3.Atropatena dövləti. E.ə. 328-ci ildə Makedoniyalı İsgəndər Atropatena dövlətinin ilk hökmdarı olan Atropatı Midiyanın satrapı (canişini) təyin etdi. Perdikkinin ölümündən sonra (e.ə.321) Midiya müstəqil dövlətə çevrildi və Atropat yeni dövlətin Atropatenanın və ya Atropat Midiyasının hökmdarı oldu. Atropatena (Adərbayqan) dövləti əsasən indiki Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarınıəhatə etmişdir. Atropatenanın mərkəzi şəhəri Qazaka idi. Ərəbdilli qaynaqlarda əhalinin bir hissəsinin azərilərdən ibarət olduğu göstərilirdi. Atropatenada neft-“Midiya yağı” yataqları da var idi. E.ə. 223-cü ildə Selevkilər dövlətinin hökmdarı III Antiox Atropatenaya qalib gəlmişdir. E.ə. 190-cı ildə Maqneziya döyüşündə romalılar III Antioxu məğlub etdilər və Atropatena yenidən müstəqil oldu. E.ə. I əsrin I yarısında Roma ilə Parfiya arasında gedən müharibədə Atropatena e.ə. 53-cü ildə Parfiyanı, e.ə. 38-ci ildə Romanı müdafiə etdi, eramızın 20-ci ilində Atropatenanın axırıncı hökmdarı Ariobarzın ölümündən sonra Atropatena Parfiyanın Arşakilər sülaləsinin hakimiyyəti altına düşdü.Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda sitayişə görə bu dinə atəşpərəstlik də deyilirdi və Peyğəmbər Zərdüştün adı ilə bağlı idi. Müqəddəs kitabı “Avesta” idi. Rəvayətə görə “Avesta”nın ilkin variantı e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər Persopolda Əhəmənilərin sarayını yandırarkən məhv olmuşdur. Zərdüştlüyə görə, dünyada 2 qüvvə-Xeyir (Hörmüz-Ahuraməzda) və Şər (Əhriman) bir-biri ilə mübarizə aparır və Xeyir axırda qalib gəlir. Bu dinin ehkamlarına görə od, torpaq, su müqəddəs sayılmışdı. Ölünü yandırmaq, torpağa basdırmaq və suya atmaq olmaz, meyitləri xüsusi daxmalarda qoyurlar, onların ətini quşlar və heyvanlar yedikdən sonra, sümüklər qablara yığılıb basdırılırdı. Zərdüştlüyün ən başlıca məbədləri Atropatenanın mərkəzi Qazaka şəhərində yerləşirdi. Zərdüştlük təkallahlı dinlər, xüsusilə islam dini tərəfindən sıxışdırılmışdır. Hazırda ona inananlar 130 min nəfərdir. Onların ən böyük icmaları Hindistanda (parslar) və İrandadır (gəbrlər).