Zədələnmə və yoluxma ocaqlarından aparılan xilasetmə işlərinin
xüsusiyyətləri
Xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, prinsipləri və ümumi qaydaları
bütün xəsarət ocaqlarında eyni cürdür. İşlərin məzmunu, xüsusiyyətləri və ardıcıllığı
isə xəsərət ocaqlarını yaradan amillərin növündən və oradakı konkret şəraitdən asılı
olur.
Düşmənin zəhərləyici və bakterial maddələr işlətməsi nəticəsində törəyən kimyəvi
zəhərlənmə, yaxud bakterial yoluxma ocaqlarında adətən dağıntılar və yanğınlar baş
vermir. Burada xilasetmə işləri – zədəlilərə ilk yardım göstərib tibb məntəqəsinə
köçürməkdən, yoluxma ocaqlarının hündudlarını müəyyənləşdirib çəpərləməkdən
(giriş-çıxışı məhdudlaşdırmaq üçün), ərazini, avadanlığı zərərsizləşdirmək və
adamları sanitar təmizlənmədən keçirməkdən ibarətdir.
Kimyəvi zəhərlənmə ocağında işləyəcək dəstələrin şəxsi heyəti əleyhqazlar,
mühafizə paltarları, fərdi kimyəvi paket və antidotlarla təchiz edilməli və bu
vasitələrdən dəqiq istifadə qaydaları onlara öyrədilməlidir.
Zəhərlənmə ocağına kimyəvi kəşfiyyat bölmələrinin ardınca adətən sanitar
drujinaları, radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə və zərərsizləşdirmə
dəstələri, həmçinin ictimai asayişi mühafizə bölmələri göndərilir. Mühəndis-
zərərsizləşdirmə dəstələri insanların zəhərlənmiş səhələrdən çıxarılması üçün yolları,
keçidləri təmizləyir; asayişin mühafizə bölmələri müvafiq qayda-qanunların
gözlənilməsini təmin edir; sanitar drujinaların üzvləri zədəlilərə yardım göstərir,
əleyhqaz geydirir, zəhər əleyhinə dərman verir, onları zədələnmənin ağırlığına görə
qruplaşdırıb tibb müəssisələrinə aparırlar. Bundan sonra zəhərlənməyə məruz qalmış
ərazi, qurğular, texnika və avadanlıq deqazasiya edilir və dəstələrin şəxsi heyəti
xüsusi təmizləmə məntəqələrində tam sanitar təmizlənməsindən keçirilir.
Yoluxma ocağında görülən əsas tədbirlər bunlardır:
–
bakterioloji yoluxmanı törədən bakterial vasitələrin müəyyən edilməsi;
– müvafiq orqanların göstərişi ilə karantin və observasiya rejimlərinin tətbiq
edilməsi;
–
ərzağın, suyun yoluxmasına nəzarət və onların zərərsizləşdirilməsi;
– epidemiya əleyhinə tədbirlərin, sanitariya-gigiyena, xüsusi müalicə-
profilaktika və köçürmə tədbirlərinin həyata keçirilməsi;
–
əhali arasında sanitariya qaydaları ilə bağlı geniş izahat işlərinin aparılması.
Yoluxma baş vermiş rayonda, ancaq sonuncu xəstənin sağalmasından və
xəstəliyin gizli inkişaf dövrünə bərabər bir müddət keçdikdə sonra yoluxma ocağı
ləğv olunmuş hesab edilir.
Güclü təsirli zəhərli maddələrin törətdiyi zəhərlənmə ocağında da dağıntılar,
yanğınlar ola bilər, çünki bu maddələrin ətrafa axması adətən istehsalat qəzaları
nəticəsində texnoloji avadanlıqlar sıradan çıxarkən baş verir. Belə hallarda xilasetmə
işlərini aparmaq üçün daha çox yanğınsöndürmə qüvvə və vasitələrini, zəhərli
buludun yayılmasını məhdudlaşdıran xüsusi texnika və avadanlıqları, eləcə də,
texnoloji xətləri bağlamağı və neytrallaşdırıcı maddələrlə işləməyi bacaran heyətləri
cəlb etmək lazım gəlir. Bütün bu heyətlər əleyhqazlarla, ya da müxtəlif markalı
xüsusi sənaye əleyhqazları ilə təchiz edilməlidir.
Xilasetmə işləri aparılarkən əsas səylər zədələnmiş insanlara tibbi yardım
göstərilməsinə, onların təhlükəsiz sahələrə çıxarılmasına, həmçinin yanğınların, qəza
yerlərinin məhdudlaşdırılmasına yönəldilir. Qəzaların məhdudlaşdırılması işlərinə
əsasən mütəxəssislər və bu sahənin texnologiyasını yaxşı bilən müvafiq rəislər
rəhbərlik etməlidirlər.
Zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən aşağıdakı təhlükəsizlik
qaydalarına ciddi riayət edilməlidir:
- xilasetmə işləri aparılan sahələrdə işlərin icrası ilə əlaqəsi olmayan şəxslərin
qalmasına icazə verilmir;
- icraya başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən keçirmək, yenidən
zədələnmə qorxusu olan sahələri işarələmək, iş vaxtı divarların uçulması təhlükəsi
olarsa, onları əvvəlcədən tamamilə dağıtmaq və ya dayaqlarla bərkidib təhlükəsiz
vəziyyətə gətirmək lazimdır;
- bir binanın müxtəlif mərtəbələrində eyni zamanda iş aparılmasına yol verilmir;
- zədələnmiş binalara, ehtiyac olmadan xüsusən də tək başına girmək məsləhət
görülmür;
- qaz dolmuş binalarda xilasetmə işləri aparılarkən kibritdən və digər açıq alovdan
istifadə etmək, maşın və mexanizmlərin mühərriklərini işə salmaq olmaz, işə
başlamazdan əvvəl qaz dolmuş binalar küləyə verilməklə qazdan təmizlənməli,
lazımi hallarda yalnız 12 voltluq akkumulyator-əl fənərlərindən istifadə olunmalı,
qığılcım çıxarmayan metaldan düzəldilmiş, yaxud qalın yağlanmış alətlər
işlədilməlidir;
- elektrik məftilləri ilə əlaqədar bütün işlər rezin əlcək və çəkmələr geyəndən sonra
aparılmalıdır, mümkün olan hallarda işə başlamazdan əvvəl elektrik enerjisini
kəsmək lazımdır;
- zəhərli sahələrdə bütün xilasetmə işləri fərdi mühafizə vasitələrində aparılmalıdır,
burada icazəsiz əleyhqazı çıxarmaq, siqaret çəkmək, su içmək, çörək yemək
olmaz;
- radioaktiv zəhərlənmə sahələrində işləyən şəxslərin şüalanma dozalarına ciddi
nəzarət edilməlidir;
- deqazasiya və dezaktivasiya işləri, fərdi mühafizə vasitələri çıxarılmadan müəyyən
olunmuş yerlərdə yerinə yetirilməlidir.
|