AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ нур­лана яли­йева sovet döVRÜ azərbaycan əDƏBİyyati



Yüklə 2,78 Mb.
səhifə31/40
tarix02.12.2016
ölçüsü2,78 Mb.
#673
1   ...   27   28   29   30   31   32   33   34   ...   40

«İnam» povesti. 1964-cü ildə Əlibala Hacızadə lirik nəsr cərəyanında proqram xarakterli əsərlərdən biri olan «İnam» povestini yazdı. «İnam» pritça-povest idi: onun süjeti sadə və şərtidir. Adi bir şofer - sürücü olan Bəhruz yolda özündən qabaqkı maşının bir piyadanı vurub aradan çıxdığını görür və maşını saxlayıb yaralını xəstəxanaya aparır. Süjet bura qədər bəsitdir, lakin bu bəsitliyi aradan qaldıran xırda bir detal da var. Bəhruz bilir ki, yaralını öz maşınında xəstəxanaya apardığı üçün başı ağrıyacaq, çək-çevirə düşəcək və onun özündən şübhələnəcəklər. Bu detal süjeti bəsitlikdən çıxarır və ona pritça xarakteri verir. Əlibala Hacızadə üçün süjet əsas deyil, əsas qəhrəmandır və onun ağrısını çəkəcəyini bilə-bilə insana kömək əli uzatması, ona humanistcəsinə yanaşmasıdır.

Povest adi sürücü olan Bəhruzun əxlaqi seçimindən doğmuş bədii situasiyanın təhlilinə həsr olunub. Bəhruz çoxları kimi, məsələn, povestdəki digər sürücü obrazı olan Qulam kimi yaralının yanından ötüb keçə də bilərdi. Lakin Bəhruz belə hərəkət etmir, öz vicdanına uyğun seçim edir. Şübhəsiz ki, bu seçimin əsl müəllifi müəllif özüdür: o, bilərəkdən düzgün əxlaqi seçimin cəzalanması vəziyyətini yaradır və onu araşdırmağa çalışır.

Əlibala Hacızadə səmimi bir yazıçıdır və elə buna görə onun qələmində Bəhruzun obrazı və cəzalı əxlaqi hərəkəti böyük inandırıcılıqla qələmə alınmışdır. Oxucu qəhrəmanın öz ziyanına olan əxlaqi hərəkətini təbii və səmimi verir və bununla bəsit süjet ciddi bir əxlaqi dram forması almağa başlayır.

Povestin əsas mövzusu və problemi insanlıqdır, huma­nizm­dir. Bəhruzun bir şəxsiyyət və vətəndaş kimi əsas cizgisi onun səmimi insanlığıdır, bütün hallarda irəli-geri baxmadan insan kimi hərəkət etmək əzmidir. Bəhruzun humanizmi konkret bir əxlaqi prinsipdir: əqidəsindən, savadından, partiya mənsubiyyətindən asılı olmayaraq, bütün insanlara aiddir. Bəhruz maşının vurduğu yaralını götürüb öz maşınına qoyanda onun barəsində heç nə bilmir. Onun yaralı insana rəhmi gəlir. Bu yaralının kimliyinin isə onun üçün heç bir əhəmiyyəti və fərqi yoxdur. Bu konkret və ümumbəşəri humanizmdir.

Lakin sosialist realizmi cərəyanında ümumbəşəri humanizm yox idi. Marksistlər və bolşeviklər üçün insanlar siniflərə bölünür və onlar barışmaz düşmən elan edilirdi. Varlı sinfin nümayəndəsi fəhlə yazıçısı üçün düşmən idi, ona rəhm etmək, ona ürək yumşaqlığı ilə yanaşmaq yazıçı üçün zəiflik sayılırdı. Sosialist realizmi nəzəriyyəçiləri ümumbəşəri humanizmi, insanı ancaq insan mənsubiyyətinə görə sevməyi və himayə etməyi mücərrəd humanizm sayırdılar. Konkret, xalis humanizm isə sinfi ayrı-seçkiliyə deyirdilər. Bu yolla varlı siniflərdən olan adamların insani mənsubiyyəti, əslində inkar edilirdi. Fəhlə və kəndli üçün ürək yandırmaq, onlara əl tutmaq təbii sayılırdı. Lakin düşmən sinfə məxsus adamların məhkəməsiz və istintaqsız güllələnməsi insan adına hörmətsizlik sayılmır, əksinə, bolşevik əxlaqı qaydalarına sədaqətlə əməl olunması kimi qiymətləndirilirdi. 30-cu illərin sosialist realizmi ədəbiyyatında əksər müsbət qəhrə­man­lar öz sinfi qəddarlığı, düşmənə qarşı sərtliyi ilə seçilirdi.

60-cı illərin lirik nəsri isə bu ənənəni sındırır və inkar edir­di: Bəhruz öz həssaslığı, öz insanlıq şüuruna sözsüz tabe olması, sosial mənşəyinə görə insanlara fərq qoymaması ilə sosialist realizmi cərəyanının aparıcı qəhrəman konsepsiyasının antipodu idi. 30-cu illərin qəddar qəhrəmanlarından seçilmək üçün yazıçı Bəhruzun özünə maddi və mənəvi ziyan gətirən hərəkətini şüurlu ad­dım kimi təqdim edir. İnsan bütün hallarda insan kimi hərəkət et­mə­lidir  yazıçının əsas humanist ideyası və müdafiə etdiyi əxla­qi prinsipdir. Sinfi, sosial, milli borc adı ilə əxlaqi dəyər­lər­dən sərf-nəzər etmək yolverilməzdir. Povestdə yazıçının qa­bart­dığı bu fikir həm məişətdə, həm də sosial müstəvidə qəddarlığın sərhəd­lərini məhdudlaşdırır və onu insan təbiətinə zidd hal elan edir. Ona görə «İnam» povesti 60-cı illərin lirik nəsrində yeni hu­ma­nizm prinsiplərini ədəbiyyata gətirmək baxımından çox səciy­yəvi idi: əsər pritça şəklində olsa belə, qəddar bolşevik əxlaqını tən­qid və ifşa edirdi. Povestdə bu əxlaqın daşıyıcısı yaralını xəs­təx­anaya çatdıran sürücünün işini aparan müstəntiqdir. Müstəntiq İdris dövlət və onun cəza orqanları adından Bəhruzdan şüb­hə­lə­nir, onun səmimiyyətini mənasız sayaraq onu şərləməyə çalışır, ona qarşı cinayət işi qaldırmağa səy göstərir.

Povestdəki İdris öz prinsipləri ilə sovet siyasi rejiminin bala­ca timsalıdır. Onun üçün insanlar dövlətə və qanuna xidmət edir, dövlət hər şeydir, konkret adamlar və onların taleləri isə heç­dir. İdris sosial və hüquqi ədalətə xidmət etməkdən çox-çox uzaqdır. Onun üçün əsas dövlətin maraqları və prinsipləridir. Bəhruz kimi təmiz və vicdanlı adamlar isə heçdir, dövləti, rejimi möhkəmlətmək üçün ətdən və qandan ibarət alətlərdir.

«İnam» povesti məhz insanın alətliyi barədə qeyri-rəsmi fəlsə­fəyə və əxlaqa qarşı yazılmışdır. Bəhruz həm də rəsmi müs-bət qəhrəmanın antipodudur: onun əsərdə heç bir sosial əlaməti, siyasi əlaməti yoxdur; onda olan əsas cəhət insanlıq şüurunun tamlığıdır. O, özünü bir insan kimi dərk və təqdim edir və ən çox bu xüsusiyyəti ilə qiymətlidir. Yazıçı Bəhruzun simasında insan dəyərlərinin üstünlüyünü göstərmək istəyir: əxlaq da, siyasət də, dövlət də, ədəbiyyat da insan dəyərlərinin ifadəsi kimi, onlar üzərində qurulan mahiyyət və dəyər kimi qiymətlidir. İnsanlar arasında, cəmiyyətdə, kollektivdə və dövlətdə heç nə insan də­yərlərindən və insan həyatından yüksəkdə qoyula bilməz. Bu ide­ya bütün sovet əxlaqına, kommunist əxlaqına, sosialist realiz­mi­nin əxlaqi əsaslarına qarşı yönəlmişdi və onlardan imtina vaxtının çat­dığını bildirirdi.

Bəhruz lirik nəsrin irəli sürdüyü yeni tipli bir qəhrəman idi: onun əxlaqi mövqeyi, onun humanistliyi heç bir təlimə və nəzə­riy­yəyə əsaslanmırdı. O, fitri, təbii insan ürəyiyumşaqlığına, təbii bir insansevərliyə əsaslanır. Onun əxlaqı bolşevik əxlaqını süni, uy­durma, adamlar arasında süni nifrət yaradan bir təlim kimi inkar və rədd edir. Əsər insana inanmağa, ona hörmətlə yanaşmağa çağırır. Lakin bu çağırışın arxasında təbii və səmimi bir humanizm durur. Belə humanizm olmadan insana inamdan, ona hörmətdən, onun ləyaqətini müdafiə etməkdən söhbət gedə bil­məz.

Bəhruz bir sıra əlamətlərinə görə lirik təbiətlidir. Lirik nəsrin qəhrəmanıdır. Onun insaniyyəti şüurludur, lakin şüurlu olduğu qədər də fəhmlə, ürək məntiqi ilə yaşanan bir hissdir. Bu baxımdan da Bəhruz sosialist realizminin rasional, partiya nizamnaməsi ilə yaşayan qəhrəmanlarından bir baş üstündür. Çünki təbii humanizm fərdlərin daşıdığı insan dəyərlərinin ən ali mərtəbəsidir, sivil insan birgəyaşayışının əsasıdır.

«İnam» povesti yazıçının ədəbi şöhrətini daha da artırdı. Belə ki, əsər 1964-cü ilin noyabr ayında «Azərbaycan» jurnalında dərc olunduqdan dərhal sonra o dövrdə ədəbi tənqidin patriarxı sayılan akademik Məmməd Arif cavan yazıçıya açıq məktub yazdı. «Ədəbiyyat və incəsənət» qəzetində çıxmış yazı «İnam» povesti müəllifinə açıq məktub» adlanırdı. Bu yazı Əlibala Hacıza­dənin orijinal yazıçılıq istedadının ədəbi ictimaiyyət tərəfin­dən etirafının növbəti pilləsi idi. Müdrik tənqidçi Bəhruzun əxlaqi seçimi üzərində qurulan povest-pritçanın qaldırdığı insan­lıq və inam problemini yüksək qiymətləndirir və əsərdə problemin uğurlu həll edildiyini qeyd edirdi.

Romanları. Əlibala Hacızadə 70-80-ci illərdə lirik nəsrin ən məhsuldar və populyar romançısı olmuşdur. Onun roman­la­rı­nın əsas məziyyətlərindən biri yetkin təbiətli, sabitqədəm qadın ob­razlarının yaradılması ilə bağlı idi. Bu istiqamətdə o, Cəfər Cabbarlı, Seyid Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev kimi yazıçılarımızın yaradıcılığında aparıcı olan qadın taleyi probleminin istedadlı davamçısıdır.

Əlibala Hacızadə müasir Azərbaycan qadınının taleyini, onun mənəvi həyatının incəliklərini öz romanlarının başlıca ma­terialına və məzmununa çevirir və bu istiqamətdə nəsrimizdə, xü­susilə lirik nəsrin axtarışlarında yeni bir səhifə açırdı. O, bir yazıçı kimi qadın psixologiyasını və qadın problemini bilmək baxı­mından müasir nəsrdə birinci mövqedə durur.

«Təyyarə kölgəsində» romanının əsas qəhrəmanı olan Gül­mirə deyilənlərə yaxşı misaldır. Bu yaddaqalan, səmimi surət 60-cı illər nəsrindəki milli köklərdən uzaq düşmüş qadın obrazlarından fərqlənir. Bəzi yazıçılardan fərqli olaraq Əlibala Hacızadə heç zaman qadınlığın müasirliyini milli əxlaqa arxa çevirmək, onu köhnənin qalığı saymaq mənasında başa düşməmiş və təqdim etməmişdir. Zamanın qabaqcıl sənətkarı kimi, insan psixologiyasının mahir bilicisi kimi Əlibala Hacızadə anlayırdı ki, müasir həyat standartları ilə yaşamaq heç bir qadını milli dəyərlərdən uzaqlaşdıra bilməz. Çünki milli əxlaq normaları tərbiyə ilə hər bir qadının qanına hopur. Bunu dərk etmək üçün qadını yaxşı tanımaq, onun həyatına bələd olmaq, onun sevgisi ilə yaşamaq lazım idi. «Təyyarə kölgəsində» əsərində yaradılan Gülmirə obrazı göstərirdi ki, yazıçı belə qadını tanıyır, ona böyük rəğbət və həssaslıqla yanaşa bilir.

Əlibala Hacızadənin romanlarındakı qadın surətləri çox zaman öz taleləri ilə konfliktdə və mübarizədədirlər. Gülmirə də belədir. Onun dərin, səmimi bir məhəbbətlə sevdiyi təyyarəçi əri faciəli qəzaya düçar olandan sonra o, öz taleyi ilə üzbəüz qalır, amma bütün qüvvəsini qoyub öz məhəbbətini qorumağa, ona sədaqətlə yaşamağa çalışır. Sabitlik, sədaqət, məğrurluq, öz şəxsiyyətini uca tutmağı bacarmaq bu qadının qiymətli keyfiyyətidir. Belə xüsusiyyətləri yazıçı Azərbaycan qadınlığı üçün prinsipial sayır, xalqın milli dəyərlərindən biri kimi tərən­nüm edir. «Təyyarə kölgəsində» romanının davamı olan «Vəfalım mənim» əsərində də oxucu tənha Gülmirə ilə rastlaşır. Bu, yazıçının əqidəsinə görə, insanın seçimidir.

Qadın həyatının və psixologiyasının gözəl bilicisi kimi, yazıçı Əfqanıstan həyatından bəhs edən «İtkin gəlin» trilogiyasını da qadın taleyi üzərində qurmuşdur. İki qardaş misilsiz gözəl olan Əfsanəni sevirlər. Tale elə gətirir ki, Əfsanə bu qardaşlardan birinin arvadı olur, amma böyük qardaş faciəli surətdə həlak olandan sonra Əfsanəni kiçik qardaşa verirlər. Qədimlərdə Şərqdə, xüsusilə kasıb cəmiyyətlərdə belə adət olmuşdur. Yazıçının insanı və qadını alçaldan bu adətə münasibəti mənfidir. Belə pis adətlər qadının insan kimi əsas hüququnu  öz həyat qismətini seçmək hüququnu əlindən alır. Humanist yazıçı bu qaydanı tənqid edir, lakin romanın əsas süjet intriqası heç də bu motivdən ibarət deyildir. İkinci qardaşı sevməyən Əfsanə ailənin qərarı ilə razılaşmır, Əfqanıstan cəmiyyətində qadınla bağlı qadağalara məhəl qoymadan «itkinlik» taleyini seçir, illərlə sərgərdan olur.

Əlibala Hacızadə «İtkin gəlin» trilogiyasını 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işlədiyi dövrdə orada apardığı zəngin müşahidələr əsasında yazmışdır. Material baxımından əsər dost ölkənin həyatına bağlı olsa da, fikir baxımından əsər yazıçının bütün yaradıcılığı üçün mərkəzi mövzu olan qadın probleminə bağlıdır. Əfsanə surəti, ilk növbədə, yazıçının qadın ləyaqəti və nümunəvi qadın əxlaqı barədə düşüncə və arzularının ifadəsi idi. Əfsanə surəti Əfqanıstan mühiti üçün ideal və müasir bir qəhrəmandır. Məlumdur ki, orta əsr əxlaqi qaydalarından uzaqlaşmamış bu ölkədə qadın hələ də alınıb-satılan bir məxluqdur, burada hətta valideynlər də qızlarını ərə verərkən böyük məbləğdə qan pulu almaq ənənəsindən istifadə edirlər. Qadına belə ağır və təhqiramiz münasibətin hökmran olduğu bir cəmiyyətdə Əfsanə surəti mübariz və ötkəm görünür.

Lakin o biri tərəfdən öz ləyaqəti uğrunda mübarizə aparan qadın obrazı ədəbiyyat tarixində çox qədimlərdən mövcuddur. Bu mövzu və seçim ədəbiyyatda həmişə aktual olmuşdur. Əsas səbəb də ondan ibarətdir ki, ləyaqət hissi, xanımlıq, öz mənliyini qoru­maq bütün cəmiyyətlərdə  istər Şərqdə, istərsə də Qərbdə qa­dın gö­zəlliyinin ayrılmaz tərəflərindən biridir. Yazıçı üçün ideal və nümunəvi qadın əxlaqın, şəxsiyyətin və gözəlliyin vəhdətindən iba­rətdir.

Əlibala Hacızadə «Vəfalım mənim» romanında Gülmirə obra­zını daha da inkişaf etdirir. Bu əsərdə onu elmi mühit üçün səciy­yəvi olan mənəvi konfliktlərin içərisində, təmiz əxlaq və sosial ədalət uğrunda mübarizədə görürük. Elmi mühitdə təsadüf edilən xırdaçılıq, elmi dolanışıq və şöhrət mənbəyinə çevirmək halları bu əsərdə sərt şəkildə tənqid olunmuşdur. İstedaddan məhrum, xəstə eqoizmə meylli olan yalançı alimlər yaltaqlıq və sax­takarlıq vasitəsi ilə elmin rəhbərlərinə çevrilirlər. Belələri institut direktorları, laboratoriya və şöbə müdirləri statusunda elmi mühitdə mövqe qazanır, bu saxta, yalançı mövqeyi itirmə­mək üçün istedadlı insanlara, həqiqi alimlərə qənim kəsilir, onla­rın elmi karyerasını məhv etməyə çalışırlar.

Uzun illər elmi mühitdə işləyən yazıçı belə insanları öz gö­zü ilə görmüş, onlarla birgə işləməli olmuşdu. «Vəfalım mənim» ro­manında ziyalı mühiti ilə bağlı işıqlandırılan konflikt və problemlər nəsrimiz üçün təzə və əhəmiyyətli idi. Bu problemlər lirik nəsrin sosial əhatə dairəsini genişləndirirdi. Təəssüf ki, yazıçı bu gözəl romana görə bir çox maddi və mənəvi təzyiqlərə məruz qaldı. Lakin o, öz əxlaqi mövqelərindən geri çəkilmədi.

«İtkin gəlin»də gördüyümüz Dünya surətində də yazıçı öz əxlaqi ideyasını tragik bir süjet dönümü ilə təsdiq edir: misilsiz gözəl olan Dünya özündən qırx yaş böyük olan bir kişiyə meyl salması, arvad olması ilə, ilk növbədə, maddi mülahizələrlə hərəkət edir. Qadınların çoxu kimi o da rahat, hər şeylə təmin olunmuş ev sahibi olmaq, dünya nemətlərindən dadmaq istəyir. Lakin həyat onu cəzalandırır: özündən çox-çox yaşlı qoca ər onun dünyəvi istəklərinin hamısını ona verə bilmir. Dünyanın bir çox qızlıq xəyalları, təbii istəkləri reallaşmamış qalır. Anlaşılmaz qadın məntiqi onu ərinin nökəri ilə eşq macərasına sürükləyir və məhv edir: xəyanətə görə əri onu öldürür. Bu isə həm əxlaqın, həm də yazıçının intiqamıdır. Evin nökəri ilə macəraya uymaqla Dünya, ilk növbədə öz qadınlıq ləyaqətini tapdamış olur. Ləyaqətsiz qadın gözəlliyi isə ölmüş bir gözəllikdir: həm birbaşa, həm də məcazi mənada.

Qoca əri sevdiyi və pərəstiş etdiyi Dünyanı nə üçün öld­ürür? Ona görə ki, ləyaqətini itirmiş Dünya onun üçün gözəllik təcəs­sümü deyil və ola da bilməz. Müəllif üçün də ləyaqətini itirən Dünya bir obraz kimi də tam mənasız olur, onun romanın süje­tindəki sonrakı iştirakına yer qalmır. Gözəlliyin ölümü bir inti­qam kimi icra olunur.

Əfsanə isə qənirsiz gözəlliyi və itirilməz bir qadın ləyaqəti ilə, qadının şəxsiyyət sayılmadığı cəmiyyətdə məhz şəxsiyyət kimi yaşaması ilə romanın hər üç hissəsində sabit olaraq qalır və əsərin sona kimi maraqlı oxunmasını təmin edir. «İtkin gəlin» trilogiyasının uğur qazanmasının əsas cəhətlərindən biri də Əfsanənin ucalığı, onun oxucu nəzərində yüksək nüfuz, dəyər qazana bilməsi ilə bağlı idi. «İtkin gəlin» qadın gözəlliyini, qadın ucalığını tərənnüm edən bir nümunə kimi bütün cəmiyyətlərdə bəyənilmiş, çoxlu xarici dillərə tərcümə olunmuşdur.



Elmi mühitin təsviri. Əlibala Hacızadənin yazdığı romanların ən qiymətli mövzularından biri elm sahəsində çalışan ziyalıların həyat və məişətinin ədəbiyyata gətirilməsi idi. 50-60-cı illər­də Azərbaycanın elmi qurumlarında və ali məktəblərində çalı­şan böyük ziyalı ordusu yaranmışdı. Lakin sosialist realizmi cərə­yanın­da ziyalı zümrəsi ədəbiyyatın əsas qəhrəmanı sayılmırdı. Əsas əmək adamları fəhlə və kəndlilər idilər.

Lakin ziyalı zümrəsinin ədəbiyyatın marağından kənar qalması böyük bir qüsur idi: ziyalılar millətin qaymağı, onun düşü­nən və qərarlar qəbul edən hissəsi idi. Əlibala Hacızadə lirik psi­xoloji nəsr cərəyanında bu mövzuya mühüm əhəmiyyət verən və onu böyük romanların mövzusuna çevirən əsas yenilikçi yazıçı idi. Yazıçı özü kənddən çıxsa da, fitri olaraq ziyalılıq key­fiy­yət­lə­rinə malik idi və bu keyfiyyətlər sayəsində lirik nəsrdə xüsusi zi­yalı romanları təmayülünün başçısı və əsas müəllifi oldu.

Ə.Hacızadə ziyalı mühitindən alınan ilk «Təyyarə kölgə­sin­də» romanını 1969-cu ildə çap etdirdi. Sonralar bu mövzu Ələ­viy­yə Babayeva, Yusif Səmədoğlu, Arif Abdullazadə kimi nasirlərin ro­man və povestlərində davam etdirildi. Bu mənada, Əlibala Ha­cızadə lirik-psixoloji cərəyanda ayrıca təmayülün başçısı idi.

1960-cı illərin əvvəllərindən başlayaraq elmi müəssisələrin həcmi genişləndi, onlara yeni alim kadrları axını başlandı. Dövlətin elmə ayırdığı diqqət, buradakı yüksək əmək haqqı və ictimai nüfuz təsadüfi adamların da elmi mühitə doluşması ilə nəticələndi. Adi halda elmi qabiliyyəti olmayan şəxslərin elmi mühitdə möhkəmlənməsi mümkün deyildi. Lakin həyatın özündə bu mümkün olmuşdu. Saxtakarlığa və yalana qarşı xüsusi həssaslığı olan Əlibala Hacızadə elmi mühitdəki deqradasiyanı görür və «Təyyarə kölgəsində», «Vəfalım mənim», «Ölüm yox­dur», «Yandırılmış adam», «Möcüzə» kimi romanlarında elmi mü­hitin və milli ziyalı zümrəsinin bədii təhlilini verən silsilə roman­lar yazır.

Müsəlman cəmiyyətlərində savadlı təbəqənin daşıdığı bö­yük rolu gözəl bilən yazıçı bu mühitdəki mənəvi deqradasiyanı xal­qın gələcəyi üçün təhlükə yaradan, onun mənəvi müqavimət gücünü azaldan bir amil hesab edirdi.

Yalançı alim və ziyalılar bütün cəmiyyətdə riyakarlıq və tamahkarlıq toxumu səpir, əxlaqi dəyərlərə etinasızlıq və inamsızlıq yaradırlar. «Təyyarə kölgəsində» romanındakı şöbə müdiri Salman belə bir şəxsdir. O, ədəbiyyatçıdır, həm alim, həm də ədəbi tənqidlə məşğul olan prinsipsiz, tamahkar bir adamdır. Sosialist realizminin saxta prinsiplərini əlində bayraq edən bu şəxs bir tərəfdən həqiqi ədəbiyyata qarşı, o biri tərəfdən isə elmdəki istedadlı, əqidəli alimlərə qarşı gizli mübarizə aparır. Doğru səslənən ibarələr arxasında gizlənsə də, əməlləri onu ifşa edir: mətləbsiz yazılarla ədəbi mətbuatı öz inhisarında saxlayır, həqiqi ədəbiyyatı yox, ona şəxsən maddi fayda gətirə biləcək əsərləri və kitabları tərifləyir. Yazıçı göstərir ki, Salman və onun kimilərin əməlləri və fəaliyyəti ilə elmi mühitə bazar əxlaqı, hər şeydən maddi maraq güdmək psixologiyası gəlir.

Romanda elmi mühitin bürokratlaşması prosesi bir çox epizod və detallar timsalında inandırıcı şəkildə göstərilir. Halbuki, bürokratiya elmin ən təhlükəli düşmənidir. Elm konkret elmi nəticələrdən dönüb uzun hesabat mətnlərinə çevrilir.

Əlibala Hacızadənin romanlarındakı ziyalı mühitindəki əsas konflikt elmdə və ədəbiyyatda maddi maraq axtaran partiya məmurları ilə təmənnasız elm adamları arasında gedir. Bu böyük sosial və siyasi məna daşıyan bir münaqişə idi, əslində bütün sovet cəmiyyətinin yuxarı təbəqələrində gedən universal mübarizənin bir şəkli idi. Yazıçı cəmiyyətdə üzə çıxmış riyakar bir ikiləşməni ifşa edirdi: cəmiyyətin və elmin başında duran ziyalı cildli məmur təbəqəsi sözdə və yazıda bir şey deyir, əməldə və siyasətdə isə yazılanların tam əksinə hərəkət edilirdi. «Təyyarə kölgəsində» əsərində Salman, «Vəfalım mənim»də Nurəddin Osmanzadə belə surətlərdir. Onlar sözdə kommunist əxlaqından dəm vurur, əməldə isə şəxsi mənafe naminə, eldə hegemonluq üçün ən murdar əməllərə əl atırlar.

«Vəfalım mənim» romanında yazıçı sosial tənqidi və ifşanı daha da sərtləşdirmişdir. Aydın olur ki, Salman Qurbanzadə 1937-ci ildə repressiya olunmuş Mirzə Yanarın əsərlərini mənimsəmiş, onları oğurlayıb öz adına çap etdirmişdir. Çətinliklə olsa da, elmi arxivlərə yol tapan cavan alimlər bu heyrətamiz saxtakarlığı üzə çıxarmaq istərkən mənəvi və maddi terrorla qarşılaşırlar. Yazıçı ədəbi və elmi mühitdə özünü göstərən abırsız saxtakarlığın cəmiyyətin, partiya orqanlarının ən ali vəzifəli şəxsləri tərəfindən himayə olunduğunu açıb göstərir. Ə.Hacızadə 1937-ci ilin qanlı repressiyaları ilə 60-70-ci illərin məmur-ziyalıları arasında bir irsi əlaqə olduğunu göstərməyə çalışır.

«Vəfalım mənim» romanında tamahkar elm məmurları ilə fanatik alimlər arasında duran üçüncü bir ziyalı tipi də göstərilir: bu şair İlham Abışovdur. Məddah, prinsipsiz bir şəxs olan bu şair öz direktoru haqda mədhiyyə yazır, illərlə birgə işlədiyi iş yoldaş­la­rına qarşı ədalətsizliyi görmək istəmir. «Dəymə mənə, dəy­mə­yim sənə» psixologiyası ilə yaşayan bu insanlar elmi mühitdə mə­nəvi çürümənin başlamasına, elmin bürokratik bir peşəyə çev­ril­məsinə xidmət edən əsas səbəbkarlardır.

Əlibala Hacızadənin ziyalı mühitindən yazdığı romanların dərin tarixi mənası vardı: onlarda ziyalı təbəqəsindəki kütləvi eqoizm milli tərəqqi üçün böyük təhlükə kimi təqdim edilirdi. 1980-ci illərin sonunda Qarabağ probleminin ortaya çıxması yazı­çı­nın uzaqgörənliyini təsdiq etdi. Torpaqlarımızın itirilməsinin kök­­lü səbəblərindən biri Azərbaycan ziyalı elitasının milli sima­sızlı­ğı oldu.

Ə.Hacızadə nəsrinin bədii xüsusiyyətləri. Əlibala Hacızadə yazıçı fantaziyasına deyil, canlı həyat müşahidələrinə əsaslanıb yazan sənətkardır. Onun istedadı ən çox adi həyat ha­disələrini və faktlarını bədii roman materialına çevirə bil­məsində özünü göstərir. Yazıçının qələmə aldığı həyat hadisələri və adam­lar çox zaman sadə görünür: lakin bu sadəlik aldadıcıdır. Ə.Ha­cı­za­dənin sənətkar gücü və sehri onun sadə həyat hadisələrinə çox vaxt dərində olan ehtiraslı, emosional, fəal yazıçı münasibətində üzə çıxır. Bu cəhəti ilə yazıçı Şərq ədəbi təfəkkürünə yaxındır: süjet, hadisə onun romanlarında və povestlərində şərtidir. Ona görə yazıçının əksər süjetləri pritça xarakteri daşıyır. Süjetlər yazı­çının həyat faktlarına münasibətini ifadə edən formadan çox, onun həyata öz fərdi-qiymətləndirici münasibətinin ifadəsi üçün hə­dəf yaradan bəhanə olur.

Yazıçı süjetə şərti yanaşır, amma bütün gücünü qəhrə­man­ların düşdüyü həyat situasiyalarının, dialoqların canlı və ətli-qanlı təs­virinə verir. Hadisə hadisəni, vəziyyət vəziyyəti əvəz edir. Oxu­cu maraqdan kitabı yerə qoya bilmir.

Yazıçının nəsrini oxunaqlı edən digər cəhət onun öz qəh­rə­man­larına yaxınlığıdır. Yazıçı təhkiyə zamanı onları özünə yaxın­laş­dırmağı, onlarla səmimi dialoq qurmağı xoşlayır. Bu isə surət­lər­lə yazıçı, yazıçı ilə oxucu arasında ünsiyyəti daha emosional və inan­dırıcı edir. Bəlkə obrazlara xüsusi yaxınlıq yazıçını süjet dö­nüm­ləri uydurmaqdan saxlayır və əslində belə ehtiyacı aradan qal­dırır.

Ə.Hacızadənin öz qəhrəmanlarına yaxınlığı onun əsər­lərin­də mənəvi sferaya aid konfliktlərin üstünlüyünü təmin edir. Zahirən laqeyd görünən təhkiyəçi bir qədər dərində sərt, tükü-tükdən seçən həssas bir insandır. Onun daim axtarıb ifşa etmək, insanlara göstərmək istədiyi şey, ilk növbədə yalandır, insan vücudundakı riyakarlıqdır. Sadə və təmiz həqiqət onun idealıdır.

Ə.Hacızadənin süjetlərindən danışarkən onun nəsrində ölüm obrazını qeyd etmək lazımdır. Onun məhəbbət süjetlərinin çoxu ölümlə, kədərli ayrılıqla bitir. Bu motivi onun yazıçı yaddaşına məxsus bir komplekslə izah etmək olar: onun nəslində kişilərin 35 yaşında ölmək faktları olub. Onun atası Qüdrət kişi özü də 35 yaşında dünyasını dəyişmişdi. Gəncliyində Əlibala Hacızadə bu taledən qorxmuş və bu qorxular onun yaddaşında zədə və kompleks kimi qalmışdır. Otuz beş yaşında ölməyən yazıçı erkən ölüm taleyini bir sıra qəhrəmanlarına köçürmüşdür. Bu ölümlər çox zaman mistik qadağaların pozulması rəmzi kimi görünür.

Əlibala Hacızadənin romanlarının mərkəzində mənəvi konfliktlər durur. Bu, yazıçını Şərq fikir ənənəsinə bağlayan əsas xətlərdəndir: onun heç bir qəhrəmanı pul, mal, mülk, torpaq üstündə mübarizə aparmır (əlbəttə, söhbət yazıçının sevdiyi qəhrəmanlardan gedir). Onlar üçün dünya mənəvi, sosial və milli dəyərlərin saxta və tamahkar, fərdiyyətçi və mənasız dəyərlərlə mübarizə meydanıdır. Yazıçı yalanla, fani tamahkarlıqla, qəddar riyakarlıqla yaşayan insanların mənəvi iflasını göstərməyi xoşlayır. Sufizmin klassik obrazı olan ölüm, sərvətli və rütbəli olsalar belə, onları heçliyə düçar edir.

Əlibala Hacızadə nəsrinin ən aparıcı qəhrəmanları qadınlar­dır. Yazıçı müstəqil, ziyalı, müasir tipli qadınların obrazlarını məhəb­bət və böyük sənətkarlıqla yaratmışdır. Onun romanlarında qadın qəhrəmanların həyatının əsas məzmununu məhəbbət, şəxsi həyatda özünü ləyaqətlə təsdiq etmək ehtirasları təşkil edir. Yazıçının özünün də həyata, insanlara, gözəlliyə və təmiz əxlaqa məhəbbəti bütün əsərlərindən qırmızı xətt kimi keçir, onun insana münasibətinin başlıca cəhəti, onun humanizmi kimi diqqəti çəkir. Ədib bir çox romanlarda öz müəllif surətini hadisələrə bağlayır, onlara açıq, səmimi müdaxilə etməkdən çəkinmir. Çünki o, öz taleyini qəhrəmanlarının taleyindən ayırmır, bu talelər barədə səmimi bir məhrəmliklə danışır.

Əlibala Hacızadə nəsrinin başlıca məziyyətlərindən biri onun sadə, canlı, xalq danışığına əsaslanan səmimi dilidir. Onun romanlarının əksəriyyətində bu dil lirika kimi, nəğmə kimi, ürək sirlərinin izharı kimi səslənir. Yazıçı bu romanları öz şeirləri ilə bəzəmişdir. Bir sıra hallarda o, lirik hisslərini gözəl şeir parçalarına çevirir.

Əlibala Hacızadə insan psixologiyasını gözəl bilən, duyan, hə­mişə müşahidə edən bir yazıçıdır. Onun nəsr əsərləri ədə­biy­yatımızda psixoloji təmayülün ən bariz nümunələridir. Onun mənfi tipləri belə, yazıçı üçün, ilk növbədə, psixoloji şikəstlik və eybəcərlik nümunələri kimi maraqlıdır və belə də təqdim olunur.

Əlibala Hacızadə 1960-1980-ci illərdə sosialist realizmi cərəyanını inkar edən, ədəbiyyatı, xüsusilə bədii nəsri ideoloji qəliblərdən çıxaran, ona həqiqi bədiilik, oxunaqlıq, geniş oxucu məhəbbəti gətirən əsas yazıçılarımızdan biri, bəlkə də birincisidir.


Ədəbiyyat:

M.Arif. «İnam» povesti müəllifinə açıq məktub. «Ədəbiyyat və incəsənət» qəzeti, № 11, 1965.

Əlibala Hacızadə - 70. «Nurlan», 2005.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin