V fəsil
QANUNVERİCİLİK HAKİMİYYƏTİ Maddə 81. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir.
Maddə 82. Azərbaycan Respublikası Milli Məclisinin say tərkibi
Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir.
Maddə 83. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları
Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Maddə 84. Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti
I. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.[37] II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə, yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır.
Maddə 85. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər
I. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.[38] II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Maddə 86. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin yoxlanılması və təsdiqi
Seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Maddə 87. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətinin bitməsi
I. Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
II. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, keçirilmir.
III. Azərbaycan Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.
Maddə 88. Azərbaycan Respublikası Milli Məclisinin sessiyaları
I. Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən edir.
II. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.[39]
Maddə 89. Azərbaycan Respublikası Milli Məclisi deputatlığından məhrumetmə və Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi
I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;