Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti S



Yüklə 66,77 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü66,77 Kb.
#49910
1   2   3   4
elesgerova elnare az er muh

20 Yanvar - Ümumxalq Hüzn Günü

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin Baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili Qoşun hissələri Bakıya və respublikanın bir neçə rayonuna silahsız insanların üzərinə yeridildi. Haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədildi, xəstəxanalar, “təcili yardım” maşınları, həkimlər, dinc sakinlər atəşə tutuldu.

Həmin gün Bakıda onlarla dinc sakin öldürüldü. Azərbaycanın fövqəladə vəziyyətin elan olunmadığı digər yerlərində - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər öldürüldü.

Ümumilikdə Yanvar hadisələri zamanı Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın və uşaq var idi. (“Azərbaycan tarixi – 7 cild, (6-cı cild)”, Bakı – 2015. (səh. 243-280))

Xalqının ən ağır, kədərli günündə Ulu öndər Heydər Əliyev hər kəsdən əvvəl onun səsinə səs verdi: Moskvada xüsusi nəzarət altında olsa da, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirdi. Ulu öndər təcavüzə kəskin etirazını bildirərək, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılması tələbini bildirdi.

XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də vardır. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməldir. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdur. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış təhqiqatlarda da təsdiqlənir.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Qərarda 1990-cı ilin Qanlı 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikasının vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edildi.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 147 nəfər Azərbaycan Respublikasının vətəndaşına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksi inşa edilmiş, xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılmışdır. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunmuşdur.

20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm bir tarix olub. Bu faciədən sonra milli azadlıq hərəkatı müstəqil Azərbaycan dövlətinin yaranması istiqamətində dönüş nöqtəsi oldu. (“Azərbaycan tarixi – 7 cild, (6-cı cild)”, Bakı – 2015. (səh. 243-280))




  1. Yüklə 66,77 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin