E.ə. II MĠNĠLLĠYĠN SONU -
I MĠNĠLLĠYĠN BAġLANĞICINDA AZƏRBAYCAN
ƏRAZĠSĠNDƏ ƏHALĠNĠN TƏRKĠBĠ
Avtoxton əhali. Azərbaycan ərazisində və həmhüdud bölgələrdə yaĢamıĢ
tayfaların dilləri. E.ə. XIV və XIII əsrlərin qovuşuğunda başlanmış dəmir dövrünün
əvvəllərində əski ictimai, mədəni və müəyyən qədər etno-mədəni və dini ənənələr
keçmişdə qalmağa başladı. Lakin həmin ənənələrin bəzilərinin izlərini daha sonrakı
zamanlarda izləmək mümkündür. Tayfaların talelərini dəfələrlə dəyişdirmiş gur
hadisələrə, müxtəlif səciyyəli dəyişikliklərə və sarsıntılara baxmayaraq, nəzərdən
keçirilən dövrdə burada etno-mədəni və dil baxımından keçmiş tarixi mərhələlərin
nəsilləri - Kavkasion və Aralıq dənizi antropoloji tiplərinə aid olanların, Şimal-Şərqi
Qafqaz ailəsinin dillərində (şimalda) və hurri, lullubi və digər dillərin dialektlərində
(cənubda) danışanların nümayəndələri ilə bağlı olan avtoxton əhali yaşayırdı.
Arxeoloji və antropoloji materiallar, habelə yazılı mənbələr əsasında demək
olar ki, bölgənin avtoxton əhalisi müəyyən müddət ərzində nisbətən sabit qalmışdır.
Lakin prinsipial baxımdan əhalinin bu cür müəyyənləşdirilməsi, "avtoxton əhali"
anlayışı şərtidir. Çünki tayfalar ayrılır, özlərinin ilkin yaşayış yerlərini tərk edərək
uzaqlara gedir, uzaq bölgələrin sakinləri ilə qaynayıb-qarışır, yeni məskənlərdə
"aborigenlərə" çevrilirdilər.
Bu dövrdə Cənubi Azərbaycan vilayətlərinin maddi mədəniyyətində nəinki
Kiçik Asiya təsiri, habelə Kiçik Asiyadan, bəlkə də başqa bölgələrdən müəyyən əhali
qruplarının bu əraziyə bilavasitə daxil olması müşahidə edilir. Məsələn, Əlişar
keramikası bunu təsdiqləyir. Lakin bu ərazidə yerli tayfalar başlıca, üstün etnik
massiv olaraq qalmaqda idilər.
Bölgənin əsrlər boyunca bura gəlmiş etnik qruplarla qaynayıb-qarışmış
avtoxton əhalisi Dəmir dövrünün başlanğıc mərhələsində əsasən e.ə. III minillikdə,
bəlkə də daha erkən zamanlarda burada yaşamış etnik elementlərdən ibarət idi. Bu
halda iri tayfa birlikləri arasında yalnız kutiləri istisna etmək lazımdır. Kutilər artıq
e.ə. II minilliyə doğru əski qüdrətlərini itirmişdilər. E.ə. I minillikdə isə onların tarix
səhnəsini qəti surətdə tərk etdikləri güman olunur.
E.ə. II minillikdə də hurrilər Urmiyaətrafı ərazidə yaşayırdılar. Sulduz
vadisində aşkar olunmuş "Xabur keramikası" və e.ə. II minilliyin sonuna - I minilliyin
başlanğıcına aid olan Həsənli materialları, habelə e.ə. XVII-XVI əsrlərdə Cənubi
Azərbaycan ərazisində mövcud olmuş hurri-ari kontaktı faktı bunu təsdiq edir.
Nəhayət, hurrilərin Xəzər dənizindən cənub-qərbdə yerləşmiş vilayətlərdəki təsirinin
gücünü həm arxeoloji materiallar, həm də onomastik dəlillər təsdiqləyir.
140
Bölgənin cənub hissəsində lullubilər yaşamaqda idilər. Maraqlıdır ki, bizim
hətta e.ə. I minilliyin başlanğıcına aid olan mənbələrimiz Lullume, Zamua və Manna
anlayışları arasındakı varisliyi izləməyə imkan verir. Aşşur hökmdarı II Sarqonun
Aşşur allahına məlum "məktubu"nda deyilir: "Zamua adlanan Lullume ölkəsi".
Məlumdur ki, Zamua ölkəsi Manna çarlığının meydana gəldiyi vilayət idi.
Güman etmək olar ki, lullubi elementi Urmiyaətrafı vilayətlərdə hələ uzun
müddət ərzində qalsa da və Mannanın etnik tarixində mühüm rol oynasa da, Manna
çarlığı dövründə hurri qrupları bu zonada üstün etnik element olmuşdur. Antik dövrdə
də hurrilərin burada yaşamaqda davam etdiklərini güman etmək olar.
Erkən dəmir dövründə bölgənin cənub hissələrində başqa tayfalar və tayfa
qrupları damehranlılar, nikimxilər, turukkilər, uruatrilər və başqaları yaşayırdılar. Biz
onların etnik-dil mənsubiyyəti haqqında heç nə bilmirik.
Məhz avtoxton etnik elementlər bölgənin tarixi mədəniyyətinin yaradıcıları
idilər. Həmin mədəniyyət modifikasiyalarla İrandilli tayfaların gəlişinədək mühafizə
edilmişdir. İrandilli tayfalar xeyli dərəcədə bu mədəniyyəti mənimsəyərək, müəyyən
mənada qədim mədəni ənənələrin davamçıları oldular.
Ġrandilli tayfaların Azərbaycan ərazisinə soxulması. Bölgənin etnik
görkəminin dəyiĢməsinin baĢlanğıcı. E.ə. II minilliyin sonu - I minilliyin ilk
yüzilliklərində Cənubi Qafqazın cənub-şərq vilayətlərində və İran yaylasının şimal-
qərb hissəsində (Cənubi Azərbaycanda da) etnik-dil şəraiti təxminən bu cür idi.
Güman etmək olar ki, kutilər başqa tayfalarla qaynayıb-qarışaraq tarix səhnəsini artıq
tərk etmişdilər. Mənbələrdə bizə məlum olmayan mehran dilinin adı çəkilir.
Mənbələrdə "Sipirmena ölkəsi"nin də adı çəkilir. Qədim mətnlərdən birində məlumat
verilir ki, bu ölkədə yaşayanlar "qadınlar kimi mırtıldayırlar" (yəni güman etmək olar
ki, anlaşılmayan, fonetik baxımdan yad dildə danışırdılar). Urmiyaətrafı hövzənin
qeyri-irandilli, daha çox hurri-lullubi zonası fövqəladə dərəcədə mühüm rol oynayırdı.
Burada bir neçə iri və xeyli sayda xırda birliklər vardı. Bu zona tezliklə təqribən bütün
istiqamətlərdən yeni gəlmələrlə əhatə edildi. Gəlmə əhali kütlələri ayrı-ayrı hallarda
tədricən yerli etnik mühitə daxil olurdular. Hələ Manna çarlığı dövründə də belə
olmuşdur.
Bölgənin şimal hissələrinə gəldikdə isə, orada da avtoxton əhalinin - Şimal-
Şərqi Qafqaz dil ailəsinin dillərində danışan tayfaların və tayfa qruplarının yaşadığı
şübhəsizdir. Yuxarıda qeyd edildiyi kimi, həmin dil ailəsinə Nax-Dağıstan dilləri
qrupu, Qafqaz Albaniyasının dili, habelə hurri, Urartu dilləri, Kiçik Asiyanın, Kipr,
Lemnos adalarının bir neçə dili, etrusk və güman ki, kuti dilləri daxildir.
Demək lazımdır ki, Azərbaycanın cənub bölgələrində və onunla həmhüdud
olan ərazilərdə lap e.ə. I minilliyin başlanğıcınadək, bəzən isə bir qədər sonra da yerli
etnoslar hakim etno-mədəni, iqtisadi və hətta siyasi qüvvə idilər. Azərbaycan
vilayətlərinin tarixi sivilizasiyası ən qədim zamanlardan etibarən bu diyarda yaşamış
141
tayfalar tərəfindən yaradılmışdır. E.ə. I minilliyin başlanğıcında Azərbaycanın
aborigenləri ilk sinfi cəmiyyətlərin və dövlətlərin yaradıcıları oldular. Lakin artıq e.ə.
I minilliyin ilk yüzilliklərində təxminən e.ə. II və I minilliklərin qovuşuğunda nəhəng
kütlə halında bizi maraqlandıran bölgənin torpaqlarına axışıb gəlmiş yeni tayfa
qrupları ölkənin həyatında mühüm rol oynamağa başladılar. Cənubi Azərbaycanın
etnik-dil mənzərəsi, məhz, bu zamandan etibarən tədricən dəyişməyə başladı.
E.ə. II minilliyin lap sonunda, xüsusilə I minilliyin başlanğıcında Araz
çayından cənubda olan vilayətlərdə mədəniyyətin yeni elementlərinin meydana
gəldiyini arxeoloji dəlillər tamamilə təsdiqləyir.
"II dəmir əsri" dövründə (e.ə. 1000-800-cü illər) özləri ilə at dəfni təcrübəsini,
ata sitayişi və bir çox başqa cəhətləri gətirmiş, atçılıqla məşğul olmuş süvari gəlmə
qrupların bu ərazilərdə mövcudluğunu Xürvin, Əmlaş, Marlik, Kəluraz, Dingətəpə,
Həsənli, Luristan, Sialk və başqa yerlərin kompleksləri təsdiq edir.
Süvariliyin, yeni ideoloji təsəvvürlərin, dəfn adətləri və abidələrinin,
heyvanlara sitayişin, incəsənətdə heyvan obrazlarının təsvirlənməsinin və diyarın yerli
mədəniyyətlərində kökləri olmayan başqa cəhətlərin yayılması şübhəsiz olaraq yeni
məskənə öz məişətini və mədəniyyətini gətirmiş gəlmələrin qarşımızda olduqlarından
xəbər verir.
Aşşur mənbələrindən və bəzi başqa materiallardan məlum olan onomastik
dəlillər bölgə üçün yeni olan bütün bu elementlərin İrandilli tayfaların buraya gəlişi
ilə bağlı olduğunu təsdiq edir. Artıq e.ə. I minilliyin başlanğıc əsrlərində İranın şimal-
qərb vilayətlərində xeyli İrandilli əhali qruplarının məskunlaşdığını onomastik
materiallar tam aşkarlıqla təsdiqləyir. Mixi yazılarda aydın İran etimologiyasına malik
olan onlarla antroponimə və toponimə təsadüf edilir. Bizi maraqlandıran ərazidə açıq
şəkildə ifadə olunmuş bir çox İrandilli ictimai, dini, mədəni-tarixi anlayışlar və s.
məlumdur.
Bu tayfaların bir qismi artıq e.ə. II minilliyin lap sonunda - I minilliyin
başlanğıcında İran yaylasını və onunla həmhüdud olan bölgələri məskunlaşdırmağa və
orada öz tarixi mədəniyyətlərini yaratmağa başladı.
Cənubi Azərbaycan vilayətlərində və onunla həmhüdud olan ərazilərdə bu
dövrdə həmin tayfaların xüsusi çəkisi kifayət qədər idi. İrandilli tayfalar artıq
özlərinin burada mövcudluğunun ilk onilliklərindən etibarən həyat və fəaliyyətlərinin
cərəyan etdiyi bölgələrin siyasi, ictimai-iqtisadi və mədəni həyatında xeyli rol
oynamağa başladılar. Bir qədər sonra onların təsir gücü qədim Azərbaycan (Mada-
Atropatena) xalqının etnogenezində də öz əksini tapdı.
İran yaylasının ərazisinə daxil olmuş bu tayfalar Cənubi Rusiya vilayətlərindən
çıxmışdılar. İrandilli etnik ümumilik məhz orada təşəkkül tapmış və bu birliyin erkən
tarixi həmin ərazilərdə baş vermişdir. Bu tayfaların xeyli qismi özünün ilkin
142
vətənində qalmaqda idi və yalnız sonralar qohumlarının ardınca hərəkət etdi. Bunlar
kimmerlər, skif, sak tayfaları və başqaları idilər.
İran dil ailəsi bir çox ölü və canlı dilləri birləşdirir. Mada, qədim fars, bir çox
skif, sarmat, sak tayfa dilləri, avesta dili, orta fars, Parfiya, Soqd, Xarəzm, alan dilləri
və başqaları ölü İran dilləri sırasına, fars, tacik, kürd, talış, tat, paşto (əfqan), osetin
dilləri və s. canlı İran dilləri sırasına aiddir. Dillərin bu ailəsi hind dilləri ilə yaxın və
qohumdur.
İrandilli tayfaların Cənubi Qafqazın cənub-şərq ərazilərinə - İran yaylasına
hansı yollarla daxil olduqlarına dair məsələdə vahid fikir yoxdur. Etnik qrupların
hərəkəti haqqında məsələlərin həll olunmasına arxeoloji dəlillər heç də həmişə yardım
etmir. Yalnız maddi mədəniyyətin həyat tərzi və yaxud ideologiya ilə bağlı olan ayrı-
ayrı, daha sabit elementləri müəyyən yardım göstərir. Məlumdur ki, atçılıq, ata
sitayiş, habelə incəsənətdə təmsil olunmuş sözsüz İran xarakterli motivlər bu cür
elementlər sırasına aid edilir.
Bununla
əlaqədar olaraq Gəncə-Xanlar-Mingəçevir zonasının, step
kurqanlarının materialları (e.ə. II minilliyin sonu - I minilliyin başlanğıcı)
diqqətəlayiqdir. Həmin materiallar adları çəkilmiş və onlarla həmhüdud olan
ərazilərin digər sinxron qəbir abidələrindən kəskin surətdə fərqlənir. Bu materiallar
burada yeni etnik elementin meydana çıxdığını təsdiq edir. Artıq e.ə. II minilliyin
sonlarında Cənubi Qafqazın şərq qismindəki vilayətlərdə iki - yerli və gəlmə etnik
elementin qaynayıb-qarışmasını izləmək mümkündür.
Müxtəlif taxta qurğular, od izləri və xüsusilə atların dəfn olunması
Azərbaycanın step kurqanlarının səciyyəvi cəhətləridir. Cənubi Qafqazın və İranın
daha erkən dövrlərinin mədəniyyətlərində kökləri olmayan bu adət tam müəyyənliklə
Cənubi Rus çöllərinin mənəvi dünyası ilə bağlıdır. Cənubi Rusiya çöllərindən çıxmış,
atların dəfn olunması adətini yaşadan gəlmələrin adı çəkilmiş ərazinin hüdudlarından
kənarda İran nitqinin yayıcıları olduğunu arxeoloji dəlillərlə yaxşı uzlaşan linqvistik
dəlillər də təsdiq edir.
Şimali Qafqazda, Cənubi Qafqazda, eləcə də Azərbaycanda, habelə İran
yaylasının şimal-qərb qismində aşkar olunmuş, e.ə. II minilliyin sonuna - I minilliyin
başlanğıcına aid olan at qəbirləri Cənubi Rus çöllərindən Orta Asiyaya, Dağıstan və
Şimali Azərbaycan vasitəsilə cənuba hərəkət etmiş ilk irandilli miqrantların yolunu
aşkarlayır.
Biz Cənubi Qafqazın İrandilli tayfalarının sonrakı taleyi haqqında heç nə
bilmirik. Güman etmək olar ki, onların bir qismi bu ərazidə yaşamaqda davam etmiş,
sonralar isə etnik simasını itirmişdir.
Güman ki, erkən irandilli gəlmələrin bir qrupunun Qafqaz yolu ilə bütövlükdə
bir neçə yüzillik ərzində davam etmiş və arxeoloji cəhətdən aşkarlanan hərəkəti bu
cür yerdəyişmələrin nə formalarını, nə də marşrutlarını məhdudlaşdırmır. Lakin
143
şübhəsizdir ki, bu yol Cənubi Rus çöllərinin İrandilli sakinləri tərəfindən hələ e.ə. II
minilliyin sonlarında - I minilliyin başlanğıcında, bəlkə də daha əvvəlki dövrdə
istifadə edilmişdir.
İran yaylası ərazisinin yuxarıda adları çəkilmiş arxeoloji kompleksləri onların
Cənubi Qafqazın və Ermənistan yaylasının mədəniyyətləri, habelə Şimali Qafqazın və
Cənubi Rusiyanın çöl mədəniyyətləri ilə əlaqələndirilməsi üçün imkan verən
səciyyəvi xüsusiyyətlərə malikdir. Bu baxımdan o da çox əhəmiyyətlidir ki, nəinki
İran yaylasının şimal-qərb vilayətlərindən, habelə Sialkdan əldə olunmuş materialların
Qafqaz materialları ilə yaxınlığı arxeoloji cəhətdən sənədləşdirilmişdir. Bu
komplekslər Şimali Azərbaycan materialları ilə bilavasitə əlaqədardır. Məhz
Azərbaycan ərazisində Son Tunc dövrünün böyük kurqanlar qrupunun materiallarında
onların aşkar uyğunluğu daha çox nəzərə çarpır. Əlbəttə, ola bilər ki, irandilli tayfa
qrupları Cənubi Rusiya çöllərindən İrana Xəzər dənizinin həm şərq, həm də qərb
sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq, təxminən eyni zamanda - e.ə.
II minilliyin II yarısının hüdudlarında irəliləmişlər.
Beləliklə, arxeoloji materiallar və mixi yazılardan məlum olmuş dəlillər e.ə. II
minilliyin sonunda - I minilliyin ilk əsrlərində Araz çayından cənubda olan
vilayətlərdə də mədəniyyətin yeni elementlərinin və onların daşıyıcıları olan İrandilli
tayfaların meydana gəldiyini göstərir.
İran yaylasındakı vilayətlərdə yeni gəlmələrin meydana gəlməsi məişətdə,
təsərrüfat həyatında, xüsusilə dəfn adətlərində, ayinlərdə nəzərə çarpır. Məhz bu
tayfalar Cənubi Azərbaycan vilayətlərinə sonralar zərdüştilikdə ("Avesta" onun
müqəddəs kitabı idi), habelə müxtəlif "bidətçi" təlimlərdə öz əksini tapmış yeni dini
təlimlər gətirmişdilər. Atəşpərəstlik, mazdaizm, dualizm həmin dini təlimlərin
elementləri idi. Çevik süvari tayfalar olan gəlmələr özlərinin yeni yaşayış yerlərinə
qərarlaşmış, spesifik yerlilərdən fərqlənən məişət vərdişləri, yeni silah, geyim, atçılıq
ləvazimatı və yalnız özlərinə xas olan dəfn adətləri gətirmişdilər. Maddi
mədəniyyətdə, dulusçuluqda və metal emalı texnikasında yeni cəhətlər aşkara
çıxmışdı. İncəsənət abidələrində bu cəhətlər yaxşı müşahidə olunur. Təsərrüfatçılığın
yeni formaları yaranır, hərbi işdəki dəyişikliklər diqqəti xüsusilə cəlb edir. Hərbi işdə
atminmə, silahların yeni kompleksi geniş şəkildə tətbiq olunmağa başlandı.
İrandilli tayfaların gəlişi ilə İran yaylasının vilayətlərində, xüsusilə Azərbaycan
ərazisində tədricən təsərrüfatçılığın yeni formaları meydana gəlməyə başladı. İrandilli
tayfalar əsasən atçı və süvari idilər. Onlar yerli əhali ilə müxtəlif cür münasibətlər
yaradırdılar. Bu münasibətlər bəzən düşmənçiliklə, bəzən isə sülhpərvərliklə
səciyyələnirdi. Lakin şübhəsizdir ki, aborigenlərlə gəlmələr bir-birinə təsir edir, bir-
birindən öyrənir, qarşılıqlı surətdə zənginləşirdilər.
E.ə. I minilliyin başlanğıcında İran yaylasının şimal-qərb vilayətlərində İran
nitqinin yayılması bu bölgə əhalisinin mədəniyyətinin başlıca cəhətlərinin əsaslı
144
dəyişiklərlə müşayiət olunduğunu iddia etməyə əsas verir. Bu dəyişikliklər məişətdə,
təsərrüfat həyatında, hərbi işdə, dində, sosial strukturda, siyasi institutlarda nəzərə
çarpırdı. Yerli və gəlmə etnik elementlərin uzunmüddətli birgə yaşayışı ümumiyyətlə
və bütövlükdə avtoxton qrupların irandilli əhali tərəfindən assimilyasiyaya
uğradılması ilə müşayiət edilirdi.
İran yaylasının şimal-qərb hissələrinin sakinləri vahid dil birliyi təşkil
etmirdilər. Onlar iqtisadi, siyasi, mədəni cəhətdən bir-birilə az əlaqədar olan ayrı-ayrı
tayfalardan və tayfa qruplarından ibarət idilər. Onlar bir-biri üçün az anlaşılan və
yaxud anlaşılmayan müxtəlif dillərdə danışırdılar. Yalnız Urmiyaətrafı hövzənin
Manna dövlətinə daxil olmuş ərazisinin əhalisi arasında müəyyən etnik konsolidasiya
əlamətləri nəzərə çarpırdı.
Güman etmək olar ki, Araz çayından cənubda yerləşmiş torpaqların
aborigenlərinin ictimai və mədəni səviyyəsinin ümumi artımı, artıq qeyd olunduğu
kimi, əvvəllər orada olmamış, hamı tərəfindən anlaşılan dilin qəbul olunması
zərurətinə aparıb çıxarırdı. Məhz gəlmə tayfalar bu və ya digər ərazini mənimsəyərək,
bu və ya başqa şəkildə orada öz dillərini yayırdılar. Bütün dəlillər əsasında demək
olar ki, yerli dillər geniş məkanda az və ya çox dərəcədə bir-birinə bənzər formalarda
yayılmış maldarların dilləri (dialektləri) ilə rəqabət apara bilmirdi.
Ayrı-ayrı aborigen qrupların dil baxımından, sonra isə mədəni cəhətdən tədrici
assimilyasiyası onları son nəticədə etnik assimilyasiyaya aparıb çıxarırdı.
Belə zənn edilir ki, dil insan davranışının ən mühüm formalarından biridir.
Dilin dəyişməsinin nisbətən tez bir zamanda (bəzən ikinci və yaxud üçüncü nəsildə)
insan qruplarının etnik mənsubiyyətinin dəyişməsinə, yəni assimilyasiyaya səbəb
olması halları çox təsadüf olunan hadisələrdir. Məsələn, Hindistanda, Orta Asiyada,
Əfqanıstanda və b. yerlərdə bu cür olmuşdur. Son antik dövr Avropasının bir çox
ərazilərinin (İspaniyanın, Portuqaliyanın, Qalliyanın, Mezo-Dakiya vilayətlərinin)
qədim əhalisi romanlaşmaya məruz qalmışdır. Erkən orta əsrlər dövründə
Britaniyanın əhalisi əsasən germanlaşmışdır. Biz yazılı mənbələr üzrə məlum olan
dövrlər ərzində bu və ya digər, bəzən isə geniş vilayətlərin əhalisinin öz dilini bir neçə
dəfə dəyişməsinə dair nümunələrlə tanışıq. Kiçik Asiyanın etnik-dil görkəmi son 4-5
min il ərzində ən azı 3 dəfə dəyişmişdir. Kiçik Asiyanın əhalisi orta əsrlərdən etibarən
artıq yeni, türklərin gətirdiyi dildə danışmağa başladı. Keçmiş Sovet İttifaqının,
Amerika qitəsinin geniş ərazilərinin və s. yerlərin sakinləri özlərinin etnik-dil
görkəmlərini dəyişmişlər. Planetin ən qədim mədəniyyətlərindən birinin
qurucularından olmuş qədim Misir əhalisi də bu cür dəyişmələrə məruz qalmışdır.
Xeyli sayda belə nümunələr göstərmək olar.
Araz çayından və Urmiya gölündən başlamış müasir Türkmənistanadək az və
ya çox dərəcədə oxşar formalarda geniş məkanda yayılmış maldarların İran dilləri
icmalararası, tayfalararası ünsiyyət vasitəsinə çevrilirdi. Beləliklə, bu dilin o dövrün
145
ictimai-siyasi və mədəni şəraitində nisbətən çoxsaylı, güman ki, qarşılıqlı
münasibətlərdə anlaşılmayan yerli dillərə nisbətən ictimai baxımdan daha mühüm
olduğu aşkarlanır. Qeyd etmək lazımdır ki, gəlmələrin gətirdiyi təsərrüfatçılıq
formaları, ictimai, siyasi və digər institutlar bəzi hallarda aborigenlər arasında hakim
olmuş cəhətlərə nisbətən daha mütərəqqi idi. Şübhəsizdir ki, başqa hallarda qədim
əkinçi əhalinin ictimai formaları daha çox inkişaf etmişdi. Lakin həmin əhalinin hamı
tərəfindən anlaşılan ümumi dili yox idi və o, icmalararası, tayfalararası
münasibətlərdə irandilli tayfaların ləhcələrindən istifadə etməli olurdu.
Beləliklə, e.e. II minilliyin sonunda - I minilliyin başlanğıcında Şimal-Qərbi
İranın ərazisinə irandilli əhalinin gəlişi sayəsində artıq e.ə. I minilliyin II rübündə
Qərbi İran yaylası vilayətlərinin xeyli qismi, xüsusilə Cənubi Azərbaycan əhalisinin
dilləri iranlaşmaya məruz qalmağa, İran yaylası isə irandilli tayfaların yeni, ikinci
metropoliyasına çevrilməyə başladı. Həmin dövrdə təşəkkül tapmaqda olan irandilli
xalqlar əsasən assimilyasiyaya uğramış avtoxton əhalinin nəsillərindən ibarət idi.
Onlar aborigenlərin nəinki maddi mədəniyyətini və təsərrüfat nailiyyətlərini
mənimsədilər, habelə müəyyən dərəcədə yerli əhalinin antoropoloji tiplərinin də
varisləri oldular.
Yuxarıda deyilənlərdən aydın olur ki, bizi maraqlandıran bölgənin əhalisinin
irandilliləşməsi hələ Mannanın madalılar tərəfindən işğalına qədərki dövrdə
başlanmışdı.
Mannanın madalılar tərəfindən işğalından sonra Cənubi Azərbaycanın yerli
əhalisinin İran dilini qəbul etməsi prosesi kəskin surətdə gücləndi.
ÜÇÜNCÜ BÖLMƏ
146
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLK
DÖVLƏTLƏR
VIII F Ə S İ L
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ĠLKĠN SĠYASĠ
QURUMLAR. MANNA DÖVLƏTĠ
Urmiya gölü hövzəsində ilk siyasi qurumlar. E.ə. II minilliyin sonunda - I
minilliyin əvvəlində Cənubi Azərbaycanda və qonşu vilayətlərdə yaşamış tayfaların
tarixi haqqında başlıca olaraq mixi yazılara əsaslanan biliyimiz burada aşkar edilmiş
çoxlu arxeoloji material sayəsində zənginləşmişdir. Bu, İlk Dəmir dövrü, yaxud son
boz keramika dövrüdür. O vaxtın əsas abidələri Həsənli IV, Dingətəpə II, Göytəpə,
Amlaş, Naxçıvan zonasının abidələri və başqalarıdır.
Bu zaman dəmir istehsalatda böyük yer tutur. Dəmir silahın miqdarı artır, lakin
bimetal və xalis tunc silahdan da istifadə edilir. Təsərrüfat həyatında, xüsusən hərbi
işdə at getdikcə daha böyük rol oynayır ki, bu da mifologiyada və mərasimlərdə çox
aydın bir şəkildə öz əksini tapır.
İçqalaları və mürəkkəb daxili tikililər sistemi olan yaxşı möhkəmləndirilmiş
yaşayış məntəqələri aşkarlanmışdır. Həsənlitəpədə tapılmış, e.ə. 1000-800-cü illərə
aid olan şəhərqala məhz belə məntəqələrdən idi. Yəni ki, bu şəhər-qalalar mixi
yazılarda adı çəkilən "ölkələrin" mərkəzləri imiş. Çoxlu qədim qəbiristan aşkara
çıxarılmışdır.
Bu dövrdə sosial təbəqələşmə və əmlak təbəqələşməsi prosesi xeyli
dərinləşmişdi. Sıravi qəbirlər arasında varlıların məzarları aydın seçilir.
Şimali və Cənubi Azərbaycan vilayətlərinin sosial və iqtisadi mənzərəsində
böyük fərq yox idi.
E.ə. II minilliyin ikinci yarısı ibtidai icma quruluşunun intensiv surətdə
dağılması və ilkin sinfi qurumların yaranması ilə səciyyələnir.
E.ə. I minilliyin əvvəlində Urmiyaboyu rayonda fərqləndirici əlamət daha
qəbilə-tayfa bölgüsü deyil, ərazi bölgüsündən ibarət olan mövcud xırda vahidlərlə
bərabər, nisbətən iri siyasi qurumların da yaranması idi.
Aşşurlular Urmiyaboyu rayonun bəzi vilayətlərinin hökmdarlarını bel älänu-
dan ("məskən hakimləri"ndən) fərqli olaraq sarrani, yəni "çarlar" adlandırırlar.
Urmiyaboyu hövzə zonasında janzu titulu da qeydə alınmışdır ki, bu da kaşşu (kassit)
dilində
"çar"
deməkdir.
'
147
Mixi yazılardan bəlli olduğu kimi, e.ə. I minilliyin əvvəlində Cənubi
Azərbaycan ərazisinin özündə aşşurlularla mübarizə aparan bir neçə "çarlıq" var idi,
burada ayrı-ayrı "çarlıq"ların birləşmə prosesi gedirdi və bunun sayəsində onlar uzun
müddət Aşşur işğalçılarına müqavimət göstərə bilirdilər.
Həmin birləşmələrin meydana gəlməsi müəyyən dərəcədə xarici təhlükə ilə
bağlı idi.
Aşşur dövlətinin güclənməsinin yeni dövrü e.ə. X əsrin sonundan - IX əsrin
əvvəlindən başlanır. E.ə. IX-VIII əsrlərdən etibarən aşşurlular şimala və şimal-şərqə
xüsusilə tez-tez yürüşlər edir, bu torpaqları tutmaq və onların sakinlərini əsarət altına
almaq üçün cəhdlər göstərirlər. II Adadnerarinin (e.ə. 911-890-cı illər) və II Tukulti-
Ninurtanın (e.ə. 890-884-cü illər) ardınca II Aşşurnasirapal (e.ə. 883-859-cu illər)
Urmiyaboyu vilayətlərə yürüş edir. II Aşşurnasirapal ilk Aşşur çarı idi ki, öz
sələflərindən xeyli uzaqlara - Urmiyaboyu rayonun içərilərinə gedib çatmışdı. E.ə. IX
əsrin 80-ci illərindən aşşurlular bu vilayətlərə müntəzəm olaraq qarətçilik
basqınları və uzunmüddətli yürüşlər etməyə başlayırlar.
Aşşur qaynaqlarında adına hələ e.ə. X əsrin sonunda təsadüf edilən Zamua
ölkəsi Urmiyaboyu rayonda ən iri siyasi birləşmə idi. Artıq e.ə. IX əsrin əvvəlində
burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə
vardı ki, onun başında Daqara vilayətinin tayfa başçısı, Akkad adı daşıyan Nur-Adad
dururdu. Daqara vilayəti Şimal-Şərq və Şərq ölkələrinin bir növ qapısı idi, buna görə
də aşşurlular onu işğal etməyə xüsusi maraq göstərirdilər.
881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal məlumat verir ki,
zamualılar istilaçıların yolunu kəsmək üçün Babite aşırımında (indiki Dərbənd-i
Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilmədilər və II
Aşşurnasirapal Daqara "ölkəsinin" Birutu, Uze və Laqalaqa qalalarını ətraf
məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub
aparmışdı. Aşşurlular Daqaraya tərəfdar olan qonşu vilayətlərə də hücum edib, Bara,
Bunasi və Larbusa şəhərlərini tuturlar. Fürsətdən istifadə edən Nur-Adad öz
mövqelərini möhkəmləndirir. Lakin asşurlular yenidən qalib gəlib, bu dəfə Birutu
qalasını yandırırlar.
Aşşurlular Zamua rayonlarını çapıb-talayandan sonra bu vilayətdən bac olaraq
qaramal, davar, at, arpa, şərab, mis və misdən hazırlanmış məmulat, gümüş və qızıl
tələb etməklə kifayətlənməyib, ertəsi il (e.ə. 880-ci ildə) Zamua üzərinə yenidən yürüş
edirlər. Bu zaman Zamuanın başında artıq çar Ameka dururdu. Basqın nəticəsində
yalnız Amekanın çarlığı deyil, habelə hakimlərdən Araştua, Kirtiara və başqalarının
vilayətləri də darmadağın edildi. Məğlubiyyətə uğradığına və paytaxtı "çar şəhəri"
Zamrinin işğal edildiyinə baxmayaraq, Ameka istilaçılara inadlı müqavimət
göstərirdi. O, paytaxtı tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II
Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da, çarın özünü ələ keçirə
148
bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini
möhkəmləndirmişdi. Görünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və
Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir
çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Aşşurlular nəticə etibarilə
Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku,
Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından
danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir.
Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.
Möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua aşşurlulara qarşı Ameka
ilə birgə çıxış edir.
Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha
bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar Sabininin idarə etdiyi Kisirtu şəhəri və
onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi.
Ehtimal ki,
onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi
bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb
getmişdi. Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi,
aşşurlular yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ
keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və
daha rəngarəng idi.
Aşşurlular dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakı və
mülkiyyəti", çoxlu "mis əşyalar, mis vazalar, camlar, mis məcməyilər, qızıl suyuna
çəkilmiş sinilər, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.
Zamualılar hər il bac verməli idilər.
Aşşurnasirapalın salnamələrindən görünür ki, Zamua cəmiyyəti artıq sinfi
cəmiyyətdir; Ameka çarlığında şəhər-qalalardan əlavə, mərkəzi "çar" şəhəri Zamri də
var idi. Ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünür ki, Zamua
vilayətlərində yüksək dərəcədə inkişaf etmiş professional sənətkarlar varmış.
II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada
düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir.
Aşşurlular Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün
Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya
Mazamua adlandırırdılar; vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi.
[Xarici] Zamua rayonlarını işğal etməyin və orada əyalət yaratmağın
aşşurlular üçün çox böyük əhəmiyyəti vardı. Məhz bu dayaq nöqtəsindən aşşurlular
Şərqə yürüşlər etməyə başladılar.
II Aşşurnasirapal Zamua yürüşündən danışarkən Ata çarlığını darmadağın
etdiyini və Sipirmena ölkəsindən hədiyyələr aldığını bildirir.
Daxili Zamuada ən iri siyasi vahidlər Nikdimanın və Nikdaranın (və ya
Mekdiaranın) torpaqları idi. Nikdiaranın ölkəsində hakimiyyət irsi çar hakimiyyəti idi.
149
E.ə. 855-ci ildə, Nikdiaranın hökmranlığı dövründə, Urmiya gölündə onun
döyüşçüləri ilə aşşurlular arasında döyüş olmuşdu. Nikdiara hələ IX əsrin 20-ci
illərində də ölkəni idarə edirdi. Sonra hakimiyyət başına Nikdiaranın oğlu Şarsina
keçdi. Aşşurlular onun 300 məskənini tutmuşdular.
Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti var idi. Ölkə
hökmdarlarının adları Akkad və kaşşu adları idi. Bu, çox güman, həmin rayonda
Akkad və kassit mədəni ənənələrinin mövcud olduğunu göstərir.
Allabrianın adı ilk dəfə IX əsrin ortalarında III Salmanasarın kitabələrində
çəkilir. Bu çarın salnamələrində hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti
haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Aşşur
dövləti Allabrianı sonralar özünə tabe etmişdi. Hərçənd məlum olduğuna görə, II
Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya
xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Asşura qarşı üsyan qaldırmışdı.
Lakin Aşşur dövləti əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə Suriyadakı
Amatu şəhərinə sürgün edilmişdi. Allabrianın başına Aşşurun əlaltısı Belapaliddina
qoyulmuşdu. Sonralar Aşşurbanipalın zamanında və ya hətta bir az əvvəl Allabria
Mannaya qatılmış, lakin tezliklə yenə də Aşşur tərəfindən istila edilmişdi.
Adətən qaynaqlarda Allabria ilə Karalla ölkəsi yan-yana qoyulur. Aşşur çarı II
Sarqonun zamanında Karalla ölkəsi Aşşur əleyhinə koalisiyada xüsusi fəallıq
göstərmişdi. Elə Aşşur çarının özü belə bir məlumat da verir ki, "Karalla ölkəsinin
sakinləri mənim adamımı qovub yerinə Amitaşşini qoymuşlar". II Sarqon itaətsizlik
üstündə Karalla çarı Aşşurlenin dərisini diri-diri soydurmuş, torpaqlarını isə Aşşur
ərazisinə qatmışdı.
Allabriadan və Karalladan qərbdə yerləşən, adı ilk dəfə hələ e.ə. X əsrin
əvvəlində II Aşurnasirapalın salnaməsində çəkilən Kirruri çarlığı var idi. Onun
haqqında son dəfə e.ə. IX əsrin ortalarında III Salmanasarın kitabəsində məlumat
verilir.
Aşşurlular Kirruridən və ona qonşu olan digər vilayətlərdən bac olaraq "at,
qatır, şərab, tunc qablar" alır və onların başı üstündə "bac toplayanlar" qoyurlar.
E.ə. IX əsrdə Urmiyaboyu rayonda mühüm bir siyasi qurum çar II Tulukti-
Ninurtanın salnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi. O, Kirruri və
Xubuşkia ilə qonşu idi. Aşşur hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş
etmələri bu ölkənin onlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir.
Ölkəni çarlar idarə edirdilər. Burada e.ə. IX əsrin birinci yarısında və
ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmdarlıq etmiş Asu III
Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki,
Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdar idi, elə bir hökmdar ki, onu
aşşurlular da "çar" adlandırırdılar.
150
Gilzanlılar öz müstəqilliyini qoruyub saxlayaraq aşşurlulara yalnız bəzi
hallarda bac verirdilər və beləliklə, Gilzan çarları bac verərək qarətlərin, dağıntının,
kütləvi qırğının qarşısını alırdılar. Bu ölkə aşşurlular tərəfindən bir dəfə də
dağıdılmamışdı. Mənbələrdə yalnız bir dəfə III Salmanasarın Gilzandakı məbədə
qoyulmuş zəfər stelası haqqında məlumat verilir. Lakin aşşurlular elə bu dəfə də
ölkəni qarət etməmiş, bac olaraq davar, qaramal, at, ikihürgüclü dəvələr, şərab və s.
almaqla kifayətlənmişdilər.
Güclənmiş Urartu dövləti IX əsrin axırlarında Gilzanı işğal edib öz ərazisinə
qatdı.
Bir çox onilliklər ərzində Aşşur və Urartu qaynaqlarında Parsua ölkəsinin də
adına rast gəlinir. Aşşur mətnlərində adı çəkilən Parsua tam üst-üstə düşməyən üç
vahidə - e.ə. IX əsr Parsua ölkəsi, e.ə. VIII əsrin ortalarınadək mövcud olmuş Parsua
"çarlığı" və Aşşurun Parsua əyaləti - uyğun gəlib əsas özək kimi eyni bir ərazini
tuturdu. Qaynaqlara görə, vilayət yuxarıda adını çəkdiyimiz Allabria ilə yan-yana və
Misi ilə qonşu idi, deməli, belə hesab etmək lazımdır ki, o, Zamuadan şərqdə,
Mannadan cənubda və cənub-qərbdə, Bit-Xambandan şimalda yerləşirmiş.
Parsuanın adı ilk dəfə e.ə. 843-cü ildə III Salmanasarın salnamələrində çəkilir.
834-cü ildə bu çarın kitabələrində Parsua ölkəsinin 27 "çarından" bac alınmasından
bəhs olunur. Aşşurluların bu vilayətə yürüşlər etməsi və ondan bac alması haqqında
sonralar da məlumat verilir. Buraya urartulular da yürüşlər edirdilər.
E.ə. VIII əsrin ortalarına yaxın Parsua bəzi qonşu rayonları, o cümlədən Bit-
Abdadananın və Gizilbundanın bir sıra rayonlarını da işğal etmiş hökmdar Tunakinin
vahid mülkü idi. Lakin bu çarlıq tezliklə III Tiqlatpalasar tərəfindən darmadağın
edilmiş və Aşşurun əyalətinə çevrilmişdi.
Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər
tayfanın (və ya tayfaların) yaşadığı Mes[s]i (Misi, Misu) "ölkəsi"nin böyük
əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir.
Daha sonrakı mənbələrdən məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında
idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları
onda da özlərini müstəqil aparmağa cəhd etmişdilər.
Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun
adını II Aşşurnasirapal e.ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III
Salmanasar, V Şamşi-Adad, III Adadnerari yürüşlər etmişlər. Aşşurluların verdiyi
məlumata görə, vilayətin ərazisi olduqca geniş idi. Messinin çarlar və ya tayfa
başçıları tərəfindən idarə edildiyi haqqında bizim qaynaqlarda heç bir məlumat
yoxdur.
Aşşurlular adətən Messini işğal edir və talayır, ondan bac alınması haqqında
isə heç bir məlumat vermirlər. Onların bu ölkədə qarət etdikləri əmlak içərisində
əkinçilik məhsullarının adı bir dəfə də çəkilmir, lakin "saysız-hesabsız" davar və
151
qaramal, qatır, ikihürgüclü dəvə və at ələ keçirildiyi bildirilir. Demək lazımdır ki,
Messi atları sonralar da tez-tez xatırlanır.
Messi, Parsua, Maday və Zikertu ilə həmsərhəd olan Gizilbunda vilayətinin
əhalisi Aşşur kitabələrinin birində "başının üstündə hökmdarlıq tanımayan və öz
qüvvəsinə güvənən" bir əhali kimi səciyyələndirilirdi. Etnik mənzərəsi lazımınca
aydın olmayan bu dağlıq diyar - Kafelan-kuh rayonu - əkinçilik-sənətkarlıq ölkəsi idi.
E.ə. IX-VIII əsrlərdə bu ölkənin əhalisi ola bilsin, iri tayfa ittifaqından ibarət idi və
aşşurlular onun başçısı Pirişatini "çar" adlandırırdılar.
Artıq e.ə. IX əsrin son rübündə aşşurlular bu ölkədə olmuşdular. Gizilbunda
hakimləri arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hakimləri bac verərək
Şamşi-Adadı rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə
davam edirdi. Aşşur hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf
məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi,
"şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı... 6000 döyüşçünü qırdı, çar
Pirişatini 1200 döyüşçusü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını,
var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan
qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi, dağıtdı, viran qoydu, od vurub
yandırdı...".
III Adadnerarinin kitabələrindən birində onun başqa ölkələrlə bərabər,
"Gizilbundanı ta hüdudlarınadək" istila etdiyi haqqında məlumat verildiyinə
baxmayaraq, Gizilbunda öz suverenliyini qoruyub saxlamışdı.
Ön Asiyamn qədim tarixində sonralar çox böyük rol oynayacaq Amaday
vilayətinin adı ilk dəfə elə bu vaxt (e.ə. 834-cü ildə) çəkilir. Amaday vilayəti
Gizilbundadan şərqdə və Zikertudan cənub-şərqdə Qızılüzən çayının vadisində (çayın
cənubdan şimala axan hissəsində) yerləşib, cənuba və şərqə tərəf uzanırdı.
Amaday (Maday) tayfa ittifaqı Mada xalqının əsası, ölkə isə gələcək Mada
çarlığının özəyi oldu. Mada çarlığı tayfa ittifaqının yaşadığı ərazidə və ya sərhəd
rayonlarında yerləşən Kiyandan, Xurvindən, Mərlikdən, Sialkdan və başqa yerlərdən
əldə edilmiş arxeoloji materiallar həmin vilayətin əhalisinin təsərrüfat və
mədəniyyətinin nisbətən yüksək inkişaf səviyyəsindən xəbər verir. Əhali maldarlıqla,
əkinçiliklə və müxtəlif sənətlərlə məşğul olurdu.
E.ə. IX əsrin 20-ci illərində aşşurlular Maday tayfa ittifaqının ərazisinə
yenidən soxuldular, "paytaxtı" Saqbitu olan "çar" Xanaziruka ilə toqquşdular. Ağır
vuruşmalarda 2300 döyüşçü öldürüldü, 140 süvari döyüşçü əsir tutuldu. Neynəva
hökmdarı bu ölkədə 1200 məskəni viran qoydu.
Gizilbundadan şimalda Andia ölkəsi yerləşirdi. O, müasir Boqrovdağ silsiləsi
rayonunu, Qızılüzən (Səfidrud) çayının vadisini əhatə edirdi. Bu ölkənin adı III
Salmanasarın, III Adadnerarinin, II Sarqonun salnamələrində çəkilir. Tədqiqatçılar
güman edirlər ki, Andialılar hurridilli və ya Qafqazdilli tayfadır. E.ə. VIII əsrin
152
sonunda Andia artıq Mannaya tabe idi, amma özünü separatistcəsinə aparır,
Mannanın düşmənləri ilə ittifaq bağlayırdı.
Cənubi Azərbaycan vilayətlərinin həyatında uzun müddət mühüm rol oynamış
çox böyük bir tayfa ittifaqı Zikertu idi. E.ə. VIII əsrin son rübündə Zikertu təqribən
indiki Marağa ilə Ərdəbil arasındakı ərazini tuturdu. Zikertunu və zikertuluları
Əhəməni (Haxamanişi) və antik qaynaqlardan məlum olan Saqartiya və saqartiyalılar
ilə eyniləşdirirlər. Əhəmənilər dövründə zikertuluların sakin olduqları ərazi təqribən
gələcək Atropatenaya uyğun gəlirdi. E.ə. VIII əsrdə zikertulular həm Manna
hökmdarlarını, həm də Aşşur fatehlərini az narahat etməmişdilər.
Cənubi
Azərbaycan
ərazisində yuxarıda adlarını çəkdiyimiz tayfa
ittifaqlarından və ölkələrdən başqa, bir çox daha xırda siyasi vahidlər də var idi.
Bunların sırasına Ninni "çarlığını" aid etmək olar. Onun mərkəzi olan
möhkəmləndirilmiş Aridu şəhərində aşşurlular hələ III Salmanasar zamanı insan
kəlləsindən qüllə qurmuş, cavan oğlan və qızları tonqallarda yandırmışdılar. Daha
sonra yenə də III Salmanasar zamanında bac olaraq qoşqu atları verməyə məcbur
edilən Haruna "çarlığı", bac olaraq at, qatır, mal-qara, şərab, tunc qab-qacaq və i.a.
verən Şurdira, Simesi, Ulmania, Adauş, Xarmasa və başqaları, Urartu mənbələrində
adları çəkilən Sanqibuti, Puluadi və bir çox başqaları da bu qəbilədəndir.
Bu vaxt, eləcə də bir qədər sonra Aşşur ilə Urartu arasında mübarizə əsasən
Urmiyaboyu vilayətlərə yiyələnmək uğrunda gedirdi. Çox güman ki, artıq e.ə. IX
əsrin sonuna yaxın urartulular Urmiyaboyu rayona ilk yürüşlər edirlər.
Beləliklə, e.ə. IX əsrin ilk onilliklərində Urmiyaboyu - Zaqros zonasında
müxtəlif birləşmələr yaranmağa başlayır və onlar burada ilk iri siyasi birləşmənin -
Manna çarlığının meydana gəlməsi üçün zəmin hazırlayırlar.
Dostları ilə paylaş: |