İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 22 iyul 2022-ci il
№3378
https://e-qanun.az/framework/50013
AZƏRBAYCAN RESPUBLİKASININ 2022-2026-cı İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAF STRATEQİYASI XÜLASƏ Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir.
Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin etmişdir.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.
Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılmış, makroiqtisadi stabillik təmin edilmiş və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olmuşdur.
Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Məhz bu məqsədlə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunmuş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmışdır. Bu Strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir.
Özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafı yeni və daha səmərəli stimullar və inkişaf mühiti hesabına sürətlənəcək, özəl və xarici investorların ölkə iqtisadiyyatında fəallığı artacaq, qeyri-xammal ixracı genişlənəcəkdir.
Qeyri-neft/qaz sektoruna, xüsusilə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi və investisiyalar cəlb olunacaq, innovasiyalar, habelə dövlət‒özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xidmət təminatı gücləndiriləcək.
Dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin iqtisadi səmərəsi yüksələcək, iqtisadiyyatda şəffaflıq daha da artacaq, iqtisadi idarəetmənin keyfiyyəti yeni səviyyəyə qalxacaqdır. Dövlət əmlakının özəlləşdirilməsi və dövlət‒özəl tərəfdaşlığının genişləndirilməsi, dövlətə məxsus olan hüquqi şəxslərin restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, burada dövlət payının azaldılması sahəsində müvafiq işlər görüləcəkdir.
Makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlığının və səmərəliliyinin artırılması mexanizmləri təkmilləşdiriləcəkdir. Kapital bazarının inkişaf mühitində əhəmiyyətli dəyişikliklər baş verəcək, real sektorun və sahibkarlığın maliyyə xidmətlərinə və resurslarına çıxış imkanlarının genişləndirilməsi mexanizmləri gücləndiriləcəkdir.
İnsan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin yaşıl enerji məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcəkdir.
İnnovasiyalar təşviq ediləcək, müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, bu əsasda iqtisadiyyatın effektivlik əsasında inkişafı və rəqabətədavamlılığı təmin olunacaqdır.
Əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcəkdir.
Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcəkdir.