ÜNSİYYƏT QARŞILIQLI TƏSİR KİMİ
Qarşılıqlı təsirin növləri müxtəlifdir. İstər nəzəri, istərsə də praktik məqsədlər üçün onların əsas tiplərinin müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İnsanların qarşılıqlı təsiri bir-birinə əks olan tiplərə bölünür. Qərb psixologiyasında müxtəlif müəlliflər qarşılıqlı təsirin bu iki tipini “kooperasiya-rəqabət”, “razılaşma-münaqişə”, “uyğunlaşma-müxalifət”, “assosiasiya-dissosiasiya” kimi terminlərlə ifadə edirlər.
Birinci halda qarşılıqlı təsirin “pozitiv” növləri təhlil olunur: onlar bu baxımdan birgə fəaliyyətin təşkilinə kömək göstərirlər. Qarşılıqlı təsirin”neqativ” növlərini isə ikinci tipə daxil edirlər: onlar birgə fəaliyyəti bu və ya digər dərəcədə “zəiflədir”, “pozur”, həmin fəaliyyət üçün müəyyən çətinliklər yaradır.
Qarşılıqlı təsirin hər hansı bir tipi və ya forması fəaliyyətin məzmunu ilə şərtlənir. Kooperasiya və ya rəqabət qarşılıqlı təsirin ancaq formalaçır, onların məzmunu isə hər iki halda daha geniş sistemlə-kooperasiya və ya rəqabətin daxil olduğu fəaliyyətin məzmunu ilə müəyyən olunur. Müəllimlərin, alimlərin, idmançıların, zabitlərin və b. bir-birilə qarşılıqlı təsirinin formalarını, hətta eyni əlamətlər əsasında bu baxımdan müqayisə etsək, onlarda özünəməxsus cəhətlərin olduğunu görərik. Kooperativ qarşılıqlı təsir formaları nəinki ictimai-faydalı, həm də asosial, hüquqa zidd fəaliyyət sahələrində özünü göstərir. Buna görə də cəmiyyətə zidd fəaliyyət sahələrində kooperasiya neqativ məna kəsb edir. fəaliyyətin məzmununu, sosial kontekstini nəzərə almadan qarşılıqlı təsirin formalarını təhlil etmək olmaz.
Dostları ilə paylaş: |