4. Konfessiyalararsı münasibətlərdə intolerantlıq meylləri İnsanın təşəkkülündən bu günədək yaşanan ümumbəşəri tarix ən çox özünün münaqişəli xarakteri ilə yadda qalmışdır. Münaqişə və böhran çağdaş dünyanın da dinamik məzmununu təşkil edir. Bu gün lokal, regional və qlobal miqyasda baş verən münaqişələr bir daha sübut edir ki, minilliklər əvvəl olduğu kimi postindustrial cəmiyyətdə də başqa varlığa, özgə ideyaya, başqa ekzistensiyaya səmimi münasibət və onların mövcudluğunu mütləq həqiqət kimi qəbul etmək bacarığı və vərdişləri kifayət qədər mütəşəkkil şəkildə formalaşmamışdır. Odur ki, insanlar gündəlik həyatlarında daim “başqa”, “özgə”, “ənənəvi olmayan” möhürləri daşıyan ideya və varlıqlarla birgə, yaxud yanaşı yaşamağa əsla dözə bilmirlər. Bu isə məişətdə, qruplarda, kollektivlərdə, icmalarda, nəhayət dövlətdə və qlobal cəmiyyətdə intolerantlıq hadisəsi kimi təzahür edir və münaqişəli cəmiyyətdə mövcud olan sosial-psixoloji durumu daha da gərginləşdirir.
Lakin tez, yaxud gec, özündə tanrının və təbiətin işığını daşıyan hər bir kəs insanlığın yeganə bir inkişaf yolu olmasını, onun dini və irqi əlamətlərindən asılı olmayaraq, insanın öz növündən olan digər fərdlərə səmimi məhəbbət ifadə etməsindən ibarət olmasını dərk edir. Bu zaman hər bir fərdə potensial şəkildə məxsus olan “dözümlülük və mərhəmət kodu” israrla üzə çıxır. İctimai münasibətlər sistemində linqvistik baxımdan bu kod “tolerantlıq” kimi təzahür edir. “Tolerantlıq” sosioloji termin kimi başqa dünyagörüşünə, həyat tərzinə, davranış, adət və ənənələrə dözümlə yanaşmaq deməkdir. Lakin o, əsla “özgə dəyərlərə” laqeydlik anlamına gəlmir. Eyni zamanda o, başqa dünyagörüşlərini və başqa həyat tərzlərini qəbul etmək demək deyil. Tolerantlığın əsas mahiyyəti başqalarına da öz dünyagörüşlərinə uyğun yaşamaq hüququ verməkdən ibarətdir (əlbəttə ki, bu dünyagörüşünün ümumbəşəri dəyərlərə zidd olmaması şərti ilə). Qeyd etmək lazımdır ki, “tolerantlıq” kimi yeni bir anlayış keçmiş SSRİ məkanında yaşayan xalqların leksikonuna XX əsrin 80-cı illərinin sonlarından bəri daxil olmuşdur. Latın dilindən tərcümədə “tolerantia” sözünün hərfi mənası “dözüm”, fransız dilindən tərcümədə isə “tolerant” “dözümlü” deməkdir. Artıq XX əsrin sonlarında tolerantlıq və multikulturalizm varlığın yeni atributuna çevrildi. Həm ontologiyada, həm də qnoseologiyada yeni həqiqət çoxluqda, müxtəliflikdə, subyektivizmdə ifadə olunmağa başladı. Başqa dəyərlərin və varlıqların əsas ekzistensial hüquqlarının qorunması ümumbəşəri hadisə, yüksək təşəkküllü sivil cəmiyyət yaratmaq işində əsas oriyentir kimi bütün dünya birliyi tərəfindən təsdiq olundu.
Qədim tarixi olan “tolerantlıq” fenomeni münaqişəli cəmiyyətdə real ixlas yolu kimi tərənnüm olunmağa başladı. Bununla əlaqədar olaraq, müxtəlif tip mədəniyyətlərdə “tolerantlıq” fərqli formalarda təfsir olunurdu. İspanca “tolerancia” - şəxsi ideyalardan və rəylərdən fərqli olanlarını tanımaq deməkdir. Fransızca “tolerance” başqalarının fərqli şəkildə düşünməsinə və hərəkət etməsinə yol verən yeni münasibət kimi ortaya çıxır. İngiliscə “tolerance” şəxsiyyəti, hadisəni, yaxud predmeti etiraz etmədən qəbul etmək, dözümlülüyə, mərhəmətə hazır olmaq mənasını verir. Çin dilində “kuan ronq” icazə vermək, özgəni qəbul etmək, başqalarına münasibətdə çox səxavətli olmaq kimi izah olunur. Ərəbcə “təsamül” bağışlamaq, mərhəmətli olmaq, şəfqət göstərmək, lütf etmək kimi dəyərləri ifadə edir. X əsrdə yaşamış məşhur ərəb ilahiyyatçısı və filoloqu Əhməd ibn Fariz ər-Razi özünün “Normativ lüğəti”ində qeyd etmişdi ki, ərəb dilində “samaaha” sözü çeviklik, alicənablıq, dözümlülük, mərhəmət deməkdir.
“Xarici sözlər” lüğətində “tolerantlığa” lakonik tərif verilir - “özgə fikirlərə, rəylərə və inanclara dözümlülük”. 1994-cü ilə aid “Qısa fəlsəfi ensiklopediyada” isə tolerantlıq haqqında deyilir: “Tolerantlıq – başqa tipli baxışlara, əxlaqa və vərdişlərə dözümlülük deməkdir Tolerantlıq başqa tip mədəniyyətləri, çeşidli özünüifadə üsullarını, insan fərdiliyinin müxtəlif təzahür formalarını düzgün dərk etmək və qəbul etmək bacarığıdır. Lakin tolerantlıq cılız hisslərin diktəsi altında yersiz güzəşt etmək, yalançı mərhəmət göstərmək, həddindən artıq həlim olmaq, yaxud prinsipial dəyərləri tapdalamaq demək deyil. O, həmçinin sosial ədalətsizliyə dözmək, şəxsi əqidədən imtina etmək, özgə əqidələri qəbul etmək, eləcə də şəxsi əqidəni başqasına sırımaq (prozelitizm) anlamına gəlmir Tolerantlığın əsas mahiyyətini və sərhədlərini təyin etmək üçün, mütləq onun əksi kimi ifadə olunan dözümsüzlüyü, yaxud intolerantlığı, onun formalarını və təzahür tiplərini analiz etmək və dərindən öyrənmək son dərəcə vacibdir.
Əsasən intolerantlıq (lat. intolerantia - dözülməzlik, dözümsüzlük) belə bir əqidəyə, ideyaya əsaslanır ki, eqoizmin əsiri olan fərd, kollektiv, yaxud sosium öz əhatəsini, dünyagörüşü sistemini, həyat tərzini başqalarından yüksəkdə tutur, hər kəsin onu nümunə kimi qəbul etməsinə iddia edir və bu iddia fövqəladə şəkildə israrlı olur. Bu təkcə elementar həmrəyliyin yoxluğu demək deyil, həm də insanda neqativ stereotiplərə əsaslanan elə bir psixoloji halətdir ki, o, başqasını başqa cür görünməsinə, düşünməsinə, yaşamasına, hətta sadəcə mövcud olmasına görə israrla qəbul etmək istəmir.
Burada söhbət cəmiyyət və şəxsiyyət üçün son dərəcə təhlükəli olan məqamlardan, yəni üzdəniraq üstünlük, böyüklük kompleksindən, “mənəm-mənəmlik” formasında təzahür edən paranoyadan (yun. paranoia - ağılsızlıq, dəlilik) gedir. Bu vəziyyət bir fərdin psixoloji sərhədlərini aşaraq kollektiv xarakter alanda, daha da təhlükəli olur və qatı millətçilik, faşizm, şovinizm, rasizm, ksenofobiya, etnosentrizm, etnik zorakılıq kimi bəşəri dəyərlərə zidd olan formalar alır. Bu kompleksin bir etnos səviyyəsində reallaşdırılması isə soyqırım aktının gerçəkləşdirilməsi kimi, bəşəriyyətə qarşı cinayətlərlə nəticələnir. İntolerantlıq hər hansı mübahisəli situasiyada inandırmaq, razılaşdırmaq, qəbul etmək kimi sırf kompromis prinsipləri qəti olaraq inkar edir və öz “yeganə silahından” - əzmək, yatırmaq və məhv etməkdən istifadə edir. Bu “özgə baxışların” daşıyıcıları olan digər insanların mövcud olmaq hüquqlarının əlindən alınması deməkdir. İntolerantlıq hər hansı yeniliyə qarşı çıxır. O, adi ədəbsizlikdən və özgə təzahürə qıcıqlanmadan tutmuş, “başqalarının” metodiki və məqsədyönlü şəkildə məhv edilməsinə, etnik təmizləmə aktlarına qədər geniş diapazonda ifadə olunur