Menecment kafedrasnıın müəllimi A. O. Məmmədova


Müəssisədə əmək bölgüsü və əmək kooperasiyası



Yüklə 110,18 Kb.
səhifə4/13
tarix28.11.2023
ölçüsü110,18 Kb.
#169207
1   2   3   4   5   6   7   8   9   ...   13
Menecment kafedrasn n m llimi A. O. M mm dova (2)

3. Müəssisədə əmək bölgüsü və əmək kooperasiyası.
Müəssisədə əməyin düzgün təşkili dedikdə, iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə daha çox məhsul istehsal etmək vəzifəsi başa düşülür. Texnika və istehsalın təşkilinin təkmilləşməsi, iş qüvvəsindən plana və məqsədə uyğun istifadə edilməsi üzrə tədbirlər toplusuna - əməyin təşkili deyilir.
Kollektiv əmək prosesi bir-biri ilə zaman və məkan cəhətdən əlaqədar olan çoxlu əməliyyatların birləşməsindən əmələ gəlir. Belə ki, hər hansı məhsulun istehsalı müxtəlif sayda əməliyyatların icrasını tələb edir. Bu işlərin görülməsində müxtəlif şöbələr, istehsal sahələri, briqadalar iştirak edir. Bütün bunlar işçilərin müəyyən tərzdə yerləşməsini tələb edir ki, bu da əmək bölgüsü və əmək kooperasiyasında əks olunur. Müəssisələrin əmək bölgüsü və əmək kooperasiyası dedikdə işləyənlərin fəaliyyətlərinin ixtisaslaşması və onların arasında qarşılıqlı əlaqələrin müəyyən edilməsi başa düşülür. Əmək bölgüsünün növləri:

  • Funksional əmək bölgüsü – müəssisə kollektivinin istehsal fəaliyyətində oynadığı rola və xidmətə görə bölünməsini nəzərdə tutur, ayrı-ayrı funksiyaları icra etmək üçün işçilərin müvafiq heyətə ayrılmasıdır;

  • Texnoloji əmək bölgüsü – məhsul istehsalı prosesinin ayrı-ayrı fazalara, mərhələlərə ayrılmalarından ibarətdir, istehsal prosesinin ayrı-ayrı mərhələlər, iş növləri və əməliyyatlara (yığım, emal, montaj) görə təsnifləşməsidir;

  • Peşə və ixtisasa görə əmək bölgüsü – bu və ya digər mürəkkəbliyə malik olan işləri yerinə yetirən işçilər arasındakı əmək bölgüsüdür, işin ixtisaslaşma səviyyəsi və mürəkkəbliyinə görə əməyin bölgüsüdür;

  • Əməliyyat üzrə əmək bölgüsü – istehsal prosesinin tərkib hissələrə / əməliyyatlara bölünməsidir, hər bir icra olunan əməliyyat müəyyən iş yerində bir və ya bir neçə, qrup fəhlə tərəfindən yerinə yetirilir.

Müəssisədə istiqamətə görə əmək bölgüsünün 2 növü mövcuddur: üfüqi və şaquli. Üfüqi əmək bölgüsü - bir-birinə tabe olmayan bir səviyyəyə mənsub bölmələrin rəhbərlərinin və əməkdaşlarının ümumi məqsədə nail olmaq üçün birgə fəaliyyət uyğunluğu nəzərdə tutur. Bu münasibətlər inzibati deyil; təşkilatın ümumi məqsədi bütün əməkdaşları bu cür münasibətləri qurmağa məcbur edir. Nümunə kimi bir idarəetmə orqanının şöbə menecerləri arasında münasibətləri göstərmək olar. Şaquli əmək bölgüsü - tabe edən müdirlər və tabe olunan işçilər arasındaki münasibətlər nəzərdə tutulur (qərar qəbul edənlər və onu icra edənlər).
Müəssisədə əməyin təşkilinin əsas prinsipləri:dinamik, konkret, optimal, kompleks və effektiv. Əməyin təşkilinin dinamikası ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır. Əməyin təşkilinin konkret olması tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır. Əməyin təşkilinin optimallığı onu göstərir ki, qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur. Əməyin təşkilinin kompleksli olması istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır. Əməyin təşkilinin effektiv olması minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır.
Bir çox şəxsin eyni əmək prosesində və ya bir-birilə əlaqədar olan müxtəlif əmək proseslərində müntəzəm şəkildə və birgə iştirak etdiyi əmək formasına əməyin kooperasiyası deyilir. Əməyin kooperasiyası – işçilərin əmək prosesi zamanı birləşməsidir. Bu cür kooperasiyanın üstün cəhətləri ondadır ki, işin effektivliyi yüksəlir, tək bir insanın təmin edə bilməyəcəyi yüksək məhsuldar qüvvə yaranır, eyni zamanda, işçilər birləşərkən istehsal vasitələrinə sərf olunan xərclər və vaxt da azalır.
Müəssisədə işçi heyəti 2 qrupa bölünür: köməkçi personal və əsas personal. Köməkçi personal kateqoriyasına - fəaliyyətləri müəssisə üçün əsas olmayan işçilər aiddir, yəni şirkət öz fəaliyyətini onlar olmadan davam etdirə bilər (ştatdan kənar işçilər - əlavə yaranmış funksiyaları icra edir, və ya istehsal ilə birbaşa bağlı olmayan sürücülər, xadimələr və s.). Əsas personala isə mütəmadi olaraq istehsal prosesi ilə məşğul olanlar aid olunur.
Xüsusilə köməkçi işçilərin işinin aşağıdakı xüsusiyyətlərinə diqqət lazımdır:

  • Çox vaxt ixtisarların ilk hədəfi olan köməkçi işçilərdir;

  • Köməkçi heyətə xərclərin azaldılması müəssisənin ümumi xərclərini azaltmağa kömək edə bilər, çünki bu işçilər təşkilatın mənfəət qazanmasına təsir göstərmirlər;

  • Bəzi hallarda köməkçi personalın müəssisədə saxlanılması rentabelsiz (effektsiz) ola bilər, çünki əlavə tapşırıqların öhdəsindən outsoursing, outstaffing və ya xidmətlər göstərmə mexanizmi vasitəsilə gəlmək olar;

  • Köməkçi heyət arasında yüksək ixtisaslı mütəxəssislərə nisbətən həmişə daha yüksək kadr axını olur, bu da rəhbərlər və menecerlər tərəfindən nəzərə alınmalıdır;

  • Üstəlik köməkçi içilər arasında yüksək kadr axını kritik qiymətləndirilmir (qeyd etdiyimiz kimi, müəssisənin ümumi səmərəli fəaliyyətində onların rolu yüksək deyildir);

  • Lakin ən azından, əsas və köməkçi işçilərin əməyinin nəticələri, o cümlədən kadrların axını, əməyin səmərəliliyi və əmək haqqının ödənilməsi baxımından bu işçi kateqoriyaları üzrə hesabatları ayırmaq lazımdır.

Heyətin təsnifatı:idarə edənlər (müqavilə əsasında daimi bir mövqe tutan və şirkətin müəyyən fəaliyyətinə dair qərar qəbul etmək səlahiyyətinə sahib olan rəhbər və ya menecerlər); mütəxəssislər (mühəndislər, hüquqşunaslar, iqtisadçılar, analitiklər, mühasiblər) ciddi məhdudiyyətlər altında işləyirlər: menecerlərin əmr və göstərişləri, texniki və texnoloji standartlar, fəaliyyətin təşkilati qaydaları, xüsusi biliklərin dəqiq ixtisas tələbləri; texniki icraçılar (katiblər, kiçik texniki işçilər) mütəxəssis və menecerlərin fəaliyyətinə xidmət edirlər, onları gərgin iş prosesindən azad edirlər, məs. informasiya texnologiyaları ilə əlaqəli işlərin icrası.)
Müəssisədə əməyin təşkilinin əsas 2 forması mövcuddur: individual – hər bir icraçı-işçi ona verilən fərqli və ya oxşar tapşırıqlar üzərində çalışır; kollektivbir qrup, dəstə, briqada işçi daha effektiv nəticə əldə etmək məqsədilə fərqli və ya oxşar tapşırıqlar üzərində çalışır.

Yüklə 110,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin