Aydın MUSTAFAYEV
AMEA Folklor İnstitutunun elmi işçisi
NİZAMİ GƏNCƏVİ VƏ MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏR
Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük ustadlarından olan N.Gəncəvinin Azərbaycan mədəniyyəti və fəlsəfi düşüncəsinin inkişafı tarixində əvəzsiz rolu vardır. Hökmdar, cəmiyyət, elm, din, idrak kimi problemləri əks etdirən epik əsərləri həm mifoloji, həm də folklor motivləri ilə zəngindir. Onu da qeyd edək ki, xalqımızın söz xəzinəsi-folklor bir çox söz sənətkarlarının-İ.Nəsimi, Ş.İ.Xətayi, S.Vurğun, R.Rza, M.Müşfiq, M.Araz və b. yaradıcılığına ilham mənbəyi olmuşdur. Orta əsrlərin böyük dühası N.Gəncəvinin folklora bağlılığı bütün poemalarında geniş şəkildə özünü göstərir. Bununla bağlı professor Sədnik Pirsultanlı yazır: “Nizaminin bir sənətkar kimi yetişməsində başqa amillərlə yanaşı zəngin xalq yaradıcılığı da mühüm rol oynamışdır” [7,3]. Bu əsərlərdən biri də “Yeddi gözəl”dir. Xeyirlə şərin, halalla haramın, ədalətlə zülmün mübarizəsindən bəhs edən “Yeddi gözəl” poemasında mütərəqqi, humanist ideyalar tərənnüm olunur. Nizami var-dövlət toplamaq ehtirasını, nəfsinə qul olmaq vərdişlərini zəmanənin ən böyük bəlası hesab edərək ağlı, idrakı,elmi hər şeydən üstün tutur:
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti malı [ 2,41].
“Yeddi gözəl” əsərində folklordan gələn xalq hikmətləri ilə şairin hikmət dolu düşüncələrinin qovuşduğunu görürük. O, əfsanə, rəvayət, nağıl, atalar sözləri və s. istifadə etməklə yaratdığı əsərinə sanki yeni ruh verir. N.Gəncəvinin böyük tədqiqatçısı professor Xəlil Yusifli yazır: “Yeddi gözəl” poeması hər hansı mənbədən alınmış bir materialın məzmununun nəzmə çəkilməsi deyildir. Bəhram Ə.Firdovsinin “Şahnamə”də işlənmiş “Bəhram Gur” hissəsinin bir qədər dəyişdirilmiş variantı da deyildir. Bu mütəfəkkir alimin axtarışları ilə böyük qüdrətə malik şair xəyalın birləşməsi, qadir sənətkarın qiymətli materialdan yonub yaratdığı yeni, canlı sənət heykəlidir” [10,137].
Əsərin maraqlı epizodlarından biri Bəhramın ov səhnəsinin təsviridir. Ov səhnəsinin təsviri geniş və əhatəli olmasa da olduqca ibrətamizdir. F.e.d. S.Rzasoy Bəhramın ovla bağlı həyatını tədqiqata cəlb edərək yazır ki, gur, əjdaha, gor mifoloji süjetin personajlarıdır. Bəhramın əjdahanı öldürərək, gurun intiqamını alması və gurun xəzinənin yerini şaha nişan verməsi də mifoloji süjetin tərkib hissələridir. Əjdaha xaosun bütün atributlarının özəlliklərini daşıyır. Bəhram-əjdaha blokunda xeyir-şər, həyat-ölüm, işıq-qaranlıq, yaxşı-yaman bir-birilə mübarizədədir. Mağara ölümün simvolik məkanıdır. Bəhramın əjdaha üzərində qələbəsi itirilmiş dəyərlərin qaytarılması kimi dəyərləndirilir [8,56-60].
Həqiqətən də bədxahlarla xeyirxahları, yoxsullarla varlıları, halal zəhmət adamları ilə müftəxorlar arasındakı münasibətləri qarşı-qarşıya qoyan şair, xeyirlə şərin daim mübarizə apardığı bu dünyada feodal-zadəgan sinfinə məxsus qəhrəmanları xalqın minillik təcrübəsindən yararlanmağa çağırır. Vətən xainlərinə, satqınlara, əmanətə xəyanət edənlərə ikrah hissi ilə yanaşaraq onların mənfi obrazını yaradır. Əməyə, zəhmətə, xalq mədəniyyətinə, adət-ənənəsinə xor baxanlar şər qüvvələr kimi təqdim olunur. Saraylardan uzaq gəzən şair sadə, yoxsul, zəhmətkeş insanların əhatəsində yaşamış, hökmdarlara deyil, insanlığa xidmət etməkdən şərəf hissi duymuşdur. Folklor örnəklərini xalqın ictimai fikir tarixinin salnaməsi hesab edən S.Pirsultanlı haqlı olaraq qeyd edir ki, Nizami öz əsərlərində əsatir, əfsanə, rəvayət və s. istifadə etməklə bu örnəklərin ilk toplayıcısı və qoruyucusu kimi bir vəzifəni də yerinə yetirmişdir[6,43].
Ölkədə işləri müəyyən qədər qaydaya salan Bəhram şah dövləti idarə etməyi vəziri Rast-Rövşənə tapşıraraq yeddi iqlimdən gətirilmiş yeddi şahzadə qızla yeddi gün yeddi günbəzli yeddi rəngli qəsrə çəkilir, eyş-işrətə başlayır. N. Gəncəvinin tədqiqatçılarından professor X.Yusifli və Ə.Səfərli qeyd edirlər ki, “Yeddi rəng, yeddi planet, yeddi iqlim, yeddi günbəz, yeddi gün, yeddi gözəlin danışdığı yeddi nağıl Bəhramın işrətlər, sevinclər, arzular dünyasıdır və bu dünyanın qapısı açılan gündən ədalətin qapısı bağlanır” [9,119].
Şahın etibarından istifadə edən vəzir ölkəni xarabazara çevirir: iqtisadiyyat çökür, xəzinə boşalır, dövlət əleyhinə narazılıqlar gündən-günə artır:
Məmləkət döndükcə xarabazara,
Xəzinə həsrət qaldı gəlirə, vara
Vəzirinsə evi xəzanə oldu,
Aləm başdan-başa viranə oldu [4,267].
Ölkənin vəziyyətindən xəbərdar olan Çin xaqanı yenidən ölkə üzərinə müharibəyə hazırlaşır. Çıxılmaz vəziyyətə düşən şah sadə xalqın nümayəndəsi, müdrik qoca bir çobanla qarşılaşdırılır. Çoban həm şifahi xalq ədəbiyyatında, həm də klassik ədəbiyyatda müdrikliyin simvolu kimi xarakterizə olunur. Qonaqpərvər, dünyagörmüş çoban geniş təsvir edilmir. Şair bir neçə misra ilə sadə xalq nümayəndəsi olan çobanın böyük obrazını yaradır. Çoban xəyanəti bağışlamır, şərə güzəştə getmir. Nəfsinə güc gəlməyən və dişi canavara satılan itə verdiyi cəzaya görə tam haqlı olduğunu bildirir:
Xəyanət eyləmiş o, əmanətə,
Satır əminliyi min xəyanətə
Bu işin üstündə asıb ağacdan,
Dedim ki, açmaram verməyincə can.
Günahkarla belə rəftar etməsən,
Kimsə deməz sənə: afərin, əhsən [4,271].
Əsərdə xəyanətkar itlə xəyanətkar vəzir Rast-Rövşən bir cərgədə durur. Hər ikisi satqındır. Nizami Gəncəvi satqınların axırda ölümə, məhvə məhkumluğunu açıb göstərir. Çoban xalq adət-ənənəsini qoruyan, vətənə, torpağa bağlı, əməksevər və əmanətə sadiq bir obraz kimi təqdim olunur. Sadə bir xalq nümayəndəsi olan çobanın idrakına mat qalan şahın açıq şəkildə etiraf etdiyini görürük:
Çobanın sözündə var idi hikmət,
Bu arif qocadan şah aldı ibrət...
Dedi ki: “Bu işə olmuşam heyran,
Şahlığı öyrətdi mənə bir çoban” [4,271-272].
Fikrimizcə hansısa bir məhəbbət mövzusunu nəzmə çəkmək, yaxud tarixi hökmdarların simasında ideal şah obrazı yaratmaq mütəfəkkir şair olan N.Gəncəvinin başlıca məqsədi olmamışdır. Araşdırmalar göstərir ki, onun yaradıcılığının əsas qayəsini cəmiyyətin problemləri və insan fəlsəfəsini açan humanist ideyalar təşkil edir. Tədqiqatçı Ə.Ağayev Nizami və dünya ədəbiyyatı kitabında yazır: “Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin ən qüdrətli və kamil varlığıdır. İnsan həyatının məqsədi zəhmət-yaradıcılıq və fəaliyyətdir” [1,125]. Şair göstərir ki, kim olursan ol, şahlıq zirvəsinə yüksəlsən də belə, xalqın həyat təcrübəsindən, mənəvi -əxlaqi dəyərlərindən bəhrələnməyə məhkumsan. Xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çoban obrazı məhəbbətlə yaradılmışdır. “Qazan xanın evinin yağmalanması boyu”nda əsas obrazlardan biri Qaraca Çobandır. Bir ordunun görə biləcəyi işi öz üzərinə götürərək düşməni məğlub edir. Qazan xan tərəfindən danlanan Qaraca Çoban deyir:
Nə qaqarsan bana, ağam Qazan?
Yoxsa, köksündə yoqmıdır iman?... [3,45].
Maraqlıdır ki, Qaraca Çoban Oğuz elində Bayandır xandan sonra birinci adam olan Qazan xanla bərabər səviyyədə təqdim olunur. O, başına gələnləri belə nəql edir:
Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafər öldürdüm, ğəza etdim. Simüz qoyun, arıq toqlı sənin qapundan kafərlərə vermədim. Üç yerdən yaralandım, qara başım bun aldı, yalnız qaldım...” [3,46].
Deməli, yaradılışın ən şərəflisi olan insan hər şeyə qadirdir. Görkəmli alim H.Araslı N.Gəncəvi ilə bağlı araşdırmalarında qeyd edir ki, qələbənin ən əsas şərtləri “birlik, dostluq və səmimiyyətdir” [2,19]. Çoban itə ən ağır cəzanı ona görə verir ki, köpək etibardan istifadə edərək sahibinə xəyanət etmişdir. Qaraca Çoban da ona görə geri çəkilmir, kafirlərlə danışığa getmir ki, sürü əmanətdir. Hər iki epizodda əsrlərdən bəri xalqımızın yaddaşında, adət-ənənəsində yaşayan “əmanətə olmaz xəyanət”in bariz nümunəsini görürük. “Kitabi-Dədə Qorqud” dastanında çoban cəsur, qorxubilməz, yenilməz, sədaqətli, tədbirli; “Yeddi gözəl” poemasında isə gözüaçıq, halalı harama qatmayan, müdrik qəhrəman kimi səciyyələndirilir. Ancaq adət-ənənələrimizin, bir çox mənəvi-əxlaqi dəyərlərimizin dəyərdən düşdüyü bir zəmanədə bacarıqsız, qabiliyyətsiz insanlara “çobandır”, yaxud “çoban-çoluqdur” deməklə əslində tarixlər boyu müdrikliyin simvolu olan çoban obrazı da gözdən salınır, əsl mahiyyətini itirir.
Dünya ədəbiyyatının Şekspir, Dante, Volter, Şiller kimi mütəfəkkirləri Nizami ucalığına çatmağa cəhd etsələr də bu zirvəni fəth edə bilməmişlər. Təsadüfi deyildir ki, N.Gəncəvi şeirdəki ucalığın özü ilə bitdiyini qeyd edirdi:
Şeirdən ucalıq umma dünyada
Çünki Nizami ilə qurtardı o da.
Nizami Gəncəvinin əsərləri doqquz əsr keçməsinə baxmayaraq bu gün də aktualdır, dəyərlidir. Dahi şairin irsi ədəbiyyatşünaslar, folklorşünaslar, tarixçilər, etnoqraflar, filosoflar tərəfindən dərindən araşdırılaraq öyrənilir. Mayası, ruhu folklorla yoğrulan və real həyatdan götürülən əsərlərinin heç vaxt dəyərdən, qiymətdən düşməyəcəyini dahi filosof əvvəlcədən görürdü:
Şeiri oxunanda bu Nizaminin
Özü də hər sözdə görünər yəqin...
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: “Burda, burdadır!” [5,362].
Dostları ilə paylaş: |