Prokurorluq orqanlarında normayaratma fəaliyyəti
Azərbaycan Respublikası Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları”na əsasən prokurorluq orqanlarında normayaratma fəaliyyəti (normativ və normativ xarakterli hüquqi sənədlərin hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların izah olunması və ya ləğv edilməsi üzrə fəaliyyət) Baş Prokurluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən həyata keçirilir. İdarə Azərbaycan Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsində iştirak edir, prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin daxili uzlaşdırılmış vahid sistem kimi formalaşdırılmasını təmin edir, prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır, Baş Prokurorluğun struktur qurumlarının və tabe prokurorluq orqanlarının normayaratma fəaliyyətində iştirakını təşkil edir və əlaqələndirir.
Qeyd edilməlidir ki, prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən qanunvericiliyin və digər qanunvericilik aktlarının təkmilləşdirilməsinə dair layihələri Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi hüquqi ekspertizadan keçirir, bu layihələrin aidiyyəti dövlət orqanlarında müzakirəsində iştirak edir.
Prokurorluq orqanların normayaratma fəaliyyəti ilə bağlı digər məsələlər, o cümlədən qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi, Prokurorluğun normativ xarakterli sənədlərinin layihəsinin hazırlanması, onların hüquqi ekspertizası, həmin sənədlərin layihələrində sui-istifadə amillərinin müəyyən edilməsi və Konstitusiya Məhkəməsində icraatda iştirak məsələləri “İşin Təşkili Qaydaları” ilə tənzimlənmişdir.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Hərbi Prokurorluqda və Naxçıvan Muxtar Respublikasının Prokurorluğunda normativ xarakterli sənədlərin layihələrinin hazırlanması, onların qəbul və dərc edilməsi, həmçinin Baş İdarənin qeyri-normativ hüquqi sənədlərinin hazırlanması ilə əlaqədar məsələlər həmin struktur qurumların İşin Təşkili Qaydaları ilə tənzminlənir.
Dostları ilə paylaş: |