Azərbaycan Respublikasının Vergi Məcəlləsi


Maddə 77-1. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar



Yüklə 212,08 Kb.
səhifə74/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   70   71   72   73   74   75   76   77   ...   197
VM2017

Maddə 77-1. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar

77-1.1. Vergi ödəyicisi vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın (bundan sonra bu maddənin məqsədləri üçün – qərar) qəbul edilməsi məqsədilə vergi orqanına “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir.  

77-1.2.  Ərizəyə aşağıdakılar əlavə olunur:

77-1.2.1. barəsində qərarın qəbul edilməsi tələb edilən vergi tutulan əməliyyata aid sənədlər;

77-1.2.2. vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrə dair vergi ödəyicisinin qeydləri;

77-1.2.3. qərarın qəbulu üçün zəruri hesab edilən digər məlumatlar. 

77-1.3. Ərizəyə əlavə olunmuş sənədlər dövlət dilində olmalıdır. Xarici dildə tərtib olunmuş sənədlərin əsli dövlət dilinə rəsmi təsdiq edilmiş tərcümə ilə müşayiət olunmalıdır.

77-1.4. Qərar bu Məcəllənin 77-1.2-ci və 77-1.3-cü maddələrində nəzərdə tutulan sənədlər və məlumatlar təqdim edildikdən sonra 30 iş günü müddətində qəbul edilir.

77-1.5. Vergi orqanı ərizənin və ona əlavə edilmiş sənədlərin 77-1.1 - 77-1.3-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması barədə məlumatı vergi ödəyicisinə bildirməlidir.

77-1.6. Vergi ödəyicisi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə vergi ödəyicisinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

77-1.7. Qərar vergi orqanı tərəfindən hər bir vergi ödəyicisinə və hər bir vergi tutulan əməliyyata münasibətdə ayrılıqda qəbul olunur, vergi orqanının rəhbərinin imzası və möhürlə təsdiq olunur və barəsində qərar qəbul edilən əməliyyatla bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlarda əməliyyat baş tutanadək dəyişiklik baş verdiyi  hallar istisna olmaqla 3 il müddətində məcburi hüquqi qüvvəyə malik olur.  
 


77-1.8. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar olmadıqda və ya aşkar edilmiş çatışmazlıqlar bu Məcəllənin 77-1.6-cı maddəsində müəyyən olunmuş vaxtda aradan qaldırıldıqda, vergi orqanı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumunu ödəmək vəzifəsi barədə vergi ödəyicisinə şifahi və ya məktub vasitəsilə yazılı məlumat verir.

77-1.9. Qərarın qəbul edilməsi üçün dövlət rüsumu bu Məcəllənin 77-1.8-ci maddəsinə uyğun olaraq, vergi orqanının verdiyi məlumat alındığı tarixdən  3  iş günü ərzində vergi ödəyicisi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd vergi orqanına təqdim olunur.

77-1.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd vergi orqanına təqdim edildikdən sonra bu Məcəllə ilə müəyyən edilmiş müddətdə qərar qəbul edilərək vergi ödəyicisinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.  

77-1.11. Qərarın icrası yalnız ərizədə qeyd olunan əməliyyat üzrə vergi orqanı və qərarda qeyd olunan əməliyyatı həyata keçirəcək vergi ödəyicisi üçün məcburi hüquqi qüvvəyə malikdir, bir şərtlə ki, vergi ödəyicisi tərəfindən həmin əməliyyat həyata keçirilmiş olsun.

77-1.12. Barəsində qərar qəbul edilmiş əməliyyatın icrası vergi ödəyicisi üçün məcburi xarakter daşımır.       

77-1.13. Aşağıdakı hallarda vergi orqanı tərəfindən qərarın qəbul edilməsindən imtina edilir:

77-1.13.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Məcəllənin 77-1.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla);

77-1.13.2. ərizədə qeyd olunan əməliyyat üzrə bu Məcəlləyə uyğun olaraq vergi öhdəliyinin müəyyən edilməsinə dair vergi orqanının qərarı olduqda və bu əməliyyat üzrə göstəricilərdə hər hansı dəyişiklik baş vermədikdə;

77-1.13.3. ərizədə qeyd olunan əməliyyat artıq baş tutmuş olduqda və ya bu əməliyyatla bağlı vergi orqanının qərarı və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

77-1.13.4. barəsində qərar qəbul edilməsi üçün müraciət edilmiş əməliyyat üzrə vergi ödəyicisinin vergidən yayınma sxemi yaratmaqla, vergi üstünlüyü əldə etmək məqsədi daşıdığı vergi orqanı tərəfindən müəyyən edildikdə;

77-1.13.5. barəsində qərar qəbul edilməsi nəzərdə tutulan əməliyyatın dəyəri 10.000.000 (on milyon) manatdan aşağı olduqda;

77-1.13.6. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd bu Məcəllənin 77-1.9-cu maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmədikdə;

77-1.13.7. vergi ödəyicisi tərəfindən qərarın qəbul olunması üçün müraciət zamanı bu Məcəllə ilə müəyyən olunmuş tələblərə əməl edilmədikdə, o cümlədən vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər və məlumatlar müraciətə əlavə olunmadıqda və ya əlavə olunmuş sənədlər və məlumatlar vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi üçün kifayət etmədikdə;

77-1.13.8. barəsində qərar qəbul edilməsi nəzərdə tutulan əməliyyat üzrə vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi vergi orqanının səlahiyyətlərinə aid olmadıqda.

77-1.14. Barəsində qərar qəbul edilən əməliyyatla bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlarda əməliyyat baş tutanadək dəyişiklik baş verərsə, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi haqqında vergi orqanının qərarının hüquqi qüvvəsi olmur. 

77-1.15. Vergi ödəyicisi vergi orqanı tərəfindən bu maddəyə uyğun olaraq qəbul edilmiş qərardan, habelə həmin qərarın qəbul edilməsi ilə bağlı imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin