ORTA TUNC DÖVRÜ
Azərbaycanın qədim əhalisi. Ölkə ərazisində ilk tayfa ittifaqları: kutilər,
lullubilər, hurrilər. Orta tunc dövrünün əvvəllərində maldarlığın əhəmiyyətinin
və maldar tayfalarının rolunun artması. Eramızdan əvvəl III minilliyin son
rübündə Kür-Araz mədəniyyətinin süqutu ilə əlaqədar Azərbaycanın və ona
həmsərhəd olan ölkələrin tarixində yeni mərhələ başlandı.
Bu dövrdən etibarən vaxtilə Kür-Araz mədəniyyətinin
ƏVVƏLLƏRDƏ
yayıldığı
ərazilərdə nəzərə çarpacaq hadisələrdən biri heyvandarlığın inkişafı sayəsində əmək
məhsuldarlığının əhəmiyyətli dərəcədə artması olmuşdur.
Zəngin yaylaqlara malik olan Zaqros dağ zolağı və Cənubi Qafqaz ərazisinin
təbii şəraiti heyvandarlığın inkişafı üçün böyük imkanlar yaradırdı. Mal-davar
Azərbaycan sakinlərinin başlıca məşğuliyyətinə və sərvətinə çevrilməyə başladı.
Mühüm cəhət odur ki, heyvandarlıqda artım əsasən davarın artımı hesabına baş
verirdi. Bu isə heyvandarlıq sistemini əsaslı surətdə dəyişdirirdi. Yarımköçəri, köçmə
maldarlıq təsərrüfatı tam surətdə formalaşırdı.
Davarın artması və əmək məhsuldarlığının yüksəlməsi sayəsində ölkədə
məskunlaşmış əhalinin artımı tayfaların yayılmasının mühüm səbəblərindən biri idi.
Maldarlıq təsərrüfatı şəraitində yaşayan tayfalar daha mütəhərrik idilər, onlar xüsusilə
çevik həyat tərzi sürürdülər, qohumlarından - əkinçi-maldar tayfalardan ayrılırdılar.
İlk tunc dövrünün sonralar, xüsusilə orta tunc dövrünün əvvəllərində həmin tayfaların
yayılması nəticəsində dağətəyi, dağlıq və hətta yüksək dağ əraziləri də yaylaq kimi
istifadə olunmağa başlandı.
Ümumi kütlədən ayrılmış maldar tayfalar filizlə zəngin olan ərazilərin
sahiblərinə çevrilirdilər. Bu ərazilərin bəziləri tezliklə dağ-mədən işi və metal emalı
mərkəzlərinə çevrildi.
Kür-Araz mədəniyyətinin son dövrlərində və orta tunc dövrünün əvvəllərində
maldar tayfaların aparıcı mövqelər tutması (qədim əkinçilik mənbələrinin saxlanması
şərtilə), yarımköçəri maldarlığın meydana gəlməsi, metal emalının inkişafı,
Mesopotamiyanın, Kiçik Asiyanın və İranın şəhər sivilizasiyaları ilə sıx əlaqələr
məhsuldar qüvvələrin əhəmiyyətli dərəcədə inkişafına, izafi məhsulun xeyli miqdarda
yaranmasına, ictimai təbəqələşmənin dərinləşməsinə, bu bölgədə məskunlaşmış
tayfaların iqtisadi, siyasi və mənəvi həyatında mühüm dəyişikliklərə gətirib çıxarırdı.
Bütün bu dəyişikliklər etnik proseslərə də təsir göstərməyə bilməzdi. Arxeoloji
materiallar bu dövrdə əhalinin xeyli dərəcədə çoxalmasını, iri tayfa ittifaqlarının
meydana gəlməsini, tayfalar daxili münasibətlərin mürəkkəbləşməsini, hərbi
toqquşmaların artmasını göstərir. Maldar tayfaların yeni ərazilərdə məskunlaşması ilə
98
əlaqədar olaraq Cənubi Qafqazın demək olar ki, hər yerində yaşayış məskənlərinin,
habelə möhkəmləndirilmiş qalaların sayı artmağa başladı.
Təbiidir ki, əkinçilik təsərrüfatına nisbətən maldarlıq daha çox izafi məhsul
verirdi. Dağ-mədən sərvətlərinin və sənətkarlığın inkişafı hesabına artan izafi məhsul
ayrı-ayrı şəxslərdə və ailələrdə cəmləşir, ibtidai icma mühitində nəsli zadəganlarının
meydana gəlməsinə şərait yaradırdı. Qəbir abidələri də sərvətlərin toplanmasını və
zadəganların meydana gəlməsini isbat edir. Xeyli sərvətin tayfa başçılarının əlində
toplanmasını onları xarici hücumlardan qoruyan çoxsaylı müdafiə tikililərinin
mövcudluğu da sübut edir. Bu tikililər nəinki çoxlu insan kütləsinin gərgin və
məqsədyönlü əməyindən, habelə hərbi toqquşma təhlükəsinin xeyli artmasından xəbər
verir.
Bu dövrdə maldarlıq və əkinçiliklə yanaşı, müharibələr də Azərbaycan
sakinlərinin əsas məşğuliyyətinə çevrilir. Həmin tarixi mərhələdə Azərbaycan
ərazisinin bir hissəsi (cənub) onun əhalisilə birlikdə Şumer-Akkad mənbələri orbitinə
düşür. Bu mənbələr isə bizə müharibələr, e.ə. III minilliyin son üç əsrində
Azərbaycanda, ona qonşu olan vilayətlərdə baş vermiş hadisələr, orada yaşamış
tayfaların adları və s. haqqında ilkin məlumatlar verir.
Güman etmək olar ki, Azərbaycan ərazisində ilk böyük tayfa ittifaqları İlk
Tunc dövrünün sonlarında yaranmağa başlamışdır.
Cənubi Azərbaycanda və ona bitişik olan ərazilərdə yaşamış tayfalar haqqında
ilkin yazılı mənbələr e.ə. XXIII əsrə aiddir. Onlar xüsusilə kutilər, lullubilər, hurrilər
və b. haqqında məlumat verir.
Akkad hökmdarı Naramsin (Naram-Suen) artıq e.ə. XXIII əsrin son rübündə
Mesopatamiyaya soxulmuş kutilərlə toqquşmalı olmuşdu. Kutilərin başçısı
Enridavazir Akkad qoşunlarını məğlub etmiş, Cənubi Mesopatamiyaya gəlib çatmış,
orada özünü "dünyanın dörd ölkəsinin hökmdarı" elan etmiş, buna dair iri kitabə
yazdırmışdı.
Kutilər
Mesopotamiyada
soyğunçuluq
və
zorakılıq
idarə
üsulu tətbiq etmişdilər. Onlar şəhərləri dağıdır, çoxlu insan qırırdılar. Qədim yazı
kutiləri Şumer çarlığını dağlara aparan, Şumerə düşmənçilik gətirən, arvadı ərindən,
uşaqları valideynlərindən məhrum edən "dağ əjdahaları" adlandırır.
Siyasi baxımdan kamil olmayan gəlmə tayfalar zəbt olunmuş ölkədə dövlət
aparatının mühüm sahələrinin idarə edilməsini yerli zadəganlara həvalə edir və
beləliklə, öz mövqelərini zəiflədirdilər. "Dağ əjdahaları"nın artan zülmü istila
olunmuş vilayətlərin əhalisini onlara qarşı qaldırırdı. Son kuti hökmdarı Tirikan cəmi
40 gün hökmranlıq etmişdir. E.ə. XXII əsrin sonunda kutilər Mesopotamiyadan
qovuldular.
Mesopotamiya epizodu ölkənin istilası zamanı artıq ibtidai icma
münasibətlərinin süqutu mərhələsində olan kutilərə müəyyən təsir göstərməyə
bilməzdi.
99
Kutilərin Mesopotamiyada təxminən bir əsrlik ağalığı onlar arasında nəsil-
tayfa münasibətlərinin dağılması prosesini sürətləndirməli idi.
Mesopotamiyadan qovulmuş kutilər vətənlərinə - Kürdüstana və Cənubi
Azərbaycan vilayətlərinə qayıtdılar. Ehtimal etmək olar ki, onların buradan tədricən
digər tayfa ittifaqı lullubilər tərəfindən sıxışdırılması başlandı. Kutilər əvvəllər
yaşadıqları vilayətlərdə mövqelərini itirirdilər. Onların adına e.ə. II və hətta I
minilliyin Akkad və Aşşur (Assuriya) mənbələrində təsadüf olunur. Lakin bu etnonim
o dövrdə (hər halda e.ə. I minillikdə) artıq gerçək əhəmiyyətə malik deyildi. "Kuti"
etnonimi Mesopotamiyadan şimalda və şərqdə yaşamış müxtəlif xalqlara şamil
edilirdi.
Təbiidir ki, kuti elementi Zaqros ərazisindəki etnik proseslərdə müəyyən rol
oynamışdır.
Böyük etnik və siyasi birliklərdən biri də lullubi tayfa ittifaqı idi.
Lullubilər haqqında ilk məlumat Akkad hökmdarı Naramsinin kitabələrindən
birində mövcuddur. Hökmdar "Lullubum dağlılarını öz ətrafında toplamış Sidur[ri]"
üzərindəki qələbəsilə öyünürdü.
Lullubi hakimlərinin özlərinin ilkin yazılı abidələri e.ə. XXIII əsrə aiddir.
Onların içərisində ilk növbədə Sarıpulda (Zöhab şəhəri yaxınlığında) qayada həkk
olunmuş "çar" Anubaniniyə məxsus olan relyefli kitabəni qeyd etmək lazımdır.
Anubanininin kitabəsinə istinadən göstərmək olar ki, ona tabe olan ərazi çox
geniş idi. Ehtimal etmək olar ki, bu ərazi Urmiya gölündən İran körfəzinə qədər
uzanırdı. Vaxtilə kutilərə məxsus olmuş ərazinin xeyli hissəsi sonralar lullubilərin
əlinə keçmişdi.
Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın,
habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki,
lullubilər ən qədim dövrlərdən etibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar. Onlar
Azərbaycan və ona qonşu olan vilayətlərin tarixində mühüm mövqelərini əsrlərlə (e.ə.
I minilliyin əvvəllərinə qədər) saxlaya bilmişlər.
Ən iri tayfa ittifaqlarından biri də hurrilər idi. Bəzi faktlar iddia etməyə imkan
verir ki, lullubilərin (habelə kutilərin də) hurrilərlə münasibəti e.ə. III minilliyin
sonunda düşmənçilik xarakteri daşıyırdı. Bunu hurrilərin dilində "barbar" mənasında
işlənən nullatum (lullu-[lullubilərin etnonimidir]-nullu sözündən alınmışdır) ifadəsi də
təsdiq edir. Urartu dilindəki lullu - "düşmən" sözü də buradandır.
Urmiya gölü rayonlarında kaşşu (kassit) etnosunun da bir qismi yaşamışdır.
Lakin onlar haqqında ilkin yazılı məlumatlar e.ə. II minilliyə aiddir.
E.ə. III minilliyin sonu - II minilliyin əvvəllərində Azərbaycan əhalisinin etno-
dil mənsubiyyəti məsələsi mürəkkəbdir. Bu, yalnız ümumi şəkildə izah oluna bilər.
Vaxtilə bizim biliklərimizin yeganə mənbəyi arxeoloji materiallar idi. Lakin onlar
böyük dəyərə malik olmasına baxmayaraq, tayfalar, tayfa birləşmələri, onların adı və
100
dili haqqında bizə heç bir məlumat vermirdi. Bu dövrdə vəziyyət əsaslı şəkildə
dəyişdi.
E.ə. III minilliyin son rübündə Azərbaycan ərazisinin bir hissəsi (Urmiya
gölündən qərbdə və cənubda yerləşən vilayətlər) əhalisilə birlikdə Şumer-Akkad
yazılı mənbələri orbitinə düşür. Həmin dövrdə yaşamış tayfaların bəzilərinin adları
bizə məlumdur. Onomastik materiallar əsasında həmin ərazidə yaşamış əhalinin
dilləri haqqında müəyyən müddəa irəli sürmək mümkündür. Yazılı mənbələr müxtəlif
tayfalar, tayfa birlikləri ilə bağlı olmuş siyasi həyatın konkret hadisələrinə dair
məlumatlar verir.
Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin (hurrilər
istisna olunmaqla) dil mənsubiyyəti haqqında bizim məlumatımız cüzidir. Müxtəlif
mənbələrdə kuti, lullubi və kaşşı dillərindən bizə yalnız bir qədər ad və söz gəlib
çatmışdır.
Əvvəllər bu dilləri Zaqr-Elam, Zaqros, Kasin və s. adlanan böyük dillər
ailəsində birləşdirirdilər.
Belə müddəaların irəli sürülməsi zamanı müqayisəli material kimi əsasən
qədim yazılı elam dilinin materiallarından istifadə edilirdi. İran yaylasında və ətraf
vilayətlərin ərazisində elam elementinin geniş yayılmasını söyləmək üçün xeyli
əsasımız vardır. Elam dili, şübhəsiz, dravid dillərilə qohumdur. Lakin kuti, lullubi,
kaşşı dillərini, bu dillərin daxil olduğu fərziyyə olunan dil ailələrini bütünlüklə digər
dil ailələrilə (xüsusilə Qafqaz, Dravid, Ural-Altay və başqaları ilə) əlaqələndirmək
üçün əsas yoxdur. Son tədqiqatlar kaşşu dilinin elam dili ilə qohum olduğunu təsdiq
etməyə imkan vermir.
Güman etmək olar ki, lullubi dili elam dilinə qohumdur. Lakiı bu gümana qəti
inam yoxdur. Kuti dilinin Qafqaz dilləri ailəsinə aid olduğunu istisna etmək olmaz.
Zaqros dağlarının qərb ətəklərində, Urmiyanın qərb vilayətlərində və b.
yerlərdə yayılmış ən mühüm elementlərdən biri də hurrilər idi. Bu ərazilər hurrilərin
dravid dili daşıyıcıları ilə kontak zonası olmuşdur. Hər iki dil qrupları arasında aşkar
edilmiş müəyyən uyğunluqlar bunu isbat edir. Dravid dillərinin hurrilər vasitəsilə
Qafqaz dillərinə təsirini də ehtimal etmək olar. İran yaylası ərazisində dravid
elementinin mövcud olması şübhəsizdir. Antik müəlliflər bu tayfaların qalıqlarını
"efioplar" adlandırırdılar.
Hurrilərin - bu "dağ xalqlarının" Qədim Şərq tarixində rolu olduqca böyük idi.
Onlar şumerlərlə, akkadlılarla və elamlılarla yanaşı, qədim Ön Asiyanın dördüncü
böyük mədəni xalqı hesab oluna bilər. Hələ e.ə. III minilliyin son rübündə hurrilərin
yazısı olmuşdur.
Hurrilərin vətəninin Cənubi Qafqaz, Erməni yaylası və Dağlıq Kürdüstan
ərazisi olduğunu güman etmək olar. Şimali Zaqros bölgəsində hurrilərin qədim
dövrlərdən etibarən yaşamasını Şumer sənədləri də təsdiq edir. Hurrilər daha sonralar
101
Fərat çayının yuxarı axarında, Şimali Mesopotamiyada, Tavr dağlarının ətəklərində,
Kiçik Asiyada, Suriyada, Fələstində və digər ərazilərdə yayılmışdır. Hurri tayfaları
Dəclə çayının orta axarında, Şimal-Qərbi Mesopotamiyada, Balix və Xarmis çayları
vadilərində, Nuzidə (Kərkük, qədim Arrapxa yaxınlığında) və digər vilayətlərdə də
yaşamışlar.
Hurri elementlərinin Şərqdəki vilayətlərdə (Mannada və hətta Aidiyada) da
yaşadıqlarını güman etmək olar.
Vaxtilə hurrilərin "ari"liyi - Hind-Avropa mənşəli olmaları haqqında baxış
mövcud idi. Bu baxışın tərəfdarları hesab edirdilər ki, ari olan hurrilər Mitanni
dövlətində əhalinin yüksək təbəqəsini təşkil edirdilər. Onlar hurrilər arasında "hind"
adları tapırdılar. Mesopotamiyada, Suriyada və digər vilayətlərdə "ari" sülalələrinin
mövcudluğuna dair, Qədim Şərq tarixində onların rolu haqqında müxtəlif fərziyyələr
irəli sürürdülər.
Müəyyən aridilli əhali kütləsinin qədimlərdə Ön Asiya vilayətlərinə soxulması
məsələsi etiraz doğurmur. Lakin bu əhalinin Ön Asiyaya köçməsi probleminin
hurrilərin dilinin səciyyəsi məsələsinə aidiyyəti yoxdur. Hurri dilinə yalnız bəzi hind-
Avropa (aridilli) mənşəli söz və adlar daxil olmuşdu. Qətiyyətlə demək olar ki, hurri
dili hind-Avropa dillərinə aid deyil. Artıq müəyyən edilmişdir ki, bu dil Urartu dilinə
qohumdur. Son dövrdə hurri (eləcə də Urartu) dilinin Şimal-Şərqi Qafqaz dilləri
ailəsilə bağlayırlar.
Mannada hurri və lullubi elementlərinin nisbəti məsələsi də tam şəkildə
aydınlaşmamışdır. Lakin Manna dövləti dövründə Urmiya gölü ətrafında hurri
etnosunun nisbətən geniş yayıldığı şübhəsizdir. Hurri elementləri antik dövrdə də
burada məskunlaşmışdı. Lakin Mannanın tarixində lullubi elementinin rolunu və
əhəmiyyətini qiymətləndirməmək olmaz.
Materialların cüziliyi kuti, lullubi, hurri və kaşşu tayfa ittifaqlarını arxeoloji
komplekslərə bağlamaq imkanı vermir. Bunu yalnız müstəsna hallarda etmək
mümkündür. Güman etmək olar ki, Urmiya gölünün qərb sahilində aşkar edilmiş və
Cənubi Qafqaz mədəniyyətlərinə yaxın olan Göytəpə mədəniyyəti kutilərə məxsus
imiş.
Bu dövrdə Şimali Azərbaycanın ərazisi yazılı mənbələrin diqqətindən kənarda
idi. Buna görə də burada məskunlaşmış tayfaların, tayfa birliklərinin adları haqqında
məlumatımız yoxdur. Biz buradakı siyasi, iqtisadi və mədəni həyat hadisələrini
müəyyən ad daşıyan etnik birləşmələrlə əlaqələndirmək imkanına malik deyilik.
Həmin ərazi əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox
çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə bu
regionda Şimal-Şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin
yayılmasını söyləmək üçün əsas yoxdur.
102
Demək olar ki, Şimal-Şərqi Qafqaz (Şərqi Qafqaz) qrupu (İber-Qafqaz qrupu
kimi) Qafqaz ərazisində avtoxton olmuşdur. Qafqaz xalqlarının və dillərinin
miqrasiya mənşəli olması fikri elmdə tənqidi surətdə qarşılanmışdır. Dilçilərin
əksəriyyəti Qafqaz dilləri ailəsinin bütün budaqları arasında qədimdən qohumluq
əlaqəsinin olduğunu ehtimal edir. Lakin bu qohumluq əlaqəsi hələ də qəti şəkildə
sübut edilməmişdir. Əgər vahid Ümumqafqaz dilinin mövcudluğu fərziyyəsinə
inansaq, bunu e.ə. III minilliyə deyil, daha qədim dövrlərə aid etmək lazımdır. Bütün
Qafqaz dillərinin digər dillərlə və dil ailələri ilə (xüsusən Ön Asiyanın qədim dillərilə)
genetik münasibəti məsələsi də həll olunmamışdır.
Şimal-Şərqi Qafqaz dil ailəsinə aid olan Nax-Dağıstan dilləri qrupunun hurri
və Urartu dilləri ilə qohumluğu haqqındakı baxışı daha əsaslı hesab edilir. Bəzi
müəlliflər hurri-Urartu dillərinin Hind-Avropa dillərilə "uzaq qohumluğu" olduğunu
iddia edirlər. Qafqaz dillərində Hind-Avropa elementləri haqqında, qədim Hind-
Avropa-Qafqaz uyğunluqlarına dair, Hind-İran-Qafqaz əlaqələri barədə mülahizələr
də mövcuddur.
Son tədqiqatlarda Şimal-Şərqi Qafqaz dilləri ailəsinə hurri-Urartu və Nax-
Dağıstan dilləri qrupundan başqa, Kiçik Asiyada, habelə Kipr, Lemnos adalarında və
s. yayılmış bir sıra dilləri də daxil edirlər. Güman etmək olar ki, buraya etrusk dilini
də daxil etmək mümkündür.
Kuti dilini də bu dillər ailəsinə aid etməyə müəyyən əsaslar vardır. Belə bir
mülahizə söylənilmişdir ki, "udi" (Qafqaz Albaniyasının əsas əhalisi olmuş utilərin
etnonimi. Müasir udilər onların qalıqlarıdır) Quti adının refleksidir. Maraqlıdır ki,
Qafqaz dağlıları arasında Qutiyev//Kutiyev familiyalarına təsadüf olunur.
Təbiidir ki, bu mülahizələr kutilər və kuti dili problemini həll etmir. Bu
yaxınlarda kuti dilinin hind-Avropa səciyyəli olması haqqındakı nöqteyi-nəzərin
söylənməsi bu problemi daha da mürəkkəbləşdirmiş, kutilər isə daha sonrakı hind-
avropalılar olan toxarlarla əlaqələndirilmişdir.
Həmin (yəni Şimal-Şərqi Qafqaz) dil ailəsinə Qafqaz Albaniyasının yerli
əhalisinin dili-adətən uti (uti) dili ilə eyniləşdirilən alban dili də aiddir.
Son dövrədək sübut olunmamış Qafqaz dil birliyini Kür-Araz ilk tunc
mədəniyyəti ilə əlaqələndirirdilər. Lakin mütəxəssislər bu fikrin qeyri-mümkünlüyünü
dəfələrlə qeyd etmişlər. Son illərdə Kür-Araz mədəniyyətinin hind-Avropa mənşəli
olmasına dair fərziyyə irəli sürülmüşdür. Lakin bu fərziyyə tarixi gerçəkliyə uyğun
deyildir.
E.ə. II minillikdə Azərbaycan vilayətlərində əhalinin etnodil mənsubiyyəti
məsələsi ilə əlaqədar olaraq qeyd etmək lazımdır ki, artıq bu dövrdə kuti elementi
əvvəlki əhəmiyyətə malik deyildi. Kutilərin rolu əsasən lullubilərin və hurrilərin əlinə
keçmişdi. "Kutilər" adına sonrakı vaxtlarda da təsadüf olunur. Məsələn, Kaşşu-Babil
dövlətinin banisi olmuş II Aqum (e.ə. XVI əsrin əvvəlləri) özünü "...geniş Babil
103
ölkəsinin hökmdarı, Padan və Almanın hakimi, kutilərin-ağılsız adamların ağası"
adlandırırdı. Bu etnonim artıq gerçək mənasını itirmiş, ümumi mənada İran
Kürdüstanı və Cənubi Azərbaycanda məskunlaşmış tayfaları göstərmək üçün istifadə
olunmuşdur. Daha sonrakı dövrdə bu ad yüksək üslubda tərtib olunmuş və arxaik
dildə yazılmış kitabələrdə tətbiq edilirdi.
E.ə. II minillikdə lullubilərin geniş yayılması və əhəmiyyətli rolu bir sıra
Qədim Şərq materialları ilə təsdiq olunur. Tamamilə şübhəsizdir ki, lullubilər əvvəllər
kutilərə məxsus olmuş ərazilərin böyük hissəsinə sahib olmuşdular. Lullubilər
məskunlaşdıqları ərazilərin qərbində yerləşmiş vilayətlərə də soxulmuşdular. Güman
olunur ki, e.ə. II minilliyin əvvəllərində Aşşur (Assuri) taxtına lullubilər sülaləsi sahib
olmuşdu. Lullubilərin Qərb istiqamətində irəliləməsini hett mənbələri də təsdiq edir.
Həmin mənbələrdə lula hi (lulahi) adı qeyd olunur ki, bu da xüsusi kateqoriyalı
döyüşçüləri təşkil edirmiş.
E.ə. II minillikdə Ön Asiya tarixində hurri tayfalarının rolu və əhəmiyyəti,
əvvəllər olduğu kimi, böyük idi. Hələ e.ə. III minilliyin ikinci yarısında hurrilər
yaşadıqları ərazinin hüdudlarından kənara çıxmağa başladılar. Artıq e.ə. II minilliyin
əvvəllərində onlar Şimali Mesopotamiyanı, Suriyanı və Kiçik Asiyanın bir çox
ərazilərini ələ keçirdilər. Hurrilərin adlarına Mari, Babilistan və Elamda rast gəlirik.
E.ə. II minilliyin ikinci rübünün əvvəllərində hurrilər Şimali Mesopotamiya
ərazisində Ön Asiyanın ən böyük dövlətlərindən birini - Mitanni-Haniqalbatı
yaradırlar.
Güman olunur ki, Mai(t)ta(n)ne-Mitanni adı Urmiyakənari vilayətin
(Matienanın) adında da öz əksini tapmışdı. Burada hələ e.ə. I minillikdə hurrilər,
habelə hurri mənşəli sayılan matieilər yaşayırdılar. Onlar Halis çayı hövzəsində də
məskunlaşmışdılar.
Bəzi tədqiqatçılar Qədim Şərqdə ari ekspansiyası problemini hurrilərlə
əlaqələndirirlər. Hazırda Ön Asiya vilayətlərinə hələ e.ə. II minilliyin birinci rübünün
sonlarında müəyyən hind-İran mənşəli əhali kütləsinin gəlməsi məsələsi heç bir şübhə
doğurmur.
Biz ari tayfalarının Ön Asiyaya müdaxiləsi probleminə ona görə toxunduq ki,
onların hurri-mitannilərlə kontaktı təxminən e.ə. II minilliyin I—II rübündə, məhz,
Urmiyayanı ərazidə, sonralar Matiena adlanan və hurri-matienlərin məskunlaşdığı
vilayətdə baş vermişdi. Arilərin bir qrupunun Yaxın Şərq vilayətlərinə Qafqaz
vasitəsilə Cənubi Rusiya çöllərindən müdaxilə etdiyini iddia etməyə əsasımız vardır.
E.ə. II minilliyin birinci rübündə tarix səhnəsinə kaşşu (kassit) tayfa ittifaqı
çıxdı. Güman etmək olar ki, kaşşu etnosunun məskunlaşdığı əsas ərazi Luristan
olmuşdur. Bəzən alimlər belə hesab edirdilər ki, kaşşuların vətəni Dağlıq Zaqros
əraziləri deyil. Çünki onlar buraya guya mitannilər tərəfindən sıxışdırılmışdılar və
kassitlərin vətənini Şərqi Kiçik Asiya ilə qonşu olan vilayətlərdə axtarmaq lazımdır.
104
Onomastik materiallar kassu (kassitlərin Aşşur-Babil mənbələrindəki adı, Nuzi
mənbələrindəki kassuhai) tayfalarının həm tarixi səhnəyə çıxdığı dövrdə (əgər kaşşu-
kaspi eyniləşdirilməsi düzgündürsə), həm də daha sonrakı tarixi mərhələdə (antik
müəlliflər bu haqda məlumat verirlər) geniş yayılması haqqında müddəa irəli sürməyə
imkan verir.
Kaşşu etnosunun geniş yayıldığını və tanındığını aşağıdakı faktlar da sübut
edir. Antik müəlliflər onların adı ilə Kaspi dənizini, habelə Qafqaz-Kaspini
adlandırırdılar. Kaspilər Madada (Midiyada), Kaspi dənizi sahillərində və digər
yerlərdə yaşayırdılar. Kaspilər, onlarla eyniləşdirilən kosseylər səkkizinci satraplıqda
rnadalılar və matienlərlə yanaşı məskunlaşmışdılar. Kosseylərin Kaspi keçidinin
yaxınlığında və Zaqros vadilərində olduğu da qeyd edilir. Pamiryanı vilayətlərdə
məskunlaşmış kaspilər haqqında da antik müəlliflər məlumat vermişlər. Kaspilər
barədə nəinki Qədim Şərq (arame) mənbələri və antik yazıçılar, habelə orta əsr erməni
müəllifləri də məlumat verirlər.
Maraqlıdır ki, yunanca "qalay" mənasını verən "kassiteros" sözü, güman
edildiyi kimi, kassitlərin adı ilə əlaqədardır. Şübhə yoxdur ki, Kaspi dil ailəsi İran
yaylası ərazisində avtoxton idi.
Kassit tayfaları tarix səhnəsinə hələ e.ə. II minilliyin əvvəllərində çıxmışdılar.
Bu zaman onlar Zaqros dağ vilayətlərindən sürətli axınla Babilistan üzərinə irəliləmiş,
500 ildən artıq müddət ərzində bu ölkəyə sahib olmuşlar.
Tamamilə şübhəsizdir ki, II Aqumun (e.ə. XVI əsrin əvvəlləri) hökmdar
olduğu ərazilər Urmiyayanı vilayətə qədər uzanırdı. Maraqlıdır ki, Kaspi hökmdarının
titulu (janzi) həm Urmiyayanı bölgədə, həm də Van gölü ətrafında yayılmışdı.
Güman etmək olar ki, məşhur Luristan tuncları kassitlərlə bağlıdır. Biz
materiallara əsasən kassitlərin mifoloji və digər görüşlərinə dair müəyyən fikir irəli
sürə bilərik. Bizə Kassit allahlarının bəzi adları, xüsusilə Günəş allahının adı və ya
onun epiteti məlumdur.
Kassit-akkad qlossarisindən bizə 50-yə yaxın kassit sözü gəlib çatmışdır.
Vaxtilə əsasən onomastik materiallar zəminində kassit dilini Zaqros-Elam, Qafqaz,
hind-Avropa dilləri qrupuna aid edir, Elam-Kassit qohumluğu haqqında fikirlər
söyləyirdilər. Bu baxış ən yeni tədqiqatlarla inkar olunur. Vaxtilə kassitləri "ari
təsirinə" məruz qalmış tayfalar, yaxud "proto-hind-Avropa nitqi"nin ən qədim
daşıyıcıları" hesab edir və onların dilini hind-Avropa dilləri ailəsinə daxil edirlər.
Lakin bu fikirlər zəif əsaslandırılmışdır. Hurrilər kimi kassitlərin də müəyyən ari
elementini özlərinə daxil edə bilməsi istisna olunmur. Hər halda arilərin kassitlərə
təsiri şübhə doğurmur. Kassit dilini hatt, kaşk, habelə Qafqaz dilləri ilə bağlamaq
cəhdləri edilməsini də qeyd etməmək olmaz. Tamamilə şübhəsizdir ki, mənşə
etibarilə kassitlər yerli əhali olmuşlar.
105
Antropoloji materiallar müasir azərbaycanlıların fiziki tipinin təşəkkülündə
hələ çox qədim dövrdə bizi maraqlandıran ərazidə yayılmış, avropoid irqinin iki
tipinin iştirak etdiyini söyləməyi imkan verir. Güman etməyə əsas vardır ki,
antropoloji baxımdan azərbaycanlıların müxtəlifliyi çoxəsrlik etnogenetik proseslərin
inikasıdır. Tunc dövründə Azərbaycan vilayətlərində məskunlaşmış tayfaların və tayfa
birliklərinin əksəriyyəti əvvəllər də burada mövcud olmuş həmin iki antropoloji
elementdən törəmişdir.
Həmin tiplərdən biri ("Kavkasion" adlanan tip) əsasən Mərkəzi Qafqaz
ərazisində mövcuddur. Tədqiqatçılar bu tipin Qafqazda yerli olduğunu təsdiq edərək,
onun hələ son paleolit dövründə Baş Qafqaz sıra dağlarının yüksək dağ ətəklərini
məskunlaşdırmış etnik qruplardan törədiyini iddia edirlər. Bəzi alimlər Qafqazdakı
"Kavkasion" tipin qədimliyini inkar etməyib, bu tipə aid olan qrupların əcdadlarının
şimaldan gəlməsinin mümkünlüyü haqqında fikirlər söyləyirlər. Lakin "Kavkasion"
tipin yerliliyi haqqında fikir son illərdə elmi cəhətdən bir daha əsaslandırılmışdır. Hər
halda təsdiq etmək olar ki, Qafqazda "Kavkasion" tipi kompleksi ən azı 3 min il,
bəlkə də daha uzun müddət ərzində mövcuddur.
Mövcud olan bütün dəlillər "Kavkasion" tipin Qafqaz Albaniyasının əhalisi
arasında geniş yayıldığını söyləməyə imkan verir. Hazırda "Kavkasion" antropoloji
tipi Gürcüstanın dağ-etnoqrafik qrupları, Dağlıq Osetiyada, Çeçenistanda,
İnquşetiyada, Dağıstanda balkarlar, çərkəzlər, kabardinlər, Azərbaycanda Şahdağ
qrupu xalqları arasında yayılmışdır.
Azərbaycanlıların etnogenezində iştirak etmiş ikinci antropoloji tipi ümumi
şəkildə "Aralıq dənizi tipi" kimi müəyyən edirlər. Antropoloqların güman etdiyi kimi,
bütövlükdə Qafqazın başqa xalqları kimi azərbaycanlılar da böyük Avropa irqinin
Hind-Aralıq dənizi qolunun nümayəndələrilə oxşardır. Lakin tədqiqatçıların bəziləri
bu antropoloji elementi "Qərbi Kaspi tipi" adlandırır, onu Hind-Pamir (Hind-Əfqan)
irqi nümayəndələri - Əfqanıstanın, Şimali Hindistanın və Cənubi Orta Asiyanın
əhalisinin bir hissəsilə əlaqələndirirlər. Digər alimlər isə bu elementin Ön Asiya
irqindən olan fərdlərlə yaxınlığını qeyd edərək, güman edirlər ki, ona oxşar və
"Xorasan irqi", ya "İran yaylası tipi" adlandırılan antropoloji tip İranın, xüsusilə
Cənubi Azərbaycanın müasir əhalisinin müxtəlif qrupları arasında mövcuddur.
Azərbaycanlıların ikinci antropoloji tipinin onların indi yerləşdiyi ərazidə
məskunlaşmasının qədimliyinə şübhə etməyə əsas yoxdur. Bu antropoloji tipin yerli
mənşəli olması şübhəsizdir. Həmin tip Azərbaycan vilayətlərində hələ qədim
zamanlarda geniş yayılmışdı. Buna görə də belə zənn edirlər ki, Azərbaycan xalqının
qədim əcdadlarından birini qədim Ön Asiya xalqları arasında axtarmaq lazımdır.
Dağlıq Zaqros vilayətlərində qədim dövrlərdə aşşurlulara bənzər (assirioid)
antropoloji tip mövcud olmuşdur.
106
Mövcud olan cüzi materiallar Azərbaycanın və ətraf ərazilərin qədim
sakinlərinin nəinki yalnız xarici görkəmi - antropoloji əlamətləri, habelə bu tayfaların
bəzi etnoqrafik xüsusiyyətləri - onların geyimi və s. haqqında müəyyən təsəvvürə
malik olmaq imkanı verir.
Naramsinin stelası və Anubanininin qaya üzərindəki relyefinə əsasən demək
olar ki, lullubilər qısa saç və saqqal saxlayırdılar. Onların geyimi köynəkdən (tunika),
qurşaqdan ibarət olurdu, onların üzərindən isə çiyninin bir tərəfinə dəri atılırdı. Bu,
e.ə. I minillikdə də Cənubi Azərbaycan sakinlərinin, həmçinin kaspilərin geyimi
olmuşdur. Baş geyimindən biri Şumer-Akkad mənşəli idi. Digəri isə ("tac" - tiara)
daha sonrakı dövrlərdə (e.ə. I minillikdə) madalılar və farslar üçün səciyyəvi
olmuşdur.
Materiallar sübut edir ki, Azərbaycanın yerli əhalisi uzun əsrlər ərzində özünün
antropoloji tipini və etnoqrafik xüsusiyyətlərini saxlaya bilmişdi. Bu isə etnik
əlamətlərin və qədim ənənələrin əsasən sabitliyinə dəlalət edir.
Beləliklə, təxminən e.ə. III minilliyin ikinci yarısında Cənubi Azərbaycanda və
ona qonşu vilayətlərdə ilk böyük tayfa ittifaqları - etnososial səciyyə daşıyan etnik
birləşmələr meydana gəldi. Bu birləşmələrdən hər biri qohum tayfalardan - qonşu
ərazilərdə yaşayan, bir dilin müxtəlif ləhcələrində danışan və ümumi mədəniyyətin bir
çox xüsusiyyətlərinə yiyələnmiş əhali qruplarından ibarət idi.
Azərbaycanın tarixi sivilizasiyası, şübhəsiz, yerli tayfalar, tayfa ittifaqları
tərəfindən yaradılmışdır. Lakin qeyd etmək lazımdır ki, müasir azərbaycanlılar
qədimdən Azərbaycanda və ona qonşu vilayətlərdə yaşamış qədim, yerli etnik
birləşmələrin varisi olmaqla yanaşı, yalnız yerli etnik dil qrupları əsasında
formalaşmamışdı. Burada baş vermiş etnik proseslərdə kütləvi köçmələrin də rolu
böyük olmuşdur.
Bəlkə də qədim dövrlərdə Azərbaycan ərazisində on azı iki Avropayi
(avropoid) antropoloji tipin mövcudluğunun (alimlərin əksəriyyəti onları yerli hesab
edirlər, lakin yerliliyi də şərti surətdə başa düşmək lazımdır), yazılı mənbələrdə isə bir
neçə dildə danışmış tayfaların burada məskunlaşmasının səbəblərini müəyyən
dərəcədə miqrasiyalarla izah etmək lazımdır.
Əsrlər və minilliklər ərzində Azərbaycanda yaşamış nəsillər tərəfindən
"azadlıq refleksinin", yeniliyə marağın toplanması ölkə sakinlərinin mədəniyyətinə
xüsusi dinamiklik və çeviklik vermişdir. Ən qədim zamanlardan antik dövrə qədər
Azərbaycanda mövcud olmuş bir sıra parlaq mədəniyyət bu həqiqəti isbat edir.
Miqrasiyalar ən qədim dövrlərdə də baş verirdi. Lakin miqrasiyaların rolunu və
əhəmiyyətini mütləqləşdirmək lazım deyildir. Bununla belə, miqrasiyaların bəşər
tarixində çox mühüm rol oynamasını qeyd etməmək olmaz.
Qədim dövrlərdə xalqların və hətta qohum xalq qruplarının köçü baş verirdi.
Məsələn, e.ə. III-II minilliklərin qovuşuğunda hett tayfaları Kiçik Asiyaya köçmüşlər.
107
Güman etmək olar ki, təxminən həmin dövrdə Hellin tayfalarının Yunanıstan
ərazisində yerləşməsi baş vermişdir. Təxminən e.ə. II minilliyin sonu, yaxud I
minilliyin başlanğıcında Cənubi Rusiya çöllərindən çıxmış İrandilli tayfalar iran
yaylası vilayətlərində yerləşməyə başlamışdılar. Onların yaxın qohumları olan hind-
ari tayfaları daha əvvəlki dövrdə Hindistana soxuldular.
Etnosların (xalqların) əksəriyyəti müxtəlif etnik qrupların - yerlilərin və
gəlmələrin qovuşması nəticəsində təşəkkül tapmışdı. Bu obyektiv həqiqət həm
müasir, həm də qədim xalqlara aiddir. Təbiidir ki, Azərbaycan ərazisində baş vermiş
etnik proseslər də müstəsna ola bilməzdi. Ölkəmiz artıq çox qədim dövrlərdə,
dəfələrlə müxtəlif tayfaların və xalqların müdaxiləsinə məruz qalmışdı.
Qeyd etmək lazımdır ki, bəşər tarixi həmişə antropoloji, dil və mədəni
mənsubiyyəti baxımından müxtəlif qrupların əlaqəsi və qovuşması tarixi olmuşdur.
Dünyada "təmiz", "özgə" elementlərini mənimsəməmiş xalq yoxdur.
Dostları ilə paylaş: |