Maddə 99-5. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlərin növləri
99-5.1. Hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər aşağıdakılardır:
99-5.1.1. cərimə;
99-5.1.2. xüsusi müsadirə;
99-5.1.3. hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
99-5.1.4. hüquqi şəxsi ləğv etmə.
99-5.2. Xüsusi müsadirə bu Məcəllənin 15-1-ci fəsli ilə müəyyən edilmiş qaydada tətbiq edilir.
99-5.3. Hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur.
99-5.3. Hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən aşağıdakı hallar nəzərə alınır:
99-5.3.1. cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi;
99-5.3.2. cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi;
99-5.3.3. cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı;
99-5.3.4. cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə;
99-5.3.5. cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər.
99-5.3.6. hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması. (69, 121)