AZƏrbaycanda siyasi partiyalar: seçKİDƏN seçKİYƏ



Yüklə 3.43 Kb.
PDF просмотр
səhifə1/9
tarix10.06.2017
ölçüsü3.43 Kb.
  1   2   3   4   5   6   7   8   9

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
1
AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: 
SEÇKİDƏN SEÇKİYƏ
BAKI - 2010
AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ  YANINDA
STRATEJİ  ARAŞDIRMALAR MƏRKƏZİ
Tahirə Allahyarova 
Fərhad Məmmədov

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
2
Elmi redaktor:
Elxan Nuriyev
siyasi elmlər doktoru, professor
Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzinin direktoru
Rəyçilər:
Cəmil Həsənli
tarix elmləri doktoru, professor
Musa Qasımlı
tarix elmləri doktoru, professor
Texniki redaktor, korrektor:
Aqşin Məmmədov
Dizayner:
İntiqam Məhəmmədli

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
3
ANNOTASİYA
Azərbaycanda  dördüncü  çağırış  parlament  seçkiləri      
07 noyabr 2010-cu il tarixində keçiriləcək. Artıq seçki qa-
bağı  mərhələ  ifadəsini  tətbiq  etmək  olar.  Bu  mərhələdə 
milli məkanda  siyasi partiyaların fəaliyyəti, seçkilərdə işti-
rak proqramı, əvvəlki mərhələlərdən fərqli strateji və taktiki 
tədbirlər  planı,  müxalifət  partiyalarının  mövcud  olduqları 
iflas  durumundan  çıxmaq  üçün  hər  hansı  ciddi  konsep-
siyasının  olub-olmadığı,  resursları  və  potensialları,  siya-
si  mübarizədə  qüvvələrin  konfiqurasiyası  və  s.  məsələlərə 
nəzər salmaq vacibdir. Bunun üçün də eyni zamanda par-
tiyaların  yaranma  tarixi  və  fəaliyyət  dinamikalarının  əsas  
xüsusiyyətlərini yada salmaq önəmlidir.
Təqdim  olunan  kitabın  hazırlanmasında  “Research  Co-
uncil”  müstəqil  araşdırmalar  birliyinin  siyasi  partiyaların 
liderləri və funksionerləri ilə apardığı “Azərbaycanda siya-
si partiyalar - 2010:  parlament seçkiləri öncəsi durum və 
planlar  haqqında  sosioloji  sorğu”nun  materiallarından  və 
Mərkəzi  Seçki  Komissiyasının  “Azərbaycan  Respublikasın-
da 1995–2008-ci illərdə keçirilmiş parlament və prezident 
seçkilərində  siyasi  partiyaların  iştirakı  barədə”  adlı  rəsmi 
statistik məlumatlarından istifadə edilmişdir.
Kitab  ölkədə  siyasi  partiyaların  yaranması,  dinamikası, 
seçki proseslərində iştirakı və real vəziyyəti ilə maraqlanan 
geniş oxucu auditoriyasına ünvanlanmışdır. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
4

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
5
MÜNDƏRİCAT 
  Giriş 
6
1. Azərbaycanda partiyaların yaranması və dinamikasının 
  əsas xüsusiyyətləri  
9
2. Partiyaların ideoloji spektri 
23 
3. Müstəqillik dövründə siyasi məkanda mövcud olan 
  bloklar və birliklər 
31 
4. Siyasi partiyaların  ötən illərin  seçki proseslərində iştirakı  39 
5. Seçki - 2010. Müxalifətyönlü siyasi partiyaların resursları 
  və seçki taktikası 
75
6. Partiyalar haqqında yeni qanunun qəbul edilməsinə                              
və partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə  
   
 
münasibət (mövqelər və rəylər) 
87
7. Siyasi partiyalar 2010-cu ilin parlament seçkiləri ərəfəsində:  
  yekunlar, tövsiyələr, proqnozlar 
98 
8. Azərbaycanda siyasi partiyalar - 2010:  
  parlament seçkiləri öncəsi vəziyyət və əsas məqsədlər 
113
      
  İstifadə olunmuş  elektron mənbələr 
146

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
6
Siyasi partiya  davamlı struktura malik olan, daimi siya-
si fəaliyyət göstərən, üzvlərinin siyasi iradəsini təmsil edən, 
dövlətin siyasi kursunun  müəyyənləşməsini və onu həyata 
keçirən orqanların işində iştirak edilməsini əsas vəzifə hesab 
edən müstəqil ictimai birlikdir .
Siyasi tarixdə partiyasız, birpartiyalı, ikipartiyalı və çoxpar-
tiyalı hakimiyyətlər mövcud olmuşdur. Partiyasız sistemlərdə 
ya rəsmi qeydiyyata alınmış partiya olmur, ya da partiyaların 
hər hansı fəaliyyətinə qadağa qoyulur. Partiyasız seçkilərdə 
hər namizəd özünü müstəqil şəkildə təmsil edir. Belə sistemə 
tarixi nümunə kimi Corc Vaşinqton administrasiyasını və ABŞ 
Konqresinin ilk seçkilərini göstərmək olar. 
Partiyaların  genezisi  -  yaranma  və  formalaşma  xüsu-
siyyətləri  onların  ideologiyasına,  mövqeyinə,  cəmiyyətdəki 
münasibətlərə və siyasi sistemin inkişafına çox böyük təsir 
göstərən amillərdəndir. Bu,  olduqca mürəkkəb və ziddiyyətli 
proses olduğu üçün politoloqların məsələ barədə hər hansı 
yekdil qənaətləri mövcud deyil. Partiya sistemi on, hətta yüz 
il ərzində formalaşa bilər, lakin qısa müddət ərzində onun 
keyfiyyət  baxımından  dəyişməsi  və  ya  transformasiyası, 
hətta ən mükəmməl siyasi texnologiyalar tətbiq edilsə belə, 
qeyri-realdır. 
Ümumən qəbul olunmuş fikrə görə, partiyaların yaranma 
xüsusiyyətləri ona görə fərqlidir ki, hər bir dövlətin inkişaf 
mərhələləri,  həll  etməli  olduğu  problemlər,  qarşısında  du-
ran vəzifələr, məqsədlər fərqlidir. Bütün bunlar elmdə “par-
tiyaların  mənşəyi”  adlı  problem  kimi  məlumdur.  “Mənşə” 
fenomeni hər bir ölkədə partiya sisteminə genetik xas olan 
(“anadangəlmə ləkə” kimi) bir amil qismində çıxış edir.  Bu 
GİRİŞ

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
7
baxımdan  partiyaların  “daxili  mənşəli”  və  “xarici  mənşəli” 
faktorların  təsiri altında formalaşması kimi iki yolunun möv-
cudluğu  da  qeyd  olunur.  Birinci  halda  partiya  əsasən  par-
lament seçkiləri gedişində yaranırsa, ikinci halda müəyyən 
ideoloji  amillərdən  qaynaqlanaraq    formalaşır.    Birincilər  
fəaliyyətlərinə parlament seçkiləri ilə başlayaraq təkamülünü 
vətəndaş  cəmiyyətində  davam  etdirir  və  ya  sona  çatdırır-
sa,  ikincilər  əksinə,  fəaliyyətlərinə  vətəndaş  cəmiyyətindən 
başlayayır,  təkamülünü  isə  parlamentdə  davam  etdirirlər. 
Adətən,  ikinci  yolla  yaranan  partiyaların  daha  monolit  və 
uzunömürlü olması qeyd olunur.
Tarixən  ABŞ-da  və  Avropada  partiyalar  təqribən  eyni 
vaxtda  yaranmışdır.  Lakin  eyni  tarixi  dövrdə  yaranmasına 
baxmayaraq, onlar fərqlidir. Bu baxımdan politologiyada Av-
ropa və Amerika tipli partiyaların olmasından bəhs edilir.        
Partiyaların yaranma xüsusiyyətlərindən danışarkən on-
ların leqal və qeyri-leqal şəkildə yaranan birliklər kimi qrup-
laşdırılmasına da rast gəlinir. Təsnifat meyarı kimi, fikrimizcə, 
partiyaların  təkamül,  yoxsa  inqilab  yolu  ilə  yaranması 
xüsusiyyətinin götürülməsi də vacib məsələdir.                                       
Azərbaycanda partiyaların yaranmasının tədrici-təkamül 
yolu  olmamışdır.  Postsovet  məkanı  ölkələri  ilə  bir  sıra 
ümumi  xüsusiyyətlər  olsa  da,  Azərbaycanda  heç  bir  MDB  
ölkəsində rast gəlinməyən torpaqların işğalı, müharibə, milli 
azadlıq hərəkatı, xaos və vətəndaş qarşıdurması həddində 
olan tamamilə fərqli bir partogenez mühiti olmuşdur. Bu ba-
xımdan partiyaların yaranmasının Avropa və Amerika yolu 
ilə  yanaşı,  fərqli  bir  Azərbaycan  yolunun  da  mövcudluğu-
nu tam əsasla deyə bilərik. Yəni Azərbaycanda “partiyaların 
mənşəyi” adlanan fenomeni məhz bu   xüsusiyyət  izah edir.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
8
Qeyd olunan xüsusiyyətdən qaynaqlanan daha bir cəhət  
Azərbaycanda partiyaların formalaşmasında özünü qabarıq 
göstərir. Bu, partiyaların başlıca olaraq lider amili, hər hansı 
konkret şəxsiyyət üzərində qurulması, liderlərarası rəqabət 
və  ambisiyaların  indiyə  qədər  bütün  siyasi  proseslərdə 
özünü  büruzə  verməsi  ilə  səciyyələnir.  Təbii  ki,  bu,  yal-
nız  Azərbaycana  deyil,  bütün  dünyaya  xas  olan  bir  meyil-
dir.  (Hələ  T.Cefferson  və  A.Hamilton  arasındakı  rəqabət 
dövründən üzü bəri bu, belə olmuşdur). Sadəcə fərq onda-
dır ki, milli siyasi məkanda bu cəhət sanki dəyişməz, “əbədi” 
bir xüsusiyyətə çevrilmişdir. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
9
Partiyalaşmanın Azərbaycan modelinin fərqləri və dün-
ya təcrübəsi ilə ümumilik təşkil edən xüsusiyyətləri nədən 
ibarətdir?  
Azərbaycanda  siyasi    partiyalar  XX  əsrin  80-ci  illərinin 
sonu, 90-cı illərinin əvvəllərindən formalaşmağa başlamış-
dır.  1988-1993-cü  illər  partiyalaşma  prosesinin  təşəkkülü 
dövrü olmuşdur. 90-cı illərin əvvəllərində sovet dövrü üçün 
səciyyəvi olan sosial birlik formalarının davamlı olaraq da-
ğılması və cəmiyyətin siyasi fəallığının artması ilə siyasi par-
tiyaların yaranması  prosesinin əsası qoyuldu. 
Partiyalaşmanın ilkin dalğası üçün, yuxarıda qeyd edildiyi 
kimi, Ermənistanın işğalçılıq siyasəti və sovetlərin çökməsi 
nəticəsində başlayan milli ictimai-siyasi hərəkat, işğal fak-
tına qarşı yüksələn  ümumxalq müqaviməti və hiddəti fo-
nunda bir çox siyasi birliklərin təsis edilməsi səciyyəvi ol-
muşdur. Bu  amil postsovet məkanında “cəbhə”lərə analoji 
olan  qurumların  və  s.  yaradılması  üçün  katalizator  rolunu 
oynamışdır.
Bəhs edilən dövrdə partiyaların yaranma sürəti, onların 
siyasi proseslərdə iştirak səviyyəsi və cəmiyyətdəki gərginlik 
arasındakı ziddiyyət mürəkkəb  qarşılıqlı  təsirdə  olmuşdur. 
Demokratik  tranzit  dövrünü  yaşayan  cəmiyyətlərdə  si-
yasi  partiyalar  partiya  tərifinin  universal  ölçülərinə  uyğun 
gəlmədiyindən onların meydana gəlməsi də liberal demok-
ratiyanın  mənşəyi  ilə  analoji  olmur.  Tranzit  cəmiyyətlərdə 
siyasi partiyaların institusionallaşması prosesinin izlənilməsi 
1. 
 AZƏRBAYCANDA PARTİYALARIN 
 YARANMASI VƏ DİNAMİKASININ 
 
ƏSAS XÜSUSİYYƏTLƏRİ

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
10
göstərir  ki,  özünün  ilkin  yaranma  mərhələsində  suveren, 
demokratik dövlət bu siyasi proseslərdə fəallığı və passio-
nar gücü ilə siyasi şüur və mədəniyyəti tərs mütənasib olan 
kütlələrin  xaotik  təşkilatlanma  cəhdləri  nəticəsində  dağıla 
da bilər. 
“Siyasət səhnəsinə onlarla yeni partiya və hərəkat atıl-
mışdı.  Hələ  1991-ci  ilin  payızında  Azərbaycan  Qaraba-
ğa  Nicat  Cəmiyyəti,  Azərbaycan  İslam  Partiyası,  Vahid 
Azərbaycan  Uğrunda  Mübarizə  İttifaqı,  Azərbaycan  Gənc 
Sosial-Demokratik  Təşkilatı,  AXC  yanında  Gənc  Türklər 
təşkilatı,  1992-ci ilin yayında Azərbaycan Milli İstiqlal Par-
tiyası”,  həmin  ilin  payızında  Müsavat  Partiyasının  bərpa 
qurultayı  keçirilmiş,  Yeni  Azərbaycan  Partiyası  yaradılmış, 
Bozqurd Partiyası fəaliyyətə başlamışdı. 1993-cü ilin orta-
larında  respublikada  30-a  yaxın    siyasi  partiya,  cəmiyyət 
və  hərəkat  fəaliyyət  göstərirdi.”  (Azərbaycan  Respublikası 
(1991-2001).-Bakı, 2001, səh.42)     

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
11
Əhalinin  siyasi  təşkilatlanma  ehtiyacının  belə  yüksək 
olduğu  bir  dövrdə  meydana  gələn  yeni  siyasi  qüvvələrin 
fəaliyyətinin  nəticələri,  hakimiyyətə  gəlməsinin  mümkün-
lüyü  sovet  rəhbərliyini,  mərkəzi  çox  ciddi  narahat  edirdi. 
Buna görə də Azərbaycanda milli azadlıq və ictimai-siyasi 
hərəkatı  yaranışından    zəiflətmək,  yaxud  istədiyi  məcraya 
yönəltmək  üçün  kommunist  rəhbərliyi  çeşidli  üsullara  əl 
atırdı. “Siyasi hərəkat liderlərini “liberallara” və “radikallara”  
bölərək  xalq hərəkatını daxildən parçalamaq üçün siyasət 
aparılırdı.  Bəzi  qüvvələr  bu  “tələyə  düşür”,    hərəkatın  bü-
tövlüyünün parçalanmasına , ixtilaflara yol açırdılar”. (Yenə 
orada, səh.32)
Bu  gün  ölkənin  siyasi  məkanında  70-ə  qədər  partiya 
mövcuddur  və  54  partiya  rəsmi  qeydiyyatdan  keçmişdir. 
Onlardan 12-si parlamentdə təmsil olunmuşdur. 
Azərbaycanda  partiya  sisteminin  institusionallaşması 
yönündə  islahatların başlanğıcı hələ 1992-ci il iyunun 2-də 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
12
“Siyasi  partiyalar  haqqında  Qanun”un  qəbul  edilməsi  ilə 
qoyulmuşdur. Həmin qanuna 1996, 2001, 2002, 2003, 2004, 
2005, 2006 və 2007-ci illərdə bir sıra əlavə və dəyişikliklər 
edilmişdir.
Çoxpartiyalılığa  keçid  XX  əsrin  90-cı  illərində 
Azərbaycan  cəmiyyətinin  təkamülünün  ən  mühüm 
nailiyyətlərindən biri olmuşdur. Siyasi partiyaların bərqərar 
olması  prosesində  kəmiyyətcə  çoxalma  əsas  meyil  ol-
duğundan,  bu,  partiya  sisteminin  keyfiyyət  aspektindən                                                                                                                                     
danışmağa  əsas  vermir.  Partiyalaşma  prosesində  siyasi 
təbliğat, sosial baza toplamaq mərhələsinin sonradan siyasi 
fəaliyyətin intensivlik mərhələsi ilə əvəz olunmaması, daha 
doğrusu, “fəaliyyətsizlik” xroniki hala çevrilmişdir. 
Azərbaycan  cəmiyyətinin  həyatında  siyasi  partiyaların 
rəqabəti  zəifdir.  Bu  rəqabətin  sivil  formada  demokratik 
yolla aparılmasına maneə olan digər cəhət  odur  ki, siya-
si partiyaların  bir çoxu ideoloji əsasda, partiya institutları 
ətrafında deyil, liderlik iddialarında olan ayrı-ayrı   şəxslər 
ətrafında yaranmışdır. 
Təəccüblü  olsa  da  siyasi  partiyalar  bir-birindən  proq-
ram və məqsədlərinə, ideya-siyasi istiqamətlərinə, təşkilati 
strukturlarına, iş formaları və metodlarına görə əsaslı şəkildə 
fərqlənmirlər. Belə ki, sosial-demokrat və liberal-demokrat 
ənənələrində  oxşarlıq  bu  iki  ideya-siyasi  cərəyanın  yaxın-
laşmasını nə dərəcədə şərtləndirirsə, mühafizəkar ənənələr 
sağyönlü partiyaları onlardan müəyyən məsafədə saxlayır.      
Dərnək, klub tipli (ziyalılar tərəfindən yaradılmış) partiya-
ların bir hissəsi siyasət meydanında qalsalar da, bir çoxunun 
fəaliyyəti  yox  dərəcəsindədir.  “Cırtdan”,  kiçik  “divan  parti-
yaları” (yəni üzvlərinin sayı bir divana sığan), peyk partiya-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
13
larının bir hissəsi nüfuzlu müxalifət partiyalarının ətrafında 
təzyiq qrupları səviyyəsindədir. 
Siyasi  mübarizənin  sivil,  konstitusion  əsaslar  üzərində 
bərqərar  olması  partiya  sisteminin  təkamülü  prosesi-
nin  göstəricisidir.  Reallıqda  mövcud    siyasi  partiyaların 
üzvlərinin  sayı  hiss  ediləcək  dərəcədə  azdır,  elektoratın 
səfərbər  edilməsi  imkanları  məhduddur,  sosial  bazası  yox 
dərəcəsindədir. Bu partiyaların əksəriyyəti təşkilati-struktur 
və  maliyyə cəhətdən  zəifdir, şaquli əlaqələr elə də inkişaf 
etməmişdir. Eyni zamanda, ən vacibi odur ki, özünəməxsus si-
yasi partiya mövqeyi, ideologiyası və dünyagörüşü, fəaliyyət 
strategiyasının  formalaşması prosesinin təkmilləşməsi baş 
verməmişdir. Bəzi partiyalarda təşkilati cəhətdən sovet döv-
rü partiyasının formalaşması üslubuna (siyasi mədəniyyətin 
aşağı səviyyədə olmasını göstərən: dialoqun mümkünsüz-
lüyü, qarşıdurma məntiqi, ifratçılıq və s.) meyil vardır.
Bilavasitə bunun nəticəsidir ki, respublikamızda partiya-
laşma prosesində “siyasi mərkəzçilik” ənənəsi və meyli çox 
zəifdir.  “Mərkəzçi”  xətt  siyasi  təşkilatlanmada,  hər  şeydən 
əvvəl, ümummilli barışı və razılığı təmin etmək, cəmiyyətdə 
stabilliyə  nail  olmaq  məqsədinə  xidmət  edir.  Partiyalar-
arası,  ən  vacibi  isə  partiyalardaxili  sağlam  rəqabətin,  sivil 
mübarizənin aparıldığı mərhələ hələ də bərqərar olmamış-
dır. Bu, ilk  növbədə, əksər partiyaların müasir siyasi təcrübə 
və meyilləri izləyərək yeniləşmək, dəyişmək istəyinin olma-
ması, yaxud siyasi mədəniyyət səviyyəsinin hələlik aşağı ol-
ması  ilə bağlıdır. 
Son illər Azərbaycanın siyasi arenasından bir neçə par-
tiyanın  getməsi  müşahidə  edilir  və  bu  prosesin  özü  də 
zəif  gedir.  Bu  mənada  Azərbaycanda  ikipartiyalı  sistemin 
bərqərar olacağından danışmaq hələ tezdir. Qabaqcıl dün-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
14
ya təcrübəsində müşahidə edilən və siyasi hakimiyyət uğ-
runda  mübarizədə  iki-üç  partiyanın  dominant  rola  malik 
olduğu  çoxpartiyalı  sistem  hələ  yaranmamışdır.  Qeydiy-
yatdan  keçmiş  partiyaların  sayı  54  olsa  da,  onların  böyük 
əksəriyyətinin üzvlərinin, parlamentdəki təmsilçilərinin sayı  
hiss olunacaq dərəcədə azdır. Partiyalar parlamentdə əksər 
hallarda bir və ya iki deputatla təmsil olunmuşlar.
Partiya məkanında “qütbləşmə” partiyanın deyil, liderlərin 
iddialarına xidmət etmək istənilən halda sivil mübarizənin 
aparılma ehtimalını heçə endirir. Bir tərəfdə hakim partiya-
nın monolit siyasi birliyi, o biri tərəfdə isə zəif və pərakəndə 
müxalifət partiyaları dayanmışdır. Bir tərəfdə biz real və güc-
lü siyasi qüvvəni, o biri tərəfdə isə qeydiyyat vərəqəsi, sədri 
və möhüründən başqa heç nəyə malik  olmayan partiyaları 
görürük. Partiyaların birliyi və bloklarının formalaşması kimi 
siyasi praktikanın reallığa çevrilməsi qeyri-mümkündür və 
perspektivdə bu hadisənin baş verəcəyinə heç bir ehtimal 
da, hələ ki, yoxdur. 
Əksər  partiyalar  üçün  siyasi  passivlik,  perspektivsiz-
lik, üzvlərdən və siyasi elektoratdan məhrum olmaq, ölkə 
siyasətinə təsiri itirmək, kabinet siyasətçiliyi, özünəqapanma 
və s. onların düşdüyü vəziyyəti səciyyələndirən göstəricilərin 
heç də tam siyahısı deyil. 
Amerikalı məşhur politoloq Riçard Payps, ümumiyyətlə, 
postsovet  ölkələrinin  partiya  sistemi  üçün  səciyyəvi  olan 
xüsusiyyətlər barədə demişdir:  “Partiyaların sayı həddindən 
artıq  çoxdur  və  onlar  başlıca  olaraq  öz  liderlərinin  eqo-
ist    istəklərinə  xidmət  edirlər.  Belə  partiyalar  rəqib  de-
yil,  bir-birinə  düşməndir.Qərbdə  isə  partiyalar  bir-biri  ilə 
düşmənçilik etmir, onlar rəqabət aparırlar”.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
15
Partiyaların  fəaliyyəti  və  dinamikasında  son  dərəcə 
qarışıq,  sistemsiz  bir  mənzərə  ortaya  çıxır.  Burada  siyasi 
avanqard  olan  partiyadan  tutmuş,  seçki  kampaniyasında 
iştirak etmək  və elektoratın rəğbətini qazanmaq üçün ya-
radılan partiya, “parlament partiyası” və “icma partiyası”na 
(klub partiya) qədər müşahidə olunur. Eyni zamanda, sinfi 
əlamətinə görə sinfi (məsələn, kəndli partiyası), siniflərarası 
partiyalar,  sosial  qrupların  partiyaları;  təşkilati  strukturuna 
görə  kadr  partiyaları,  kütləvi  partiyalar;  siyasi  sistemdəki 
yerinə görə leqal və qeyri-leqal partiyalar; nəhayət, ideoloji 
əlamətinə  görə  inqilabçı,  islahatçı,  mərkəzçi,  mühafizəkar, 
mürtəce  və s. partiyalar mövcuddur. 
Əsas  məqsəd  sadəcə  çoxpartiyalı  siyasi  sistem  görün-
tüsü yaratmaq deyil, ölkədə dinamik siyasi mübarizə mü-
hiti, rəqabətədavamlı partiyalar yaratmaq olduğu üçün bu, 
çox düşündürücüdür. Söhbət əslində ideoloji eklektizm və 
bənzər ideoloji şüarların yığınından ibarət  olan partiyalar 
mühitindən gedir.  
Demokratik dövlət quruculuğunun reallığı ölkədə yalnız 
güclü iqtidar deyil, həm də güclü  müxalifət partiyalarının 
formalaşmasını  tələb  edir.  Partiyaların  çoxluğu  şəraitində 
onların  pərakəndəliyi  siyasi  sistemin  səmərəli  fəaliyyətinə 
mənfi təsir edən amillərdəndir. 
Bu  gün  Azərbaycanda  siyasi  partiyaların  bir-birindən 
əsaslı  fərqlənən  müxtəlif  ideya  və  oriyentasiyalara  malik 
olmasını  söyləmək  düzgün  olmazdı.  Partiyaların  ideoloji-
siyasi mövqeyini daha çox onların  legitim  siyasi qüvvəyə 
-  dövlətə  münasibəti  aspektində  qruplaşdıraraq  müəyyən 
etmək  olar.  Bu  münasibətlər  ziddiyyətlidir:  yəni  tam 
dəstəkləməkdən  tutmuş,  ifrat  radikallığa  qədər  mövqelər 
mövcuddur. Bunun başlıca səbəbini müxalifət partiyalarının 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
16
seçicilərə alternativ - səmərəli və konstruktiv fəaliyyət proq-
ramını  təqdim  edə  bilməməsi  və  siyasi  partiya  sisteminin 
struktur baxımından formalaşmaması ilə izah etmək olar. 
Azərbaycandakı  siyasi  qüvvələrin  inkişaf  dinamikasını 
təhlil etdikdə məlum olur ki, partiya subyektlərinin təkamül 
meyli  əvvəllər  əsasən  sağ  istiqamətə  doğru  olmuş,  son 
illər isə solçuluq şüarlarına üstünlük verilməkdədir. Özlərini 
“mərkəzçi”  qüvvələr  adlandırmaq  isə  əsasən  təbliğat 
məqsədinə  xidmət  edir.  Bu  cür  mərkəzçilik  real  vəziyyət 
olmayıb, ictimai mənafelərin qoruyucusu imicini yaratmaq 
üçün edilən cəhdlərdən başqa bir şey deyil. 
Sağdan  və  soldan  “mərkəzə”  doğru  meyillilik  daha 
çox    polietnik  cəmiyyətə  xasdır,  bir  az  da  dəqiqləşdirsək, 
daha optimal təcrübədir. Ümummilli lider Heydər Əliyevin 
hakimiyyətə gəldiyi ilk illərdə Ermənistan-Azərbaycan, Dağ-
lıq Qarabağ probleminin strateji prioritetliyi, milli ideologi-
yada azərbaycançılıq prinsipinin əsas tutulması bu prosesə 
stimul  vermişdir.  Lakin  əksər  partiyaların  bu  obyektiv 
həqiqəti dərk etməsi, strateji proqram məqsədi kimi özü-
nün  siyasi  praktikasında  onu  həyata  keçirməsi  müşahidə 
olunmur. 
Digər tərəfdən, siyasi mərkəzçilik ideyasının partiyalaş-
mada tədrici yolla gerçəkləşməsi  orta sinif və təbəqənin for-
malaşma səviyyəsi ilə də bağlıdır. Daha doğrusu, mərkəzçi 
mövqe  sosial,  etnik-milli  mənsubiyyətə  az  həssasdır.  Orta 
sinfin tam formalaşması prosesinin başa çatmaması  güclü 
mərkəzçi,  ümummilli mövqelərdən çıxış edən partiyaların 
formalaşmasını çətinləşdirir.
Siyasi  partiyaların  real  fəaliyyət,  təşəbbüskarlıq  və  in-
tellektual  potensial  hesabına  deyil,  hakimiyyət  uğrunda 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
17
mübarizə  xatirinə  status-kvonu on illərlə saxlamağa can 
atması perspektivdən məhrumdur. Bu müddət ərzində on-
lar “parçalanma, dialoqa qapalı olmaq və kəmiyyətcə çoxal-
maq” meyillərindən başqa əlamət nümayiş etdirə, özlərini 
“yenilikçi”  adlandıraraq  radikal  stereotiplərdən  azad  ola 
bilməmişlər.  Sosial  dayaqdan  məhrum  olduqca  təsadüfi 
insanların  cəlbinə  səy  göstərilməsi  seçkilər  zamanı  sivil 
mübarizə, siyasi əxlaq və mənəvi dəyər ölçülərinə sığmayan 
məlum hadisələrə səbəb olmuşdur.
Partiyalaşmanın  xüsusiyyətindən  danışarkən,  adətən, 
seçki kampaniyasından əvvəl yeni partiyaların yaranmasını 
da qeyd etmək lazımdır. Məsələn, son zamanlar bir-birinin 
ardınca  yeni  partiyalar  yaranmaqdadır.  AXCP-dən  istefa 
verib 2008-ci ilin prezident seçkilərində  namizədliyini irəli 
sürən Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasını, ASDP-dən 
ayrılan Elşən Manafov Demokratik Sol Partiyasını yaratmış-
dır. “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə 
(hələlik adını açıqlamasa da) bildirmişdir ki, seçkidən sonra 
partiya yaratdığını rəsmən elan edəcək.
Təcrübə göstərir ki, cəmiyyətin müəyyən qədər bələd ol-
duğu, hər hansı siyasi nailiyyətlər əldə etməyən şəxslərin yeni 
partiya yaratmasının perspektivi yoxdur. Bəzi ekspertlər isə 
yeni partiyaların meydana çıxmasını şəraitin və cəmiyyətin 
yeniləşmə diktəsinə cavab  kimi qiymətləndirirlər. Partiya-
ların süni surətdə çoxalması siyasi qüvvələrin potensialının 
cəmlənməsinə əngəl olur, təsir imkanlarını daha da azaldır. 
Onların yaranması sosial sifarişə cavab kimi  yox, mövcud 
müxalifətin onsuz da güclü olmayan sosial bazasının və po-
tensialının parçalanması şəklində meydana çıxır.
Azərbaycanda siyasi partiyaların ictimai rəyin formalaş-
masına  və  siyasi  proseslərin  xarakterinə  təsiri  nəinki  çox 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
18
aşağıdır,  hətta  yox  dərəcəsindədir.  Bu,  bir  tərəfdən,  parti-
yaların zəifliyi, digər tərəfdən isə onların cəmiyyət həyatına 
təsirinin  hüquqi  mexanizmlərinin  olmaması  ilə  bağlıdır. 
Azərbaycanda “İctimai birliklər haqqında”, “Siyasi partiyalar 
haqqında” qanunların qəbul edilməsinə baxmayaraq, müa-
sir dəyişiklikləri nəzərə alan yeni qanun qəbul edilməmişdir. 
Respublikamızda partiya siyahısı üzrə hakimiyyətə gəlmək 
mexanizmi 2002-ci ildən dayandırılmışdır. Belə ki, 2002-ci 
ildə Konstitusiyaya edilmiş düzəlişlərdən biri də proporsio-
nal seçki sisteminin ləğvi ilə bağlı olmuşdur. 
QEYDİYYATDAN KEÇƏN SİYASİ PARTİYALAR

              Partiyanın adı
Yaranma tarixi
Liderləri
1
Azərbaycan Xalq Demokrat Partiyası
 1967-ci ildə 
yaradılmışdır.
11 avqust 1992-ci 
ildə qeydiyyata 
alınmışdır.
Ali məsləhətçi - Rafiq Turabxanoğlu
2
Azərbaycan Xalq Cəbhəsi (bazasında 
1995-ci ilin avqust ayında AXCP 
yaranıb)
16 iyun 1989
2000-ci ilin payızında partiyada 
parçalanma baş verib. Hər iki qanadı 
özünü partiyanın hüquqi varisi elan 
edir. AXCP-nin islahatçılar qanadının 
sədri Əli Kərimli özünü partiyanın 
varisi hesab edir.
3
Azərbaycan Milli Demokratik İdrak 
Partiyası
5 oktyabr 1989
Sədr - Osman Əfəndiyev
4
Azərbaycan Sosial-Demokrat Partiyası
10 dekabr 1989
Həmsədrlər - Araz Əlizadə, Zərdüşt 
Əlizadə
5
Birlik Partiyası
22 yanvar 1990
Sədr - Xudu Xuduyev
6
Ana Vətən Partiyası
24 noyabr 1990
Sədr - Fəzail Ağamalı
7
Vahid Azərbaycan Partiyası
12 sentyabr 1991 Sədr - Kərrar Əbilov
8
Azərbaycan Kəndli Partiyası
19 aprel 1992
Sədr - Feyruz Mustafayev
9
Azərbaycan Demokrat Partiyası
17 oktyabr 1991
Həmsədrlər – Sərdar Cəlaloğlu, Rəsul 
Quliyev
10
Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası 24 iyul 1992
Sədr  - Azad Nəbiyev
11
Demokratik Azərbaycan Dünyası 
Partiyası
9 iyun 1992
Sədr - Məmməd Əlizadə
12
Azərbaycan Milli İstiqlal Partiyası
17 iyul 1992
Sədr - Etibar Məmmədov
13
Vətəndaş Həmrəyliyi Partiyası
26 sentyabr 1992 Sədr -  Sabir Rüstəmxanlı
14
Ümid Partiyası
16 oktyabr 1992
Sədr - İqbal Ağazadə
15
Müsavat Partiyası
6-7 noyabr 1992
Başqan -  İsa Qəmbər
16
Yeni Azərbaycan Partiyası
21 noyabr 1992
Yaradıcısı - Heydər Əliyev
Sədr - İlham Əliyev

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
19
17
Vahid Azərbaycan Milli Birlik Partiyası 
28 noyabr 1992
Sədr - Hacıbaba Əzimov
18
Azərbaycan Milli Hərəkat Partiyası
5 dekabr 1992
Sədr -  Samir Cəfərov
19
Müstəqil Azərbaycan Partiyası
23 yanvar 1993
Sədr - Nizami Süleymanov
20
Yurddaş Partiyası
27 fevral 1993
Sədr - Mais Səfərli
21
Milli Qurtuluş Partiyası
3 mart 1993
Sədr - Məhəmməd Hatəmi
22
Qorqud Partiyası
6 may 1993
Sədr - Firudin Kərimov
23
Azərbaycan Kommunist Partiyası
27 noyabr 1993
Sədr - Ramiz Əhmədov
24
Azərbaycan Demokrat Sahibkarlar 
Partiyası
23 aprel 1994
Sədr - Qasım Qasımov
25
Vətənpərvərlər Partiyası
4 iyun 1994
Sədr - Hamlet Talıbov
26
Azərbaycan Milli Dövlətçilik Partiyası
2 iyul 1994
Başqan - Sabir Tarıverdiyev
27
Azərbaycan Liberal Partiyası
avqust 1994
Sədr - Lalə Şövkət Hacıyeva
28
Azərbaycan Naminə Alyans Partiyası
17 noyabr
Sədr - Abutalıb Səmədov 
29
Azərbaycan  Sosial Rifah Partiyası
6 dekabr 1994
Sədr - Xanhüseyn Kazımlı
30
Azərbaycan Demokratik Maarifçilik 
Partiyası
11 dekabr 1994
Sədr - Məmmədhənifə Musayev
31
Azərbaycan Vahid Kommunist Partiyası sentyabr 1995
Mərkəzi Komitənin Baş katibi 
- Sayad Sayadov
32
Sosial Ədalət Partiyası
dekabr 1995
Sədr - Mətləb Mütəllimli 
33
Vəhdət Partiyası
12  may 1998
Sədr - Tahir Kərimli
34
Milli Konqres Partiyası
avqust 1998
Sədr - İxtiyar Şirinov
35
Azərbaycan     Respublikaçılar Partiyası noyabr 1998
Sədr - Sübut Əsədov
36
Azərbaycan Liberal- Demokrat Partiyası fevral 1999
Sədr - Fuad Əliyev
37
Azərbaycan Xalq Partiyası
4 aprel 1999
Sədr - Pənah Hüseynov.
Partiya sədri vəzifəsini icra edən - 
Qiyas  Sadıxov
38
Azərbaycan Mübarizlər Partiyası
27 may 2000
Sədr - Ağadur Müslümov
39
Ədalət Partiyası
8 may 2002
Sədr - İlyas İsmayılov
40
Milli Vəhdət Partiyası
8 may 2002
Sədr - Yunis Əliyev
41
Müasir Müsavat Partiyası
8 may 2002
Sədr - Hafiz Hacıyev
42
Azərbaycan Azad Respublikaçılar 
Partiyası
8 may 2002
Sədr - Kamil Seyidov 
43
Böyük Quruluş Partiyası
12 avqust 2005
Sədr -Fazil Mustafayev (Qəzənfəroğlu)
44
Azadlıq Partiyası
12 avqust 2005
Sədr - Əhməd Oruc
45
Azərbaycan Demokratik İslahatlar 
Partiyası
12 avqust 2005
Sədr - Asim Mollazadə
46
Bütöv Azərbaycan Xalq Cəbhəsi 
Partiyası
12 avqust 2005
Sədr - Qüdrət Həsənquluyev
47
Tərəqqi Partiyası
12 avqust 2005
Sədr - Çingiz Sadıqov (Dəmiroğlu)
48
Böyük Azərbaycan Partiyası
12 avqust 2005
Sədr - Elşad Musayev
49
Təkamül Partiyası
12 avqust 2005
Sədr - Teyyub Qənioğlu
50
Vətəndaş Birliyi Partiyası
12 avqust 2005
Sədr - Sabir Hacıyev
51
Klassik Xalq Cəbhəsi Partiyası
8 fevral 2007
Sədr - Mirmahmud Fəttayev
52
Vətəndaş və İnkişaf Partiyası
10 avqust 2007
Sədr - Əli Əliyev
53
Azərbaycan Milli Demokrat Partiyası
24 dekabr 2008
Sədr - Tufan Kərimli
54
Aydınlar Partiyası
25 noyabr 2009
Sədr - Qulamhüseyn Əlibəyli
Azərbaycanda  yeni yaranan və ən son qeydiyyata alınan 54-
cü partiya- müxalifət yönlü   Aydınlar Partiyasıdır. Partiya 2009-

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
20
cu il noyabrın 25-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
2008-ci il dekabrın 14-də Azərbaycan Aydınlar Partiya-
sının təsis qurultayı keçirilib. Trend.az-ın məlumatına görə, 
partiyanın  qurultayında  201  nümayəndə  iştirak  edib.  Qu-
rultayda  partiyanın  adı,  nizamnaməsi  və  məramnaməsi 
təsdiq edilib. Q. Əlibəyli partiyaya sədr seçilib. Sədr müa-
vini Xanoğlan Əhmədovdur. Qurultayda həmçinin, Partiya-
nın 45 nəfərdən ibarət olan Ali Məclisi və 5 nəfərdən ibarət 
Nəzarət Komissiyasının tərkibi formalaşdırılıb.
Q.  Əlibəyli  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  Ali 
Məclisinin  sədri,    1992-1993  -  cü  ildə  prezident  Elçibəyin 
müşaviri və parlamentdə rəsmi nümayəndəsi olub. 1995 -ci 
ildən  2005  -ci  ilədək  iki  dəfə  ardıcıl  olaraq  Milli  Məclisin 
deputatı  seçilib.  Avropa  Şurası  Parlament  Assambleyasın-
da  Azərbaycan  nümayəndə  heyətinin  üzvü  olub.  O,  1989 
- cu ildən AXC-nin üzvü, 1993 - cü ildən AXCP Ali Məclisinin 
sədri  idi.  Avqustun  əvvəllərində  AXCP  Ali  Məclisinin  sədri 
vəzifəsindən istefa verib, sentyabrın axırında yeni Aydınlar 
Partiyası yaradacağı məlum olub. O, AXCP-nin 2008-ci  ilin 
oktyabrında  keçirilən  prezident  seçkisini  boykot  etməklə 
bağlı qərarına etiraz olaraq partiya üzvlündən istefa verib. 
Prezident seçkisinə namizəd kimi qatılan Q.Əlibəyli yeni par-
tiya yaradacağını elan edib. (İ.Əlizadə/Trend.az.14.12.2008) 
Yeni partiyanın  sədri əsas məqsədləri barədə belə de-
yir: “Hazırda ölkədə iqtidar və müxalifət bir-birini qəbul et-
mir.  Belə  bir  şəraitdə  siyasi  münasibətlər  qanun  və  əxlaq 
çərçivəsində tənzimlənmir. Ona görə də cəmiyyət  dalana  
dirənmiş  vəziyyətdədir.  Bunun  da  nəticəsində  cəmiyyətin 
siyasi  qüvvələrə  inamı  itib.  Biz  bu  inamı  qaytarmaq  üçün 
ənənəvi siyasətdən fərqli siyasət ortaya qoymaq fikrindəyik. 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
21
Həm hakimiyyətə, həm də müxalifətə olan inamı qaytarma-
ğa çalışacağıq. Biz inkarçı və hakimiyyəti tərif mövqeyindən 
uzaqda dayanacağıq. Biz əsas vəzifəmizi mitinqlərdə gör-
mürük,  məqsədimizi  -  Dağlıq  Qarabağ  münaqişəsinin 
həlli  və  seçki  qanunvericiliyin  təkminlləşdirilməsini  bütün 
siyasi  qüvvələrlə  əməkdaşlıqda  həyata  keçirəcəyik.  Yaxın 
məqsədimiz  2009-cu  ilin  bələdiyyə  və  2010-cu  ilin  parla-
ment  seçkilərində  iştirak  etməkdir.  Uzaq  məqsədimiz  isə 
2013-cü ildə keçiriləcək prezident seçkilərinə qatılmaqdır.” 
Ölkədə  keçiriləcək    seçkilərdə  iştiraka  gəldikdə  isə  Ay-
dınlar  Partiyası  sədrinin  müavini  Qadir  İbrahimli  bildi-
rib:  “Partiyamızın  40-a  yaxın  üzvü  deputatlığa  namizəd 
olmaq  niyyətindədir.  Biz  daha  şanslı  üzvlərimizin  parla-
ment seçkilərində iştirakının tərəfdarıyıq. Partiya daxilində 
müzakirələr davam edir. İlkin siyahıda və namizədlərimizin 
irəli  sürüləcəyi  dairələrlə  bağlı  müəyyən  dəyişikliklər  ola 
bilər.” (www.trend.az)
QEYDİYYATDAN KEÇMƏYƏNLƏR
Azərbaycanda  qeydiyyata  alınmayan  partiyaların  sa-
yının  da,  demək  olar  ki,  rəsmi  partiyalar  qədər  olmasının 
əsas  səbəbi,  dediyimiz  kimi,  keyfiyyət  deyil,  kəmiyyətcə 
çoxalma  meylinin  hələ  də  bu  sahədə  dərin  köklərə  malik 
olmasıdır. Hətta indinin özündə də bu proses, yəni partiya 
yaratmaq həvəsi məşğuliyyətə çevrilmişdir və intensiv da-
vam edir. Buna təbii proses kimi bir şərtlə baxmaq olardı ki, 
yeni yaranan partiyaların ideologiya, proqram və fəaliyyət 
prinsiplərində,  həqiqətən  də,  yenilik  hiss  olunsun.  Bu  isə 
hələlik müşahidə olunmur.
Azərbaycan Yaşıllar Partiyası (AYP) 16 dekabr 2006-ci 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
22
ildə təsis edilmişdir. Həmsədri Mayis Güləliyevdir. Partiya-
nın  25  rayon  təşkilatının  artıq  formalaşdığı  qeyd  olunur. 
25 noyabr 2007-ci ildə AYP-nin Gənclər Təşkilatı öz təsis 
kon-fransını  keçirmiş,  təşkilatın  nizamnaməsini  və  proq-
ramını  qəbul  etmişdir.  AYP  özünü  yüksək  ictimai-siyasi 
fəallığa malik partiya kimi nümayiş etdirməyə səy göstərir. 
İnternetdə daima yeniləşən elektron səhifə ilə özünü təbliğ 
edir. AYP beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək oldu-
ğunu, Avropa Yaşıllar Partiyası, Ukrayna Yaşıllar Partiyası, 
Rusiyanın  “Yabloko”  Partiyasının  Yaşıl  fraksiyası  və  Gür-
cüstan Yaşıllar Partiyası ilə sıx əməkdaşlıq etdiyini bildirir. 
27 dekabr 2006-cı ildə AYP və Gürcüstan Yaşıllar Partiyası 
arasında birgə əməkdaşlığı nəzərdə tutan Memorandum 
imzalanmışdır. 
Bu vaxta qədər Azərbaycanda cəmi iki partiyanın dövlət 
qeydiyyatı ləğv olunub. Azərbaycan Ali Məhkəməsi 1995-
ci  ildə    Bozqurd  (indiki  Azərbaycan  Milli  Demokrat  Parti-
yası) və İslam partiyalarının dövlət qeydiyyatını ləğv edib. 
Məhkəmə Bozqurd Partiyasının adının qanunvericiliyə mü-
vafiq olmadığını əsas gətirib. Bu partiya 24 dekabr 2008-ci il 
tarixində  Azərbaycan Milli Demokrat Partiyası adı ilə qeydə 
alınıb. İslam Partiyasının qeydiyyatının ləğvinə gəldikdə isə 
bu barədə qərar partiya sədrinin İrana casusluqda ittiham 
edilərək həbs olunması ilə əsaslandırılmışdır.

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
23
Qeydiyyatda olan və olmayan bütün partiyaların proqram 
və platformalarının müqayisəli və təfərrüatlı təhlili göstərir 
ki,  siyasi  (xüsusilə  də  müxalifət)  partiyaların  əksəriyyəti 
mənşəyi,  ideologiyası,  yeniləşmə  yönündə  passivliyi,  radi-
kal mövqeyi, proqram və fəaliyyət tərzi baxımından bir-biri 
ilə eyniyyət təşkil edir. Yalnız az sayda partiyalar sivil siyasi 
mübarizə metodlarının vacibliyini dərk edir. 
 Ölkə məkanındakı partiyaların ideoloji spektrində  hərc-
mərclik mövcuddur, çünki sərhədlər bilinmir. İdeoloji plat-
formanın yalnız bəyan  edilməsi deyil, onun həm də həyata 
keçirilməsi  mürəkkəb  məsələ  olduğu  üçün  vəziyyətin 
sistemləşdirilməsi  məqsədilə  fərqli  yanaşmanın  tətbiqi 
zəruridir. Burada partiyanın bəyan etdiyi ideologiyanı deyil, 
onun  siyasi  davranışını,  legitim  hakimiyyətə  münasibətini, 
gerçək mövqeyini və fəaliyyətini əsas götürmək lazımdır.
Hər  bir  partiya  proqram  və  məqsədini  siyasi  ideologi-
yası  çərçivəsində  aydın  şəkildə  şərh  etməlidir.    Bunlar  ol-
mayanda  insanlar  həmin  qurumları,  ictimai  təşkilatları,  si-
yasi partiyaları yalnız liderlərinin fonunda təsəvvür edirlər. 
Bu səbəbdən partiyalar öz gerçək adlarından çox “kiminsə 
partiyası”  qismində  məşhur  olurlar.  Normal  inkişaf  etmiş 
cəmiyyətlərdə  siyasi partiyalar adının ifadə etdiyi simvola 
uyğun, mücərrəd hüquqi şəxs kimi qavranılır və mübarizəsi 
də ideoloji səviyyədə aparılır. Partiya mühiti belə olmadıqda 
mübarizə şəxslər arasında gedir, qruplaşmalar baş verir. 
Partiyalar siyasi məkanda, əsasən, ideoloji mövqelərinə 
görə  fərqləndirilirlər.  Radikal  dəyişiklik  tərəfdarları  sol-
2. 
 PARTİYALARIN İDEOLOJİ SPEKTRİ 

AZƏRBAYCANDA SİYASİ PARTİYALAR: SEÇKİDƏN SEÇKİYƏ
24
lar,  ənənələrə  varisliyi  mühüm  hesab  edənlər  sağlar  kimi 
səciyyələndirilirlər. Bir qədər geniş yanaşma tətbiq edildikdə 
sollara kommunistlər, sosialistlər və sosial-demokratlar, sağ-
lara isə liberallar, konservatorlar və ultra sağlar aid edilirlər. 
Mərkəzçi qüvvələr ifratçılıqdan çəkinməyi üstün tuturlar. 
Partiyaların  siyasi  tiplərinin  spektrini  həmçinin  siyasi 
davranışına  görə  (demokratik,  totalitar),  mövqeyinə  görə 
(iqtidar, müxalifət), cəmiyyətdə inkişafa münasibətinə görə 
(radikal, təkamülçü, islahatçı) də müəyyənləşdirmək olar. 
Siyasət aləmində “sol”, “sağ” və “mərkəzçi” bir partiya-
nın  özü  də  daxili  strukturuna  görə  uyğun  mövqelərə  ay-
rılır.  Məsələn,  “sağ”ların  özləri  “sağ”  mərkəzçi,  ifrat  “sağ”, 
“sağ”  radikal,  “yeni  sağlar”  kimi  daxili  qütblərə  bölünür. 
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri 
Araz Əlizadə ölkədə beşpartiyalı siyasi sistemin yaradılma-
sını, bu qədər çox sayda partiyanın mövcudluğuna ehtiyac 
olmadığını, əksəriyyətinin ideoloji yönünün eyni olduğunu 
qeyd edir: “Həmin partiyalar yalnız partiya sədrlərinin şəxsi 
ambisiyalarına  görə  fərqlidir.  Başqa  heç  bir  fərq  yoxdur. 
Azərbaycanın gələcək inkişafı üçün bir sol, bir sol-mərkəzçi, 
bir  mərkəzçi,  bir  sağ-mərkəzçi  və  bir  sağçı  partiya  olsa, 
kifayətdir. Azərbaycanda beşpartiyalı sistemin mövcud ol-
ması  ölkənin  siyasi  baxımdan  inkişafına  təkan  verə  bilər. 
Azərbaycanın  üzdə  olan  partiyaları,  əsasən,  keçmiş  Xalq 
Cəbhəsinin içindən çıxmış təşkilatlardır, onların hamısı an-
caq  öz  şəxsi  ambisiyalarına  görə  fərqlənir,  məfkurə  baxı-
mından heç bir fərqləri yoxdur”. 
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə