Azərbaycanda insan hüquqlarına basqılar Avropa Birliyi dəyərlərinə nifrəti ifadə edir



Yüklə 14.25 Kb.
tarix16.06.2017
ölçüsü14.25 Kb.
Xose Manuel Barrozo
Avropa Komissiyasının Prezidenti
1049 Brüssel, Belçika

Bakı, 13 iyun, 2014

Azərbaycanda insan hüquqlarına basqılar Avropa Birliyi dəyərlərinə nifrəti ifadə edir

Hörmətli Prezident Barrozo,

Azərbaycan Prezidenti ilə görüşünüz ərəfəsində sizə müraciət etməkdə məqsədimiz, sizi, əlaqələrin yaxşılaşdırılması prosesinin bir hissəsi olaraq Avropa Birliyinin Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin konkret və nəzərə çarpan dərəcədə yaxşılaşdırılmasını görmək istəyini bəyan etməyə çağırmaqdır.

Avropa Birliyi iki il öncə, 25 iyun 2012-ci ildə, qəbul etdiyi İnsan Hüquqları və Demokratiya üzrə Strateji Çərçivə adlı sənəddə "insan hüquqlarını strateji tərəfdaşlar daxil olmaqla bütün üçüncü ölkələrlə əlaqələrin əsas mövzusu etməyə" və "öz nüfuzundan istifadə etməklə bütün dünyada azadlıq, demokratiya və insan hüquqlarını müdafiə edən şəxsləri dəstəkləməyə" vəd verib.

Sizi, yuxarıda qeyd olunan mühüm vədləri konkret addımlara çevirməyə çağırırıq.

Bir il öncə, 11 iyun 2013-cü ildə Avropa Parlamenti qəbul etdiyi "İlqar Məmmədovun işi" adlı qətnamədə "öz fikirlərini səsləndirməyə və beynəlxalq standartlara uyğun olaraq fundamental hüquq və azadlıqlarından istifadəyə görə" müxalif partiya liderlərinin və ya üzvlərinin, fəalların, jurnalistlərin və ya bloggerlərin təhdid olunmasını, həbsini və ittiham olunmasını pisləyib.



Qətnamə Azərbaycan hakimiyyətini birmənalı şəkildə həm onlayn, həm də oflayn mətbuat və media azadlığına hörmət etməyə və ifadə azadlığını təmin etməyə çağırıb.
Qətnamənin qəbul olunduğu vaxtdan bəri Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər və dinc müxalif fəallara qarşı davamlı və sistematik basqılar daha da güclənib.
Bu gün, 30 hüquq müdafiəçisi, jurnalist, blogger və siyasi fəal ifadə, toplaşma və birləşmə azadlıqları ilə bağlı olan siyasi motivli ittihamlar əsasında həbsdədirlər.
Azərbaycanda hüquq müdafiəçilərini, müxalifət fəallarını, jurnalistləri və ümumiyyətlə hökuməti tənqid edən bütün şəxsləri susdurmaq və onlara nəzarət etmək üçün şantaj, təzyiq, ədalətsiz məhkəmə, həbs və azadlıqdan məhrum etmə kimi vasitələrdən mütəmadi olaraq istifadə olunur.
Beynəlxalq ictimaiyyətin çoxsaylı çağırışlarına baxmayaraq, hökumət həbsdə olan tənqidçi jurnalistləri və fəalları azad edərək, tolerantlıq nümayiş etdirərək və saxta ittihamlardan istifadəyə son qoyaraq öz mövqeyini dəyişdirməyə meylli görünmür.
Ümid edirik ki, Azərbaycan Prezidenti ilə görüşünüzdə siz, Avropa Birliyinin Azərbaycanla münasibətlərində fundamental azadlıqlara hörmətin əsas rol oynayacağı barədə açıq mesaj verəcəksiniz. Bu, Avropa Birliyinin Azərbaycanla münasibətlərinin təkcə enerji və regional təhlükəsizlik maraqlarına deyil, eyni zamanda daha vacib məsələlərə əsaslanmasını təmin etmək üçün mühüm bir imkandır. Prezident Əliyevlə görüşünüz zamanı insan hüquqları ilə bağlı narahatlıqları səmimi və birbaşa formada qaldırmaqla siz, Avropa Birliyinin Azərbaycan xalqına olan qayğısını nümayiş etdirmiş olacaqsınız.
Sizi, Azərbaycan Prezidenti ilə görüşünüz zamanı aşağıdakı konkret addımların atılmasını tələb etməyə çağırırıq:

  • İfadə azadlığı hüququndan istifadəyə görə həbs olunmuş jurnalistlər, bloggerlər, hüquq müdafiəçiləri və müxalifət fəalları daxil olmaqla bütün vicdan məhbusları azad edilsin, tənqidçilərin və müxaliflərin həbsi üçün məhkəmələrdən istifadəyə son qoyulsun.

  • Azərbaycanda ifadə azadlığına əlverişli şəraitin yaradılması üçün təcili və konkret addımlar atılsın. Jurnalistlərə qarşı zorakılığa görə cəza verilməməsinin bütün formalarına son qoyulsun, baş verən bütün zorakılıq halları lazımınca araşdırılsın və cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun. Məlumat azadlığı qanunvericiliyinə jurnalistlərin və media qurumlarının fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə edilmiş reqressiv dəyişikliklər ləğv edilsin. Diffamasiya ilə bağlı müddəalar Cinayət Məcəlləsindən çıxarılsın.

  • Sərbəst toplaşma, birləşmə və din azadlığı hüququna qanunvericilikdə və təcrübədə hörmət edilsin. Toplaşma azadlığı haqqında qanuna edilmiş və icazəsiz nümayişlərin təşkilatçıları və iştirakçıları üçün yüksək məbləğli cərimələr nəzərdə tutan sərt dəyişikliklər ləğv edilsin. QHT haqqında qanuna və digər qanunlara edilmiş və müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdıran reqressiv dəyişikliklər ləğv edilsin.

  • İnsan hüquqları ilə bağlı əsas narahatlıq doğuran məsələlərin müzakirəsi üçün vətəndaş cəmiyyəti ilə dərhal dialoqa başlansın.

Ümid edirik ki, bu addımların Azərbaycanın gələcəkdə daha münasib tərəfdaş ola bilməsi üçün zəruri olduğunu Azərbaycan Prezidentinə bildirəcəksiniz.

Hörmətlə,



Emin Hüseynov

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə