Maddə 316-1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları yayma
316-1.1. İnsan alverindən zərərçəkmiş şəxs haqqında konfidensial məlumatları qanunsuz toplama, yaxud qəsdən yayma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
316-1.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda—
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır..
Qeyd:
Bu maddədə «konfidensial məlumat» dedikdə, yayılması insan alverindən zərər çəkmiş şəxsin, onun yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə yaradan hər hansı məlumat başa düşülür. (25, 45, 82, 128)
Maddə 316-2. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və ya terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında məlumatları yayma
316-2.1. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -
min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
316-2.2. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar etibar edilmiş və ya məlum olmuş məlumatların, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması —
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (52)