www.vivo-book.com
144
ağarmağa başlamış qızsa – önlükdə, çit donda, cırıldayan
tumac başmaqlardaydı. Nənə çox tez-tez onlara sarı dönür,
söhbət eləyirdi. De-Qriye
və general bir qədər geri
qalmışdılar, nə barədəsə qızğınlıqla danışırdılar. General çox
məyusuydu; De-Qriye qətiyyətli görkəmlə danışırdı. Ola
bilsin, o, generalı ruhlandırırdı; görünür, nəsə məsləhət
verirdi. Amma nənə artıq bir az əvvəl nəhs sözünü demişdi:
“Mən sənə pul verməyəcəyəm”. Bəlkə də bu xəbər De-Qriye
üçün ağlasığmaz görünürdü, ancaq general xalasına
bələd
idi. Mən De-Qriye və m-lle Blanchenin him-cimə davam
elədiklərini sezdim. Knyaza və səyyah almana xiyabanın lap
arxasında nəzər saldım: onlar bizdən aralanıb harasa
getdilər. Gəlib vağzala çatdıq. Şveysarlarda, xidmətçilərdə
otelin qulluqçularında olan həmin iltifatı gördük. Amma
onlar bizə maraqla baxırdılar.
Nənə əvvəlcə ona bütün
zalları gəzdirməyi tapşırdı; bəzi şeyləri təriflədi, bəzilərinə
etinasızlıq göstərdi; hər şey barədə sorğu-sual elədi. Axır ki,
oyun zalına da çatdıq. Bağlı qapının qarşısında növbə çəkən
xidmətçi, elə bil, heyrətlənmiş kimi qəfildən qapını taybatay
açdı.