Maddə 124. Tərbiyə müəssisələrində cəzanın icrası şərtləri
124.1. Yetkinlik yaşına çatmayan məhkumlar cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına uyğun olaraq tərbiyə müəssisəsinin ərazisi daxilində hərəkət edə bilərlər.
124.2. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar:
124.2.1. adi yaşayış binalarında saxlanılırlar;
124.2.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda əlli manatadək miqdarda pul xərcləyə bilərlər;
124.2.3. il ərzində qısa müddətli qırx səkkiz və uzun müddətli səkkiz görüş almaq hüququna malikdirlər;
124.2.4. il ərzində qırx səkkiz bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.
124.3. Ümumi rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda cəza müddətinin ən azı dörddə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər.Bu halda məhkumlar əlavə olaraq:
124.3.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;
124.3.2. il ərzində uzun müddətli dörd görüş almaq hüququna malikdirlər;
124.3.3. hər il məzuniyyət vaxtı cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı ilə cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara valideynlərinin və ya himayəçilərinin müşayiəti ilə qısa müddətli səfər etməyə icazə verilə bilər.
124.4. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar:
124.4.1. adi yaşayış binalarında saxlanılırlar;
124.4.2. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda qırx manatadək miqdarda pul xərcləyə bilərlər;
124.4.3. il ərzində qısa müddətli iyirmi dörd görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər;
124.4.4. il ərzində iyirmi dörd bağlama, sovqat və ya banderol almaq hüququna malikdirlər.
124.5. Möhkəm rejimli tərbiyə müəssisələrində məhkumlar cəzanın icrası qaydalarını pozmadıqda, əməyə və təhsilə vicdanla yanaşdıqda, cəza müddətinin azı üçdə birini çəkdikdən sonra onların saxlanılması şəraiti yaxşılaşdırıla bilər. Bu halda məhkumlar əlavə olaraq:
124.5.1. ərzaq məhsulları və ən zəruri mallar əldə etmək üçün ayda on beş manatadək miqdarda pul xərcləyə bilərlər;
124.5.2. il ərzində qısa müddətli on iki görüş və uzun müddətli üç görüş almaq hüququna malikdirlər. (14, 16)
Dostları ilə paylaş: |