Maddə 166. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanın icrası qaydası
166.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda tətbiq edilir.
166.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanı icra etmək üçün məhkum olunmuş şəxs haqqında əsas cəzanı icra edən müəssisə və ya orqan məhkəmə hökmü ilə müəyyən olunmuş müddətin başa çatmasına bir ya qalmış müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
166.3. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzanı icra edən orqan məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına və məhkumun mənsub olduğu, habelə məhkuma himayədarlığı üzərinə götürmüş dövlətin diplomatik və konsulluq nümayəndəliklərinə məlumat verir.
166.4. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə cəzaya məhkum olunmuş şəxs, əsas cəzanı çəkməkdən azad olunduğu gündən, üzürlü səbəblər istisna olmaqla, Azərbaycan Respublikasının hüdudlarını dərhal tərk etməlidir.
166.5. Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini məhkumun özü və ya onun mənsub olduğu dövlətin diplomatik və konsulluq nümayəndəlikləri ödəyirlər.
166.6. Müstəsna hallarda məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma xərclərini cəzanı icra edən orqan ödəyə bilər.
VI bölmə. Cəza çəkməkdən azad etmə. Cəza çəkməkdən azad edilən şəxslərə yardım göstərilməsi və onlara nəzarət edilməsi
Dostları ilə paylaş: |