Səslər haqqında. Musiqili səslərin fiziki xususiyyətləri
Fiziki hadisə olan səs elastik cisimlərin rəqsi hərəkətindən əmələ gəlir. Tarıma dartılmış hər hansı bir simi fiziki qüvvə ilə hərəkətə gətirdikdə simin titrəməsi nəticəsində onu əhatə edən hava da dalğalanır və dalğalar səs əmələ gətirir. Səs dalğaları dairəvi şəkildə olur. Beləliklə, təbiətdə mövcud və eşidilməsi mümkün olan səslər 2 növə bölünür:
1. Qeyri-musiqili (küylü) səslər;
2. Musiqili səslər.
Suyun şırıltısı, göy gurultusu, şappıltı, cırıltı və s. bu kimi səslər qeyri-musiqili səslərə aiddir.
Musiqini əmələ gətirən musiqili səslər qeyri-musiqili səslərdən 4 fiziki xüsusiyyətinə görə fərqlənir.
1.Yüksəklik (zil və bəm səslənmə). Səsin yüksəkliyi səs verən cismin sürətlə və ya asta titrəməsindən asılı olur. Cismin titrəmə rəqsi nə qədər tez olarsa, səs yüksəkliyi bir o qədər uca, nə qədər ləng olarsa, səs bir o qədər bəm olacaqdır. Musiqidə istifadə olunan bütün səslər öz yüksəkliklərinə görə 3 qrupa bölünür: aşağı, orta, yüksək – bunlara registr deyilir. Fortepianonun aşağı registrində yerləşən səslər bəm, orta registrində bəmdən bir qədər zil, yüksək registrində yerləşən səslər isə zil səslər adlanır.
2. Qüvvə (bərk və yavaş səslənmə). Səsin qüvvəsi titrəyən cismin dalğasının genişliyindən (amplitudasından) asılıdır. Titrəyən cismin amplitudası nə qədər geniş olarsa, alınan səs bir o qədər yüksək səslənər.
3. Ölçü (səsin səslənmə müddəti). Səslərin səslənmə müddəti fiziki hadisə olaraq səs çıxaran cismin səslənmə müddətindən asılıdır, yəni səs mənbəyi nə qədər çox titrəyərsə, səs bir o qədər uzun, az titrədikdə isə səs bir o qədər qısa səslənəcəkdir.
4. Tembr (səsin rəngarəngliyi). Eyni yüksəklikdə olan səsi müxtəlif alətlərdə ifa etsək, onda rəngarəng səslər əmələ gələcək. Hər bir insanın və musiqi alətinin özünəməxsus tembri vardır.
Dostları ilə paylaş: |