Maddə 176. Elektron vergi hesab-fakturaları
176.1. Bu Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyən şəxsin elektron vergi hesab-fakturası verməyə hüququ yoxdur.
176.2. Elektron vergi hesab-fakturası (ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla) (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki şəxslərə ƏDV-nin qaytarılması şərtilə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla) ciddi hesabat blankları olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma üzrə hazırlanan və özündə aşağıdakı məlumatları əks etdirən sənəddir:
176.2.1. vergi ödəyicisinin və alıcının (sifarişçinin) adı;
176.2.2. vergi ödəyicisinin və alıcının (sifarişçinin) eyniləşdirmə nömrəsi;
176.2.3. yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı;
176.2.4. vergi tutulan əməliyyatın haqqının məbləği, həmçinin vergi tutulan əməliyyatın həcmi;
176.2.5. aksizli mallarda aksizin məbləği;
176.2.6. vergi tutulan əməliyyatdan ödənilməli olan verginin məbləği;
176.2.7. elektron vergi hesab-fakturasının verilmə tarixi;
176.2.8. elektron vergi hesab-fakturasının nömrəsi;
176.2.9. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisinin qeydiyyat bildirişini vermiş vergi orqanının adı, bildirişin verilmə tarixi və nömrəsi;
176.2.10. elektron vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı.
176.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
176.2-2. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
176.3. Vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borcludur.
176.3-1. Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qəbz və ya çek verilə bilər. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada sifariş edilməyən, çap edilməyən və tərtib edilməyən elektron vergi hesab-fakturaları, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq aparılan əvəzləşdirilmə etibarsız hesab edilir.
176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər. Nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirilmə etibarsız hesab edilir.
176.5. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.
Dostları ilə paylaş: |