KEÇİD MÜDDƏALARI 1. Azərbaycan Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın 101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclas günü başa çatır. Yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci il avqustun 15-də qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri bitənədək qüvvədədir.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş sәlahiyyәtlәri yerli icra hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvvəyə minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata keçirir.
10. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin hakimləri yenidən təyin edilməlidir. Həmin qanunvericilik qəbul edilənədək hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
11. Bu Konstitusiya qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi həll edir.
12. Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.