Azərbaycan respublikasinin təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 300,9 Kb.
səhifə15/61
tarix02.01.2022
ölçüsü300,9 Kb.
#1045
1   ...   11   12   13   14   15   16   17   18   ...   61
İDEAL OBYEKT ANLAYIŞI
Məmmədova Məlahət Şaban qızı,

BDU-nun II kurs magistrantı
Gerçəkliyi müəyyən qanunlar və kateqoriyalar formasında əks etdirməklə onun adekvat inikasını yaradan elmi biliklər sistemində mühüm rol oynayan , ideal obyektlərin yaradılmasında istifadə olunan idrak üsulları və fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Maddi aləmin sirlərini öyrənmək, varlığın daha dərin və hərtərəfli dərkinə nail olmaq, gerçəkliyin zahiri və təsadüfi tərəfləri arxasında gizlənən mahiyyətə nüfuz etmək imkanı verən ideallaşdırma abstraktlaşdırma prosesinin yüksək inkişaf mərhələsi olub hissi idrakın və hətta, abstraksiya etmə prosesinin özünün də nail ola bilmədiyi bir sıra nəticələri əldə etməyə imkan verir.

İdeallaşdırma gerçəkliyin abstraktlaşdırmadan sonra baş verən sadələşdirilməsi,kasıblaşdırılması, sxemləşdirilməsidir. Bu proses fikri elementlərin, ideallaşdırılmış nəzəri obyektlərin yaradılması ilə bağlıdır. Elmi idrak məqsədilə gerçəklikdə mövcud olmayan, ümumiyyətlə, əməli surətdə həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur. İdeallaşdırılmış obyektlərə "mütləq bərk cisim", "ideal qaz", "nöqtəvi yük", "maddi nöqtə" , "sıxılmayan maye", "ideal məhlul" kimi fiziki və habelə nöqtə, düz xətt, müstəvi, bərabərtərəfli üçbucaq və basqa riyazi anlayışları misal göstərmək olar. Məsələn,"ideal qaz" anlayışında molekullar arasındakı qarışılıqlı təsirlərdən və onların real ölçülərindən sərfnəzər edilmişdir.

İdeal obyektlərin quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma fəaliyyətini tələb edir. Məsələn, "mütləq bərk cisim" ideal obyektini yaratmaqla biz real cisimlərin kənar qüvvələrin təsiri altında deformasiyaetmə qabiliyyətindən abstraksiya etmiş oluruq . "Mütləq qara cisim", yəni üzərinə düşən işıq enerjisini bütünlükdə uda bilən cisim dedikdə isə biz belə bir faktdan abstraksiya etmiş oluruq ki , bütün real cisimlər üzərinə düşən işıq şüasını az və ya çox dərəcədə əks etdirmək qabiliyyətinə malikdir. İdeallaşdırma zamanı fiziki obyektlərə təbiətdə mövcud olmayan və praktiki heç cür reallaşa bilməyən xassələr isnad verilir.

Məsələn, fizikada "ideal qaz" təsəvvüründən geniş istifadə olunur. "İdeal qaz" elə anlayışdır ki, onun mütləq elastiki fərz olunan molekullarının qarışılıqlı təsirindən və real ölçülərindən sərfnəzər edilmişdir. Bu halda elə seyrəkləşdirilmiş qaz nəzərdə tutulmuşdur ki, onun molekullarının qarışılıqlı təsiri çox – çox zəif olduğundan qazın potensial enerjisindən sərfnəzər etmək olur. Məsələn, ideal obyektlərdən istifadə etmədən Qaliley özünün fikri ekspermentini ümumiyyətlə həyata keçirə bilməzdi.

Belə ki, Qalileyin mühakimələrində mühüm rol oynayan düzxətli və bərabərsürətli hərəkəti heç cür reallaşdırmaq olmaz: xarici qüvvələrin təsirindən tamamilə sərfnəzər etmək mümkün olmadığından yol boyunca itələnən arabacıq heç bir zaman bərabərsürətli və düzxətli hərəkət edə bilməz. İdeallaşdırma metodunun elmi əhəmiyyəti buradan bir daha aydın olur. İdeal obyektlərin yaradılması formalaşması prosesində abstraktlaşdırma ilə yanaşı digər fikri əməliyyatlar da iştirak edir.

İdeallaşdırma real obyektin "fikrən parçalanaraq analiz edilməsini, sonra isə sintez prosesində yenidən bir tam kimi bərpa olunmasını tələb edir". İdeallaşdırmanın digər fikri proseslərə, o cümlədən abstraktlaşdırma, ümumiləşdirmə, analiz və sintezlə əlaqəsi, hər şeydən əvvəl, bununla izah olunur ki, ideal obyektlərin quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq:

a) real obyektləri onlara məxsus olan bəzi xassələrdən məhrum etmək ; b) bu obyektlərə fikrən qeyri – real , praktiki reallaşa bilməyən hipotetik xassələr əlavə etməliyik. Bu məqsədə çatmaq üçün aşağıdakı üsullardan istifadə edilir:

1. Çoxpilləli abstraksiya üsulu. İdeal obyektlərin formalaşmasının bu üsulu riyaziyyatda xüsusilə geniş tətbiq olunur. Həndəsi "nöqtə" anlayışı həmin üsulla yaradılmışdır. Real obyektləri qalınlığınnan abstraksiya etməklə biz müstəvi haqqında təsəvvür yaradırıq; daha sonra müstəvini onun xətti ölçülərinin birindən, məsələn, enindən məhrum etməklə "xətt" və nəhayət, xətti onun yeganə ölçüsündən – uzunluğundan məhrum etməklə "nöqtə" almış oluruq.

2. Cismin hər hansı bir xassəsinin inkişafında hüdud hala keçməsi . Fizikada geniş tətbiq tapan “mütləq bərk cisim“, “mütləq qara cisim“ və s. kimi ideal obyektlər bu cür yaradılmışdır. Məsələn, “mütləq qara cisim anlayışı “ bu üsulla belə yaradılmışdır: cisimləri onların üzərinə düşən işıq enerjisini udmaq qabiliyyətinin artmasına görə yerləşdirib bu sıranı fikrən uzatmaqla onun sonunda elə bir cisim təsəvvür edək ki , o, üzərinə düşən işıq şüasını tamamilə udmuş olsun.

3. İdeal obyektlərin sadə abstraksiya vasitəsilə , obyektlərin bəzi real xassələrinin atılması yolu ilə yaradılması. Bu ancaq o halda mümkün olur ki, cismin real xassələrindən sərfnəzər edilməsi ona qeyri – real, gerçəklikdə praktiki reallaşa bilməyən xassələrin daxil edilməsi ilə eyni vaxtda baş vermiş olsun.

Göründüyü kimi, nəzərdən keçirdiyimiz hər üç halda ideal obyektlərin yaradılmasında obyektlərin həm real xassələrindən sərfnəzər edilməsindən, həm də onlara hipotetik-qeyri real xassələrin isnad verilməsindən istifadə olunur.

Ədəbiyyat


1. Ə. B. Məmmədov , T. B. Zahidov. Dialektik idrak və ekspermental metod. B. Azərnəşr, 1994.

2. Мамедова С. Г. Роль метода идеализации в научном познании. Баку,

“Элм” , 1985.

3. Мəммəдбəйли H. Муhəммəд Нəсирəддин Туси . “Gəнджлик” , Бакы, 1980

4. Оруджев З. М. Диалектика как система. Политиздат, M. 1973


Yüklə 300,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin