DİLEMMA (dilemma) – İki mümkün (adətən, arzu olunmayan) şeydən birini seçmə zərurəti; əqli nəticənin (şərti-təqsimi sillogizmin) elə bir növüdür ki, onun müqəddimələrinin sırasına iki şərti hökm və təqsimi hökm daxil olur.
DİLETANT (dilettante/amateur/dabbler)–Naşı, işində yarımçıq adam. Xüsusi hazırlığı, ixtisas biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan, yaxud həmin sahəyə rəhbərlik edən şəxs; həvəskar.
DİLETANTLIQ (dilettantism/amateurishness) – Naşılıq, yarımçıqlıq. Xüsusi hazırlığı, baza biliyi olmadan bu və ya digər elm, yaxud sənətlə məşğul olma; həvəskarlıq; bir şeyə qeyri-peşəkar münasibət.
DİNAMİK (loud speaker) – Elektrik enerjisini səsə çevirən elektroakustik vasitə. D., ümumiyyətlə, sərbəst hərəkət edən bir diafraqma və ortasına qoyulan bir bobindən ibarətdir. D.-in ən vacib hissəsi – səs bobinidir. D. güclərinə görə sabit və dəyişən olur.