Azərbaycanın Kür meqasİnklİnorİumu daxİlİndə ayrılan geostrukturları, onların lİtostratİqrafİyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları
Azərbaycanın Kür meqasİnklİnorİumu daxİlİndə ayrılan geostrukturları, onların lİtostratİqrafİyası, tektonİkası, geolojİ inkişaf Tarixİ və faydalı qazıntıları 7.1. Geomorfologiya Kür çökəkliyi geomorfoloji vilayətində yeni tektonik hərəkətlərin və ekzogen relyef əmələgətirici proseslərin mürəkkəbliyi burada relyef quruluşunun müxtəlifliyinə səbəb olmuşdur. 4 əsas geomorfoloji yarımvilayətə: Alazan-Əyriçay çökəkliyi (dərəsi), Ceyrançöl-Acınohur ön dağlığı, Kür-Araz ovalığı və Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayətlərinə bölünür:
1. Alazan-Əyriçay çökəkliyi yarımvilayəti morfoloji cəhətdən 200-300 m-dən 600-880 m-dək hündürlükdə yerləşən qapalı batıq dağətəyi maili düzənliyi əhatə edir. Səthi allüvial-prolüvial çöküntülərdən ibarətdir. Çayların gətirmə konusları və konuslararası çökəkliklər qismən bataqlıqlaşmışdır. Akkumulyasiya prosesləri üstünlük təşkil edir. Gətirmə konuslarıda iri materiallar, konuslarası çökəkliklərdə isə xırda dənəli çöküntülər toplanır. Yarımvilayət daxilində Alazan, İsmayıllı geomorfoloji rayonları ayrılır.
2. Ceyrançöl-Acınohur ön dağlığı yarımvilayəti Kür çökəkliyinin şimal hissəsindədir. Bura Alazan-Əyriçay çökəkliyindən cənubda yerləşən Ceyrançöl, Acınohur ön dağlıqları, Kür çökəkliyinin şimal-şərq kənarlarını təşkil edən Ləngəbiz-Ələt ön dağlığı və s. daxildir. Relyefi, əsasən, antiklinal və sinklinal qırışıqlara uyğun gələn silsilə, tirə və yüksəkliklərdən, onların arasındakı dərə və çökəkliklərdən ibarətdir. Silsilə və tirələrin (qərbdə və şərqdə üst Pliosen, mərkəzi hissədə Antropogen yaşlı) yamacları asimmetrikdir. Cənub yamacları çox dik, şimal yamacları az meyllidir. Bəzi yerlərdə (Gürcüvan platosu) 600-1000 m hündürlükdə düzəlmə səthləri var. Yarımvilayət köndələn axan tranzit çayların antesedent dərələri ilə parçalanmışdır. Dərininə kəsilmə 250-700 m-dir. Parçalanmanın sıxlığı bedlend tipli yarğan-qobu şəbəkəsinin inkişaf etdiyi cənub yamaclarda daha böyükdür. Şərqdə palçıq vulkanları var. Yarımvilayət Ceyrançöl, Acınohur, Ləngəbiz-Ələt, Hərəmi geomorfoloji rayonlarına bölünür.
3. Kür-Araz ovalığı yarımvilayəti Kür çökəkliyinin ən geniş hissəsidir. Səthi mərkəzi hissədə gilli, kənar hissələrdə gillicəli-qumlu-çaqıldaşlı üst Antropogen və Holosen yaşlı kontinental və dəniz çöküntülərindən təşkil olunmuşdur. Relyef cavan və az meylli olduğundan səthi az parçalanmışdır. Ovalığın şərq hissəsi üçün cavan qırışıqlar və palçıq vulkanizmi ilə əlaqədar alçaq tirə və yüksəkliklər (Kürovdağ, Babazənən, Mişovdağ, Qalmas, Bozdağ, Xıdırlı, Bəndovan və s.) səciyyəvidir. Çay dərələri dayaz, yataqları meandrlıdır; yataqlarında akkumulyasiya prosesi gedir. Şirvan düzündə gətirmə konusları inkişaf etmişdir. Ovalığın mərkəzi hissəsi, həmçinin Muğan və Salyan düzləri üçün qədim çay yataqları, yataqyanı yallar, axmazlar, subareal deltalar, cənub-şərqi Şirvan düzənliyi üçün Yeni Kaspi yaşlı laqunların qalığı olan deflyasiya çalaları, dünlər, təpəli qumlar, qədim və müasir sahil valları (bəndləri) səciyyəvidir. Süni suvarma və meliorasiya tədbirləri ovalığın relyefinə təsir göstərir. Antropogen təsirlər nəticəsində səthin parçalanması, yuyulması və şorlaşması prosesləri güclənir. Yarımvilayətdə Şirvan, cənub-şərqi Şirvan, Küryanı, Muğan və Salyan geomorfoloji rayonları var;
4. Kiçik Qafqazın dağətəyi maili düzənlikləri yarımvilayəti Xram çayından Araz çayınadək Kiçik Qafqaz dağlarının, əsasən, şimal-şərq ətəklərini əhatə edir. Uzunluğu təqribən 350 km, eni 12-30 km-dir. Səthi üst Pliosen-Antropogenin gillicəli-çaqıldaşlı kontinental çöküntülərindən təşkil olunmuşdur. Düzənliyin yalnız Kürək çayı ilə Tərtər çayı arasındakı hissəsində alçaq tirələr və uvallar (Naftalan, Gedəkboz, Duzdağ) var. Düzənliyin dağlıqla sərhədi tektonik qırılma boyunca keçir. Kür-Araz ovalığına keçidi isə tədricəndir. Səthi Kiçik Qafqaz dağlarından başlanan, çox yerdə Kürün sağ qollarını təşkil edən çayların dərələri ilə kəsilmişdir. Dərininə parçalanma 10-15 m-dən 100-220 m-ə, bəzi yerlərdə (Tərtər çayı dərəsi) 220-250 m-ə qədərdir. Ən səciyyəvi relyef formaları gətirmə konusları və konuslararası çökəkliklərdir. Düzənliyin Naftalan-Qazanbulaq hissəsində və Kür çayı dərəsinin yamaclarında (Ağstafa-Şəmkir çayları arası) sıx yarğan-qobu şəbəkəsi inkişaf etmişdir. Yarımvilayət daxilində Gəncə-Qazax, Qarabağ və Mil geomorfoloji rayonları ayrılır.