə baş tutan ikinci təkmilləşdirilmiş nəşrində5 bu materialları da araşdırmaya cəlb edərək öz monoqrafiyasını daha da təkmilləşdirmişdir.
Alim mühacirət və qəriblik anlayışlarını geniş mənada götürmüş, kitabın əvvəlinə “Azərbaycan ədəbiyyatında qürbət lirikası” adlı qısa, lakin çox mənalı bir hissə əlavə etmişdir. Burada folklordan Füzuliyə, ondan Məhəmməd Hadiyə qədər olan ədəbiyyatımızda didərginlik və qürbət motivləri ilə bağlı lirik nümunələrə qısa nəzər salınır. Alim göstərir ki, xarici istilaçıların zülmü xalqın düşünən qabaqcıl adamlarının, xüsusilə əhali içərisində söz sahibi olan şair və yazıçıların da təqib olunması, yurd-yuvalarından didərgin düşmələri ilə tamamlanmışdır.
Monoqrafiyada təəssüflə qeyd olunur ki, sovet dövründə Böyük Vətən Müharibəsindən sonra çıxan “Azərbaycan sovet ədəbiyyatı tarixi” kitablarında Almas İldırımdan nəinki bəhs edilməmiş, bu adda şairin adı belə tutulmamışdır. Bu, kommunist partiyasına nökərçilik edən tendensiyalı, vulqar ədəbiyyat-şünasların milliyyətçi şairə qərəzli və konyunktur münasibətinin nəticəsi idi. Belə qərəzkar qələm adamları Almas İldırıma artıq otuzuncu illərin əvvəllərindən qənim kəsilmiş və onun yaradıcılığını proletar məfkurəsindən uzaq olduğu üçün danmağa və gözdən salmağa çalışmışlar.
Almas İldırımın yaradıcılığına əsil qiyməti onun mühacirətdə fəaliyyət göstərən qələm yoldaşları vermişlər. Ədibin Bakıda çıxan “Dağlar səslənirkən” kitabı mənfi qiymət alsa da, 1936-cı ildə İstanbulda çıxan “Boğulmayan bir səs” kitabı geniş və obyektiv müqəddimə ilə işıq üzü görmüşdü. Bu müqəddimədə Almas İldırım milliyyətçi və vətənpərvər Azərbaycan ədəbiyyatının istedadlı yazarı kimi təqdim olunur və milli mücadilə baxımından onun mübariz lirikasının əhəmiyyəti, mübariz gəncliyin tərbiyəsi üçün dəyəri ətraflı səciyyələndirilirdi. Bəkir Nəbiyev bu kitab haqda yazır: “Bütünlükdə “Boğulmayan bir səs” kitabındakı şeirlər də, Almas İldırımın özünün oxucularına müraciəti də başdan-başa Azərbaycanın sovet imperiyasının əsarətindən xilas olması ideyası ilə aşılanmışdır”.
Almas İldırım sözün həqiqi mənasında öz ədəbi şöhrətini, kitablarını gözü dolusu görməyən bir sənətkar olmuşdur. Bütün siyasi mühacirlər kimi onun da qürbətdə - Türkiyədə keçən ömrü ağır maddi və mənəvi məhrumiyyətlər içərisində yaşanmışdır. Bu isə ona vətəndən uzaqda kitablarını buraxdırmağa, əsərləri haqqında elmi, tənqidi fikirlər eşitməyə imkan verməmişdir. Onun Sovet İttifaqının tərkibində olduğumuz dövrdə bir kitabı, öz sağlığında Türkiyədə isə 1936-cı ildə bircə kitabı çıxmışdı. 1952-ci ildə vəfat etdikdən bir il sonra, yəni 1953-cü ildə onun Türkiyədə “Seçilmiş əsərləri” işıq üzü görmüşdür.
Bəkir Nəbiyev öz kitabında bu nəşri ətraflı təhlil etmiş, ona əhatəli müqəddimə yazmış Əbdülvahab Yurdsevərin elmi əməyinə, şairə verdiyi dəqiq qiymətlərə görə ona minnətdarlıq etmişdir. Ə.Yurdsevər şairin poeziya amalını qısaca belə səciyyələndirir: “O, tamamən Azərbaycan və türklük üçün yaşamış və çalışmışdır”. B.Nəbiyev haqlı olaraq qeyd edir ki, Almas İldırım haqqında bəhs edən bütün sonrakı tədqiqatçılar və jurnalistlər “Seçilmiş əsərlərin” 1953-cü il nəşrinə əsaslanmışlar. Burada Feyzi Ağüzümün verdiyi “tərcümeyi-hal” da sonrakı tədqiqatçılar tərəfindən təkrar edilmişdir.
Monoqrafiyanın son variantında Bəkir Nəbiyev şairin bioqrafiyası ilə bağlı materialları toplayıb ümumiləşdirmiş və onun, xüsusilə Bakı dövrü həyatının doğru elmi mənzərəsini yarada bilmişdir. Uşaqlığı Çəmbərəkənddə keçən gələcək şair orta tacir ailəsində doğulmuş, dövrün öz yaşıdı olmuş aparıcı şair və yazıçıları ilə dostluq etmişdir. Lakin onlardan şairə vaxtilə ən yaxın olanı - Süleyman Rüstəm hələ 1927-ci ildən başlayaraq, onun haqqında “sinfi düşmən” kimi bəhs etmişdir. S.Rüstəm o zamanlar “Qızıl qələmlər” cəmiyyətinin rəhbəri olduğundan, onun bu mövqeyi həm ədəbi mühitdə, həm də bu mühiti idarə etmək və nəzarət altında saxlamaq istəyən Dövlət Siyasi İdarəsindəki dairələrdə müəyyən rəy yaratmışdır. Sonralar Almas İldırımda sovet proletar ədəbiyyatı platformasına rəğbət əlamətləri görsənəndə belə, ona hücumlar davam etmişdir. Yaşca Almas İldırım cavan proletar kadrları nəslinə - S. Rüstəmə və S. Vurğuna yaxın idi. Lakin onu o zaman proletar yazıçısı platformasına zidd sayılan yaşlı “cığırdaş” müəlliflər sırasına salmışdılar. Bunun səbəbi o zaman müsavat ideyalarına rəğbət bəsləyən gəncliklə proletar platformasına tərəfdar cavan ədiblər arasındakı qütbləşmə idi. Bu qütbləşmə o zaman bolşevik partiya orqanları, onların təbliğatla məşğul olan kadrları tərəfindən qızışdırılırdı. Nəticədə 37-ci ildə cığırdaş sayılan qələm adamlarının hamısı fiziki cəhətdən məhv edildi və bu, milli ədəbiyyatımızın faciəsi oldu.
Almas İldırım 1935-ci ildə Azərbaycanı tərk edib İrana getməli oldu. Amma bundan əvvəl onu Dağıstana, Dərbənd şəhərinə, ordan isə Türkmənistanın paytaxtı Aşqabada sürgün etmişdilər. Lakin bu sürgünlər zamanı o, yenə də bolşevik siyasi orqanlarının nəzarəti altında olmuş və haqqında ifşaedici və alçaldıcı məqalələr çıxmışdır. Bu məqalələrin əsil təşkilatçısı milli hərəkatın qalıqlarına qarşı mübarizə aparan məxfi orqanlar idi. Onu türkiyəpərəst və müsavatçı sayılan Əhməd Cavadla bir cərgəyə qoyur və sinfi düşmən kimi, türk millətçiliyi fikirlərinin təbliğatçısı kimi damğalayırdılar.
1935-ci ildə Almas İldırım böyük çətinliklərlə İrandan Türkiyəyə gəlir və ömrünün son 17 ilini bu ölkədə yaşayır. Bəkir Nəbiyev göstərir ki, əvvəllər bir sıra maddi və məişət çətinliklərinə baxmayaraq, Almas İldırım orada mənzillə təmin edilir və yaradıcılıq üçün rahat şərait tapır. Lakin bir sıra şeirlərindən görünür ki, Almas İldırım Türkiyədə də özünü qürbətdə saymış və mənəvi cəhətdən özünü narahat hiss etmişdir. Bunun mühüm səbəbi onun böyük ustası olduğu Azərbaycan şeir dilindən və xalq danışıq dilindən uzaqlığı idi. 20-30-cu illərdə Almas İldırım sadə Azərbaycan dilində yazan ən aparıcı şairlərdən biri sayılırdı. Vətən, torpaq, ana həsrəti onun şeirlərinin əsas motivlərindən idi:
Mən deyirdim ki, bir gün varıb ana yurduma,
Öpərsiniz anamın toz basmış məzarını.
Gözlədiyim o gündə mən ölmüş olsam belə,
Siz mənsiz gəzərsiniz Bakının Xəzərini.
Bəkir Nəbiyev monoqrafiyada Almas İldırımı Azərbaycan mühacirlərinin taleyinin lirik tərcümanı kimi təqdim edir. Onun poeziyasındakı ağır kədər, nisgil, həsrət və faciə motivləri müasirlərinin heç birində olmayan təsir qüvvəsi ilə ifadəsini tapmış, xalqımızın demokratik respublikadan sonrakı faciələrinin parlaq poetik təcəssümü olmuşdur. Şairin poeziyamızın tarixindəki yerini Bəkir Nəbiyev ilk növbədə bunda görür.
“İstiqlal şairi” monoqrafiyası6 1988-1992-ci illərdə baş vermiş xalq hərəkatının öndərlərindən biri, şair Xəlil Rzaya həsr edilmişdir. Alim Xəlil Rzanı həm də bir dost kimi tanıyırdı, onlar universitet yataqxanasında bir otaqda qalmışdılar. Ona görə alim Xəlil Rzanın təkcə yaradıcılığını deyil, həyat yolunu, bioqrafiyasını da bütün incəliklərinə qədər qələmə ala bilmişdir. Xəlil Rza çılğın bir şəxsiyyət, çoşğun ilhamlı bir şair idi, sovet rejimi ilə üzücü və qeyri-bərabər mübarizələr aparmış, zindan əzablarını yaşamışdı.
Xəlil Rzanın yaradıcılığı da onun şəxsiyyəti kimi tükənməz və böyükdür. Bəkir Nəbiyev əsas diqqətini şairin istiqlalçılıq ideyaları ilə əlaqələrinə və bu mövzunu necə işləməsi məsələlərinə yönəltmişdir. Bu problemlər şairin lirikası ilə yanaşı, onlarla lirik poemalarında davam etdirilmişdir. Ona görə alim, Xəlil Rzanı həyatını milli istiqlal ideyalarına həsr etmiş bir sənətkar kimi təqdim etməyə çalışır və buna nail olur.
Monoqrafiyada ciddi yer tutan digər mühüm mövzu şairin Cənubi Azərbaycanın taleyinə həsr etdiyi poemalarıdır. Bu qiymətli əsərlərin çoxu avtobioqrafik xarakter daşıyır və onlarda şairin öz möhtəşəm obrazı da diqqəti cəlb edir. Xəlil Rza cənubla şimalın birliyinə, xalqımızın azadlıq taleyinə dərindən inanan bir yaradıcı idi.
Məhz müstəqillik dövründə alim Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Yorulmaz ədib Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışaraq, elmi tədqiqatların təşkilinə, yeni ədəbiyyatşünas kadrların hazırlanmasına böyük enerji sərf etmişdir.
Ədəbiyyat:
Nəbiyev B. Görkəmli tənqidçi və ədəbiyyatşünas, B., Elm, 1963
Nəbiyev B. “Böyük Vətən Müharibəsi və Azərbaycan ədəbiyyatı”, B., Elm, 1977
Nəbiyev B. Əhməd Cavad, Gəncə, 1993.
Nəbiyev B. Xəzan vurmasın, B., 2006.
Nəbiyev B. Didərgin şair, B., 2005
Nəbiyev B. İstiqlal şairi, B., 2001.
Akademik Bəkir Nəbiyev, soraq kitabı, B., 2010
II FЯSИL
XX ƏSRİN 60-70-Cİ İLLƏRİNDƏ MİLLİ CƏRƏYAN
BƏXTİYAR VAHABZADƏ
(1925-2009)
Həyatı və fəaliyyəti. Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdur. İbtidai təhsilə də buradakı 1 nömrəli məktəbdə başlamışdır. 1934-cü ildə şairin ailəsi Bakıya köçmüş və balaca Bəxtiyar təhsilini 176 nömrəli məktəbdə davam etdirmişdir. Orta məktəb illərində gələcək şairə İbrahim Cəfər adlı ədəbiyyat müəllimi böyük təsir göstərmiş, balaca Bəxtiyarda poeziyaya və ədəbiyyata dərin məhəbbət oyatmışdır. Yuxarı siniflərdə sevimli müəllimi Bəxtiyarın şeirlərinin ilk oxucusu və məsləhətçisi olmuşdur.
Gənc şair hələ məktəb illərində şeir və dram dərnəklərinin üzvü olmuş, bədii sözə marağı, müstəqil düşüncəsi ilə hörmət qazanmışdı. 1942-ci ildə orta məktəbi qurtaran gənc şair artıq ilk poemasını - Məhəmməd Hadiyə həsr olunmuş «Xəzan bülbülü» əsərini yazmışdır. Həmin il Bəxtiyar Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur və burada da istedadı ilə müəllim, tələbə kollektivinin diqqətini cəlb edir. Universitet illərində Bəxtiyar fakültədə Mir Cəlalın rəhbərlik etdiyi Ədəbiyyat dərnəyinin fəal üzvü olur, bir sıra cavan şairlərlə birgə ədəbi müzakirələrdə iştirak edir. Şairin burada oxuduğu uğurlu və bəyənilən şeirləri «Gəncliyin səsi», «Gənclik töhfəsi» kimi almanaxlarda çap olunur.
1947-ci ildə universiteti bitirən Bəxtiyar həmin ildə aspiranturaya daxil olur. 1950-ci ildə «Səməd Vurğunun poeziyası» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir.
Bəxtiyar Vahabzadə namizədlik dissertasiyası müdafiə etdikdən sonra universitetdə müəllimlik fəaliyyətinə başladı. Bir müddət sonra şair böyük məhəbbət bəslədiyi Səməd Vurğun haqında dissertasiyasını yenidən işləyib genişləndirdi və 1964-cü ildə «Səməd Vurğunun yaradıcılıq yolu» adlı doktorluq dissertasiyası müdafiə etdi. 1968-ci ildə şairin S.Vurğun barədə çoxillik tədqiqatlarının nəticəsi olan «Səməd Vurğun» monoqrafiyası çapdan çıxdı. Şairin müasir ədəbiyyatımızın müxtəlif problemlərinə həsr olunmuş «Şair və zaman» kitabına(1975) isə ədəbi-tənqidi məqalələri daxil edilmişdir.
Bəxtiyar Vahabzadənin elmi-pedaqoji fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlıdır. O, 1984-cü ildə «Xalq şairi» adı almış, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, sonralar isə həqiqi üzvü seçilmişdir.
Bəxtiyar Vahabzadənin poeziyası rus və bir sıra xarici dillərə tərcümə edilmişdir. Moskvada şairin rusca bir neçə kitabı çıxmışdır. Şair böyük ingilis klassiki Corc Bayronun «Abidos gəlini» poemasını ana dilimizə gözəl bir dillə tərcümə etmişdir. Şair müxtəlif illərdə tərcüməçiliklə məşğul olmuş, rus klassikləri A.S.Puşkindən, M.Y.Lermontovdan, N.A.Nekrasovdan və b. şairlərdən tərcümələr etmişdir. Şair ancaq öz vətəndaş əqidəsinə uyğun olan əsərləri çevirmişdir.
Sovet dövlətinin məxfi orqanları şairi daim nəzarətdə saxlamışdır. Onun vətənpərvərlik poeziyasına yuxarılarda mənfi münasibət bəslənsə də, sovet məmurları onun xalq içərisindəki böyük şöhrəti ilə gec də olsa, hesablaşırdılar. Ədib Əməkdar incəsənət xadimi (1974), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1976), Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuş, müstəqillik dövründə isə Şöhrət ordeni almışdır.
Bəxtiyar Vahabzadə fəal bir ictimai xadim, xalqımızın sevimli şairi və böyük ağsaqqalı olmuşdur. Sovet dövründə onun nüfuzu qeyri-rəsmi xarakter daşıyırdı. Partiya məmurları onu sevmir, ondan çəkinir, lakin həm də onun böyük nüfuzu ilə hesablaşırdılar. Elmi və ədəbi, ictimai məclislərdə şairin sözü həmişə eşidilmiş, sevilmiş və böyük rəğbətlə qarşılanmışdır.
1988-ci ildə Qarabağ torpaqları uğrunda xalq hərəkatı və Ermənistanla elan edilməmiş müharibə başlananda Bəxtiyar Vahabzadə bu hərəkatın həm mənəvi, həm də faktiki liderlərindən biri oldu. Ən böyük ümumxalq mitinqlərində yüz minlərlə insan onu yekdilliklə tribunalara dəvət edirdi. Bu da təsadüfi deyildi. Minlərlə vətənpərvər və milli ruhlu gəncin formalaşmasında onun vətənpərvərlik poeziyasının böyük rolu olmuşdu. B.Vahabzadə sovet dövründə milli ruhlu ədəbiyyatın və qeyri-rəsmi hərəkatın başlıca lideri idi. Sovet məxfi orqanlarından qorxan ziyalı kütləsini erməni təcavüzünə qarşı Xalq hərəkatına cəlb etməkdə şairin böyük rolu olmuşdur.
Yaradıcılığı. Bəxtiyar Vahabzadə müasir Azərbaycan poeziyasında milli istiqlal və azadlıq ideyalarını yenidən bərpa edən görkəmli xalq şairimizdir. Sovetlər dövründə milli varlığımızın, yurdumuzun və ana dilimizin taleyi barədə vətəndaş narahatlığı onun poeziyasının ən qiymətli cizgiləridir. Qədim şeirimizin müdriklik, fəlsəfi dərinlik kimi ənənələrini ədib müasir şeir üslubu ilə üzvi şəkildə birləşdirmişdir.
Gənc şairin əsgər məktubuna həsr olunmuş «Ana və şəkil» adlı ilk şeiri 1943-cü ildə dərc olunmuşdur. İlk kitabı isə Bakıda «Mənim dostlarım» adı ilə 1949-cu ildə işıq üzü görmüşdür. Şair yaradıcılığının ilk illərində az, amma yaxşı yazırdı, məhsuldarlığı ilə seçilmirdi. Lakin bədii məzmun, fikir təzəliyi və zənginliyi baxımından ilk şeirlərindən diqqəti cəlb edirdi. Sonrakı illərdə onun «Əbədi heykəl» (1953), «Sadə adamlar» (1954), «Ceyran» (1957), «İnsan və zaman» (1964) və s. kitabları çıxmışdır.
1959-cu ildə şairin «Gülüstan» adlı poeması dərc olundu və B.Vahabzadəyə S.Vurğunun azərbaycançılığının əsas davamçısı kimi geniş şöhrət qazandırdı. Xalqımızın azadlıq və müstəqillik ideallarını tərənnüm edən bu poema geniş əks-səda yaratdı, 60-70-ci və sonrakı illərdə poeziyamızın rəsmi ədəbiyyata müxalif olan vətənpərvərlik xəttini ədəbi istiqamətə çevirdi. Bəxtiyar Vahabzadə böyük vətənpərvər şair kimi sevildi. Şair özünə qarşı ümumxalq sevgisi haqqında yazırdı:
Sevdim səni bildim ki, mənim öz sifətim var,
Bildim oğulam,
öz anam, öz məmləkətim var.
Xalq sevdi məni,
Ey mənim şöhrətim, andım,
Sevdim və sevildim!
Bu böyük sevgini yalnız
Hər gün daha çox
Mən səni sevməklə qazandım.
Vətən mövzusu. Ədəbiyyatda ilk addımlarından B.Vahabzadənin poeziyasının ən başlıca qayəsi olan vətən mövzusu özünü qabarıq şəkildə büruzə vermişdir. Gənc Bəxtiyar ədəbiyyata böyük Səməd Vurğunun azərbaycançılığının, yurd sevgisinin təsiri altında qədəm qoymuşdur. Lakin o, Azərbaycan xalqının azadlıq və müstəqil dövlət uğrunda mübarizələr tarixini daha yaxından öyrəndikcə, mühüm bir nəticəyə gəldi: Azərbaycan Demokratik Cümhuriyyəti dövründəki milli hərəkat, Cənubdakı Xiyabani hərəkatı, S.Vurğunun azərbaycançılığı, Cənubi Azərbaycanda 1941-1946-cı illərdə baş vermiş milli hərəkat və qurulmuş Milli Hökumət də eyni zəncirin həlqələridir. Onları qarşı qoymaq yox, onların hamısının qədirbilən varisi olmaq lazımdır. Bu nəticə yeni bir milli proqram idi və B.Vahabzadə bu proqramın poeziyada əsas icraçısı oldu.
1941-1946-cı illərdə Cənubdakı Milli dirçəliş hərəkatı B.Vahabzadənin mənsub olduğu bütün şairlər nəslinə, tələbə və gəncliyə dərindən təsir göstərmişdi. Xüsusilə 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrına kimi Cənubda qurulmuş Milli Hökumət, bu hökumətin xalqımızın birliyini qorumaq istiqamətində apardığı tədbirlər o zaman ədəbi gəncliyin də gözünü açmış, xalqın tarixi taleyi məsələsini ortaya gətirmişdi. Bu proseslərə o zaman sovet mətbuatında da geniş işıq salınırdı, buna görə hadisələr gəncliyə böyük təsir göstərmişdi.
Vətən və onun taleyi mövzusu B.Vahabzadə yaradıcılığında bir mərhələ və dövr deyildir: bəlkə onun bütün yaradıcılığı boyu davam etmiş aparıcı mövzudur. Cənubda yaranmış Milli hökumətlə bağlı yenidən ortaya gələn müstəqil Azərbaycan problemi illər keçdikcə aşkar və rəmzi, üstüörtülü şəkildə şairin yaradıcılığının leytmotivi kimi qalır. Əlbəttə, bolşevik ideologiyasının hökmran olduğu şəraitdə Azərbaycan xalqının milli taleyi barədə açıq şəkildə yazmaq mümkün deyildi: bu halda şair mütləq repressiyaya uğrayar və şikəst edilərdi. Milli ruhlu şeirlərinə görə B.Vahabzadə həbs edilməsə də, daim təqib olunurdu, nəticədə şair xalqın milli taleyi haqda şeirlərini müxtəlif rəmzlər, eyhamlar, ikimənalı obrazlar və vəziyyətlər vasitəsi ilə qələmə alırdı. Millət və milli sözləri o zamanlar az qala ziyanlı və qadağan olmuş sayıldığından şair çox zaman vətən və vətəndaşlıq anlayışlarından istifadə edirdi.
Vətəndaş - şairin milli və estetik idealıdır. Bu sözlə şair milli varlıq uğrunda vuruşa bilən və ölümə hazır olan bir döyüşçünü nəzərdə tutur. Bu döyüşçünün obrazı şairin çoxlu şeirlərində yaradılır. «Şəhid məzarları», «Mənə nə var», «Bəsdir», «Vətən var», «Sevdim, bildim ki,..», «Təyyarələr» şeirləri bu qəbildəndir. Sonuncu şeirdə şair milli döyüşçü idealını öz mənzilinə doğru yolda mərdanə surətdə ölən təyyarə obrazına bənzədir. Vətənin ideal oğlu da vətən uğrunda mübarizə yolunda ölməlidir.
Şair bilirdi ki, müstəqilliyə gedən yol qurbanlar və şəhidlər tələb edəcəkdir. Azadlığa çıxan xalqların tarixi bunu təsdiqləyirdi. Belə oğullar tərbiyə etmədən, yetişdirmədən vətən haqda danışıqlar boş söhbətə çevrilir. Şair Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizələrinin tarixini gözəl bilirdi və öz əsərlərində əks etdirirdi. 1975-ci ildə yazılmış «Şəhid məzarları» şeiri bu sıradan olan parlaq misallardan biridir. Şəhid - hərfi mənada Allah, din, vətən, namus yolunda ölən insanlara deyilir. Lakin xalqımızın azadlıq mübarizələri tarixində çarizmə qarşı xalq üsyanlarının qurbanlarına da, 1920-ci ildə Demokratik Respublikanın süqutundan sonra qırılanlara da, Təbrizdə Xiyabani və S.C.Pişəvərinin rəhbərliyi ilə aparılmış milli hərəkatların öldürülən döyüşçülərinə də xalq içində şəhid deyilmişdir. 1990-cı ilin 20 yanvarında sovetlər ordusunun cəza dəstələri tərəfindən vəhşicəsinə öldürülən onlarla Azərbaycan gəncinə də xalqımız 20 yanvar şəhidləri deyir, onların uyuduğu qəbiristan da Şəhidlər Xiyabanı adlanır.
Şair hələ SSRİ-nin dağılmasından söhbət getməyən uzaq 1975-ci ildə şəhidliyi milli oğul və döyüşçü idealı kimi tərənnüm edirdi: çünki yalnız döyüşlərdə xalqın milli varlığı qorunur və təsdiq olunur, düşmənlər tərəfindən də etiraf edilir. Şair şəhid döyüşçü məzarında xalqın tarixinin və azadlıq ideallarının ən parlaq və şərəfli təcəssümünü, şahidini görür:
Şəhid məzarları…Düşmən qənimi
Vətənin köksündə vüqarla durub.
Mənim varlığımı bir təsdiq kimi,
Yurdun sinəsinə möhürlər vurub.
Şəhidlər daim xalqın xatirindədirlər, onlar bizim yaddaşlarımıza həkk olunublar və milli ideallara işıq saçırlar. 1988-ci ildə Qarabağ torpaqlarını qorumaq uğrunda xalq müharibəsi başlananda, xalqımızın şəhidlik yaddaşı köməyə gəldi, minlərlə igid vətən oğulları torpaqlarımızı qorumağa könüllü getdilər, unudulmaz qəhrəmanlıq nümunələri göstərib həlak oldular. Şair sanki onların tarixi hünərini qabaqcadan görür və alqışlayırdı:
Şəhidlər boylanır əsrlər üstdən,
Dolanır zəmanə,
Dönür qərinə,
Necə yaşamağı, necə ölməyin,
Təhrini öyrədir nəvələrinə.
1990-cı ilin baharında şair 20 yanvar şəhidlərinin qəhrəmanlığına həsr etdiyi «Şəhidlər» poemasını yazdı və onların igidliyini əbədiləşdirdi. Onlar şairin şeirlərində yaratdığı Azərbaycan istiqlalının döyüşçüsü obrazının tarixi gerçəkliyə çevrilmiş nümayəndələri idilər. Onlar şairin poeziyasının əsas qəhrəmanı olmuş ideal vətən döyüşçüləri idilər. Onların uyuduğu Şəhidlər Xiyabanı bu gün xalqımızın ən müqəddəs yeridir.
Şair «Vətəndaş» şeirində insanın vətən qarşısındakı borcunu, bəndənin Allah qarşısındakı borcuna bənzədir. Vətənin bitirib yetirdiyi oğul özünə yox, ilk növbədə, vətənə məxsusdur. Axı vətən əbədidir, onun əbədi yaşaması üçün bəzən övladlarının onun uğrunda döyüşə girib şəhid olması gərək olur. Vətənin, milli dövlətin müstəqilliyinin, əbədiliyinin başqa yolu yoxdur:
Bilirik , dünyaya biz niyə gəldik,
O bizi yaradan, biz ona bəndə.
Yaradan uğrunda ölməyə gəldik.
Digər bir şeirində şair vətəndaşların öləri, vətənin isə əbədi yaradıldığı üçün Allaha şükür edir. Çünki vətənçün yüz-yüz qurbanlar və itkilər olsa da, o, min-min yeni nəsillər bitirir. Bu, vətənin əbədiliyi və tükənməzliyidir:
Yüz-yüz itən olsun,
Min-min də bitən var.
Şükür eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra vətən var.
Şair vətənin bütövlüyü barədə danışmaq üçün hər bir obrazdan istifadə edir. Doğma yurdu Şəki haqqında şeir yazmadığını irad tutan oxucu məktubuna cavab verən şair böyük vətən və böyük milli birlik haqqında danışır. Bu da çox təbiidir, çünki B.Vahabzadə ömrü boyu özünü bütöv və böyük Azərbaycanın milli şairi kimi dərk edib, bu missiyanın daşıyıcısı olması ilə fəxr edib:
Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili,
şirvanlı,
qarabağlıyam.
Bütöv vətənimə bütöv bağlıyam.
Bir eldə doğulub xoşbəxtəm ki, mən,
Böyük bir vətənə oğul olmuşam.
Ana dili məsələsi. Ana dili mövzusu şairin yaradıcılığından qırmızı xətt kimi keçir. Dil insanı vətənə bağlayan amil, milli varlığın daşıyıcısı, xalqın varlığının mənəvi pasportudur. Ana dilinə münasibət şair üçün xalqa münasibətdir: dilin hörməti yoxdursa, deməli, xalqa münasibət pisdir. Şair hələ 1954-cü ildə «Ana dili» şeirində dilimizə xor baxanlara qarşı amansızlıqla yazırdı:
Ey doğma dilində danışmağı ar bilən,
fasonlu ədəbazlar,
Qəlbinizi oxşamır, qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.
Şair yaxşı bilirdi ki, insanın vətən, yurd hissi onun ana dilinə ayrılmaz şəkildə bağlıdır: insanlar öz doğma dillərini itirəndən sonra onlarda həqiqi vətən hissinin olması mümkün deyildir. Beləcə, ana dilinin taleyi xalqın gələcək taleyinə ayrılmaz şəkildə bağlanır. Cənubi Azərbaycanda xalqın milli ruhunu qırmaq istəyən simasızlar da dilimizə böhtan atır, onu yad köklərə bağ-lamağa çalışırlır. Şair «Cavab» adlı şeirində belə çirkin iftiralar yayan mənşəcə azərbaycanlı alim Yəhya Zəkaya öldürücü bir cavab yazmışdır:
Ey sözündən əmin, özündən razı,
Yalanı söylədin kimin adından,
Ananın laylası, atanın sazı,
Babanın ocağı çıxdı yadından?
Sovetlər quruluşu zamanında sözdə millətlərin mədəniyyəti təriflənsə də, əməldə belə deyildi. Xüsusilə milli respublikaların dillərinin inkişafına mənfi münasibət mövcud idi. Kommunist məfkurəsi sözdə beynəlmiləlçi olsa da, əməldə sovet xalqlarının dillərinə eyni münasibət yox idi, bu sahədə xüsusi məhdudiyyətlər qoyulmuşdu. Dövlət və partiya orqanlarında, orduda bütün sənədləşmə və ünsiyyət ancaq rus dilində aparılırdı. Rəsmi dövlət adamları məclislərdə ancaq rusca danışırdı. Rus dilli orta məktəblərin sayı süni surətdə artırılır və aşkar ruslaşdırma siyasəti aparılırdı. İranda Azərbaycan dilinin vəziyyəti daha pis idi: burada ana dilində təhsil yox idi və azərbaycanca kitab çapı da qadağan edilmişdi. Belə vəziyyət vətənpərvər şairi qəzəbləndirirdi. «Gülüstan» poemasında şair bu qəzəbi belə ifadə etmişdi:
Təbriz də, Bakı da Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq,
Kağızlar üstündə bölmək asandır.
Ana dilinin sıxışdırılması barədə hər hansı söz danışmaq millətçilik kimi damğalanır və repressiyalara səbəb olurdu. Belə bir ağır şəraitdə B.Vahabzadə bir çox şeir və poemalarında ana dili probleminə qayıdır və onun alovlu təəssübkeşi kimi çıxış edirdi. Çünki dil sahəsində aparılan siyasət nəinki ana dilimizin inkişafına yardım etmir, əksinə onun nüfuzunun azalmasına və inkişafının ləngiməsinə səbəb olurdu.
Ana dili barədə açıq yazmaq qadağan olduğu zamanlarda B.Vahabzadə ana dili məsələsini qaldıran «Latın dili» adlı şeirini yazmışdı. Latın dili qədim Roma imperiyasının dili idi. Bu imperiya çoxdan süqut edib tarix səhnəsindən getmişdi, lakin onun dili bütün dünyada elm və təbabət dili kimi yaşayırdı. Bu şeirlə şair əslində özü yaşayan, lakin dili ölən xalqların vəziyyətini və dərdini ortaya gətirirdi.
Dil xalqın bütün yaddaşını və tarixi təcrübəsini özündə birləşdirən bir xəzinədir. Millətləri birləşdirən əsas amil dil birliyidir və xalqın mənəvi birliyi də buradan doğur. «Mənim anam» şeirində şair ana və ana dili anlayışlarını yanaşı qoyur, onlar arasında fərq görmür: savadsız anasını öz əsərlərinin əsl müəllifi adlandırır.
Yox mən heçəm, mən yalanam,
Kitab-kitab sözlərimin
Müəllifi - mənim anam.
Poemaları. Bəxtiyar Vahabzadənin bir vətənpərvər şair kimi orijinallığı və sovet ədəbiyyatı prinsiplərindən uzaqlaşmaq səyləri onun poemalarında özünü daha qabarıq göstərir. Şairin ənənəvi sovet mövzularına - əməyə, müsbət qəhrəmanlara, partiyaya, Leninə və s. həsr olunmuş poeması yoxdur. İlk poemaları olan «Gülüstan», Füzuliyə həsr olunmuş «Şəbi-hicran», el muğamlarına həsr olunmuş «Muğam», dahi xalq şairi Sabirə həsr olunmuş «Ağlar-güləyən» kimi əsərlər 60-cı illər poeziyasında yeni hadisə idi və şairin yaltaq poeziyadan və mövzulardan uzaqlaşmaq səylərini ifadə edirdi. Bu poemaların hamısında klassik ədəbiyyatımızın ovqatları, qəm, kədər, iztirab motivləri müşahidə olunur. Şair azadlıq və müstəqillik arzuları ilə yaşayan Azərbaycan xalqının dərdlərini və faciələrini birbaşa təsvir edə bilməzdi, bu halda mütləq repressiyalara məruz qalardı. Ona görə klassik ədəbiyyat motivlərindən, Füzuli, Sabir kimi böyük şairlərin xalq kədərindən yazmaqla, mənsub olduğu millətə sovet zülmünün verdiyi kədəri qələmə aldı.
Şairin ən yaxşı poemaları sırasında «İstiqlal», «Təzadlar», “Qiymət”, «Atılmışlar», «Şəhidlər» kimi əsərlərin xüsusi yeri vardır. Bunların hamısında simvolik mövzu kimi xalqın azadlıq arzuları öz əksini tapır, milli qeyrətsizlik, maddiyyat düşkünlüyü, vətəndaşlıq şüurunun məhdudluğu kimi eybəcərliklər tənqid olunur. Şair həyatdakı hər xırdalığa belə, xalqın tarixi arzuları və mənafeləri zirvəsindən baxır və qiymət verir.
B.Vahabzadənin sovet vaxtı yazdığı bütün poemaların həm birbaşa, həm də rəmzi və simvolik mənaları vardır. Onları araşdırarkən bu əsərlərin ikinci mənalarına daha artıq diqqət yetirilməlidir.
«Gülüstan» poeması. Rus imperiyası ilə İran arasında 1804-1813-cü illərdə getmiş müharibə nəticəsində İran məğlub oldu. Məğlubiyyətin nəticələrini əks etdirən Gülüstan müqaviləsi 1813-cü il noyabrın 5-də Gülüstan kəndində bağlandı. Şimali Azərbaycanın indiki əraziləri Rusiyaya verildi və Azərbaycan tarixində bu müqavilə xalqımızın ikiyə bölünməsinin rəmzi kimi qaldı.
Xalqımızın sərhədlə ayrılan iki dövlət arasında qalması S.Vurğun, S.Rüstəm, Şəhriyar kimi şairlərin yaradıcılığında da kədərlə xatırlanmışdır. Lakin B.Vahabzadənin yaradıcılığında bu mövzu yeni bir mənada qoyulur, Azərbaycan xalqının bir dövlət halında birləşməsi idealı kimi qələmə alınır. Sovet dövründə Azərbaycan Respublikasının ərazisi formal olaraq həm də Sovet dövlətinin ərazisi sayıldığından, Azərbaycanın ikiyə bölünməsi və ya gələcək birliyi barədə danışmaq qadağan idi. Senzura belə əsərləri buraxmırdı. Ona görə şair «Vətəndən-vətənə» adlı şeirində deyir:
Arazın bu tayı vətən,
O tayı vətən.
Vətəni görməyə amanım yox mənim.
Senzura mülahizələrini nəzərə alan şair Şəkidə buraxılan rayon qəzetinə üz tutdu və «Gülüstan» poemasını ilk dəfə 1959-cu ildə orada dərc etdirdi. Əsərin üzə çıxmasından keçən ilk vaxtlarda yuxarı dairələr poemadan xəbər tutmamışdılar. Lakin əsər Bakıda, gənclər və tələbələr, cavan yaradıcı ziyalılar arasında geniş yayılandan sonra şairə qarşı təzyiqlər başlandı, az qala onu müəllimlik hüququndan məhrum edəcəkdilər. Lakin məsələ soyusa da, B.Vahabzadənin üzərinə millətçi damğası qoyuldu və o, daimi nəzarətə götürüldü. Onun universitetdə oxuduğu mühazirələr belə, yazıya alınıb təhlil edilir, sonra isə müəlliflə profilaktik söhbətlər aparılırdı.
Əslində isə, «Gülüstan» poemasına görə B.Vahabzadənin cinayət məsuliyyətinə cəlb edilməməsinin ümumi siyasi səbəbləri vardı: Stalinizm üç il əvvəl ifşa olunduğundan repressiya metodlarından istifadə böyük səs-küy yarada bilərdi. Məxfi cəza orqanları bundan çəkindilər… Lakin 1963-cü ildə Azərbaycan xalqını Gülüstan müqaviləsinin 150 illiyini bayram kimi qeyd etməyə məcbur etdilər. Bu, xalqımıza qarşı təhqiramiz hörmətsizlik idi.
Şairin «Gülüstan» poeması, əslində tarixi mövzulu bir əsər olmaqdan daha çox, Azərbaycanın sovetlər tərkibində olmasına sərt bir bədii etiraz idi. Şair Gülüstan müqaviləsinə imza atan hər iki tərəfi Azərbaycanın sinəsinə dağ çəkən qan düşmənləri kimi ifşa və rədd edirdi. Müəllif poemada qarşıya qoyduğu qayəni gizlətməmiş və onu əsərin aşağıdakı epiqrafında açıq-aşkar bildirmişdi: «Azərbaycanın birliyi və istiqlalı uğrunda çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə.» Göründüyü kimi, lap epiqrafdan başlayaraq şair Azərbaycanın birliyinin və istiqlalının əsas düşmənləri kimi Sovet imperiyasına və İran monarxiya rejiminə meydan oxuyur:
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Şair Azərbaycanı bölən tərəflərin hər ikisini yad adlandırır və onların xalqın taleyi barədə ondan xəbərsiz hökm verməsinə qəzəb dolu etirazını bildirir. Azərbaycan - qeyrətli babaların yeni nəsillər üçün qoyduğu bir əmanətdir. Şair Azərbaycanın parçalanmasına imkan verilməsini xəyanət sayır, Tomrislərin, Koroğluların, Babəklərin ruhuna bir təhqir kimi qiymətləndirir. Özü isə vətən parçalanandan sonra romantik bir qürurla sanki yaşamaq istəmir, dünyanın dağılmasını arzulayır. Onun fəryadının və qəzəbinin, vicdan və namus ağrılarının həddi-hüdudu yoxdur, şair ağı demək dərəcəsinə gəlir:
Qoy ildırım çaxsın, titrəsin cahan!
Ürəklər qəzəbdən coşsun partlasın.
Daim haqq yolunda qılınc qaldıran,
İgid babaların goru çatlasın!
Qoy əysin başını vüqarlı dağlar,
Matəmi başlandı böyük bir elin.
Mərsiyə söyləsin axan bulaqlar,
Ağılar çağırsın bu gün qız, gəlin!...
Böyük bir xalqı ikiyə bölüb tarixi faciəyə düçar edən müqavilənin tərəfləri çox sakitdirlər. Şair onların hər birinin adsız obrazını yaratmışdır. Rusiya tərəfdən ipək yaylıqlı, yüngül eynəkli bir cənabdır. İran tərəfdən isə təsbehli bir qocadır. Onlar müqaviləni imzalayıb əl də verirlər, sakit-sakit gülümsəyirlər. Şairi qəzəbləndirən odur ki, Azərbaycanın öz qüvvələri, ikiyə bölünmüş qardaşlar siyasət meydanında yoxdur. Vətən ancaq göz yaşları tökə bilir. Ona görə şair özü xalq adından səsini qaldırır:
Bir deyən olmadı durun, ağalar!
Axı bu ölkənin öz sahibi var!
Siz nə yazırsınız bayaqdan bəri,
Bəs hanı bu yurdun öz sahibləri?
Poemanın əsas hissəsi vətənin parçalanmasına görə gah romantik etirazı, gah acı bir mərsiyəni xatırladır: müqavilə imzalanan vaxt günün və ayın üzü tutulur, göy guruldayır, səmanı qara buludlar alır. Güllər, çiçəklər bir gündə saralıb solur, Gülüstan kəndinin üstündə isə tarixi bir ləkə qalır. Eynəkli cənabla təsbehli qoca öz imzalarının üstünə möhür də vururlar: şair bu möhürü Azərbaycanın sinəsinə basılan dağ boyda bir dağ adlandırır. Şair qəzəbdən və imdadsızlıqdan üstündə müqavilə yazılan kağızı da qınayır:
Ey kağız parçası, əvvəl heç ikən,
Yazılıb, qollanıb yoxdan var oldun,
Böyük bir millətin başını kəsən,
Qolunu bağlayan hökmdar oldun.
Şair Azərbaycanın parçalanmasından sonra yaranan sərhəd dirəklərini, bir xalqı ikiyə bölən Arazı da qınayır. Lakin poemanın sonluğu nikbindir. Şair inanır ki, Təbriz də, Bakı da Azərbaycandır, bir xalqı, bir milləti, bir torpağı ancaq kağız üstündə iki bölmək olar. Şair xalqımızın tarixi birliyini bədənlə canın vəhdəti ilə müqayisə edir. Bunları bir-birindən ayırmaq olmaz. Təbrizdən müğənni Mustafa Payanın oxuduğu muğam da, yaranan yeni nəsillər də xalqın birliyini unutmur.
B.Vahabzadə poemanı «Heydərbabaya salam» poemasından gətirdiyi sitatla bitirir. Cənubdan gələn bu səs – Şəhriyarın 1954-cü ildə çap etdirdiyi poema şairin tarixi nikbinliyini artırır, inam doğurur ki, Azərbaycanın azadlığı və müstəqilliyi ideyası gələcək nəsillər tərəfindən də müqəddəs sayılacaqdır. 50-ci illərin ikinci yarısında Şəhriyarın bu poeması görünməmiş bir əks-səda yaratmış və xalqımızın birlik rəmzi olan əsər kimi səslənmişdi. B.Vahabzadə sanki öz səsini Şəhriyarın səsinə qatmaq istəyir:
Qovuşaydım dağdan axan selinən,
Ağlaşaydım uzaq düşən elinən.
Bir görəydim ayrılığı kim saldı,
Ölkəmizdə kim qırıldı, kim qaldı.
«Gülüstan» süjetsiz lirik bir poemadır. Burada ancaq müqavilənin imzalanması anı ümumi şəkildə təsvir edilib. Onun fikir kökləri epiqrafdan da göründüyü kimi, Azərbaycan xalqının azadlıq mübarizələri tarixinə, xüsusilə Pişəvərinin Cənubda, Təbrizdə qurduğu Milli Hökumətin taleyinə, «Heydərbabaya salam»ın misraları arasındakı ölməz milli ruha və kədərə söykənirdi. Lakin poemanın əsas qəhrəmanı müəllifin milli azadlıq ideyaları və ehtirasları ilə alışan qəlbi və düşüncəsidir. Biz misralar arxasında şairin xalqın uğursuz və hüquqsuz taleyi üçün keçirdiyi ürək ağrılarını və çırpıntılarını hiss edirik. Şair xalqın tarix boyu çəkdiyi azadlıq ağrılarını öz qəlbində duyur və sətirlərə çevirir, müasirlərinin vətəndaşlıq qürurunu oyatmaq üçün bütün istedadını səfərbər edir.
«İki qorxu» poeması. B.Vahabzadə bu əsərini hələ sovet dövründə, 1988-ci ilin avqustunda yazmışdır. Sovet dövlətinin süqutuna düz iki il qalırdı, lakin ölkədə aparılan yenidənqurma və demokratikləşmə siyasəti sovet quruluşunun dağılacağını reallıq kimi ortaya çıxarmışdı. Məhz belə bir şəraitdə Bəxtiyar Vahabzadə stalinizmin ən qəddar çağlarına təsadüf etmiş qara qorxulu gənclik illərinə qayıdır və həmin dövrün doğru və amansız ifşasını verən bu poemasını yazır. Poemanın əsas surəti cəllad adı ilə verilən İ.Stalindir. O, 1956-cı ildə sovet partiya rəhbəri N.Xruşşov tərəfindən kəskin tənqid olunsa da, poemanın yazıldığı ilə qədər Stalin haqqında cəllad kimi danışan bir əsərin sovet mətbuatında dərc edilməsi qeyri-mümkün bir şey idi. Ölkədə aparılan yenidənqurma siyasəti dövründə sovet dövlətinin tarixi, yenidən süzgəcdən keçirilirdi və şair də bu dalğada öz gənclik illərinin faciələrini əks etdirən «İki qorxu» poemasını yazmışdır.
Bu əsər ədəbiyyatımızda stalinizm siyasətinə, onun qəddar qanunlarının mənəvi sahədə doğurduğu ağır faciələrə həsr olunmuşdur. Poema avtobioqrafik xarakter daşıyır, onun əsas qəhrəmanları şair özü və onun dostu olmuş, sözlərinə musiqi bəstələmiş mərhum bəstəkar Qəmbər Hüseynlidir (1916-1961). Yaradıcılıq işi ilə əlaqədar onların arasında yaxın ünsiyyət olmuşdur. Şair Qəmbərin bir dəfə həbs olunub buraxıldığını bilir, amma bunun səbəbləri haqqında heç bir məlumatı yoxdur. Müəllif etiraf edir ki, dostundan bunu soruşa da bilmirdi, çünki o zaman həbs olunub siyasi ittihamla güllələnənlərin əksəriyyətinin günahı normal hüquqi dəlillərlə yox, ancaq guya antisovet söhbətlərin aparılması ilə sübut olunurdu. Hər iki dost bunu bildiyi üçün bir-birindən şübhələnir, biri digərinin məxfi orqanların agenti olmasını fərziyyə şəklində olsa da, ürəklərinin dərinliyində güman edirdilər. O zaman qonşu digər qonşu haqqında məxfi orqanlara xəbərçilik edirdi, digər qonşu isə birinci haqqında xəbərçilik edirdi. Buna oxşar hallar çox yayıldığına görə, qonşuluqda yaşayıb işləyənlər bir-birindən qorxur, görüşəndə ancaq yaradıcılıq məsələləri barədə danışır və siyasi söhbətlərə toxunmurdular.
Lakin bir dəfə Qəmbər öz güzəranından şikayətlənəndə, şair ürəklənir və dostundan soruşur:
- Bəs səni nə üstə həbs etmişdilər?
Birdən kilid kimi açıldı Qəmbər:
- Bilmirsən? Dünyanı lənətləmişdim,
«Ellər atası»na düşmən demişdim.
Bu boyda ölkəni saldı nə günə,
O qəddar, o zalım, müdhiş zülmünə.
Bir dəfə demədi həvəsdi, bəsdi,
Düşünən kəslərin başını kəsdi.
Bu sözləri deyəndən sonra Qəmbər birdən-birə susur. Şair başa düşür ki, dostu daxili gərginliyə dözə bilməyib ürəyini azca boşaldan kimi özünə gəldi. Qəmbər susur və tutulur, dediklərinə peşman olur: «Düşündü: «bu şair bəlkə casusdu». Qəmbər dediklərinə görə xof, qorxu və pərtlik içində dostundan sərt sözlərlə danışdığı üçün üzr istəyir. Şairin ona elə rəhmi gəlir ki, aradan gərginliyi götürmək üçün deyir:
Onun şübhəsini dağıdım - deyə
Dediyi sözləri dəstəklədim mən:
- O qənim kəsilib, - dedim - ölkəyə,
Cavidlər sürülüb öz Vətənindən.
Bu sözləri eşidəndən sonra Qəmbər susur, onun ağzı kilidlənir. Şair başa düşür ki, Qəmbər ondan, dostunun məxfi orqanlara xəbər verə biləcəyindən qorxmuşdur. Şair qanı qaralmış halda evə qayıdır. Lakin evdə cavan şair hiss edir ki, onun da içini qara bir qorxu və təlaş bürümüşdür. Stalin haqqında danışmaq və mənfi sözlər demək o zaman ağlasığmaz bir şey idi. Hamı onu xalqlar atası, müharibədə qələbənin əsas səbəbkarı adlandırırdı. Onu sevir və pərəstiş edirdilər. Şair də öz növbəsində Qəmbərdən şübhələnməyə başlayır. İ.Stalini düşmən adlandıran bir şəxsin o zaman həbsdən sağ-salamat buraxılması ona ağlabatan görünmür.
Bu fikirlər şairin təşvişini artırır və qorxu onun varlığını bürüyür, o, dərin həyəcan keçirməyə başlayır. Şair qələm dostları İsmixan Rəhimovu, Azəri, Gülhüseyn Hüseynoğlunu xatırlayır: bu günahsız tələbələri 1948-ci ildə S.Vurğuna yazdıqları səmimi bir məktuba görə həbs və məhkum edib Sibirə sürgün etmişdilər.
Dedim, hardan bilirəm,
Bəlkə elə bu gecə tutacaqlar məni də ?
Üç ay əvvəl gecəykən məgər tutmadılarmı
İsmixanı, Azəri, bizim Gülhüseyni də?
Mən onlardan artığam? Yox, mən də onlar kimi
Saxlamadım dilimi.
Ağlından bu fikirlər keçən zaman şairin mənzili yanında bir maşın dayanır. Şair də güman edir ki, bu yəqin məxfi orqanların qara maşınıdır, onu aparmağa gəliblər. Yəqin Qəmbər gecəylə onun dediklərini lazımi yerlərə çatdırıb. Lakin maşın gedir, onun qapısını isə döyən olmur. Qorxudan titrəyən şair fikirləşir ki, gəlib onu aparsalar, bütün kağızlarını da müsadirə edib oxuyacaqlar. Orada isə azad fikirli şeirlər vardır və bunlar ona qarşı ittiham üçün əsas ola bilər. Ağır qorxu depressiyası içində şair əlyazmalarını yığıb, üç şeir saxlamaqla hamısını yandırır. Qalan üç şeiri isə şair «İki qorxu» poemasının mətninə daxil edibdir.
Sübh tezdən şairin qapısı döyülür. Sübhəcən gözünü yummamış şairin əli-ayağı əsməyə başlayır: bu dəfə yəqin ki, onun özünü aparmağa gəliblər. Lakin qapı açılanda Qəmbər içəri girir, şairin boynunu qucaqlayır. Demə, Qəmbər də şairin casus olduğunu güman edib və o da bütün gecəni yatmayıb. Qorxunun gücündən Qəmbər dünən dediyi sözləri danır:
- Zarafatla demişdim dünən mən o sözləri,
Əslində çox sevirəm mən o dahi rəhbəri.
O bizim bu dünyada tək güman yerimizdir,
Düşünən beynimizdir, görən gözlərimizdir.
Şair dostunun bu sözlərinin yalan olduğunu anlasa da, susmalı olur. Dövrün qara xofu o zaman insanların ruhuna o dərəcədə sirayət etmişdi ki, çoxlarının normal şəxsiyyəti dağılmış, gerçəkliyi real şəkildə qavramaq qabiliyyətini itirmişdilər. Qəmbərlə şairin poemada təsvir olunan gecədəki vəziyyəti də bunun bariz bir nümunəsidir. Şair Stalin və onun yaratdığı dəhşətli total nəzarət rejimi barədə qəzəb və nifrətlə bəhs edir. Hiss olunur ki, dövrün qara xofundan şairin də psixologiyasında milyonlarla digər adamlar kimi psixi zədə qalmışdır və üstündən qırx il keçəndən sonra da onun nəticələri hələ aradan qalxmamışdır.
Bunun sübutunu isə ən çox müəllifin cəllad obrazına nifrətində görmək olar. Bu nifrət mücərrəd bir şey deyildir, bu, məhv olmuş, aldadılaraq puç edilmiş gənclik illərinə görə bir etiraz və qəzəbdir. B.Vahabzadə poema boyu təkrar-təkrar gəncliyə, oxucuya müraciət edir, o dövrün reallıqlarını izah etməyə çalışır:
Sənə tanış deyil bu hal, ey cavan,
Qorxardıq doğmaca qardaşımızdan.
Dədəsini satan az olmamışdı
Yalnız yaşlılara bu hal tanışdı.
Stalinizmin qorxusu qanun qorxusu deyildi, bu, insanlardan, adamlardan qorxu idi. Siyasi quruluş xırda, az savadlı, lakin rütbə sata-sata mövqe qazanmış məmurların qaranlıq və dağıdıcı ehtiraslarını üzə çıxarmışdı. Ölkənin böyük şairlərinin, otuz illik səhnə və elm adamlarının məhkəməsini yad millətdən olan üç ibtidai sinif savadlı şəxslər aparırdı. Həm də bu məhkəmələrin hamısı yuxarıdan müəyyənləşdirilmiş on beşcə dəqiqədən artıq çəkə bilməzdi. On beş dəqiqəlik məhkəmənin hökmündən bir gün belə keçməmiş həmin adamları güllələyir və onların yaxınlarına, qohumlarına belə, xəbər vermirdilər. Dövlət qanlı terror maşınına çevrilmişdi:
Boğub həqiqəti, yalan öyündü,
Əsl mənasını itirdi söz də,
Yalan üzümüzdə gülüşə döndü,
Həqiqət ağladı ürəyimizdə.
Cəlladın qurduğu rejimin birinci düşməni fikir azadlığı idi. Azad fikir heç bir avtoritet, heç bir ehkam tanımır. Ona görə də fikir adamları qəddar müstəbidlərin əsas düşmənidir. Bu səbəbdən Stalinin qanlı repressiyalarının əsas hədəfi ziyalılar, yaradıcı insanlar, düşünən başlar oldu. Terror yolu ilə azad fikrə dəmir pərdə çəkildi. Lakin milyonlarla insanlar kimi Bəxtiyar Vahabzadənin müasirləri də cəlladın yalançı təbliğat maşınının uydurduğu boş ehkamlara, yalanlara inanırdı:
Bədbəxtlik gölündə biz üzə-üzə,
İnandıq bəxtəvər olduğumuza.
O qansız cəllada bunlar gərəkdi.
Müəllif poemanın bir epizodik surəti olaraq qalmır, onun əsas qəhrəmanına çevrilir. Şair və cəllad qarşıdurması əsərin əsas konfliktinə çevrilir. Poemanın bir çox səhifələri nəsilləri bədbəxt etmiş cəllada qarşı şairin ittihamlarından ibarətdir. Lakin bu ittihamlar onun öz adından deyil, Azərbaycanın adından, onun namusunu və şərəfini müdafiə edən fəal bir vətəndaşın adından deyilir. Stalinizmin bir çox faciələri ondan doğdu ki, vətəndaş düşüncəsi mətbuatdan və cəmiyyətdən qovuldu, hamı eyni sözləri, eyni yalan ehkamları təkrarladı və təriflədi: bu, xalqın və sağlam insan düşüncəsinin faciəsi idi:
Apardı dalınca şüarlar bizi,
Kütləşdi beynimiz, hissimiz tamam,
Aldı əlimizdən düşüncəmizi,
Zülmün, istibdadın maskası - ehkam!
Mənfur rejim Azərbaycanın sərvətlərini qarət etməklə qalmır, onun tarixinə və mənəviyyatına əl aparır, xalqın bütün düşüncə tərzini dəyişmək istəyirdi. Milli və dini bayramlar, adət və ənənələr, dini köklər, xalqın tarixi və hətta, türk adlanmaq hüququ belə əlindən alınırdı. Məhz cəlladın əmri ilə Azərbaycanın əlifbası dəyişdirildi, əsrlərlə işlədilən ərəb əlifbası üzərinə «əski» kimi mənfi mənalı damğa vuruldu. Halbuki, Stalinin məxsus olduğu gürcü xalqının, ermənilərin əlifbası dəyişilmədi. Bunların hamısı xalqı öz keçmişinə yadlaşdırmaq və onu əsil-kökündən uzaqlaşdırmaq niyyəti güdürdü.
Poemada xalqın başına müsibətlər açılan zaman susan yerli rəhbər obrazı da vardır. Yəqin ki, burada M.C.Bağırov nəzərdə tutulur. Şair onu da cahil və kütbaş adlandırır və İ.Stalinin əsl niyyətlərini anlamadığını vurğulayır. Yerli rəhbər obrazı Moskva qarşısında müti bir adamdır və oradan gələn əmrləri, ən qəddar göstərişləri belə icra etməyə hazırdır. Respublikada yeni əlifbaya keçməyin müzakirəsi zamanı cəmi bir nəfər etiraz edir. Yerli rəhbər Stalini nəzərdə tutaraq deyir:
Rəhbər deyən sözə nə müzakirə?
Ona canımızı qurban verərik.
Əlifba nədir ki, lazım gələrsə,
Ana dilimizi dəyişdirərik.
Bir qədər mübaliğə ilə deyilmiş bu sözlərdə tarixi bir həqiqət vardır. Orta ağıllı, lakin çox hiyləgər olan Stalin, o zaman müqəddəs bir şəxs kimi qəbul edilirdi və M.C.Bağırov da onun yanılmazlığına inanırdı.
Əlifba dəyişdi.
Bunla öyündük.
Bilmədik rişəsiz budağa döndük.
«İki qorxu» poeması xalqımızın stalinizm dövründəki fiziki və mənəvi faciələri və itkiləri barədə ən yaxşı bədii əsərlərimizdən biridir. Poema şairin yaradıcı müdriklik dövrünün məhsuludur və dərin ümumiləşmə gücünə malikdir. Şair stalinizmin qara sifətini və qurduğu dəhşətli terror maşınını qəzəblə damğalayıb rədd edir. Azərbaycan sovet poeziyasında Stalini tərifləyən əsərlərin sayı-hesabı yoxdur. B.Vahabzadənin bu əsəri isə təkcə bədii fikrimizin yox, həm də milli şüurumuzun və dövlətçiliyimizin yeni və daha yüksək bir tarixi səviyyəsini ifadə edir.
Dramaturgiyası. Şair qələmini dramaturgiyada da sınamış, mənzum dram sahəsində S.Vurğunun ənənələrini inkişaf etdirmişdir. Onun dramaturgiyası da poeziyasının vətənpərvərlik, xalq təəssübü, mənəvi eybəcərliyə və əxlaqsızlığa etiraz kimi motivlər üzərində qurulmuşdur. Şairin «Vicdan», «İkinci səs», «Yağışdan sonra», «Yollara iz düşür», «Fəryad» mənzum dramları bu qəbildəndir. Bu pyeslərin hamısı uğurla tamaşaya qoyulmuşdur.
«Özümüzü kəsən qılınc» pyesi «Dədə Qorqud» dastanlarındakı motivlər əsasında yazılmışdır. Pyesin əsasında qədim türk tayfaları arasındakı düşmənçilik və müharibələr mövzusu durur: özümüzü kəsən qılınc məhz budur. Bir sıra başqa əsərlərində olduğu kimi, burada da süjetin məcazi-simvolik mənası vardır. Şair tarixi mövzu ilə xalqımızı birliyə çağırır, tayfaçılıq və yerliçilik kimi eybəcər halların xalqımızın gələcəyi üçün təhlükə olduğunu vurğulayırdı. Xalqımızın düşmənləri həmişə məhdud düşüncəli şəxslərin, rəhbərlərin yerliçilik hisslərindən istifadə etmiş, bununla xalqımızın siyasi iradəsinin bütöv şəkildə siyasi meydana çıxmasının qarşısını almışlar.
Bədii dil xüsusiyyətləri. Şairin yaradıcılığının yetkinlik mərhələsi 60-cı illərə təsadüf edir. Bu illərdə onun şair üslubu üçün səciyyəvi olan fikir dolğunluğu, fəlsəfi dərinlik yetkin və gözəl şeriyyətlə vəhdətdə səslənir və şair müasir poeziyanın ən qüdrətli şairi kimi geniş ümumxalq şöhrəti qazanır. Həmin dövrdə mətbuatda folklorçularla saxta modernistlər arasında mübahisələr gedirdi. Birincilər xalq şeirinin sadəliyini ehkama çevirir, ikincilər isə Azərbaycan dilinə və şeir məktəbinə yad olan formalist avropalı şairlərə təqlid edilməsini ədəbi prinsip səviyyəsinə qaldırmaq istəyirdilər.
B.Vahabzadə 60-cı illərdə parlayan şeir üslubu, yazı və düşüncə tərzi ilə göstərdi ki, milli şeir dilimizin S.Vurğundan sonrakı əsas inkişaf istiqamətini onun yaradıcılığı təmsil edir. Böyük şair kimi o, sadəliyi və fikir zənginliyini bir-birinə qarşı qoymadı, əksinə öz yaradıcılığında bunların yüksək bədii vəhdətini ortaya qoydu. Bu poeziyamızın ən sağlam düzgün inkişaf yolu idi.
B.Vahabzadə poeziyamızın min illik klassik ənənələrinə və köklərinə sadiq bir şairdir. O, yaradıcılıqda yenilikçiliyi bu ənənələrə bağlılıqda, onlardan sənətkarlıqla istifadədə görür. Şair məqalələrində də göstərir ki, şairin qayəsindən, əqidəsindən, xalqa demək istədiyi fikirdən kənarda dil problemi yoxdur. Şairin əsərləri də mövzu və qayədən asılı olaraq ritm və ahəngcə müxtəlif və əlvandır.
Xalq şairi Bəxtiyar Vahabzadənin şeir dili son dərəcə dəqiq və zəngindir: o ən fəlsəfi və mücərrəd fikirləri belə, sadə və dəqiq sözlərlə aydın, poetik cəhətdən gözəl ifadə etməyin ustasıdır. Onun poeziyasının fikir dərinliyi və zənginliyi dildə də eyni keyfiyyətlərin yaranmasına səbəb olmuşdur. Şair təkcə mövzu baxımından deyil, dil, söz düzümü, bədii forma, intonasiya baxımından da müasir şeirimizin qəliblərini dağıtmış, novator bir sənətkar kimi poeziya dilimizi zənginləşdirmişdir.
Ədəbiyyat:
Vahabzadə B. Biblioqrafik göstərici, B., 1997
Əliyeva İ. Bəxtiyar Vahabzadə, B.,1980
Xəlil Rza Ulutürk. Bəxtiyar Vahabzadə, B., 1999
XƏLİL RZA
(1933-1994)
Dostları ilə paylaş: |