Müqavilənin mətni: Qadir Allah naminə İmperator əlahəzrətləri, Bütün Rusiyanın ən şöhrətli və əzəmətli böyük hökmdarı və imperatoru və İran dövlətinin sahibi, hökmdarı, əlahəzrətləri padşahın öz təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, onların ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən Bütün Rusiya imperiyası və İran dövləti arasında mövcud olmuş səbatlı sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:
Əlahəzrət Bütün Rusiya İmperatoru – öz general-leytenantı, Gürcüstandakı və Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə Baş Müdiri, Xəzər hərbi Donanmasının Komandanı, Müqəddəs Aleksandr Nevski, birinci Müqəddəs Anna, dördüncü dərəcəli Müqəddəs Əzabkeş və Qalibiyyətli Georgi ordenləri, habelə üzərində igidliyə görə yazısı olan qızıl qılıncla təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi, Əlahəzrət İran şahı isə - özünün, Türkiyə və İngiltərə Saraylarında fövqaladə elçisi olmuş, İran Rəisləri arasında seçilmiş, öz padşahından brilyantlarla bəzədilmiş xəncər və qılıncdan, şal paltardan və brilyantlarla zinyətləndirilmiş at bəzəkləri dəstindən ibarət fərqləndirici lütf görmüş, öz padşahının ən yaxın məmuru, ali İran sarayının gizli işlər müşaviri, vəzir nəslinə mənsub olan, İran sarayında ikinci dərəcəli xan, yüksəkrütbəli və çoxhörmətli Mirzə Həsən Xanı: bu səbəbdən də biz, yuxarıda adları çəkilmiş səlahiyyətli Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən sonra, hər birimizə öz tərəfindən bizim böyük hökmdarlarımız adından bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət və ali səlahiyyətlərə görə aşağıdakı maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik. I Maddə İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş düş-
mənçilik və narazılığa həmin müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur və qoy imperator əlahəzrətləri Bütün Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, taxtlarının varisləri və onların, qarşılıqlı surətdə, ali dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah razılıq olsun.