QABİLİYYƏTLƏRİN QURULUŞU
Psixoloji ədəbiyyatda qabiliyyətlərin quruluşu haqqında müxtəlif fikirlər söylənir. Professor M.Ə.Həmzəyev qabiliyyətlərin quruluşu haqqında yazır ki, qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi üçün daha çox yararlı olduğunu göstərən fərdi-psixi xassədir. Bu baxımdan qabiliyyətlər son nəticədə konkret fəaliyyətin tələbi ilə şərtlənir. Buna görə də hər bir fəaliyyət növü müvafiq qabiliyyətlər olmadan müvəffəqiyyətlə həyata keçirilə bilməz. Məsələn, müəllimin pedaqoji qabiliyyətinin strukturuna pedaqoji fəaliyyəti uğurla yerinə yetirmək üçün zəruri olan şəxsi pedaqoji qabiliyyətlər (müşahidəçilik, tələbələrə hüsn-rəğbət bəsləmək, dözümlülük, özünə sahib olmaq); didaktik qabiliyyətlər (izah edə bilmək, nəzəri, natiqlik); təşkilati-kommunikativ qabiliyyətlər (avtoritar, təşkilatçılıq, kommunikativ, perseptiv, artistlik, pedaqoji mərifət) və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (tələbələrə hüsn-rəğbət bəsləmək, müşahidəçilik, pedaqoji mərifət, izah edə bilmək, təşkilatçılıq, pedaqoji mərifət və s.) əsas, aparıcı, digərləri isə (natiqlik, artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin strukturuna daxil olur, təlim və tərbiyənin uğurla həyata keçirilməsini təmin edir.
Digər fəaliyyət növlərinin uğurla həyata keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu cür xüsusiyyəti müşahidə etmək olar. Məsələn, ədəbi qabiliyyətlərin strukturuna stetik hisslərin inkişafı, əyani hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək, fantaziya zənginliyi, insan psixologiyasını dərindən bilmək və s. qabiliyyətlər özünəməxsus şəkildə birləşir.
Dostları ilə paylaş: |