1.3. Ümumi ekoloji-meliorativ səciyyəsi. Ekoloji nöqteyi nəzərdən meliorasiya və suvarma təbii şəraitin yaxşılaşdırılmasına xidmət etməlidir. Lakin fiziki- coğrafi şəraitdən və təsərrüfatçılığın səviyyəsindən asılı olaraq onun əraziyə təsiri müxtəlif ola bilir. Bu irriqasiya sisteminin bütünlükdə və onun ayrı-ayrı elementlərinin ekoloji şəraiti nəzərə alınmaqla layihələşdirilməsindən asılıdır.
Bir çox tədqiqatçılar S.P.Tranbaçev (1932), P.S.Qlebov (1938), A.N.Kostyakov (1951), Q.V.Dovkovolski, E.D.Nikitin (1990) və b. Irriqasiya sisteminin ekoloji dəyişikliyə təsirinin relyeflə yanaşı hidroekoloji şərait və landşaftın ayrı-ayrı komponentləri ilə əlaqələndirirlər.
Şirvan düzündə apardığımız müşahidə və tədqiqatların nəticələri yuxarıda göstərilən tədqiqatçıların fikirlərinin düzgün olduğunu bir daha təsdiq edir. Doğrudan da irriqasiya sisteminin ekoloji dəyişkənliyə təsiri ərazinin relyefindən, hidroekoloji şəraitindən, landşaftın digər komponentlərindən asılıdır.
Şirvan düzünün suvarılan ərazisinə dağətəyi düzənlik və yarımsəhra ovalıq qurşaqlar daxildir. Bu qurşaqların relyefi ekoloji cəhətdən xeyli müxtəlif səciyyələrə malikdir. (cədvə l 1.3.1)
Dağətəyi qurşaq aşağı subasar terraslardan və yuxarı çay terraslarından, gətirmə konus sahələrindən, ona bitişik ərazilərdən və dalğavari düzənlikdən ibarətdir. Şirvan düzündən Türyançay, Əlincaçay, Göyçay, Girdimançay və Ağsu çaylarının aşağı subasar sahələri yuxarı terrasları və onların gətirmə konusları suvarılır. Çayların konuslarının ətrafında və dalğavari düzənlikdə suvarma üçün əlverişli sahələr genişdir.
Yuxarı Şirvan kanalı çəkildikdən sonra bu sahələr suvarılmağa başlandı. Lakın ərazinin düzgün suvarılmaması bəzi sahələrdə qrunt suyunun qalxmasına, həm də yaşayış məntəqələri yaxınlığında təkrar şorlaşmanın yaranmasına təkan vermişdir. Kanaldan düzgün istifadə edilməməsi ərazinin ekoloji dəyişkənliyinə birinci səbəb olmuşdur. Aşağı subasar və yuxarı çay terraslarında tut, üzüm və müxtəlif meyvə bağları əkilmişdir, çay konuslarında isə yemlik çoxillik otlar, dənli bitkilər, pambıq becərilir, meyvə bağları salınır və tut ağacları əkilir. Dalğavari düzənlikdə suvarılan torpaqlar əsasən Yuxarı Şirvan kanalının hər iki sahili boyunda yerləşir.
Düzənliyin yarımsəhra ovalıq qurşağında da aşağı subasar və yuxarı çay terrasları geniş sahəni əhatə edir, burada əsasən pambıq, taxıl və çoxillik yem əkilir. Ərazinin torpaqlarının xeyli hissəsi təkrar şorlaşmışdır. Şorlaşmış torpaqlar bəzi sahələrdə ərazinin yarıdan çoxunu tutur.
Yarımsəhra ovalıq qurşağının müasir allüvial düzənlik sahəsi çox az suvarılır. Burada torpaqlar əsasən şorlaşmış və bataqlıqlaşmışdır. Ümumiyyətlə, həmin sahələrdə qrunt su layının səviyyəsi səthə çox yaxındır.
Dostları ilə paylaş: |