Maddə 43. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi
43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yalnız səyyar vergi yoxlanılması keçirildikdə yol verilir.
43.2. Səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42-ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir.
Əşyaların nümunə kimi götürülmə həcmi, miqdarı, müddəti və onların tədqiq edilməsi qaydaları bu maddəyə uyğun müəyyən edilir.
43.2.1. Səyyar vergi yoxlaması zamanı nümunə kimi əşyalar aşağıdakı məqsədlər üçün götürülür:
43.2.1.1. gəlirdən çıxılan xərclərə aid edilən malların (işlərin, xidmətlərin) dəyərinin onların fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəriciləri ilə uyğunluğunun yoxlanılması;
43.2.1.2. malların (işlərin, xidmətlərin) təqdim olunmasından əldə edilən və uçota alınan gəlirin həmin malların (işlərin, xidmətlərin) fiziki və keyfiyyət göstəriciləri, növü, mənşəyi və digər göstəricilərinə uyğunluğunun yoxlanılması;
43.2.1.3. malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin müəyyənləşdirilməsi;
43.2.1.4. vergi qanunvericiliyinin pozulmasının, o cümlədən aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların saxlanılmasının, satışının və idxal olunmasının sübut edilməsi;
43.2.1.5. vergi qanunvericiliyinin pozulmasının sübut edilməsi məqsədi ilə əşyaların nümunə kimi götürülməsi zəruri olan digər hallarda.
43.2.2. Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə bu Məcəllənin 43.2-ci maddəsində müəyyən edilmiş hallarda və məqsədlərlə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi orqanının rəhbərinə və ya onun müavininə yazılı məlumat verməlidir. Həmin məlumatda əşyaların nümunə kimi götürülməsi əsaslandırılmalıdır.
43.2.3. Vergi orqanının səyyar vergi yoxlamasını həyata keçirən vəzifəli şəxsinin əşyaların nümunə kimi götürülməsini əsaslandıran məlumatı vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən araşdırılır və yalnız bundan sonra həmin əşyaların nümunə kimi götürülməsi barədə qərar qəbul edilir.
43.2.4. Səyyar vergi yoxlaması zamanı əşyaların nümunə kimi götürülməsi haqqında qərarın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
43.2.5. Vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir.
43.2.6. Səyyar vergi yoxlaması keçirilərkən əşyaların nümunə kimi götürülməsinin miqdarı, həcmi və götürülmə ilə əlaqədar digər şərtlər Azərbaycan Respublikasının ərazisində qüvvədə olan standartlara və normativlərə əsasən müəyyən edilir.
43.2.7. Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla 30 gündən artıq olmayan müddətə götürülə bilər.
43.2.8. Nümunə kimi götürülmüş əşyaların saxlanılması və onların qorunması, qanunvericiliyə uyğun olaraq yaradılmış və fəaliyyət göstərən təşkilatlarda tədqiq edilməsi vergi orqanının hesabına həyata keçirilir.
43.2.9. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar vergi ödəyicisinə qaytarılır. Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə isə onların dəyəri vergi orqanı tərəfindən ödənilir.
43.3. Sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür.
43.4. Sənədlərin və nümunə kimi əşyaların gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-a qədər olan müddətə) götürülməsinə yol verilmir.
43.5. Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
43.6. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər.
43.7. Vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir.
43.8. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir.
43.9. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilir, sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir.
43.10. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır.
43.11. Vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.
Dostları ilə paylaş: |