MƏRKƏZİ”
(Kişinyev)
Kişinyev şəhərində fəaliyyət göstərən “Azərbaycan Milli adət və
ənənələri Mərkəzi” Moldovada yaşayan soydaşlarımız arasında milli
mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğ
olunması sahəsində səmərəli iş aparır. Azərbaycanda baş verən hadisələr,
xüsusən erməni təcavüzünə məruz qalan xalqımızın mübarizəsi haqqında
doğru-düzgün, obyektiv məlumatı yaymaqda, Azərbaycan və Moldova
respublikaları arasında iqtisadi, siyasi və mədəni əlaqələrin
möhkəmlənməsində Mərkəzin üzvləri bütün imkanlardan və vasitələrdən
istifadə etməyə çalışırlar.
Mərkəz həm də özünün “Araz” adlı qəzetini nəşr etdirir.
NORVEÇ
“AZƏRBAYCAN” ASSOSİASİYASI
(Oslo)
Norveçin Oslo şəhərindəki “Azərbaycan” Assosiasiyası Bakıda 1990-
cı il yanvar hadisələrindən sonra yaranmışdır. Belə bir Cəmiyyətin
yaranmasını soydaşlarımız həmin günlər SSRİ səfirliyinin qarşısında
keçirdikləri etiraz mitinqləri zamanı qərarlaşmışlar. Assosiasiyanın ilk
vaxtlar 120 nəfərə kimi üzvi var idi. Onlar Azərbaycanın ictimai-siyasi
həyatı ilə tanış olmaq və vətəndən uzaqda yaşayan soydaşlarımıza
respublikamızda baş verən hadisələr, erməni təcavüzkarlarının məkrli
xülyaları barədə həqiqəti çatdırmaq sahəsində öz fəaliyyətlərini
genişləndirməyə çalışırlar. Bu məqsədlə Assosiasiya Azərbaycanla
əlaqələrin möhkəmlənməsi sahəsində bir sıra əməli tədbirlər hazırlayıb
həyata keçirmək fikrindədir.
“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ”
(Oslo)
Norveçdə yaşayan həmvətənlərimizin təşkil etdikləri “Azərbaycan
Mədəniyyət Mərkəzi” 1989-cu ildə yaranmışdır. Mərkəzə Kamil Şüai
sədrlik edir. Mərkəz ədəbiyyatımızı və incəsənətimizi Avropada tanıtmağı
və yaymağı özünün əsas vəzifələrindən biri hesab edir. Mərkəz mədəni-
kütləvi tədbirlər, geçələr, sərgilər təşkil edir. Mərkəzin dəvəti ilə 1990-cı
ilin martında Norveçdə Azərbaycan mədəniyyəti həftəsi müvəffəqiyyətlə
keçmişdir. Mərkəzin üzvləri Azərbaycanla əlaqələrin yaranmasına və
möhkəmlənməsinə çalışır, milli mədəniyyətimizin təbliğinə böyük
əhəmiyyət verirlər.
ÖZBƏKİSTAN
“AZƏRBAYCAN-ÖZBƏKİSTAN MƏDƏNİ-
İQTİSADİ ƏLAQƏLƏR MƏRKƏZİ”
(Səmərqənd)
“Azərbaycan - Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi” 1992-
ci ilin aprelində Səmərqənddə yaradılmışdır. Sədri Səxavət Ovçeyivdir.
Səmərqənd vilayətində 6500 nəfərə kimi azərbaycanlı yaşayır.
Onlar müxtəlif vəzifə və peşə sahibləridir. Mərkəzin əsas vəzifəsi
Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına
köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın
adət-ənənələrini yaşatmaqda yardım etməkdir. Dili, dini və adət-
ənənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların əlaqələrinin
möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biridir.
Mərkəz “Səmərqənd” qəzetinin bir səhifəsini Azərbaycan türkcəsində
buraxmağa təşəbbüs göstərmişdir. Eyni zamanda Mərkəz türk, ərəb və fars
dillərini öyrədən kurslar və Azərbaycan milli xörəkləri mərkəzi açmaq
niyyətindədir.
“QARDAŞLIQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT
MƏRKƏZİ
(Daşkənd)
“Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin
sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin sədri Allahverdi
Fərhadovdur. Özbəkistanda 60 mindən çox azərbaycanlı yaşayır. Onların
hər altı nəfərindən biri Daşkənddə məskunlaşmışdır. Mərkəzin əsas
məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr
yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək,
milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və
Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının
apardıqları işğalçılıq müharibəsi haqqında əsil həqiqəti açıb göstərmək,
soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin
mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə
və toplanışlarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni
təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana
maddi və mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez
xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər keçirilir. Mərkəz
Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm
dairələri ilə əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-
etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilmişdir.
Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də
iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər keçirilir, dəyirmi stol
arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan da
nışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ
etmək məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəz Azərbaycanın peşəkar
incəsənət ustaları və özfəaliyyət kollektivləri ilə müntəzəm əlaqələr
saxlayır. “Muğam” teatrının, Salyan rayonu özfəaliyyət kollektivlərinin,
Dəvəçi rayon mədəniyyət evinin “Gülüstani-İrəm” xalq çalğı alətləri
ansamblının Daşkənddə qastrol səfərləri uğurlu keçmişdir. Mərkəzin
yaxından iştirakı ilə Azərbaycan Elmlər Akademiyası Əsaslı
kitabxanasının təşkil etdikləri sərgilərə, Azərbaycan filmləri festivalına
minlərlə daşkəndli baxmışdır. Mərkəz Nəvainin və Nizaminin yubiley
təntənələrini böyük müvəffəqiyyətlə keçirmişdir.
RUSİYA FEDERASİYASI
“OCAQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT
CƏMİYYƏTİ
(Moskva)
“Ocaq” Azərbaycan Mədəniyyət Cəmiyyəti Moskvada yaşayan
azərbaycanlıların yaratdıqları ilk təşkilatlardandır. Cəmiyyət 1989-cu ilin
oktyabrında Moskva Soveti tərəfindən rəsmi qeydiyyatdan keçmiş, həmin
ilin dekabrından fəaliyyətə başlamışdır. Sədri Sahib Seyidovdur. Bakıda
1990-cı il faciəli yanvar hadisələri günlərində yenicə fəaliyyətə başlamış
Cəmiyyət informasiya qıtlığına baxmayaraq, geniş təbliğat işi apararaq
Moskva ictimaiyyəti arasında əsil həqiqəti yaymağa çalışmışdır. 1990-cı
ilin aprel ayının. 13-də “Ocaq” Cəmiyyəti özünün “Ziya” adlı müstəqil
qəzetinin ilk nömrəsini buraxmışdır. Qəzet ziyalıların köməyi ilə Gəncədə
nəşr edilmişdi. Qəzet Cəmiyyətin fəaliyyəti ilə bağlı yazılar verməyi,
Azərbaycanın mədəniyyəti, tarixi haqqında məqalələr dərc etməyi nəzərdə
tuturdu. Cəmiyyət öz fəaliyyətini Azərbaycandakı demokratik
dəyişikliklərlə, Moskvada yaşayan soydaşlarımızla respublikanın iqtisadi,
siyasi və mədəni həyatı ilə əlaqələndirməyə çalışır.
“AZƏRBAYCAN VƏTƏNDAŞLIQ ASSAMBLEYASI”
(Moskva)
“Azərbaycan Vətəndaşlıq Assambleyası” Respublikamızın
hüdudlarından kənarda yaşayan azərbaycanlıların səylərini birləşdirməyi,
onların Azərbaycanla əlaqəsini möhkəmləndirməyi, keçmiş SSRİ
respublikalarının şəhərlərindəki Azərbaycan Mədəniyyət Mərkəzlərinin və
cəmiyyətlərinin fəaliyyətini əlaqələndirməyi qarşısına məqsəd qoymuşdur.
Assambleyanın 1991-ci ilin mayında Moskvada keçirilmiş təsis
konfransında Azərbaycan cəmiyyətlərinin 50-dən çox nümayəndəsi iştirak
etmişdir. Konfransın iştirakçıları Assambleyanın Nizamnaməsini və
Məramnaməsini qəbul etmişlər. “Azərbaycan Vətəndaşlıq Assambleyası”
nın prezidenti Zahid Qocayevdir.
Assambleya öz fəaliyyətində Azərbaycanın sosial-iqtisadi və mədəni
inkişafına, xalqların bərabərliyinə, şəxsiyyətin hüquq və azadlığına çalışır.
Bu təşkilat Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin hüquq və
sosial müdafiəsinin qorunub saxlanması, xeyriyyəçilik fəaliyyətinə də
diqqət yetirir.
Assambleyanın 1992-ci ilin noyabr ayında keçirilən ikinci konfransı
xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin intensivləşdirilməsi
sahəsində konkret iş planı müəyyənləşdirilmişdir.
AVA Moskva şəhərində tez-tez bir sıra mədəni-kütləvi və xeyriyyə
tədbirləri də keçirir.
“RUSİYA-AZƏRBAYCAN DOSTLUĞU
CƏMİYYƏTİ”
(Moskva)
1993-cü ilin aprelində Moskvada Xalqlar Dostluğu evində Rusiya-
Azərbaycan Dostluğu Cəmiyyətinin təsis konfransı keçirilmişdir.
Konfransın iştirakçıları Cəmiyyətin mərkəzi idarə heyətini, rəyasət
heyətini, təftiş komissiyasını seçmiş, onun nizamnaməsini qəbul etmişdir.
Nikolay Baybakov Cəmiyyətin sədri seçilmişdir. Yeni təşkil olunan
müstəqil bölgələrarası qeyri-hökumət birliyi iki ölkə arasında əməkdaşlığın
sahmanlanmasına və inkişafına kömək göstərməyi, ənənəvi əlaqələri
dirçəltməyi və möhkəmlətməyi özünün əsas vəzifəsi hesab edir.
“BAKILI” CƏMİYYƏTİ
(Moskva)
1992-ci ilin avqustunda Moskvada Azərbaycanın daimi
nümayəndəliyinin köməyi ilə rəsmi qeydiyyatdan keçən “Bakılı”
Cəmiyyəti “Bakılı Beynəlxalq Mədəniyyət Cəmiyyəti”nin Moskva
şöbəsidir. Sədri Fuad Quliyevdir Cəmiyyət Moskvada yaşayan keçmiş
bakılıları öz ətrafın da birləşdirmək, onların əlaqələrini möhkəmləndirmək,
müxtəlif ictimai-siyasi və mədəni tədbirlər təşkil etmək sahəsində fəaliyyət
göstərir.
Cəmiyyət öz gələcək planlarında rəngarəng mədəni maarif işi,
yazıçıların, bəstəkarların yaradıcılığı ilə tanışlıq, sərgilər, konsertlər,
xeyriyyə tədbirləri keçirmək nəzərdə tutur. Cəmiyyətin əsas vəzifələrindən
biri də milliyətindən asılı olmayaraq Moskvada yaşayan Bakılıların
Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə çalışmaqdır.
“AZƏRBAYCAN” CƏMİYYƏTİ
(Novosibirsk)
“Azərbaycan” Cəmiyyəti 1992-ci ilin ortalarında Novosibirsk
şəhərində fəaliyyətə başlamışdır. Cəmiyyətin məqsədi Rusiyanın və başqa
dövlətlərin xalqları ilə mədəni, mənəvi və iqtisadi əlaqələri inkişaf
etdirmək, Novosibirskidəki azərbaycanlılar arasında adət və ənənələrimizin
saxlanılmasına kömək göstərməklə yanaşı, onlara sosial, hüquqi, mənəvi
və başqa kömək və yardım etməkdir. Cəmiyyət qısa bir müddət ərzində
Azəbaycan Respublikası ilə əlaqələr yarada bilmişdir. Cəmiyyətin
təşəbbüsü ilə Novosibirsk televiziyasının “Aksent” Yaradıcılıq Birliyinin
jurnalistləri Qarabağ da olmuş, Azərbaycan prezidenti və Qafqaz
Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə
görüşmüşlər. Onların çəkdikləri sənədli film Novosibrskdə göstərilmiş və
şəhərin sakinlərinə respublikamızın Ermənistan tərəfindən cəlb edildiyi
müharibə, onun qəhrəmanları haqqında həqiqəti çatdırmışdır. Cəmiyyət
Novosibirskdə “Şəhriyar” Azərbaycan ansamblının qastrolunun təşkilində
də iştirak etmişdir.
“DAYAQ” AZƏRBAYCAN MƏDƏNİYYƏTİ
CƏMİYYƏTİ
(Sankt-Peterburq)
Azərbaycan Mədəniyyət Cəmiyyəti Bakıda 1990-çı il faciəli yanvar
hadisələrinin təsiri altında yaranmışdır. İlk vaxtlar Cəmiyyət əsasən
fəaliyyətə Azərbaycanda baş verən hadisələr haqqında düzgün informasiya
yaymaq, mətbuat konfransları keçirməklə başlamışdır. Sankt-Peterburq
şəhərində 120 mindən çox azərbaycanlı yaşayır. Onların beş min nəfərdən
çoxu Cəmiyyətin üzvüdür. Cəmiyyətin beş şöbəsi vardır daxili və xarici
əlaqələr, mədəniyyət və təhsil, informasiya-mətbuat xidməti, kommersiya
və biznes, xəzinə şöbəsi. Hazırda Cəmiyyətin sədri Paşa Rəcəbovdur.
Cəmiyyətin üzvləri vaxtaşırı Azərbaycanda olur, Qarabağda və
sərhədlərimizdə ermənilərin xalqımıza qarşı apardığı müharibənin özünü
dəhşətlərini olduğu kimi vətəndən uzaqda açıqlanmasına çalışırlar. Bundan
əlavə Azərbaycana davadərmanla, tibb ləvazimatı ilə kömək edilməsində,
yaralıların müalicəsi ilə məşqul olması üçün Sankt-Peterburqdan yüksək
ixtisaslı həkimlərin gətirilməsində Cəmiyyətin üzvləri yaxından iştirak
edirlər.
Cəmiyyətin təşəbbüsü ilə adət-ənənələrimizin qorunub saxlanılması,
ana dilinin yaşadılması üçün müntəzəm fəaliyyət göstərilir. Bu məqsədlə
Bazar günü məktəbi açılmışdır. Məktəbdə türk dili, tarix və musiqi fənləri
tədris olunur. Məktəbin bütün maliyyə xərclərini şəhərdəki “Azəri”
kiçik müəssisəsinin direktoru Ağaismayıl bəy öz üzərinə götürüb.
Azərbaycan Mədəniyyəti Cəmiyyətinin fəal üzvlərindən biri Fərqanə
Əzizova Neva sahillərində görülən işlər barədə demişdir:
- Əsas işimiz Azərbaycanda baş verən hadisələri olduğu kimi
yaymaqdır. Bunu isə yığıncaq və konfranslar vasitəsilə həyata keçiririk.
Hər il yanvarın 20-də şəhidlərimizin illiyini Tatar məscidində və Kilsədə
bir qayda olaraq qeyd edirik. Belə mərasimlərə ermənilər də yığışıb gəlirlər
ki, biz Azərbaycan qaçqınlarıyıq...
Cəmiyyətin üzvü Xeyransa Mirzəyeva 1990-cı il yanvar hadisələri
zamanı “İnam” adlı qəzet nəşr etdirmişdir. Digər soydaşımız Şəmsiyyə
Abdullayeva isə Sankt-Peterburqdakı İncəsənət Akademiyasında oxuyur və
“Smena” qəzetinin əməkdaşıdır. Ötən illər ərzində Ş.Abdullayeva həmin
qəzet Qarabağ hadisələri, Azərbaycan tarixi ilə bağlı bir sıra maraqlı
məqalə və yazıçılar çap etdirmişdir.
“AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİ”
(Sankt-Peterburq)
Sankt-Peterburqda yaşayan azərbaycanlıları bir təşkilat ətrafında
birləşdirmək ideyası əsasən Bakıda 1990-cı il qanlı yanvar hadisələrindən
sonra irəli sürülmüş və yaradılmışdır. Həmin günlər həmvətənlərimizin bir
qrupu Bakı hadisələrinə həsr olunmuş fotosərgi təşkil etmiş, “Svetlana”
elektron birliyində fəhlələrin iştirakı ilə geniş mitinq keçirmişdir. 1990-cı il
fevralın 7-də Bakı faciəsinə həsr olunmuş “Svetlana” adlı xüsusi qəzet
nömrəsi buraxıldı. Qəzetin nüsxələri tez bir vaxta şəhərin sakinləri arasında
geniş yayıldı. Yarandığı ilk gündən Mədəniyyət Cəmiyyətinin sədri
Məcnun Şükürovdur.
Cəmiyyətin üzvləri şəhərin sakinləri arasında müntəzəm olaraq
təbliğat işi aparırlar. Onlar öz çıxışlarında və görüşlər zamanı Azərbaycana
qarşı Ermənistanın elan olunmamış müharibəsi haqqında həqiqəti yayır,
erməni millətçilərinin böhtan dolu çıxışlarının ifşa olunmasında fəal iştirak
edirlər. Cəmiyyət bir sıra mədəni tədbirlərin keçirilməsinə, milli
mədəniyyətimizin təbliğinə xüsusi diqqət yetirir. Nizaminin 850 illiyinə
həsr olunmuş Sankt-Peterburq – Gəncə fövqəl marafon veloyürüşünü
“Poklonnaya qora” idman cəmiyyəti ilə “Azərbaycan Mədəniyyət
Cəmiyyəti” təşkil etmiş və müvəffəqiyyətlə keçirmişdir.
“SANKT - PETERBURQ - AZƏRBAYCAN İQTİSADİ,
ELMİ VƏ MƏDƏNİ ƏMƏKDAŞLIQ
CƏMİYYƏTİ”
(Sankt-Peterburq)
Sankt-Peterburq vilayətində yaşayan azərbaycanlılar, eləcə də
Azərbaycan Respublikasına dərin rəğbət bəsləyən digər millətlərdən olan
nevalılar bu qədim rus şəhərində yeni bir cəmiyyət yaratmağı qərara
almışlar.
1993-cü ilin iyun ayında Sankt-Peterburqun Fontanka ərazisində
yerləşən Dostluq Evində Cəmiyyətin təsis konfransı keçirilmişdir.
Konfrans iştirakçıları cəmiyyətin İdarə heyətini seçmiş, iş planını təsdiq
etmiş, Azərbaycan Respublikası hökumətinə teleqram göndərmişlər.
Sankt-Peterburqla Azərbaycan arasında daha bir ünsiyyət körpüsü
salan yeni cəmiyyətin üzvləri arasında elm və mədəniyyət xadimləri,
işgüzar adamlar çoxdur.
“BOZ QURD”
(Sankt-Peterburq)
Neva sahillərində soydaşlarımızın yenicə yaratdıqları təşkilatlardan
biri də “Boz qurd” adlanır. Onun əsas məqsədi xeyriyyəçilik tədbirləri
təşkil etmək, Rusiyanın bu ikinci böyük şəhərində yaşayan soydaşlarımızın
təəssübünü çəkmək və onlara atılan yersiz böhtanların qarşısını almaqdan
ibarətdir.
Sankt-Peterburqdakı “Boz qurd”ların maraqlı planları var. Bu
təşkilatların sədri Sankt-Peterburqda fəaliyyət göstərən “Azərbaycan
Mədəniyyət Mərkəzi”nin yaradıcısı kimi tanınan Elçin Mirzəbəylidir.
“AZƏRBACAN MƏDƏNİYYƏT CƏMİYYƏTİ”
(Nijne-Vartovsk)
Nijne-Vartovsk şəhərində yaşayan soydaşlarımızın “Azərbaycan
Mədəniyyət Mərkəzi” öz fəaliyyətində milli mədəni irsimizin təbliğinə,
xalqımızın adət ənənələrinin qorunmasına xüsusi diqqət yetirir. Cəmiyyətin
üzvləri, onun sədri Eldar İmanov erməni təcavüzkarlarının Azərbaycan
torpağında törətdikləri cinayətlərə, qəsbkarlığına qarşı öz etiraz səsini
ucaldırlar. Cəmiyyətin təşəbbüsü ilə Nijne-Vartovskda yaşayan
soydaşlarımız Qarabağın qaçqınlarına kömək məqsədilə xeyli miqdarda pul
toplayaraq göndərmişlər.
“AZƏRBAYCAN TARİXİ VƏ MƏDƏNİYYƏTİ
CƏMİYYƏTİ”
(Kalininqrad)
“Azərbaycan Tarixi və Mədəniyyəti Cəmiyyəti”nin yaranmasına
1989-cu ildə təşəbbüs göstərilsə də, əsasən 1990-cı ilin may ayından
fəaliyyətə başlamışdır. Cəmiyyətin sədri Zaur Məmmədovdur. Kalininqrad
vilayətindən iki mindən çox azərbaycanlı yaşayır. Onların əksəriyyəti
mühəndislər, həkimlər, tələbələr, milis işçiləri və fəhlələrdir. Cəmiyyətin
əsas məqsədi Azərbaycanın zəngin tarixini və mədəniyyətini başqa xalqlar
arasında təbliğ etmək, tanımaqdır. Lakin Cəmiyyətin fəaliyyət dairəsi
bununla məhdudlaşmır. Azərbaycanda baş verən ictimai-siyasi hadisələr,
demokratik proseslər Cəmiyyətin diqqət mərkəzindədir. Cəmiyyətin
üzvləri Qarabağın dağlıq hissəsində və sərhəd bölgələrindəki hadisələri
həyəcanla izləyir, mümkün olan maddi və mənəvi köməyi əsirgəmirlər.
Azərbaycana qarşı erməni təcəvüzü haqqında informasiya blokadasının
yarılmasında, Qarabağa dair təhrif olunmuş məlumatların təkzib
olunmasında Cəmiyyət vilayət zəhmətkeşləri arasında müntəzəm iş aparır.
Cəmiyyət Azərbaycanın tarixinin və mədəniyyətinin təbliğ
olunmasında xeyli iş görür. Şəhər kitabxanasında Azərbaycan kitabı
bölməsi fəaliyyət göstərir. Azərbaycanlı uşaqlara doğma dildə dərslər
keçirilməsi təşkil edilmişdir. Azərbaycanın həyatındakı əlamətdar hadisələr
qeyd olunur. Nizaminin 850 illiyi təntənə ilə bayram edilmişdir. Cəmiyyət
Berlindəki Alman Azərbaycan, Varşavadakı Türk Cəmiyyəti və başqa
təşkilatlarla əlaqə yaratmışdır.
“AZƏRİ” CƏMİYYƏTİ
(Dərbənd)
1991-ci ilin əvvəllərində Dərbənddə yaşayan azərbaycanlı ziyalılar
arasında Dağıstanda azərbaycanlıların problemlərini həll etmək haqqında
müəyyən bir təşkilatın yaradılması barədə fikirlər söylənilməyə başlandı.
1991-ci ilin oktyabr ayında Dərbənddə “Azəri” Cəmiyyəti yarandı və
fəaliyyətə başladı. Cəmiyyətin sədri Klim Sultanovdur. Cəmiyyət
Dağıstanda yaşayan 100 mindən artıq azərbaycanlının bu vaxta kimi yığılıb
qalmış və həll olunmasını gözləyən problemlərinin həlli sahəsində tədbirlər
silsiləsi işləyib hazırlamışdır. İlk növbədə ana dilinin öyrənilməsi,
mədəniyyət ocaqlarının yaradılması, dövlət strukturlarında
azərbaycanlıların iştirakı və digər məsələlər Cəmiyyətin fəaliyyət dairəsinə
daxildir. Cəmiyyət Dağıstan xalqlarının birliyi və həmrəyliyi şüarı altında
çıxış edir. “Azəri” Cəmiyyəti “Sadval” Cəmiyyətinin liderləri ilə bir neçə
dəfə dialoq aparmışdır. Onların ləzgi xalqını “birləşdirmək” ideyasının
xalqların həyatında oynayacağı faciəni dönə-dönə başa salmağa
çalışmışdır. Cəmiyyətin üzvləri erməni millətçilərinin liderlərinin
Azərbaycanda ikinci cəbhə açmaq niyyətinin ifşa olunması üçün gündəlik
iş aparırlar.
“Azəri” Cəmiyyətinin təşəbbüsü ilə 1992-ci il oktyabrın 31-də
Dərbənddə Dağıstanda yaşayan azərbaycanlıların birinci qurultayı
keçirilmişdir. Açılışda qurultay iştirakçılarına Azərbaycan Respublikasının
prezidentinin, Azərbaycan Parlamentinin və şeyxülislam Hacı Allahşükür
Paşazadənin təbrik teleqramları oxunmuşdur. Qurultayın işində
Azərbaycan Respublikasının və Dağıstan hökumətinin, ictimai təşkilatların
nümayəndələri iştirak etmişlər. Qurultayın qəbul etdiyi qətnamədə
Azərbaycan və Dağıstan xalqları arasında dostluq, qarşılıqlı yardım
haqqında saziş bağlanması, Dağıstan Ali orqanlarında azərbaycanlıların
təmsil olunması və onların hüquqlarının qorunması, Dərbənd şəhərində
demoqrafik vəziyyətin süni surətdə dəyişdirilməsinin qarşısının alınması və
digər məsələlər öz əksini tapmışdır.
“AZƏRİ” CƏMİYYƏTİ
(Vladiqafqaz)
“Azəri” Cəmiyyəti Şimali Osetiya Muxtar Respublikasının
Vladiqafqaz şəhərində yaradılmışdır. Cəmiyyətin sədri Q.Məmiyevdir.
Vladiqafqazda azərbaycanlılar əsrimizin əvvəllərindən məskunlaşmağa
başlamışlar. İndi Vladiqafqazın özündə 1500 nəfər, Şimali Osetiyada isə
iki minə yaxın azərbaycanlı yaşayır. Cəmiyyətin ətrafında şəhərin adlı-
sanlı azərbaycanlı sakinləri birləşmişlər. Cəmiyyətin əsas məqsədi milli
adət ənənələri, ana dilini yaşatmaq, milli şüurun inkişafına kömək
etməkdir. Azərbaycanda baş verən demokratik prosesləri təbliğ etmək,
yerli əhalidə Azərbaycana olan marağı artırmaqdır. Cəmiyyətin bir
məqsədi də Şimali Osetiyada azərbaycanlılarla bağlı abidələrin, tarixi
əlaqələrin öyrənilməsinə Azərbaycan alimlərinin, tədqiqatçılarının
diqqətini cəlb etməkdir.
Dostları ilə paylaş: |