Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti tarix fakultəSİ


Etnik mədəni müxtəlifliklər multikulturalizmin yaranmasının səbəbi kimi



Yüklə 164,32 Kb.
səhifə18/33
tarix13.12.2023
ölçüsü164,32 Kb.
#175108
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
multikultur.COVİD-19

18. Etnik mədəni müxtəlifliklər multikulturalizmin yaranmasının səbəbi kimi

Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.


Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.
Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.
Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.
Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır.
Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s.
Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.
Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir.
Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir.
Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur.
Mədəniyyət müəssisələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar. Qax rayon xalq teatrının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Gürcüstan Respublikasının Laqodexi, Marneuli, Dmanisi, Batumi, Qori şəhərlərinə, Zaqatala rayonunu "Avar", "Saxur" xalq teatrı kollektivlərinin qonşu rayonlara, Lənkəran rayonunun "Şənlik", Astaranın Sevinc , "Əfsur" talış mahnı və rəqs ansambllarının İran, Türkiyə və İraqa səfərləri olmuşdur.
Astara rayon Mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində böyük rolu vardır. Kollektivin Tacikistan, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, Rusiya və Türkiyədə çıxışları buna əyani sübutdur. Astarada "Məhsul", "Əkinçi", "Şum" bayramları keçirilir.
Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.
2002-ci il 27-28 iyun tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ATƏT-in Azərbaycandakı ofisi ilə birgə "Azərbaycanın mədəni çeşidliyi" adlı elmi-praktiki konfrans keçirilib.
Ruslar Azərbaycanda iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı payını vermişlər. Hələ keçən əsrin 70-ci illərindən respublikada rus dilinin hərtərəfli inkişafı üçün həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. 1970-ci ildən Azərbaycandakı orta məktəblərdə birinci sinifdən rus dili tədris edilməyə başlandı. Bu gün 400 məktəbdə dərslər rus dilində, 21 ali məktəbdən 20-də isə dərslər Azərbaycan və rus dillərində keçirilir.
Azərbaycanda rus dilinə belə yüksək münasibət keçmiş SSRİ ərazisində yaşayan xalqlarla sıx əlaqələr saxlamağa imkan verir.
Azərbaycanın siyasi rəhbərliyi ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutmuşdur. Bu fəaliyyət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb.
Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəsilə ötürülsün.
Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar da müvafiq işlər görürlər.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsi yaradılıb. Bu da Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Elə folklor ənənələri var ki, birgə yaşayış prinsipindən irəli gələrək ümumi formaya düşməyə başlayıb
Bunların arasında başlıca olaraq toy ənənəsini göstərmək olar. Toy hər bir xalqın mədəniyyətinin, folklorunun ayrılmaz hissəsidir. Dünyanın hər yerində xalqların toy ənənələri əsrlərlə formalaşır, xalqın təmsilçisinə çevrilir. Milli azlıqların, hər mahalın, hətta, hər kəndin, elin vaxtı ilə özünə xas maraqlı adətləri indi vahid formada özünü göstərməyə başlayıb. Əmək, mərasim və mövsüm nəğmələri, layla və ağılar, lirik mahnılar və instrumental rəqs havaları hər bir mədəniyyət daxilində xüsusi təzahür formalarına malikdir. Müxtəlif xalqların folklorunda eyni janrların yeri və əhəmiyyəti də müxtəlifdir.
Azsaylı xalqların zəngin musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycanın ənənəvi “Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.
Məsələn, ləzgilər, avarlar, saxurlar, rutullular arasında nağara-zurna dəstəsi tərəfindən icra olunan instrumental rəqs havaları aparıcı yer tutsa da, bu folklor mədəniyyətlərində mahnı janrının müxtəlif növ və şəkillərinə də rast gəlirik (laylay, ağı, mərasim nəğmələri, lirik mahnılar). Bu xalqları ümumi musiqi üslubu və çalğı alətləri (nağara, zurna, balaban, tütək, sipsi, tənbur) və eləcə də, tipik melodiya formulları birləşdirir. Eyni zamanda, bəzən onlardan hər birinə məxsus fərqli çalarlar da sezilir.
Ən qədim etnoslardan biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, "halay" mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.
Balakən rayonunun özünəməxsus milli musiqi aləti var ki, bu da yalnız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər balakənlilər öz əlləri ilə düzəltdikləri iki simli tamburdan el şənliklərində musiqi aləti kimi istifadə edirlər. Tamburdan həm kişilər, həm də qadınlar çalaraq laylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər.
Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.


Yüklə 164,32 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin